Rəssam danışan anda K. pencəyini çıxarıb-çıxarmayacağı barədə düşündü və axırda başa düşdü ki, bunu eləməsə, burda çox qala bilməyəcək, ona görə də çıxarıb dizinin üstünə qoydu ki, söhbəti qurtaran kimi geyinib gedə bilsin. Pencəyi çıxaran kimi qızlardan biri qışqırdı:
– Artıq pencəyini çıxarıb!
Və bu tamaşaya baxmaq üçün qızların qapıdakı yarıqların qabağına necə düzüldükləri eşidildi.
– Qızlar elə bilir, şəklinizi çəkəcəm, ona görə soyundunuz.
– Belə de...–K. rəssama fikir vermədi, çünki indi köynəkdə oturmasına baxmayaraq, hələ də özünü yaxşı hiss eləmirdi və demək olar ki, mızıltı ilə soruşdu:–O iki imkanın adı necə oldu?
Həmin ifadələri yenə unutmuşdu...
– Elüzəri bəraət, bir də süründürməçi bəraət. Hansını istəyirsiniz, onu da seçin. Hər ikisini mənim köməyimlə almaq olar. Əlbəttə, heç biri asan başa gəlməyəcək, fərq yalnız orda olacaq ki, elüzəri bəraət üçün az vaxt, ancaq gərgin əmək, süründürməçi bəraət üçünsə az əziyyət, lakin çox vaxt tələb olunacaq. Deməli, elüzəri bəraətdən başlayırıq. Əgər siz bunu istəsəniz, onda mən bir vərəq kağız götürüb, orda sizin günahsız olduğunuza zəmanət verirəm. Bu zəmanətin mətni mənə atamdan qalıb və ona əl gəzdirmək lazım deyil. Sonra onu götürüb tanış hakimlərin yanına gedirəm. Deməli, indi şəklini çəkdiyim hakimdən başlayıram, bu axşam iclasa gəlsə, ona
verirəm. Verəndə də deyirəm ki, sizin heç bir günahınız yoxdur və günahsız olduğunuza zəmanət verirəm. Bu, elə-belə zəmanət deyil, əsil zəmanətdir, nəyisə boynuma götürürəm...–rəssam öz baxışları ilə sanki K.-nı məzəmmət etdi ki, ona görə bu ağır yükü öz boynuna götürür.
– Siz çox böyük bir lütfkarlıq edirsiniz,–dedi K.–Deməli, hakim sizə inanacaq, ancaq bununla belə mənə tam bəraət verməyəcək?
– Bayaq dediyim kimidir... Yeri gəlmişkən, bu hələ o demək deyil ki, hakimlərin hamısı mənə inanacaq, bəzisi deyəcək ki, sizi şəxsən onun yanına aparım. Deməli, onda mənimlə gedəsi olacaqsınız. Əlbəttə, belə olan halda, işin yarısını artıq udulmuş hesab etmək mümkündür, xüsusilə də həmin hakimin yanına getməmişdən əvvəl orda özünüzü necə aparacağınızı sizə dəqiq başa salandan sonra... Ancaq əvvəlcədən “yox” deyən–belə hallar da olacaq–hakimlərlə çətin alınacaq. Əlbəttə, mən müxtəlif vasitələrlə onları yola gətirməyə çalışacam, əgər alınmasa, bu hakimlərdən imtina etməli olacağıq və bunu edə də bilərik, çünki heç biri ayrılıqda qəti hökm verə bilməz. Mən kifayət qədər imza toplayandan sonra həmin zəmanəti götürüb sizin işi aparan hakimin yanına gedirəm. Bəlkə elə onun özünün də imzasını almış oldum, onda hər şey nisbətən tez həll olunacaq. Əslində, bütün bunlardan sonra elə böyük çətinliklər qalmır və müttəhim də artıq özünü inamlı hiss edə bilər. Qəribə də olsa, həqiqətdir ki, müttəhimlər bu vaxt ərzində bəraətdən sonrakından da inamlı olurlar. Daha elə bir çətin iş qalmır. Artıq hakimin əlində bir neçə hakimin də imzaladığı zəmanət olur və heç nədən çəkinmədən sizi azad bilir və məlum məsələdir ki, mənə, eləcə də digər tanışlarına minnət qoyaraq bəzi formal işləri yerinə yetirəndən sonra bunu edir də... Siz məhkəmədən çıxırsınız və azad olursunuz!
