K. burda çox az qalmaq niyyətində olmasına baxmayaraq, rəssamın təklifi ürəyindən xəbər verdi. Otağın havası tədricən onu sıxmağa başlamışdı, tez-tez heyrətlə küncdəki balaca və şübhəsiz ki, yanmayan dəmir sobaya tərəf baxmışdı, ancaq içəridəki bürkünün hardan gəldiyini başa düşməmişdi. Paltosunu çıxarıb pencəyinin düymələrini açanda, rəssam üzrxahlıq elədi:
– Bura gərək həmişə isti olsun. Ancaq çox rahatdır, elə deyilmi? Bu cəhətdən otaq çox yaxşı yerdədir.
K. dillənmədi, çünki onu narahat edən isti yox, içərinin boğuq, az qala nəfəs almağı çətinləşdirən havası idi, yəqin otağın havası çoxdan dəyişdirilməmişdi. Rəssam ondan çarpayının üstündə oturmasını xahiş edəndə, K.-nın narahatçılığı daha da artdı. O özü isə molbertin yanındakı yeganə stulda oturdu. Bundan əlavə də rəssam, deyəsən, K.-nın nə üçün çarpayının lap kənarında oturmasını başa düşmədi, tez-tez xahiş etdi ki, rahat əyləşsin və onun tərəddüd etdiyini görüb yerindən durdu, ona tərəf gəlib K.-nı çarpayının ortasına çəkdi. Sonra qayıdıb öz kreslosuna oturdu və nəhayət, işlə bağlı ilk sualını verdi, K. hər şeyi unutdu:
– Heç bir günahınız yoxdur?
– Yoxdur!
Bu suala çox böyük bir sevinc hissi ilə cavab verdi, çünki cavab verdiyi mülki adam idi və onun qarşısında heç bir məsuliyyət daşımırdı. Hələ heç kəs bunu K.-dan belə açıq şəkildə soruşmamışdı. Bu sevincdən bir az da ləzzət almaq üçün əlavə etdi:
– Mən tamamilə günahsızam!
– Belə...–rəssam başını aşağı salaraq fikrə getdi, sonra qəflətən onu dikəldib dedi:–Əgər günahınız yoxdursa, iş asanlaşır.
K.-nın baxışlarına yenə kədər qondu: guya məhkəməyə çox yaxın olan bu adam lap uşaq kimi danışırdı.
– Mənim günahsızlığım işi asanlaşdırmır,–deyən K. buna baxmayaraq, qeyri-ixtiyari, gülümsədi və başını asta-asta buladı,–elə incəliklər var ki, məhəkəmə orda uduzur. Ancaq sonradan hardansa nəsə tapır, o vaxt heç nə olan o şey indi böyük bir günaha çevrilir.
– Bəli, bəli elədir...–rəssam özünü elə göstərdi ki, guya K. lazım olmadığı bir halda onun fikirləşməsinə mane oldu,–axı siz günahsızsınız, elə deyilmi?
– Elədir ki var!
– Bu əsas məsələdir.
Əks dəlillərlə ona təsir etmək mümkün deyildi, ancaq qətiyyətindən də bilinmirdi ki, dediklərinə innanır, yoxsa biganəlikdən belə deyir. K. ilk öncə bunu dəqiqləşdirmək istədi və ona görə də dedi:
– Əlbəttə, siz məhkəməyə məndən yaxşı bələdsiniz, mənim bildiyim yalnız ondan-bundan eşitdiklərimdir, vəssalam. Ancaq bir məsələdə hamının fikri eynidir ki, boş yerdən ittiham irəli sürülmür, əgər məhkəmə ittiham irəli sürüsə, deməli müttəhimin günahkar olduğuna tam əmindir və onu bu inamından döndərmək çətin məsələdir.
– Çətin məsələdir?–deyə qışqıran rəssam əlini göyə qaldırdı,–məhkəməni bu inamından döndərmək, ümumiyyətlə, mümkün deyil. Əgər mən o hakimlərin hamısını bu kətana yığsam da, özlərini elə ordan müdafiə edəcəklər və əsil məhkəmədəkindən çox uğur qazanacaqlar.
