Qadin.NET / F.Kafka "Məhkəmə"-10

F.Kafka "Məhkəmə"-10

F.Kafka "Məhkəmə"-10

K.-nın etiraz etməyə həvəsi yox idi. Qız bəlkə də bunu xoş niyyətlə eləyirdi və məqsədi o idi ki, K. imkan tapıb özünə gəlsin, ancaq alınmırdı ki, alınmırdı. O, kişiyə tərəf döndü: 

– Sizin gülüşünüzün mənasını açıqlayırdım, yoxsa xətrinə dəyərdi. 

– Zənnimcə, onu bu saat bayıra çıxarsam, bundan da pis təhqirləri bağışlar. 

K. dinmədi, heç baxışlarını da qaldırmadı. Bu iki nəfərin onun haqqında cansız bir əşya kimi danışdıqlarına dözdü, hələ bəlkə də xoşuna gəldi. Ancaq qəflətən bir qolunda məlumat bürosunda işləyən kişinin, digərindəsə, qızın əlini hiss elədi. 

– Zəif kişi, ayağa durun!–dedi kişi. 

– Hər ikinizə çoxlu-çoxlu təşəkkürlər!–K. sevinc dolu heyrət içində dilləndi, yavaş-yavaş qalxmağa başladı, özü onların əllərini bədənin dayaq istəyən yerlərinə apardı. 

Onlar dəhlizə yaxınlaşanda, qız K.-nın qulağına pıçıldadı: 

– Belə çıxdı ki, mən məlumat bürosunda işləyən kişini sizin gözünüzdə qaldırmaq istəyirdim, ancaq inanın ki, həqiqəti deyirəm. Elə də daşürəkli deyil. Xəstə müştəriləri bayıra çıxarmaq onun borcu deyil, ancaq görürsünüz ki, bunu edir. Bəlkə de heç birimizin ürəyi daşdan deyil, bəlkə də böyük məmnuniyyətlə hamıya kömək edərdik, ancaq məhkəmə məmurları kimi özümüzü yalandan daşürəkli adamlar kimi göstərir və guya heç kimə kömək etmək istəmirik. Mənə təsir eləyən də elə budur...

– Bəlkə burda bir az oturasınız?!–kişi soruşdu. Onlar artıq dəhlizə çatmışdılar və indi K.-nın bayaq içəri girəndə söhbət etdiyi kişinin yanında idilər. K., demək olar ki, ondan utandı, çünki bir az bundan əvvəl qarşısında şax dayanmışdı, ancaq indi iki nəfər onu güclə ayaq üstə saxlayırdı, kişi onun şlyapasını zəldirdi, dağılmış saçları tər basmış alnına tökülmüşdü. Lakin həmin kişi, deyəsən, bunu hiss etmədi, onun başı üzərindən harasa baxan məlumat bürosu hbərinin qarşısında qorxa-qorxa üçün bura gəldiyinə haqq qazandırmağa çalışdı:

– Bilirəm,–dedi,–ərizələrimin cavabı bu gün hazır olmaz, ancaq buna baxmayaraq gəldim. Fikirləşdim ki, gözləyərəm, bazar günüdür, vaxtım var, heç kəsə də maneçiliyim yoxdur. 

– Buna görə belə üzrxahlıq etmək lazım deyil,–məmur onu sakitləşdirdi,–sizin bu narahatlığınız tərifəlayiqdir. Düzdür, burda artıq yer tutursunuz, ancaq mənə mane olmadığınız üçün, etirazım yozdur, burda qalıb işinizin gedişini izləyə bilərsiniz. Öz vəzifələrini başa düşməyən həyasız adamlarla rastlaşandan sonra sizin kimilərini görüb səbrli olmağı öyrənmək lazımdır! Əyləşin! 

– Görürsünüz, müştərilərlə necə danışır?!–qız pıçıldadı. K. başını tərpətdi, ancaq məlumat bürosunda işləyən kişi yenə də: «Burda bir az oturmaq istəmirsiniz?”–deyə soruşanda diksindi. 

– Xeyr,–dedi,–dincəlmək istəmirəm. 

