Dəhlizin hər iki tərəfinə qoyulmuş uzun taxta skamyaların üstündə, demək olar ki, bir-birindən eyni məsafədə aralı oturmuşdular. Üzlərindəki ifadədən, duruşlarından, saqqal saxlamaqlarından və digər güclə nəzərəçarpan əlamətlərindən çoxlarının yüksək cəmiyyətə mənsub olduqları bilinsə də, hamısı pis geyinmişdi. Asılqan olmadığından yəqin ki bir-birinə baxıb şlyapalarını skamyanın altına qoymuşdular. Qapıya yaxın oturanlar K. ilə məmuru görən kimi ayağa durub salam verdilər, bunu görən qalanları da fikirləşdilər ki, onlar da salam verməlidirlər və beləliklə, K. ilə məmur yanlarından keçdikcə hamısı ayağa durdu. Ancaq heç biri qəddini düzəldə bilmədi: çiyinləri qısılmış, dizləri bükülmüşdü, küçədə dilənənlərə oxşayırdılar. K. arxasınca gələn məmuru gözləyib dedi:
– Gör necə alçaldılıblar!
– Elədir..! Müttəhimlərdir... Burda gördüklərinizin hamısı müttəhimdir.
– Deməli, mənim həmkarlarımdır,–deyə K. yanındakı ucaboy, arıq, saçları, demək olar ki, tam ağarmış kişiyə tərəf dönərək nəzakətlə soruşdu:
– Siz niyə gözləyirsiniz?
Gözlənilməz müraciət kişini çaşdırdı, lap yazıq görkəm aldı. Hiss olunurdu ki, dünyagörmüş adamdır, başqa bir yerdə özünü ələ almağı bacarardı, belə qətiyyətsiz olmazdı. Ancaq indi adicə bir suala cavab verə bilmirdi, yanındakılara baxırdı, sanki onlar kömək etməyə borclu idilər və kömək eləməsələr, heç kəs ondan cavab tələb edə bilməzdi. Həmin anda məmur özünü yetirdi, kişini sakitləşdirmək, həm də cəsarətləndirmək üçün dedi:
– Bu cənab soruşur ki, niyə burda gözləyirsiniz, vəssalam! Cavab versəniz!
Görünür, bu tanış səs kişini ürəkləndirdi:
– Mən... Mən... gözləyirəm...–dedi və yenə də dayandı. Çox güman ki, suala dəqiq cavab vermək üçün belə başladı, ancaq sonra nə deyəcəyini bilmədi. Gözləyənlərdən bir neçəsi onlara yaxınlaşıb araya aldılar və məmur o dəqiqə dilləndi:
– Çəkilin... Çəkilin! Yolu boşaldın!
Adamlar bir az çəkilsələr də, yerlərinə qayıtmadılar. Bu aralıqda kişi özünü toplamışdı və hətta bir az da təbəssümlə sözə başladı:
– Bir ay bundan əvvəl işimlə bağlı bir neçə sübut təqdim etmişəm, indi cavab gözləyirəm.
– Deyəsən, çox əziyyət çəkibsiniz!
– Elədir,–dedi kişi,–neyləmək olar, öz işimdir.
– Ancaq hamı sizin kimi düşünmür. Məsələn, mən özüm də müttəhiməm, amma nəyə desəniz and içərəm ki, nə bir sübut təqdim etmişəm, nə də buna bənzər bir iş görmüşəm. Sizcə bu vacibdir?
– Dəqiq bilmirəm...–kişinin səsindən yenə də inamsızlıq duyulurdu. Yəqin elə güman edirdi ki, K. onunla zarafat edir, ona görə də təzədən nəsə bir səhvə yol verəcəyindən qorxaraq bayaq dediklərini eynilə təkrar etmək istədi. Ancaq K.-nın səbirsiz baxışları altında yalnız bu sözləri deyə bildi:–Mən özüm üçün deyirəm ki, sübutlarımı təqdim etmişəm.
– Yəqin mənim də müttəhim olduğuma inanmırsınız, eləmi?
– İnanıram... İnanıram!–deyə kişi bir az yana çəkildi. Onun səsində inamdan çox qorxu vardı.
– Deməli, mənə inanmırsınız?–deyən K. kişinin yazıq görkəmini görəndə, qeyri-ixtiyari, onun qolundan tutub azacıq sıxdı, sanki onu inandırmaq istədi. Əlbəttə istəmirdi onun qolu ağrısın, ona görə də yavaşca tutmuşdu, ancaq kişi elə qışqırdı ki, deyərdin K. onun qolunu iki barmağı ilə deyil, közərmiş kəlbətinlə sıxıb. Bu gülünc qışqırtıdan sonra K.–nın ondan lap zəhləsi getdi.