“Elədir ki var”–deyə öz-özünə fikirləşən K. unutdu ki, məqsədi yalnız rəssamın fikrini öyrənmək idi.
Qızlardan biri yenə qapının arxasından soruşdu:
– Titorelli, bəs o çıxıb getmək istəmir?
– Susun! -Titorelli qapıya tərəf qışqırdı.–Görmürsünüz onunla vacib söhbətim var?
Ancaq qız bununla razılaşmayıb soruşdu:
– Onun şəklini çəkəcəksən?–rəssamın cavab vermədiyini görüb əlavə etdi:–Xahiş edirəm, çəkmə, çox pis adamdır.
Bayırdan anlaşılmaz sözlər eşidildi, ancaq bilinirdi ki, hamısı deyiləni təsdiqləyir. Rəssam qapıya tərəf cumub onu bir az açdı–ordan içəri dürtülmək istəyən qızların əl-qolları göründü və dedi:
– Əgər sakit olmasanız, hamınızı pilləkəndən aşağı tullayacam. Pilləkəndə oturun, özünüzü sakit aparın,–deyəsən, qızlar onun sözünə o dəqiqə əməl eləmədilər, ona görə də komanda səsi eşidildi:
– Pilləkəndə oturmaq!
Yalnız bundan sonra ətrafa sakitlik çökdü.
– Bağışlayın!–geri qayıdan rəssam uzr istədi. Həmin anda K. heç qapı tərəfə baxmamış, onu qoruyub-qorumayacağını, necə qoruyacağını rəssamın ixtiyarına buraxmışdı. İndi rəssam bayırda eşidilməsin deyə ona tərəf əyilib qulağına nəsə pıçıldayanda da yerindən qımıldanmadı.
– Bu qızlar da məhkəməyə işləyir...
– Necə?-K. başını yana çəkərək rəssama baxdı. O isə təzədən kreslosuna oturaraq yarızarafat, yarıciddi dedi:
– İndi hamı, hər şey məhkəməyə işləyir...
– Bunu hələ hiss eləməmişəm,–K. çox qısa cavab verdi və eşitdiyi bu ümumi sözlərdən sonra rəssamın qızlar haqqında dediklərinə çox da fikir vermədi. Ancaq bunula belə, bir anlığa qızların arxasında sakitcə oturduğu qapıya tərəf baxdı. Yalnız qızlardan biri yarıqdan içəri saldığı saman çöpünü aşağı-yuxarı çəkirdi.
– Deyəsən, siz bu məhkəməyə yaxşı bələd deyilsiniz,–deyən rəssam ayaqlarını geniş aralayaraq barmaqlarının ucu ilə döşəməni döyəcləyirdi.–Ancaq günahsız olduğunuza görə bu sizə lazım olmayacaq. Sizi ordan yalnız mən çıxara bilərəm.
– Bunu necə edəcəksiniz?–K. soruşdu.–Axı bayaq özünüz dediniz ki, məhkəmə heç bir dəlil-
sübut qəbul etmir.
– Yalnız məhkəməyə təqdim olunan dəlil-sübutları qəbul etmir!–rəssam şəhadət barmağını yuxarı qaldırdı, sanki bununla K.-nın hansısa bir incəliyi başa düşmədiyinə işarə etdi.–Bu baxımdan açıq məhkəmədən kənarda görülən işlər daha önəmli olur. Məsələn, müşavirə otaqlarında, dəhlizlərdə, ya da elə lap burda–emalatxanada...
Rəssamın dedikləri K.–ya bu dəfə inandırıcı göründü, çünki başqalarından eşitdikləri ilə tamamilə üst-üstə düşürdü. Bəli, hətta çox ümidverici görünürdü. Əgər vəkilin dediyi kimi şəxsi münasibətlərlə hakimlərə təsir etmək mümkün idisə, deməli, rəssamın o şöhrətpərəst hakimlərlə əlaqələri çox vacib idi, bunu qiymətləndirməmək olmazdı. Belə olan halda o, K.-nın tədricən ətrafına topladığı köməkçilərə qoşulmuş olurdu. Bir dəfə bankda onun təşkilatçılıq qabiliyyətini çox tərifləmişdilər və indi özü ilə tək qaldığı bir anda bu istedadından yetərincə istifadə etməyə yaxşı fürsət yaranmışdı. Rəssam dediyi sözlərin K.-ya necə təsir etdiyini görəndə, deyəsən bir az qorxdu:
– Sizə elə gəlmirmi ki, mən lap hüquqşünas kimi danışıram? Məhkəmədəki cənablarla çox oturub– durmağımdandır... Düzdür, mənə çox xeyiri dəyir, ancaq nitqin ifadəliliyini də az itirmir.