– Deməli, azad oluram...–K. tərəddüdlə dilləndi.
– Bəli, ancaq yalnız elüzəri, daha dəqiq desək, müvəqqəti azad olursunuz. Mənim tanışlarımın da aid olduğu aşağı çinli hakimlərin kimisə tam azad etməyə hüquqları çatmır, bu hüquq yalnız Ali Məhkəmədə olur ki, ona da nə sizin, nə mənim, nə də başqalarının əli yetir. Orda işin necə aparıldığını biz bilmirik və yeri gəlmişkən, heç bilmək də istəmirik. Deməli, bizim hakimlərə kiminsə üzərindən ittihamı götürə bilmək kimi ali hüquq verilməyib, onlar yalnız onu rədd edə bilərlər. Bu isə o deməkdir ki, siz hələlik azad olunursunuz, üzərinizdən ittiham bir anlığa götürülür, ancaq o, başınızın üstündə fırlanır və yuxarıdan əmr gələrsə, təzədən qüvvəyə minir. Məhkəmə ilə əlaqələrim çox yaxşı olduğu üçün, tam bəraətlə elüzəri bəraətin dəftərxana sənədlərində zahirən seçildiklərini sizə deyə bilərəm. Tam bəraət zamanı məhkəmənin bütün sənədləri yoxa çıxır, bütün istintaq materialları, ittihamnamə, hətta tam bəraət haqqındakı qətnamənin özü də məhv edilir. Hər şey, hər şey məhv olunur... Elüzəri bəraətdə isə baçqa cür olur. Sənədlərdə heç bir dəyişiklik edilmir, qovluq yalnız günahsızlıq barədəki zəmanətin, bəraət və onu əsaslandıran qətnamənin hesabına bir az qalınlaşır. Ümumiyyətlə götürəndə, dəftərxana yazışmalarının tələbinə uyğun olaraq, məhkəmə hələ də davam edir, sənədlər yuxarı instansiyaların məhkəmələrinə göndərilir, sonra təzədən aşağı instansiyaya qayıdır və beləliklə, gah sürətlə, gah sürünə-sürünə, gah yerlərdə çox, gah da az qalmaqla gedib-gəlirlər. Bu get-gəlin də nə qədər çəkdiyi bilinmir. Kənardan baxanda, bəzən adama elə gəlir ki, hər şey unudulub, sənədlər itib, bəraət də qətiləşib. Ağlı başında olan adam buna inanmaz. Heç bir sənəd itmir, məhkəmə də heç nəyi unutmur. Günlərin bir günü, heç kimin gözləmədiyi bir halda, hansı hakimsə onu qaldırıb diqqətlə baxır və görür ki, ittiham hələ də öz qüvvəsindədir, elə o dəqiqə də həbs haqqında qərar çıxarır. Bununla demək istəyirəm ki, elüzəri bəraətlə yenidən həbs olunmağın arası çox çəkir. Ancaq bu belə ola bilər! Eyni zamanda belə də ola bilər ki,–bu cür hallar da görmüşəm–bəraət alan adam evə qayıdanda görür ki, məhkəmə icraçıları təzədən həbs etmək üçün onu gözləyirlər. Onda da azad həyata əlvida!
– Məhkəmə də təzədən başlayır?–K. inamsızlıqla soruşdu.
– Elədir, məhkəmə təzədən başlayır, ancaq yenə də əvvəlki kimi elüzəri bəraət qazanmaq mümkündür. Bütün gücünü toplayıb, təslim olmamaq lazımdır.
