Qadin.NET / F.Kafka "Məhkəmə"-11

F.Kafka "Məhkəmə"-11

F.Kafka "Məhkəmə"-11

K. bir də qapıya çatanda o döyüldü. Qulluqçu qız idi və dedi ki, frölayn Montaq cənab K. ilə nə barədəsə danışmaq istəyir və xahiş edir, yemək otağına gəlsin, onu orda gözləyir. K. fikirli-fikirli qızı dinlədi, sonra da, demək olar ki, istehzalı nəzərlərlə özünü itirmiş frau Qrubaxa tərəf baxdı. Bu baxışla sanki demək istəyirdi ki, frölayn Montaqın onu söhbətə dəvət edəcəyini əvvəlcədən bilirmiş və bu dəvət də frau Qrubaxın kirayənişinlərinin bazar günü səhər tezdən başlayaraq K.–nı narahat etmələrinə çox uyğun gəlir. Qıza dedi ki, indi gəlir və paltar dolabına tərəf getdi ki, pencəyini dəyişsin. Qızın onu təngə gətirdiyindən şikayətlənən frau Qrubaxdan isə yalnız bunu xahiş etdi ki, səhər yeməyini apara bilər.

– Axı, siz ona heç əl vurmadınız!

– Ah, dedim ki, aparın!-K. səsini ucaltdı və ona elə gəldi ki, bütün bu işlərdə frölayn Montaqın əli var, aranı qarışdıran da odur.

Ön otaqdan keçəndə frölayn Bürstnerin qapısının bağlı olduğunu gördü. Ancaq onun otağına 

deyil, yemək otağına dəvət olunmuşdu və döymədən də qapını itələyib açdı.

 

Çox uzun, həm də dar, birpəncərəli otaq idi. Yer az olduğundan, qapı tərəfdə olan künclərə iki dolab çəpinə qoyulmuşdu, qalan sahəni isə yemək stolu tutmuşdu. Düz qapının yanından başlayan bu stol az qala böyük pəncərəyə çatırdı, onların arasından keçmək olmurdu. Stol artıq açılmışdı və özü də çox adam üçün nəzərdə tutulmuşdu, çünki bazar günü, demək olar ki, bütün kirayənişinlər burada nahar edirdi.

K.-nın gəldiyini görən frölayn Montaq pəncərədən aralanaraq yemək stolunun yanından keçə-keçə ona tərəf gəldi. Səssiz görüşdülər. Frölayn Montaq həmişə olduğu kimi başını qəribə tərzdə dik tutaraq dedi:

– Bilmirəm məni tanıyırsınız, ya yox?! K. gözlərini qıyaraq ona baxdı:

– Əlbəttə, tanıyıram,-dedi,-axı çoxdan frau Qrubaxın pansionunda qalırsınız.

– Bildiyimə görə, siz bu pansionla o qədər də maraqlanmırsınız.

– Elə deyil... 

– Oturmaq istəmirsiniz?-Frölayn Montaq soruşdu. 

Dinmədən stolun qurtaracağından hərəsi bir kreslo çəkib üzbəüz oturdular. Ancaq frölayn Montaq elə o dəqiqə də ayağa qalxdı, çünki çantasını pəncərənin qabağında qoymuşdu və onu gətirməyə getdi. Ayaqlarını sürüyə-sürüyə, çantasını da azacıq yellədə-yellədə bütün otağı dolaşaraq geri qayıdanda dedi:

– Rəfiqəmin tapşırığı ilə sizinlə yalnız bir neçə kəlmə söhbət etmək istəyirəm. Özü gəlmək istəyirdi, ancaq bu gün özünü pis hiss edir. Bağışlayın ki, onun əvəzinə mənimlə danışmalı oldunuz. Ancaq o da sizə mənim dediklərimdən başqa heç nə deməyəcəkdi. Əksinə, düşünürəm ki, bu işə qarışacağım olmadığı üçün mən daha çox şey deyə bilərəm. Buna da inanmırsınız? 