Bu sözləri qətiyyətlə deməyə çalışdı, ancaq otursaydı yaxşı olardı. Elə bil dəniz xəstəliyinə tutulmuşdu. Ona elə gəlirdi ki, bərk yırğalanan bir gəmidədir. Ona elə gəlirdi ki, su gəminin taxta gövdəsinə çırpılır, dəhlizin o başından bir dalğa gəlir, hər yanı su basır, dəhliz ləngər vurur, orda oturan adamlar qalxıb-düşür. Ən qəribəsi isə, onu aparan qızla kişinin sakitliyi idi. İndi canı onların əlində idi, buraxsalar, daş kimi yerə düşərdi. Hərdən onların sərt baxışlarını üzərində hiss edir, özü artıq yeriməsə də, onların ahəngdar addım səslərini eşidirdi. Qəflətən hiss etdi ki, ona nəsə deyirlər, ancaq heç nə başa düşmürdü, yalnız bütün dəhlizi başına götürmüş səs-küyü və bu səs-küyün içində həyəcan siqnalına oxşayan bir güyültü eşidirdi. Başı əyilmişdi və güclə pıçıldadı: 

– Ucadan danışın!–dediyindən özü də utandı, çünki bilirdi ki, o, başa düşməsə də, kifayət qədər ucadan danışırlar. Qəflətən elə bil divar deşildi, təmiz hava üzünə vurdu və yanındakıların səsini eşitdi: 

– Əvvəl çıxıb getmək istəyir, sonra da min dəfə deyirsən ki, çıxış qapısı budur, qımıldanmır ki qımıldanmır!

K. hiss etdi ki, çıxış qapısına çatıblar və qız onu açıb. Ona elə gəldi ki, bütün gücü birdən-birə özünə qayıtdı və azadlığın ilk sevincini dadmaq üçün ayağını pillələrdən birinə qoydu, elə ordan da qapının ağzında dayanıb ona tamaşa edən müşayiətçiləri ilə vidalaşdı. 

– Çox sağ olun!–deyə təkrar edərək hər ikisinin əlini bir də sıxdı və qəflətən ona elə gəldi ki, dəftərxana havasına öyrəşmiş bu adamlar pilləkənlərdən üzlərinə vuran təmiz havada boğulurlar və... əllərini buraxdı. Heç biri cavab verə bilmədi və K. qapını çöldən tez bağlamasaydı, qız yıxılacaqdı... 

F.Kafka "Məhkəmə"-10

K. bir anlığa pilləkənin başında sakit dayandı, sonra cib güzgüsünü çıxarıb saçlarını qaydaya saldı, növbəti pilləkən duracağına düşmüş şlyapasını–yəqin məlumat bürosunda işləyən kişi ora tullamışdı–götürüb başına qoydu və pilləkənləri elə gümrah addımlarla, tullana-tullana düşdü ki, az qala özü də qorxdu. Heç vaxt şikayətlənmədiyi səhhəti indiyədək onu belə imtahana çəkməmişdi. lkə bədəni üsyana qalxıb, köhnə həyat tərzini çətinliklərsiz yaşadığını görüb, ona yeni həyat tərzi hazırlayır?! Tərəddüdlə olsa, ağlına lən bu fikirlə razılaşdı ki, imkan düşən kimi, həkimə getsin, ancaq qərara aldı ki, – burda artıq heç kəsin məsləhətinə ehtiyac yox idigələcək bazar günlərini bugünkündən yaxşı keçirsin.