Bəlkə də rəssam bu son sözləri K.-nın ruhdan düşdüyünü hiss edərək dedi. K. da sanki rəssamın hansısa bürüncəkli fikirlərini qabaqlamaq üçün dilləndi:
– Bəs ikinci dəfə bəraət almaq birincidən çətin olmayacaq?
– Bu barədə dəqiq fikir söyləmək olmaz. Yəqin demək istəyirsiniz ki, ikinci dəfə həbs olunmağınız hakimləri sizin əleyhinizə kökləyəcək? Belə şey ola bilməz. Hakimlər bəraət verəndə, bu həbsi artıq nəzərdə tutmuş olurlar. Deməli, bunun təsiri ola bilməz. Ancaq ola bilsin, digər saysız-hesabsız səbəblərdən hakimlərin ovqatı, işə verdikləri hüquqi qiymət dəyişər, ona görə də ikinci bəraət üçün görülən işlər dəyişmiş vəziyyətə uyğunlaşdırılmalıdır və ümumiyyətlə, birinci bəraətdə olduğu kimi var gücünü toplamalısan.
– Ancaq bu ikinci bəraət də qəti olmayacaq,–K. narazılıqla başını geri çevirdi.
– Əlbəttə olmayacaq, çünki ikinci bəraətdən sonra üçüncü həbs gələcək, üçüncü bəraətdən sonra da dördüncü həbs... və beləcə də davam edəcək. Elüzəri bəraətin mahiyyəti belədir.
K. susdu.
– Deyəsən, elüzəri bəraət o qədər də xoşunuza gəlmədi,-rəssam sözünə davam etdi,–bəlkə də süründürməçi bəraət sizə daha çox uyğun gəlir.
K. başını tərpətdi. Rəssam kresloya yayxanmışdı, gecə köynəyinin yaxası tam açıq idi və əlinin birini də içəri salmışdı, gah sinəsini, gah da böyrünü sığallayırdı.
– Süründürməçi bəraət...–rəssam gözlərini bir nöqtəyə zilləyərək uyğun sözlər axtarırdı,–süründürməçi bəraətin mahiyyəti ondan ibarətdir ki, iş uzun zaman məhkəmənin ən aşağı mərhələsində saxlanılır. Buna nail olmaq üçün müttəhim və köməkçisinin, xüsusilə də köməkçinin, ara vermədən məhkəmə ilə əlaqədə olması vacibdir. Təkrar edirəm, burda elüzəri bəraətdə olduğu kimi çox güc sərf eləmək lazım gəlmir, ancaq bununla belə, son dərəcə diqqətli olmaq gərəkdir. Məhkəməni gözdən qoymaq olmaz, işi aparan hakimin yanına yalnız təyin olunmuş günlərdə deyil, fürsət düşən kimi də getmək, onunla mehribançılıq yaratmağa çalışmaq lazımdır. Hakimlə şəxsi tanışlığın yoxdursa, başqa tanış hakimlər vasitəsilə ona təsir etmək lazımdır, ancaq bununla bərabər, onun özü ilə birbaşa müzakirələr aparmaq cəhdindən də əl çəkmək olmaz. Yalnız bunların hamısını eləməklə kifayətə qədər əminliklə demək olar ki, məhkəmə ilkin mərhələsindən o yana gedə bilməyəcək. Düzdür, məhkəmə dayandırılmır, ancaq azadlıqda gəzən bir adam kimi müttəhimin haqqında heç bir hökm çıxarıla bilməz. Elüzəri bəraətlə müqayisədə süründürməçi bəraətin üstünlüyü ondadır ki, müttəhimin gələcək taleyində qeyri-müəyyənlik az olur, qəfil həbs edilmək təhlükəsi altında yaşamır və qorxmur ki, onun üçün çox namünasib bir vaxtda elüzəri bəraət qazanmaq üçün bütün gücünü sərf eləsin, həyəcanlansın... Ancaq bütün