– Nə deyim ki?!-K. artıq frölayn Montaqın onun dodaqlarından çəkilmək bilməyən baxışlarından yorulmuşdu.-Belə çıxır ki, frölayn Bürstner mənimlə şəxsən söhbət eləmək istəmədi.

– Elədir,-frölayn Montaq dilləndi.-Daha doğrusu, heç də elə deyil, siz məsələni çox kəskin qoyursunuz. Əslində bu cür xahişlərə nə “hə” deyirlər, nə də “yox”. Ancaq belə də olur ki, həmin xahişlərə əməl etməyi lazım bilmirlər və indiki halda da elədir. Sizin bu sözlərinizdən sonra açıq danışa bilərəm. Siz həm şifahi, həm də yazılı şəkildə rəfiqəmlə söhbət etmək istədiyinizi bildirmisiniz. Ancaq rəfiqəm bilir ki, –ən azı, mənə belə gəlir-söhbət nədən gedəcək və mənə məlum olmayan səbəblərdən əmindir ki, bu söhbət baş tutsa, heç bir tərəfə

xeyir gətirməyəcək. Yeri gəlmişkən, bu barədə mənə dünən, özü də lap ötəri şəkildə danışdı, onu da dedi ki, bu söhbət sizin üçün də çox vacib olmaya bilər, çünki təsadüfən bu fikrə gəlmisiniz, indi olmasa da, lap yaxın zamanlarda heç bir xüsusi izahat olmadan bütün olub-keçənlərin mənasız olduğunu başa düşəcəksiniz. Ona dedim ki, bəlkə də düz fikirləşir, ancaq hər şeyi aydınlaşdırmaq üçün sizə konkret cavab vermək daha yaxşı olar. Təklif etdim ki, bu vəzəfini

mən öz üzərimə götürüm, o da bir az tərəddüddən sonra razılıq verdi. Ümid edirəm ki, bu həm də sizin ürəyinizcə oldu, çünki ən mənasız işdə də kiçik bir şübhə adama əzab verir və indi olduğu kimi, onu asanca aradan qaldırmaq mümkündürsə, bunu həmin dəqiqə eləmək daha yaxşıdır. 