Dördüncü fəsil

Frölayn Bürstnerin rəfiqəsi

Növbəti günlərdə K. frölayn Bürstnerlə bircə kəlmə də kəsə bilmədi. Onunla qarşılaşmaq üçün müxtəlif vasitələrə əl atdı, ancaq qız yaxınlıq vermədi ki vermədi. İşdən çıxan kimi evə gəldi, otağında işığı söndürmədi, divanda oturdu və ön otağı müşahidə etməkdən savayı heç bir işlə məşğul olmadı. İçəridə heç kəsin olmadığını güman edən qulluqçu qız qapını örtəndə də bir az gözləyib, onu təzədən aralı qoyurdu. Səhərlər həmişəkindən bir saat tez dururdu ki, bəlkə onu işə gedəndə tək tuta bilə. Ancaq bu cəhdlərin heç biri alınmadı. Sonra ona məktub yazıb birini iş yerinə, birini də evə göndərdi, yenə də hərəkətinə bəraət qazandırmağa çalışdı, yazdı ki, günahını hər cür yumağa hazırdır, söz verdi ki, qızın qoyduğu sərhədi heç vaxt aşmayacaq, xahiş etdi ki, yalnız bircə dəfə söhbət etməyə şərait yaratsın, çünki onunla danışmamış frau Qrubaxla heç nə barədə razılığa gələ bilməz və axırda da xəbər göndərdi ki, növbəti bazar bütün günü evdə oturub ondan işarə gözləyəcək: ya onun təklifini qəbul edir, ya da, ən azı niyə qəbul etmədiyinin

səbəbini açıqlayır, axı qız necə istəsə, elə də olacağına söz verib. Məktublar geri qayıtmadı, ancaq cavab da çıxmadı. Əksinə, bazar günü çox aydın bir işarə gəldi: səhər tezdən açar deşiyindən baxan K. ön otaqda qeyri-adi bir canlanmanın şahidi oldu və onun səbəbi də tezliklə bilindi. Fransız dili müəlliməsi–zəif, solğun bənizli, ayağını da azacıq çəkən bu qız milliyyətcə alman, soyadı da Montaq idi, bu vaxta qədər də otağı tək kirələmişdi–frölayn Bürstnerin otağına köçürdü. Saatlarla ön otaqda vurnuxdu. Gah yataq dəstindən nəsə, gah hansısa bir palaz, gah da kitab yaddan çıxmış olurdu və qız da onları bir-bir təzə mənzilə daşıyırdı. 

Frau Qrubax səhər yeməyini gətirəndə-K. onu əməlli-başlı acılayandan sonra frau Qrubax ən xırda işləri də qulluqçuya etibar etmirdi– beş günlük fasilədən sonra onunla ilk dəfə danışmaqdan özünü saxlaya bilmədi.

– Niyə bu gün ön otaqda belə səs-küy var?–deyə özünə qəhvə süzə-süzə soruşdu.–Bunu kəsmək olmaz? Mütləq bazar günü yır-yığış etmək lazımdır?–Frau Qrubax tərəfə baxmasa da, hiss etdi ki, o, yüngülləşdi, dərindən nəfəs aldı. K.-nın hətta bu sərt suallarını da barışıq əlaməti və yaxud barışığa doğru atılan addım hesab elədi. 

– Yır-yığış eləmirlər, cənab K.,–dedi,–frölayn Montaq frölayn Bürstnerin yanına köçür, şeylərini ora daşıyır. 

Qadın susaraq K.-nın buna necə baxacağını öyrənmək istədi və bir də gözlədi ki, K. ona sözünə davam etməyə icazə verəcək, ya yox. K. isə onu sınağa çəkdi, fikirli-fikirli əlindəki qaşıqla qəhvəsini qarışdırdı, sonra başını qaldırıb ona baxdı və dedi:

– Daha frölayn Bürstnerdən şübhələnmirsiniz ki? 

– Cənab K.!–Frau Qrubax bu sualı sanki çoxdan gözləyirdi və əllərini ona tərəf uzatdı, elə bil yalvarırdı.–Siz adicə bir iradı ürəyinizə saldınız. Sizin və ya bir başqasının xətrinə dəymək ağlıma belə gəlməzdi! Siz ki məni çoxdan, özü də yaxşı tanıyırsınız, ona görə də dediklərimə inanmalısınız. Axı siz bilmirsiniz ki, mən bu son günlərdə necə əzab çəkdim! İşə bax, mən öz kirayənişinlərimə qara yaxmalıyam! Siz də buna inandınız, cənab K.! Dediniz ki, sizi çıxarıram! Sizi çıxarmaq?!–axırıncı sözləri göz yaşları içində boğula-boğula dedi və sonra da önlüyünü üzünə aparıb hıçqırdı. 