bunlarla bərabər, süründürməçi bəraətin də müttəhim üçün bəzi mənfi cəhətləri var və bununla da hesablaşmamaq olmaz. Burda mən heç də müttəhimin azad olmadığını nəzərdə tutmuram, elə elüzəri bəraət zamanı da o, sözün həqiqi mənasında azad olmur. Bu, ayrı bir çatışmayan cəhətdir. Orda, ən azı saxta dəlil–sübutlar olmalıdır ki, məhkəmə dayanmasın. Ona görə də məhkəməyə xaricdən müdaxilə lazımdır. Yəni hərdən nəsə bir göstərişin verilməsi, müttəhimin dindirilməsi, təhqiqat aparılması və sair işlərin görülməsi
lazımdır. Məhkəmə həmişə onun üçün süni şəkildə yaradılmış çevrədə hərəkət etməlidir. Əlbəttə, bütün bunlar müttəhim üçün müəyyən narahatçılıqlar yaradır, ancaq onları çox şişirtmək də lazım deyil. Onlar yalnız zahirən belə görünürlər, ancaq, məsələn, dindirmələr az çəkir, vaxtın, ya da həvəsin olmayanda üzrxahlıq eləyib heç getmirsən, hətta bəzi hakimlərlə razılaşaraq gedəcəyiniz günlərin cədvəlini uzun müddət üçün əvvəlcədən tuta bilərsiniz. Əslində, burda söhbət yalnız ondan gedir ki, siz müttəhim kimi hərdən hakimlə görüşməlisiniz.
Rəssam son sözləri deyəndə, K. artıq ayağa durub pencəyini qolunun üstünə aşırmışdı.
– O durdu!–həmin dəqiqə bayrdan səs gəldi.
– Getmək istəyirsiniz?–Rəssam da artıq ayaq üstə idi,–yəqin havaya görə qala bilmirsiniz. Heç yaxşı olmadı... Sizə hələ bəzi şeyləri də demək istəyirdim. Qısa danışmalı oldum... Ancaq ümid edirəm ki, məni başa düşdünüz.
K. onu başa düşdüyünü təsdiq eləsə də, rəssam dediklərini yekunlaşdırdı, sanki bununla getməyə hazırlaşan K.-ya təsəlli vermək istədi:
– Hər iki üsulun ümumi bir cəhəti var ki, müttəhim haqqında hökm çıxarılmasına yol vermirlər.
– Həm də tam bəraət verilməyə qoymurlar,–K. yavaşdan dedi və sanki bunu başa düşdüyünə görə utandı.
– Deməli, işin məğzini başa düşübsünüz,–rəssam tez dilləndi.
K. əlini paltosuna tərəf apardı, ancaq bilmədi əvvəlcə pencəyini geysin, ya yox. Ondan olsa, hamısını bir yerə bükər, tez təmiz havaya çıxardı. Onun geyinməyə başladığını sevinclə bir- birinə ötürən qızlar da onu geyinməyə məcbur edə bilmədi. Rəssam isə K.-nın burdan hansı ovqatla getdiyini bir təhər öyrənmək istəyirdi və ona görə də dedi:
– Yəqin ki mənim təkliflərim haqqında qəti bir qərara gəlməmisiniz. Bunu özüm də alqışlayıram. Heç mən də qoymazdım ki, belə tez qərar çıxarasınız. Onların üstünlükləri ilə çatışmazlıqları arasındakı fərq iynənin ulduzu boydadır. Hər şeyi diqqətlə ölçüb-biçmək lazımdır. Ancaq çox gecikmək də olmaz.
– Bu yaxınlarda yenə gələcəm,–deyən K. qəflətən nə fikirləşdisə, pencəyini geydi, paltosunu da qolunun üstünə aşırıb qapıya tərəf tələsdi. Qızlar artıq orda qışqırışmağa başlamışdılar və K.-ya elə gəldi ki, onları qapının arxasında görür.
