İkinci fəsil
İlk istintaq
Telefonla K.-ya dedilər ki, gələn bazar onun işi üzrə ilk istintaq keçiriləcək. Diqqətinə çatdırdılar ki, istntaq, hər həftə olmasa da, bir qayda olaraq, tez-tez keçiriləcək. Bu hər iki tərəfin marağına uyğundur. Belə ki, məhkəmə tez qurtarar, həm də istintaq hərtərəfli aparılmalıdır, eyni zamanda da çoxlu gərginliklər yaratdığı üçün çox uzanmamalıdır. Ona görə də çıxış yolunu tez-tez keçirilən qısa istintaqlarda görüblər. İstintaq günü üçün də ona görə bazarı seçiblər ki, K.-nın işinə mane olmasınlar. Belə hesab edirlər ki, K. bununla razılaşacaq, ancaq razılaşmayıb başqa gün istəsə, imkan daxilində, güzəştə gediləcək. Məsələn, istintaqı gecələr də aparmaq mümkündür, ancaq K. yəqin ki yorğun olar. Hər halda, K. etiraz eləmirsə, elə bazar günü də qalsın. Məlum məsələdir ki, o mütləq gələcək, bunu xatırlatmaq artıqdır. Getməli olduğu evin nömrəsini dedilər. Şəhərin kənarındakı küçələrdən birində idi, K. orada heç vaxt olmamışdı.
K. cavab vermədən bu xəbəri axıracan dinlədi, sonra dəstəyi asdı. O dəqiqə də qərara aldı ki, bazar günü getsin. Bu mütləq lazım idi, məhkəmə başlamışdı, özünü müdafiə etməli idi, ilk istintaq həm də sonuncu olmalıydı. Hələ də fikirli-fikirli telefonun yanında dayanmışdı və arxadan direktor müavininin səsini eşitdi: o, zəng etmək istəyirdi, K. isə yolunu kəsmişdi.
– Pis xəbər oldu?–deyə ağızucu soruşan direktor müavininin məqsədi nəsə öyrənmək deyil, onu aparatdan uzaqlaşdırmaq idi.
– Xeyr, xeyr,–deyən K. yana çəkilsə də, getmədi.
Direktor müavini dəstəyi götürüb bağlantını gözləyə-gözləyə dedi:
– Bir söz soruşum, cənab K., bazar günü tezdən bizi şərəfləndirib mənim yelkənli qayığımla səyahətə çıxarsınız? Adam çox olacaq, əlbəttə, sizin tanışlardan da gələn olacaq. Prokuror Hasterer də gələcək. Gələrsiniz? Gəlin, gəlin!
K. çalışırdı ki, direktor müavininin hər sözünün mənasını başa düşsün. Bu, lazım idi, çünki münasibətlərinin çox pis olduğu direktor müavininin dəvəti onun tərəfindən barışıq cəhdi kimi qiymətləndirilə bilərdi və bu da öz növbəsində, K.-nın artıq bankda necə vacib adam olduğundan, burada ikinci adam hesab olunan bir şəxsin onunla dostluğa can atdığından, ən azı neytral mövqeyinə hörmətlə yanaşmağından xəbər verirdi. Bu dəvəti telefon bağlantısını gözləyə-gözləyə ağzını dəstəyə tutub desə də, hər halda onun geri çəkilməsi demək idi. Ancaq K. onu ikinci dəfə də alçalmağa məcbur etməli idi və ona görə də dedi:
– Təşəkkür edirəm! Ancaq təəssüflər olsun ki, bazar günü vaxtım yoxdur, başqasına söz vermişəm.
– Heyf!–direktor müavini bu sözü deyən anda bağlantı alındı və telefonla danışmağa başladı. Danıışıq xeyli çəkdi və nə edəcəyini bilməyən K. da bütün bu vaxt ərzində telefon aparatının yanındaca dayanıb qaldı. Direktor müavini dəstəyi asanda diksindi və burada mənasız yerə dayandığına, az da olsa, haqq qazandırmağa çalışdı:
– Mənə elə indi zəng vurub bir yerə çağırdılar, ancaq saat neçədə gedəcəyimi demədilər.
– Zəng vurun, soruşun da...
– Yox, elə də vacib deyil,–deyən K. bununla bayaq onsuz da mənasız görünən üzrxahlığını bir az da qiymətdən saldı. Gedərkən yolda direktor müavini başqa şeylərdən danışmağa başladı. K. özünü məcbur edib ona cavab versə də, fikirləşdi ki, bazar günü səhər saat doqquzda ora getsə yaxşı olar, çünki iş günlərində də məhkəmələr elə həmin vaxtlar başlayırdı.