– Təşəkkür edirəm!-tez cavab verən K. yavaş-yavaş ayağa durdu, əvvəlcə frölayn Montaqa, sonra stola, lap axırda da pəncərədən çölə baxdı, – qarşıdakı bina günəşin şəfəqlərinə qərq olmuşdu-qapıya tərəf getdi. Frölayn Montaq onun arxasınca bir-iki addım atdı, sanki K.-ya tam inanmırdı. Ancaq qapıya çatanda, hər ikisi geri çəkilməli oldu; kapitan Lants içəri girdi. K. ilk dəfə idi ki, onu belə yaxından görürdü. Ucaboy, təxminən qırx yaşlarında bir kişi idi və ətli sifəti sanki gündən qaralmışdı. Yüngülcə təzim etdi-bu həm də K.-ya aid idi-sonra frölayn Montaqa tərəf gedib nəzakətlə onun əlindən öpdü. Hərəkətlərində cəldlik vardı. Onun frölayn Montaqla belə nəzakətlə davranması K.-nın qızla davranışından fərqlənirdi. Ancaq buna baxmayaraq, deyəsən, frölayn Montaq K.-dan inciməmişdi, hətta ona elə gəldi ki, K.-nı kapitana təqdim etmək də istədi. K. isə bunu heç arzulamırdı, çünki indi nə kapitana, nə də frölayn Montaqa mehribanlıq göstərmək iqtidarında deyildi. Bu əlöpmə səhnəsindən sonra qızı elə adamların cərgəsinə qoşdu ki, özlərini zahirən çox xeyirxah, təmənnasız göstərə–göstərə onu frölayn Bürstnerlə görüşməyə qoymurlar. K.-ya elə gəldi ki, təkcə bunu kəşf etmədi, eyni zamanda, onu da başa düşdü ki, frölayn Montaq çox yaxşı, həm də ikibaşlı bir üsul seçib. O, frölayn Bürstnerlə K.-nın münasibətlərini, hər şeydən əvvəl, söhbət etmək xahişinin mənasını çox şişirdirdi və eyni zamanda, bunu elə fırlatmağa çalışırdı ki, guya hər şeyi şişirdən K.-nın özüdür. Ancaq yanılırdı, K. heç nəyi şişirtmək istəmirdi, çünki bilirdi ki, frölayn Bürstner adicə bir makinaçı qızdır, ona uzun zaman müqavimət göstərməyi bacarmaz. Elə buna görə də qız haqqında frau Qrubaxdan öyrəndiklərini burda qəsdən nəzərə almadı. Bütün bunları ağızucu sağollaşıb çıxarkən fikrindən keçirdi. Öz otağına getmək istəyirdi, ancaq arxasınca frölayn Montaqın yemək otağından eşidilən qısa gülüş səsindən sonra ağlına gəldi ki, bəlkə ikisinə də-yəni kapitana da, frölayn Montaqa da yaxşı bir dərs versin. Ətrafına baxdı, yaxınlıqdakı otaqları dinşədi: sakitlik idi, yalnız yemək otağında söhbət edirdilər və bir də mətbəxə gedən dəhlizdən frau Qrubaxın səsi eşidilirdi. Deyəsən, fürsət düşmüşdü və K. frölayn Bürstnerin qapısına tərəf gedib onu astadan döydü. İçəridən səs çıxmadığını görüb bir də döydü, ancaq yenə də cavab gəlmədi. Yatmışdı? Bəlkə doğrudan da özünü pis hiss edirdi? Yoxsa qapının belə asta döyülməsindən gələnin K. olduğunu başa düşdüyü üçün özünü danızdırırdı? K.-ya elə gəldi ki, özünü danızdırır və bu dəfə bərkdən döydü, bundan bir şey çıxmadığını görüb, ehtiyatla, eyni zamanda da ədalətsiz, mənasız bir iş tutduğunu hiss edə-edə onu açdı. İçəridə heç kəs yox idi. Əslində, heç otaq da K.-nın tanıdığı otağa bənzəmirdi. Divar uzunu iki çarpayı baş-başa qoyulmuşdu, qapının yaxınlığındakı üç kreslonun üstü pal-paltarla dolu idi, dolabın da qapısı açıq qalmışdı. Yəqin ki frölayn Montaq yemək otağında K.-nı yola gətirmək istəyəndə frölayn Bürstner çıxıb getmişdi. Ancaq bu, K.-ya o qədər də təsir eləmədi, çünki frölayn Bürstnerlə belə asan yolla görüşə biləcəyinə özü də inanmırdı, bunu da demək olar ki, frölayn Montaqın acığına eləmişdi. Ancaq qapını örtərkən frölayn Montaqla kapitanın yemək otağının açıq qapısı yanında dayanıb söhbət etdiyini görəndə əhvalı pozuldu. Onlar bəlkə də K.-nın qapını açdığı andan orda dayanmışdılar, özlərini elə göstərirdilər ki, guya onu güdmürlər və astadan söhbət edirdilər, ancaq gözucu onun bütün hərəkətlərini elə izləyirdilər ki, sanki söhbət əsnasında baxışları ora-bura qaçırdı. Amma K. bu baxışların ağırlığına dözə bilmədi, divarın dibi ilə otağına tərəf tələsdi.