– Gərək sözünüzün üstündə durasınız,–rəssam da onun arxasınca qapıya tərəf gəldi,–yoxsa özüm durub banka gələcəm.
– Qapını açsanız!–K. dəstəyi dartışdırdı və hiss etdi, qızlar da onu çöl tərəfdən bururlar.
– İstəyirsiniz ki, qızlar zəhlənizi töksünlər? Yaxşısı budur, o biri qapıdan çıxasınız,–deyən rəssam çarpayının yanındakı qapını göstərdi.
– K. razılaşaraq çarpayıya tərəf qayıtdı. Ancaq rəssam qapını açmaq əvəzinə çarpayının altına əyilərək elə ordan soruşdu:
– Bircə dəqiqə... Bir şəklə də baxın, bəlkə alası oldunuz?!
K. özünü nəzakətli adam kimi göstərmək istədi, bundan əlavə də rəssam onu qəbul etmişdi, kömək edəcəyinə söz vermişdi, yadından çıxdığı üçün köməyə görə nə verəcəyi barədə də söz açmamışdı, ona görə də yox deyə bilməzdi və bütün səbri tükəndiyi üçün titrədiyinə baxmayaraq, şəkli görmək istədiyini bildirdi. Rəssam çarpayının altından bir qalaq çərçivəsiz, toz basmış şəkil çıxardı, lap üstdəkini üfürdü, ordan qalxan toz K.-nın ağzına doldu, az qaldı nəfəsini kəssin.
– Səhra mənzərəsidir,–deyə rəssam şəkli K.-ya uzatdı.
Orda yanıb-qaralmış otların üstündə bir-birindən çox uzaqda bitmiş iki ağac və arxa planda da qürub edən günəşin əlvan şəfəqləri təsvir olunmuşdu.
– Gözəldir! Bunu alıram.
K. qeyri– ixtiyari belə tez və qısa cavab verdi və rəssamın bundan inciməyib ikinci şəkli döşəmədən qaldırdığını görəndə sevindi.
– Bu isə həmin şəklin əksidir,–dedi rəssam.
Ola bilsin, onun əksi kimi düşünülmüşdü, ancaq əslində, birincidən çox az fərqlənirdi: burda da ağaclar, ot, qürub edən günəş təsvir olunmuşdu. Ancaq bu, K.-nı maraqlandırmırdı və ona görə dedi:
– Gözəl mənzərələrdir, ikisini də alıram, iş otağımdan asaram.
– Deyəsən, mövzu xoşunuza gəlir,–deyə rəssam üçüncü şəkli çıxardı,–yaxşı ki, bunlara oxşayan bir şəkil də var.
Ancaq burda oxşarlıqdan söhbət gedə bilməzdi, əslində eyni mənzərə idi. Rəssam fürsətdən yaxşıca istifadə edərək köhnə şəkillərini satırdı.
– Yaxşı, bunu da götürürəm,–dedi K.–üçü bir yerdə neçə eləyir?
– Bu barədə gələn dəfə danışarıq. İndi tələsirsiniz, ancaq biz onsuz da əlaqə saxlayacağıq. Yeri gəlmişkən, çox şadam ki, şəkillər xoşunuza gəldi. Çarpayının altındakı bütün şəkilləri verirəm, aparın. Hamısı çöl mənzərələridir, belələrini çox çəkmişəm. Bəzi adamlar belə şəkilləri xoşlamır və deyirlər ki, çox qəmli görünürlər, bəziləri də–siz də belələrindənsiniz–məhz qəmli mənzərələri xoşlayırlar.
Ancaq K. dilənçi kökündə olan bir rəssamın “peşəkarlıq təcrübəsi” haqqındakı mühazirəsinə qulaq asmaq iqtidarında deyildi və ona görə də rəssamın sözünü kəsdi:
– Şəkillərin hamısını qablaşdırın, sabah xidmətçim gəlib aparacaq.