– İlk dəfə hakimlərlə necə əlaqə yarada bildiniz?–K. onun xidmətindən istifadə etməmişdən əvvəl rəssamın etibarını qazanmaq istədi.
– Çox sadə yolla! Bu əlaqələr mənə miras qalıb. Atam da məhkəmə rəssamı idi. Bu elə bir vəzifədir ki, irsən kiməsə keçir. Buraya həmişə təzə adam götürmək olmaz. Müxtəlif çinli məmurların şəkillərinin çəkilməsi üçün müxtəlif, həm də gizli qaydalar var və bunları da bəzi ailələrdən başqa heç kəs bilmir. Məsələn, o çəkməcədə atamın qeydləri var, onları heç kimə göstərmərəm. Yalız onlardan xəbəri olanlar hakimlərin şəklini çəkə bilərlər. Hətta onları itirsəm də, yaddaşımda gəzdirdiklərim bəs eləyər ki, heç kəsin mənə sözü ola bilməsin. Axı hakimlərin hamısı şəkillərini keçmişdəki böyük hakimlər kimi çəkdirmək istəyir və bunu da yalnız mən bacarıram.
– Buna qibtə etmək olar!–deyən K. özünün bankdakı vəzifəsini xatırladı,–belə çıxır ki, sizi yerinizdən tərpətmək olmaz.
– Olmaz! – rəssam fəxrlə çiyinlərini çəkdi.–Ona görə də hərdən hansı bir yazığasa məhkəmədə kömək etməyə cəsarətim çatır.
– Bəs bunu necə edirsiniz?–K. bunu elə soruşdu ki, deyərdin rəssamın indicə yazıq dediyi heç o deyil. Rəssam isə dediyindən dönmədi:
– Məsələn, tamamilə günahsız olduğunuz üçün sizin işinizdə belə edəcəm...
Tez-tez günahsız olmasının təkrarlanması K.-nı iyrəndirməyə başladı. Bəzən ona elə gəlirdi ki, rəssam belə sözlərlə məhkəmənin müsbət nəticəsini öz köməyi üçün əsas şərt hesab eləyir və belə olan halda da, həmin kömək mənasını itirirdi. Acaq bütün bu şübhələrə baxmayaraq, K. özünü zorla da olsa saxlayır, rəssamın sözünü kəsmirdi. Qəti qərara gəlmişdi ki, rəssamın köməyindən imtina etməsin, çünki ona elə gəlirdi ki, bu kömək vəkilin vəd etdiyi köməkdən də müəmmalı deyildi. K. rəssamın köməyini vəkilinkindən üstün hesab edirdi, çünki ziyansız idi, səmimi idi...
Rəssam kreslosunu çarpayıya yaxın çəkərək boğuq səslə soruşdu:
– İndiyəcən soruşmaq yadımdan çıxıb ki, siz necə bəraət istəyirsiniz? Onun üç növü var: tam bəraət, elüzəri bəraət və bir də süründürməçi bəraət. Əlbəttə, ən yaxşısı tam bəraətdir, ancaq məsələnin bu çür həllinə gücüm çatmaz. Yəqin ki burda əsas rolu müttəhimin günahsızlığı oynayır. Siz günahsız olduqları üçün, doğrudan da, yalnız öz günahsızlığınıza bel bağlaya.
Bu dəqiq təsvir əvvəlcə K.-nı çaş-baş saldı, ancaq sonra o da rəssam kimi alçaqdan dedi:
– Mənə elə gəlir ki, dediyinizdə ziddiyyətlər var.