Beşinci fəsil

Adam döyənlər

Növbəti axşamların birində K. onun iş otağı ilə pilləkəni ayıran dəhlizə-bu dəfə demək olar ki, hamıdan sonra evə gedirdi, yalnız ekspedisyada iki nəfər hələ də qalıb lampanın zəif işığında işləyirdi-çatanda heç vaxt içini görmədiyi və həmişə anbar hesab elədiyi otağın qapısı arxasından inilti səsi eşitdi. Heyrət içində dayandı, yanılmadığına əmin olmaq üçün diqqətlə dinşədi, bir anlığa sakitlik oldu, sonra yenə də inilti səsi gəldi. Əvvəlcə xidmətçilərdən birini çağırmaq istədi ki, bəlkə şahid lazım oldu, ancaq qəflətən onu elə bir qarşısıalınmaz maraq bürüdü ki, qapını şaqqıltı ilə açdı. Düz bilmişdi, bura doğrudan da anbar idi. Qapının ağzında lazımsız, köhnə kağız-kuğuz, boş mürəkkəbqabları qalaqlanmışdı. Otağın ortasında isə üç kişi dayanmışdı və otaq alçaq olduğu üçün başlarını əymişdilər. Rəflərin birinə bərkidilmiş şam içərini işıqlandırırdı. 

– Siz burda neyləyirsiniz?-həyəcanlı-həyəcanlı, ancaq alçaqdan soruşdu. 

Görünüşündən onların böyüyünə oxşayan və daha çox diqqəti cəlb edən kişi qara rəngli qolsuz, sinəsinə qədər yaxası açıq olan gödəkçə geyinmişdi. O cavab vermədi, qalan iki nəfər isə birdən qışqırdılar: 

– Cənab, biz cəza almalıyıq, müstəntiqə bizdən şikayət etmisiniz. 

K. yalnız indi onları tanıdı: doğrudan da keşikçilər-Fransla Villem idilər və üçüncünün əlində

də onları cəzalandırmaq üçün kötək vardı. 

– Ola bilməz!-deyə K. diqqətlə onlara baxdı,-mən şikayət etməmişəm, yalnız mənzilimdə baş verənləri danışmışam. Ancaq sizin də səhvləriniz oldu. 

F.Kafka "Məhkəmə"-11

– Cənab,-indi danışan Villem idi, Frans isə özünü üçüncü adamdan qorumaq üçün onun arxasında gizlənmişdi.-Əgər bizə nə qədər əməkhaqqı verdiklərini bilsəydiniz, haqqımızda elə danışmazdınız. Mən ailəmi dolandırmalıyam, bu Frans da evlənmək istəyirdi, adam çalışır ki, hardansa pul qazansın, nə qədər çox işləsən də, maaşla dolanmaq olmur. Sizin o qəşəng paltarlardan keçə bilmədim, əlbəttə, belə şeylər keşikçilərə yasaqdır, biz düz eləmədik, ancaq adətə görə o şeylər keşikçilərə qalmalıdır, inanın mənə, həmişə də bu cür olub. Belə olan halda, bəxti gətirməyib həbs olunan üçün nə fərqi onun şeyləri kimə qalır?! Bunu da dilinə gətirəndə, bizi cəzalandırırlar.

– Sizin indi dediklərinizdən mənim xəbərim yox idi, heç sizi cəzalandırmağı da tələb etməmişəm, orda prinsip vardı.

– Gördün, Frans?-Villem o biri keşikçiyə tərəf döndü.-Sənə demədim ki, cənab bizi cəzalandırmağı tələb etməyib? Eşitdin ki, heç bizim cəza alacağımızı da bilmirmiş... 

– Onların bu danışıqlarına çox da fikir verməyin!-üçüncü kişi K.-ya dedi.-Cəza ədalətlidir və ona görə də qaçılmazdır. 