– Lazım deyil, indi bir hambal taparam, sizinlə birlikdə aparar,–rəssam bu sözləri deyəndən sonra, nəhayət, çarpayının üzərindən əyilərək qapını açdı.–Çəkinməyin, çarpayının üstünə çıxın, bura gələnlər hamısı belə edir.
K. rəssam deməmiş də bunu edəcəkdi və artıq ayağının birini də tük döşəyin üstünə qoymuşdu, ancaq açıq qapıdan çölə baxan kimi onu tez geri çəkdi.
– Bu nədir?–deyə rəssamdan soruşdu.
– Niyə təəccüblənirsiniz?–deyən rəssamın özü də təəccübləndi,–məhkəmə dəftərxanalarıdır. Burda məhkəmə dəftərxanalarının olduğunu bilmirdiniz? Axı onlar, demək olar ki, bütün çardaqlarda var, burda niyə olmamalı idilər? Mənim emalatxanam da, əslində, bu dətərxanalara aiddir, onu mənə məhkəmə verib.
K. burada məhkəmə dəftərxanalarına rast gəldiyinə görə çox da qorxmadı, onu ən çox qorxudan özü, məhkəmə işlərindən belə xəbərsizliyi oldu. Ona elə gəldi ki, müttəhim həmişə hər şeyə hazır olmalı, heç nəyə təəccüblənməməli, hakim solunda dura-dura küt-küt sağa baxmamalıdır və həmişə də elə bunlarda ilişirdi. Qarşısında uzun bir dəhliz görünürdü və ordan gələn hava ilə müqayisədə emalatxananın havası tərtəmiz hava idi. Onun hər iki tərəfinə K.-nın getdiyi dəftərxananın gözləmə zalındakı kimi skamyalar düzülmüşdü. Deyəsən, bütün dəftərxanaların təchizatı müəyyən qaydalar əsasında aparılırdı. İndi burda müştəri az idi. Bir kişi skamyaya çöküb başını əlləri arasına almışdı və deyəsən yatırdı. Başqa biri də dəhlizin sonundakı yarımqaranlıqda dayanmışdı. Nəhayət, K. çarpayının üstünə çıxdı, rəssam da əlində şəkillər onun arxasınca gəldi. Onlar tezliklə bir məhkəmə xidmətçisinə rast gəldilər–K. indi bütün məhkəmə xidmətçilərini mülki paltarlarının adi düymələri arasında parıldayan qızılı düymədən tanıyırdı–və rəssam ona tapşırdı ki, şəkilləri götürüb K.-nın arxasınca getsin. K. isə artıq yerimir, səndələyirdi və cib yaylığını da ağzına tutmuşdu. Çıxış qapısına yaxınlaşanda, qızlar onlara tərəf cumdular və məlum oldu ki, K. hələ onlardan da canını qurtara bilməyibmiş. Yəqin o biri
qapının açıldığını görərək yan tərəfdən fırlanıb bura gəlmişdilər.
– Sizi bura qədər ötürə bilərəm,–qızların artıq dövrəyə aldığı rəssam güldü,-hələlik! Çox fikirləşməyin...
K. heç ona tərəf baxmadı da. Küçəyə çatan kimi qarşısına çıxan ilk faytonu saxlatdırdı. İndi bircə istəyi vardı ki, qızılı düyməsi bəlkə də heç kəsin nəzərinə çarpmayan, ancaq K.-nın gözlərini deşən xidmətçidən birtəhər canını qurtarsın. Öz vəzifəsini axıracan yerinə yetirmək istəyən xidmətçi isə faytonun qozlasına oturdu, ancaq K. onu düşürtdü. O, banka çatanda, artıq günortadan keçmişdi. Şəkilləri faytonda qoyub getmək istədi, ancaq qorxdu ki, onları nə vaxtsa rəssama göstərəsi olar. Buna görə də onları otağına apartdırdı, yazı stolunun lap axırıncı çəkməcəsinə qoyub ağzını açarla bağladı ki, ən azı, yaxın günlərdə direktor müvininin gözünə sataşmasın.
Ardı var...