Eybi yox, onun da müttəhim olmasına inanmırlarsa–daha yaxşı! Bəlkə də elə bilirdi, hakimdir! Və vidalaşmaq əlaməti olaraq bu dəfə onun qolundan bərk sıxaraq yerinə oturtdu, yoluna davam etdi.
– Müttəhimlərin çoxu belə dəymədüşərdir,–dedi məmur.
Onlar aralanan kimi, demək olar ki, bütün gözləyənlərin hamısı qışqırtısına ara vermiş kişinin başına yığışıb, nə baş verdiyini öyrənmək istəyirdilər. K. bir keşikçi ilə üzbəüz gəldi. Onun keşikçi olduğu belindən asılmış qılıncdan, ən azı da bu qılıncın alüminiumdan hazırlanmış qınından bilinirdi. K. çox təəccübləndi və hətta əli ilə ona toxundu da. Qışqırtıya gəlmiş keşikçi nə baş verdiyini soruşdu. Məmur onu bir neçə kəlmə ilə sakitləşdirməyə çalışdı, ancaq keşikçi bildirdi ki, özü baxmalıdır və əlini gicgahına apararaq tələsik, xırda addımlarla–deyəsən, podaqradan əziyyət çəkirdi–o tərəfə getdi.
K. ona eləcə də ora yığışanlara çox da fikir vermədi, çünki artıq dəhlizin yarısına çatmışdı və gördü ki, qapısı olmayan bir keçiddən sağa dönmək olar. Məmurdan sağa dönməli olduğunu soruşdu, o da başını tərpətdi və K. doğrudan da sağa döndü. Həmişə məmurdan bir-iki addım qabaqda getməsindən təngə gəldi: ən azı burda elə fikirləşərdilər ki, həbs olunub. Ona görə də
tez-tez dayanıb onu gözləyir, məmur da həmişə geri qalırdı. Nəhayət, bu narahatlığa son qoymaq üçün dedi:
– Artıq buraların necə olduğunu gördüm, indi getmək istəyirəm.
– Siz hələ hamısını görməmisiniz,–məmur saymazyana dilləndi.
– Hamısını görmək istəmirəm,–K. doğrudan da, yorulduğunu hiss etdi,–getmək istəyirəm, çıxış haradandır?
– Doğrudan yolu unutdunuz?-məmur heyrətləndi,–burdan tinə qədər gedirsiniz, sonra sağa dönüb dəhlizlə qapıya çatırsınız.
– Mənimlə gedək, burda yol çoxdur, çaşaram.
– Burda bircə yol var!–məmur artıq məzəmmətlə danışırdı.–Sizinlə qayıda bilmərəm, gəldiyimi xəbər verməliyəm, onsuz da çox vaxt itirdim...
– Mənimlə gedəcəksiniz!–K. sərtləşdi, sanki məmurun yalanının üstünü açmışdı.
– Belə qışqırmayın,–məmur pıçıldadı,–buralar hamısı iş otaqlarıdır. Tək qayıtmaq istəmirsinzsə, sizi ötürərəm, ya da gözləyin, işimi qurtarım, sonra məmnuniyyətlə sizinlə qayıdaram.
– Xeyr, xeyr, gözləməyəcəm! Elə indi mənimlə getməlisiniz!
K. hələ indiyəcən olduğu yerə əməlli-başlı baxmamışdı və yalnız ətafındakı çoxlu taxta qapılardan biri açılanda, içəri baxdı. Çox güman ki, K.-nın hündürdən danışdığını eşitmiş bir qız içəri girib soruşdu:
– Cənab nə istəyir?
Onun arxasındakı uzaq yarıqaranlıqdan bir kişi onlara tərəf gəlirdi. K. məmura baxdı: axı o demişdi ki, K. ilə heç kəs maraqlanmayacaq, ancaq artıq ikisi gəlmişdi və bir azdan da bütün məmurlar yığışacaq, nəyə gəldiyini soruşacaqlar. Yeganə başadüşülən bircə bəhanəsi vardı ki, müttəhimdir, növbəti istintaqın vaxtını öyrənmək istəyir, ancaq məhz indi belə bir izahat vermək istəmirdi–ən çox da ona görə ki, bu da həqiqətə uyğun deyildi, çünki yalnız maraq ucundan gəlmişdi ki, bu məhkəmənin daxilinin də zahiri kimi iyrənc olduğunu öz gözləri ilə görsün və bunu da açıq deyə bilməzdi. Deyəsən, düz fikirləşibmiş, çox da dərinə getmək olmazmış, onsuz da indiyəcən gördükləri kifayət edirdi, bu anda qapıların birindən çıxacaq hər hansı yüksək çinli məmurla üzbəüz dayanmaq iqtidarında deyildi, çıxıb getmək istəyirdi, özü də məmurla, lazım gəlsə, lap tək də...