– Ona qulaq asma!-deyən Villem sözünə ara verməli oldu, çünki əlini çubuq dəyən dodaqlarına apardı-...ona görə cəza verirlər ki, bizi satıbsınız. Yoxsa hətta orada olanlardan xəbər tutsaydılar da, bizə heç nə eləməzdilər. Buna ədalət demək olar? Biz ikimiz də-ən çox da mən-özümüzü yaxşı keşikçi kimi göstərmişdik-özün də etiraf eləməlisən ki, sənə onların istədiyi

kimi keşik çəkdik-istəyirdik, bir az irəli gedək, kötəkçi olaq... Bəxti gətirib, ondan şikayət edən olmayıb, çünki bizdə belə şikayətlər nadir hallarda olur. Ancaq bizimki burda qurtardı, daha heç yana çıxa bilmərik, bundan sonra keşik çəkməkdən də pis işlərə göndərəcəklər, üstəlik də indi yaxşıca kötək yeyəcəyik. 

– Doğrudan, bu kötək elə ağrıdır?-deyə K. diqqətlə kişinin onun gözləri önündə oynatdığı kötəyə baxdı. 

– Axı biz indi lüt soyunmalı olacağıq,Villem dilləndi.

– Belə de...-K. diqqətlə kötəkçiyə baxdı: o, dərisi gündən qaralmış matrosa oxşayırdı və sağlam, sırtıq sifəti vardı.-Elə olmaz ki, bunları kötəkləməyəsiniz? 

– Xeyr!-kötəkçi təbəssümlə başını buladı.-Soyunun!–deyə keşikçilərə əmr etdi və sonra da

K.-ya tərəf döndü:-Onların dediklərinə inanma, kötəkdən qorxduqları üçün ağıllarını itiriblər,-Villemi göstərdi,-məsələn, elə götür bunu, özünə yaxşı bir tərcümeyi-hal düzəltdi, adamın gülməyi gəlir. Piy basıb, ilk kötəkləri heç hiss eləməyəcək. Bilirsən, niyə belə piylənib? Çünki həbs olunanların səhər yeməyini aşırmağa adət eləyib. Sənin də səhər yeməyini aşırdı? Yemiş olar! Özü də belə qarın sahibi heç vaxt kötəkçi ola bilməz! Heç vaxt!

– Belə kötəkçilər də var!-kəmərini açmağa başlayan Villem dilləndi.

– Yoxdur!-Kişi kötəyi onun boğazına toxundurdu, Villem diksindi.-Sən bizə qulaq asma, soyun!

– Onları buraxsan, yaxşı pul qazanarsan,-deyə K. kötəkçiyə baxmadan pulqabını çıxardı-belə alver zamanı göz-gözə dayanmasalar yaxşı idi!

– Məni də satmaq istəyirsən? Məni də kötəklətdirmək fikrinə düşübsən? Yox, keçməz!

– Ağlın olsun, əgər onları cəzalandırmaq istəsəm, indi pul verib buraxdırmaq fikrinə düşməzdim. Kirimişcə qapını örtüb evimə gedərdim, heç nə görməzdim, heç nə də eşitməzdim. Ancaq bunu eləmirəm, cünki onları buraxdırmaq fikrim ciddidir. Bilsəydim, onlara cəza veriləcək və ya cəza almalıdırlar, adlarını çəkməzdim. Əslində, onların günahı yoxdur, günahkar işlədikləri

təşkilatdır, orada oturan yüksək çinli məmurlardır.

– Elədir, elədir!-keşikçilər bir ağızdan qışqırışdılar və elə o dəqiqə də çılpaq kürəklərindən

dümsük yedilər.

– Əgər indi hakimin özünü kötəkləməli olsaydın,-K. danışa-danışa onun təzədən yuxarı qaldırmaq istədiyi kötəkdən tutub aşağı saldı,-sənə heç mane olmazdım, əksinə, pul da verərdim ki, yaxşı kötəkləyəsən!

– Dediklərin düzdür, ancaq rüşvət alan deyiləm. Mən kötəkçiyəm, ona görə də kötəkləməliyəm. 

Ardı var...

12 aprel 2016
GO BACK