– Hansı ziddiyyətlər?–səbrlə soruşan rəssam gülümsəyərək geri söykəndi.
Bu təbəssüm K.-da elə təsəvvür yaratdı ki, sanki indi rəssamın sözlərində deyil, ümumiyyətlə bütün məhkəmə sistemində ziddiyyətlər axtarmalıdır. Ancaq buna baxmayaraq, geri çəkilmədi:
– Əvvəlcə dediniz ki, məhkəmə heç bir dəlil-sübut qəbul etmir, sonra bunu yalnız açıq məhkəməyə aid etdiniz, indi isə deyirsiniz ki, günahsız adama heç bir kömək lazım deyil. Bu, ziddiyyətin biri... Bundan əlavə, əvvəlcə dediniz ki, hakimlərə şəxsən təsir etmək olur, ancaq indi bunu inkar edirsiniz ki, adına tam bəraət dediyiniz həmin azadlığı şəxsi təsirlə əldə eləmək heç cür mümkün deyil. Bu da ikinci ziddiyyət...
– Bu ziddiyyətlərin çox asan bir izahı var. Söhbət burda iki müxtəlif məsələdən gedir, yəni qanunda yazılandan və bir də mənim öz təcrübəmdə gürdüklərimdən–bunları qarışdırmayın. Qanunda, əlbəttə, bir tərəfdən yazılır ki,–düzdür, mən onu özüm oxumamışam–müttəhimə bəraət vermək olar, digər tərəfdən də orda yazılmır ki, hakimlərə təsir etmək olar. Ancaq təcrübədə mən həmişə bunun əksini görmüşəm. Mən kiməsə tam bəraət verildiyini hələ eşitməmişəm, ancaq təsirlərin çox şahidi olmuşam. Əlbəttə, belə də ola bilər ki, mən şahid olduqlarımın heç birində günahsız adam olmayıb. Ancaq bu inandırıcı görünürmü? Bu qədər işdə bircə nəfər də günahsız adam olmadı? Uşaq vaxtı atam evdə məhkəmədən danışanda, ona çox diqqətlə qulaq asırdım. Onun emalatxanasına gələn hakimlər də çox vaxt ondan danışırdılar, ümumiyyətlə, bizim dairələrdə bütün söhbətlər yalnız məhkəmə barədə olur. Özümün məhkəmələrə getmək imkanım yarananda, onun hamısından istifadə etdim, saysız-hesabsız məhkəmələrin ən vacib mərhələlərini izlədim, onların açıq keçirilən iclaslarında iştirak etdim və etiraf etməliyəm ki, kiməsə bəraət verildiyinin şahidi olmadım.
– Deməli, bircə dəfə də olsun bəraət verilmədi...–deyən K. sanki özü ilə, qəlbindəki ümidlərlə danışırdı,–bu mənim məhkəmə haqqındakı düşüncələrimi bir daha təsdiqləyir. Deməli, bu nöqteyi-nəzərdən də onun heç bir mənası yoxdur. Bircə cəllad bütün bir məhkəməni əvəz edə bilər.
– Belə ümumiləşdirmək olmaz,–rəssam narazılıqla dilləndi,–mən yalnız öz təcrübəmdən danışdım.
– Elə bunun özü də kifayətdir... Yoxsa əvvəllər kiməsə bəraət verildiyi barədə eşidibsiniz?
– Yəqin ki kimlərəsə nə vaxtsa bəraət verilib. Ancaq onları dəqiqləşdirmək çox çətindir. Məhkəmələrin qətnamələri heç vaxt çap olunmur, hətta onları hakimlərə də göstərmirlər, ona görə də o keçmiş məhkəmələrdən yalnız əfsanələr qalıb. Yeri gəlmişkən, bu əfsanlərdə çoxlarına tam bərat verildiyindən danışılır, onlara inanmaq olar, ancaq təsdiq etmək mümkün deyil. Bütün bunlara baxmayaraq, deyilənlərə heç məhəl qoymamaq da olmaz, çünki onlarda da müəyyən həqiqətlər var, özü də çox gözəldirlər, hətta mən özüm də həmin mözularda bir nebə şəkil çəkmişəm.