Ancaq susub dayanması, deyəsən, diqqəti cəlb eləmişdi, çünki qız da, məmur da ona elə baxırdılar ki, sanki indicə K.-da nəsə böyük bir dəyişiklik baş verəcəkdi və onlar da bu anı gözdən qaçırmaq istəmirlər. K.-nın bayaq uzaqdan gördüyü kişi də artıq qapının ağzında dayanmışdı və alçaq qapının üst tirindən yapışaraq səbri tükənmiş tamaşaçı kimi barmaqlarının ucunda yırğalanırdı. Ancaq qız hamıdan əvvəl hiss etdi ki, K.-nın bu hərəkəti onun özünü nəsə pis hiss etməsi ilə bağlıdır və gedib bir kreslo gətirdi:
– Bəlkə oturasınız?–dedi.
K. o dəqiqə oturdu və daha etibarlı olsun deyə qollarını onun söykənəcəyinə qoydu.
– Başınız hərlənir?–deyə qız soruşdu. Sifəti K.-ya lap yaxınlaşmışdı və onda bəzi qadınların gəncliyinin çiçəkləndiyi dövrə məxsus bir ciddilik vardı.
– Buna fikir verməyin,–dedi qız,–burda qeyri-adi heç nə yoxdur, birinci dəfə gələnlərin, demək olar ki, hamısı bu vəziyyətə düşür. Bura birinci dəfədir gəlirsiniz? Yaxşı, deməli burda qeyri-adi heç nə yoxdur. Günəş damı yandırır, oda dönən taxtalar da havanı ağırlaşdırır, nəfəs almaq olmur. Ona görə də, bir çox üstünlüklərinə baxmayaraq, bura dəftərxana üçün yaramır. Ancaq havası... Gündüzlər gəlib-gedən çox olduğu üçün–hər gün də belə olur–nəfəs almaq çətinləşir. Nəzərə alsanız ki, qurutmaq üçün yuxarı hər cür paltar asırlar– bunu kirayənişinlərə yasaq etmək olmaz–onda birdən-birə özünüzü pis etməyiniz sizi heç də təəccübləndirməyəcək. Ancaq belə havaya çox tez öyrəşirsən. İkinci, üçüncü dəfə gələndə, daha boğulmayacaqsınız. İndi özünüzü bir az yaxşı hiss edirsiniz?
K. cavab vermədi. Qəfil zəifliyin onu bu adamlardan asılı vəziyyətə salmasına çox dilxor olmuşdu və üstəlik, özünü pis etməsinin səbəbini öyrənəndən sonra, yaxşılaşmaq əvəzinə, bir az da pisləşmişdi. Qız bunu o dəqiqə hiss etdi, divara söykədilmiş qarmağı götürüb K.-nın başının üstündən deşik açdı ki, təmiz hava gəlsin. Ancaq içəri o qədər his doldu ki, qız tez deşiyi qapadı, yaylığını çıxarıb K.-nın hisə bələnmiş əllərini təmizlədi. K. elə yorulmuşdu ki, özü təmizləyə bilməzdi. Çıxıb getmək üçün güc toplayana qədər məmnuniyyətlə sakitcə burda oturardı və bu da o vaxt mümkün olardı ki, yanındakılar onu rahat buraxardılar. Hələ bu azmış kimi, qız dedi:
– Burda qala bilməzsiniz, gediş-gəlişə mane oluruq.
K. sualedici nəzərlərlə qıza baxdı: yəni hansı gediş-gəlişə?
– İstəsəniz, sizi tibb məntəqəsinə apararam. Lütfən kömək edin!–qız qapıda dayanmış kişiyə tərəf döndü və o da həmin dəqiqə gəldi. Ancaq K. tibb məntəqəsinə getmək istəmirdi , daha harayasa aparılması ürəyincə deyildi, çünki aparıldıqca hirslənəcəkdi. Ona görə də “Özüm gedərəm!”– deyib çox rahat kreslodan titrəyə-titrəyə ayağa qalxdı. Ancaq qəddini düzəldə bilmədi, “Yox, bacarmıram!”–deyib başını buladı, köksünü ötürərək təzədən oturdu. Məmur yadına düşdü: o istəsə, K.-nı sakitcə burdan aparardı, ancaq deyəsən, çoxdan aradan çıxmışdı. Qarşısında dayanmış qızla kişinin arasından irəli baxdı, amma məmuru görə bilmədi.