– Ağlamayın, frau Qrubax,–deyə K. pəncərədən çölə baxdı. İndi yalnız frölayn Bürstner barədə fikirləşirdi və fikirləşirdi ki, o, tanımadığı bir qızı necə yanına götürə bilər. Geri dönəndə qadının hələ də ağladığını görüb bir də dedi:–Dedim ki, ağlamayın! Mən də o vaxt həmin sözləri pis mənada demədim. Biz, sadəcə olaraq, bir-birimizi başa düşməmişik. Köhnə dostlar arasında da hərdən belə şeylər olur. 

Frau Qrubax onun doğrudan da barışdığına əmin olmaq üçün önlüyünü gözlərindən çəkdi. 

– Bəli, bəli, elədir!–deyən K. frau Qrubaxın özünü necə aparmağından başa düşdü ki, kapitan ona heç nə deməyib və bundan cəsarətlənərək əlavə etdi:–Doğrudanmı elə fikirləşirsiniz ki, mən yad bir qıza görə sizinlə düşmən ola bilərəm? 

– Elə məsələ də bundadır, cənab K.!–deyən frau Qrubaxın bədbəxtliyi orasında idi ki, özünü bir

az sərbəst hiss edən kimi ağzından nəsə qaçırırdı,–Həmişə özümə sual verirdim ki, görəsən nəyə görə cənab K. frölayn Bürstnerə belə qahmar çıxır? Bilə-bilə ki, onun hər ağır sözündən sonra mən bütün gecəni yata bilmirəm–o qıza görə mənimlə davaya çıxır! Axı, mən frölaynın haqqında öz gözlərimlə gördüklərimdən başqa heç nə deməmişəm!

K. dinmədi, dinsəydi, gərək onu otaqdan qovaydı və bunu istəmirdi. Yalnız qəhvəsini içməklə kifayətləndi ki, frau Qrubax burda artıq olduğunu özü başa düşsün. Bayırdan yenə frölayn Montaqın ön otağı başına götürən ağır addım səsləri eşidildi.

– Eşidirsiniz?–deyə K. əli ilə qapını göstərdi.

– Bəli!–Frau Qrubax köksünü ötürdü.–İstədim özüm də, qulluqçu qız da ona kömək eləyək, ancaq inad elədi, dedi ki, hamısını özü daşıyacaq. Bu frölayn Bürstnerə lap mat qalmışam. Mən çox vaxt frölayn Montaqın kirayənişinim olmasına təəssüflənirəm, frölayn Bürstner isə onu öz yanına aparır...

– Bunun sizə dəxli yoxdur!–K. fincanın dibindəki son qənd parçalarını da qaşıqla əzdi.–Məgər siz bununla nəsə itirirsiniz?

– Xeyr, əslində, qazanıram, bir otaq boşalır və qohumum kapitanı yerləşdirərəm. Çoxdan qorxurdum ki, son günlər qonşuluğunuzdakı qonaq otağında qaldığı üçün sizə mane ola bilər. Deyən kimi köçəcək...

– Görün ağlınıza nələr gəlir!–deyə K. ayağa durdu,–bu barədə söhbət ola bilməz! Deyəsən, məni həddən artıq həssas adam hesab eləyirsiniz, çünki frölayn Montaqın bu “gəzinti”-lərinə–baxın, indi qayıdır–dözə bilmirəm.

Frau Qrubax nə edəcəyini bilmədi:

– Cənab K., bəlkə ona deyim ki, köçməyinin qalanını təxirə salsın? İstəyirsiniz elə bu dəqiqə deyim.

– Ancaq o, frölayn Bürstnerin yanına köçməlidir.

– Elədir,–deyən frau Qrubax K.-nın bununla nə demək istədiyini yaxşı başa düşmədi.

– Belə olan halda o, şeylərini daşımalıdır.

Frau Qrubax yalnız başını tərpətdi. Zahirən inadkarlıqdan başqa heç nəyə oxşamayan bu lal yazıqlıq K.-nı daha da cinləndirdi. Otaqda var-gəl etməyə başladı–qapıdan pəncərəyə, pəncərədən də qapıya tərəf getdi və bununla bəlkə də çoxdan çıxıb getmək istəyən frau Qrubaxa mane oldu.

Ardı var...

10 aprel 2016
GO BACK