– Mənim fikrimi belə lətifələrlə dəyişmək olmaz! Yəqin heç məhkəmədə də bu lətifələrə əsaslanmaq olmaz, elə deyilmi?
Rəssam güldü:
– Xeyr, olmaz...
– Elə isə, bu barədə danışmağa da dəyməz,–deyən K. hələlik onun dediklərinə inanmasa da, eşitdikləri bildiklərinin əksi olsa da, rəssamın nə fikirləşdiyinin hamısını öyrənmək istəyirdi. Onsuz da indi onun dediklərinin nə dərəcədə düzgün olub-olmadığını yoxlamağa, etiraz eləməyə vaxtı yox idi və əgər rəssamı, lap cüzi də olsa, nədəsə, hardasa kömək etməyə razı sala bilmişdisə, deməli, artıq istədiyinə nail olmuşdu. Ona görə də dedi:
– Yaxşı, tam bəraəti bir kənara qoyaq, ancaq daha iki bəraət növünün adını çəkdiniz...
– Elüzəri bəraət və bir də süründürməçi bəraət. Amma bunlar haqqında danışmamışdan əvvəl bəlkə pencəyinizi çıxarasınız? Yəqin istilənmiş olarsınız.
– Elədir,–deyən K. indiyə qədər onun dediklərindən başqa heç nəyə fikir verməmişdi, ancaq rəssam bürkü adı çəkən kimi alnında iri bir tər damcısı düyünləndi.–Demək olar ki, dözülməzdir.
Rəssam başını tərpətdi, sanki K.-nın nə çəkdiyini yaxşı başa düşürdü.
– Pəncərəni açmaq olmaz?–K. soruşdu.
– Xeyr, çərçivəyə bərkidilmış şüşədir, açmaq olmur.
İndi K.-nın yadına düşdü ki, bütün vaxtı ya rəssamın ya da özünün pəncərəyə tərəf cumub onu taybatay açacaqlarına ümid edirdi. Hazırlaşmışdı ki, hətta içəri dolacaq dumanı da acgözlüklə içinə çəksin. Ona elə gəldi ki, artıq havası çatmır və başı hərləndi. Əlini yavaşca yanındakı tük döşəyə toxunduraraq zəif səslə dedi:
– Burda heç dayanmaq olmur, cana da ziyandır...
– Xeyr, xeyr,–rəssam öz pəncərəsinin müdafiəsinə qalxdı,–açılmadığı üçün adicə təkqat şüşə olsa da, içərini ikiqat pəncərədən isti saxlayır. Havanı dəyişmək istəyəndə–taxtaların arasındaki yarıqlardan həmişə təmiz hava gəldiyi üçün bu heç lazım olmur–qapılardan birini, ya da ikisini də açıram.
– Rəssamın dediklərindən, az da olsa, təsəlli tapan K. ikinci qapının yerini öyrənmək üçün yan-yörəsinə baxdı. Bunu hiss edən rəssam dilləndi:
– Arxanızdadır, çarpayı ilə qabağını kəsmişəm...
K. divardakı balaca qapını yenicə gördü.
– Emalatxana üçün balacadır, çox şey də artıqlıq eləyir,–rəssam sanki K.-nı qabaqlamaq istədi,–ancaq gərək bura yerləşəydim. Əlbəttə, qapının qabağındakı çarpayı çox pis yerdə durub... Məsələn, indi şəklini çəkdiyim hakim həmişə bu qapıdan gəlir və açarın birini də ona vermişəm ki, mən evdə olmayanda içəri girib gözləsin. Ancaq o da, adətən, səhər tezdən–mən yatanda gəlir. Əlbəttə, nə qədər bərk yatsam da, çarpayının yanındakı qapı açılan kimi, ayılıram. Səhər- səhər çarpayımın üstünə çıxanda ona necə lənətlər yağdırdığımı eçitsəydiniz, hakimlərə olan bütün hörmətinizi itirərdiniz. Düzdür, açarı geri ala bilərəm, ancaq pislikdən başqa qazancım olmayacaq. Burdakı qapıları heç bir əziyyət çəkmədən çərçivəsindən çıxarmaq olur...
Ardı var...