– Mənə elə gəlir ki,–deyən kişi çox şıq geyinmişdi, ən çox da ətəkləri düz olan qəhvəyi jileti diqqəti cəlb edirdi,–cənabın özünü pis hiss etməsi buranın ab-havası ilə bağlıdır, buna görə də yaxşı olar ki, onu əvvəlcə tibb məntəqəsinə aparmayaq, elə birbaşa dəftərxanadan bayıra çıxaraq... Özünün də ürəyincə olar...
– Elədir ki var!–K. sevinclə kişinin sözünü kəsdi.–O dəqiqə halım yaxşılaşar, özüm də o qədər zəif deyiləm, sadəcə olaraq, çiyinlərimdən tutub bir az dayaq vermək lazımdır. Sizə çox əziyyət verməyəcəm, elə uzaq yol da deyil, qapıya qədər aparın, pilləkənlərdə bir az oturub özümə gələrəm, məndə belə şey heç vaxt olmayıb, özümə də qəribə gəlir. Mən də məmuram, belə otaq havasına öyrəşmişəm, ancaq özünüz də dediniz ki, buranınkı daha ağırdır. Zəhmət deyilsə, məni qapıya qədər aparın, başım hərlənir, özüm tək ayağa dursam, halım daha da pisləşəcək,–deyə K. çiyinlərini bir az qaldırdı ki, onlara asan olsun.
Ancaq kişi onun dediklərinə fikir vermədi, əllərini heç şalvarının cibindən çıxarmayıb ucadan güldü və qıza dedi:
– Görürsünüzmü, lap gözündən vurmuşam! Cənabın halı, başqa yerdə yox, yalnız burda pis olurmuş!
Qız da gülümsədi və barmaqlarının ucu ilə yavaşca onun qoluna toxundu, sanki demək istədi ki, bu zarafatı çox kobud oldu.
– Narahat olmayın,–kişi hələ də gülməyinə davam edirdi,–mən cənabı doğrudan da bayıra çıxarmaq istəyirəm.
– Lap yaxşı,–deyən qız zərif başını bir anlığa aşağı əyərək yenidən kədərlənmiş, gözlərini uzaq bir nöqtəyə zilləmiş, sanki hər şeyi anlamış K.-ya tərəf döndü:–Onun gülməyinə cox da fikir verməyin... Bu cənab... Sizi təqdim edə bilərəm? (kişi əlinin işarəsilə razılıq verdi) Hə, bu cənab məlumat bürosunda işləyir. Gözləyənlərə lazım olan bütün məlumatları verir. Camaat bizim məhkəmə sistemimizə yaxşı bələd olmadığı üçün ortaya çoxlu suallar çıxır. O, bütün sualların cavabını bilir. Nə vaxtsa həvəsiniz olsa, onu yoxlayarsınız. Ancaq bu onun yeganə üstünlüyü deyil, ikinci üstünlüyü də belə qəşəng geyinməsidir. Biz, yəni burdakı bütün məmurlar, belə hesab elədik ki, müştərilərimizlə ilk görüşən o olur və ilk təəssüratın yaxşı olması üçün həm də qəşəng geyinməlidir. Biz isə, təəssüflər olsun ki, elə mənim üst-başımdan gördüyünüz kimi, çox pis, köhnə dəblə geyinmişik. Paltara pul verməyin də mənası yoxdur, çünki az qala bütün vaxtı dəftərxanada oluruq, elə burda da yatırıq. Ancaq, bayaq dediyim kimi, elə hesab elədik ki, məlumat bürosunda işləyən üçün qəşəng paltar vacibdir. Bu məsələdə başqa mövge tutan idarəmizdən heç nə ala bilmədiyimiz üçün özümüz pul yığdıq, hətta müştərilərimizdən də verən oldu, ona bu gəşəng paltarı, əlavə də bir neçəsini aldıq. Demək olar ki, yaxşı təəssürat yaratmaq üçün hər şeyi eləmişik, ancaq o, öz gülüşü ilə hamısını korlayır, camaatı qorxuzur.
– Elədir, elədir!–kişi istehza ilə dilləndi,–ancaq, frölayn, bilmirəm bu cənab istəmədiyi halda niyə bütün “sirlərimizi” ona açırsınız, daha doğrusu, beyninə yeridirsiniz?! Baxın görün öz aləminə necə qapılıb oturub!
Ardı var...