Bazar günü hava tutqun idi. K. çox yorulmuşdu, çünki gecənin yarısına qədər həmişə getdiyi kafedə daimi müştərilərin təşkil etdiyi qonaqlıqda olmuşdu və az qala, yatıb qalacaqdı. Çox fikirləşmədən tələsik, bütün həftə ərzində qurduğu planları təzədən saf-çürük eləmədən, paltarını geyinib deyilən qəsəbəyə tərəf üz qoydu, heç səhər çörəyini də yemədi. Qəribə də olsa, vaxtı az qalsa da, ətrafına da göz gəzdirə bildi, onun işində iştirak edən məmurları–Rabenştayneri, Kullixi, Kamineri də gördü. Birinci iki nəfər tramvayda yanından keçib getdi, Kullix isə qəhvəxananın artırmasında oturmuşdu və K. ordan keçən anda maraqla arakəsmənin üzərindən küçəyə boylanırdı. Yəqin ki üçü də onu gördü və rəislərinin belə qaça-qaça getdiyinə təəccübləndi. Elə bil inada düşmüşdü ki, maşınla getməsin, sanki hamıdan çəkinirdi, ən azı kiminsə bu işdə ona kömək etməsini istəmirdi. Heç onu da istəmirdi ki, kiminsə vaxtını alsın,
son nəticədə öz sirrini hamıya açmış olsun. Nəhayət, son dərəcə dəqiq olması ilə özünü istintaq komissiyasının yanında alçaltmaq da ürəyincə deyildi. Buna baxmayaraq yenə də qaçırdı ki, dəqiq vaxt qoyulmasa da, saat doqquz tamamda oraya çatsın.
Ona elə gəlmişdi ki, hər hansı bir nişanəsinə və ya qapısından girib-çıxanlara görə binanı uzaqdan tanıyacaq. Bina Yuliusştrassedə olmalıydı və K. onun başlanğıcında dayanıb baxanda gördü ki, hər iki tərəfində də, demək olar, bir-birindən seçilməyən evlərdir. Uca, bomboz, kirəkeşlərin yaşadığı evlər... Bazar günü olduğundan, pəncərələrin çoxunun qabağı boş deyildi, uzunqol köynək geyinmiş kişilər divara söykənib ya siqaret çəkir, ya da balaca uşaqları ehtiyatla, nəvazişlə qucaqlarında tutub küçəni göstərirdilər. Bəzi pəncərələrdən də yorğan-döşək üzləri sallanır və hərdən də onların arxasından, ötəri də olsa, qadınların pırpızlanmış başları görünürdü. Qışqıra-qışqıra küçənin bu biri tərəfindən o biri üzü ilə danışanlar da vardı və bu qışqırtılardan biri də K. oradan keçərkən gülüş doğurdu. Uzun küçə boyu bir-birindən eyni məsafədə aralı zirzəmilərdə, səkidən iki-üç pilləkən aşağıda ərzaq malları mağazaları vardı. Qadınlar da mağazalara girib-çıxır, ya da elə pilləkəndəcə dayanıb çənə vururdular. Meyvə satan bir kişi öz mallarını pəncərədən baxanlara tərifləyə-tərifləyə K. kimi özünü unudaraq, az qala əl arabası ilə onu vurub yerə sərəcəkdi. Həmin anda qəsəbənin nisbətən varlılar yaşayan hissəsində bir qrammofon səsləndi.
K. yavaş-yavaş küçənin ortalarına qədər getdi. Elə bil indi vaxtı çox idi və ya ümid edirdi ki, müstəntiq onu pəncərələrin birindən görəcək, K.-nın gəlib çıxdığını biləcək. Saat doqquzu yenicə keçmişdi. Bina çox uzaqda idi, özü də uzun görünürdü, xüsusilə də həyətə giriş qapısı hündür, enli idi. Görünür, bu qapı ətrafdakı bağlı mağazaların maşınları üçün idi. Onların qarşısından müxtəlif firma adları yazılmış lövhələr asılmışdı və K. da həmin firmaların bir neçəsini bankdan tanıyırdı. Adəti xilafına bütün bunları diqqətlə gözdən keçirən K. həyətin girişində bir az ləngidi. Lap böyründə ayaqyalın bir kişi boş qutunun üstündə oturub qəzet oxuyurdu. İki oğlan uşağı da əl arabasında oturub onu irəli-geri diyirlədirdilər. Su quyusunun yanında çəlimsiz bir qız uşağı gecə köynəyində cürdəyini doldura-doldura K.-ya baxırdı. Həyətin bir küncündə iki pəncərədən bir-birinə ip uzadılmış və onun üstünə də yorğan-döşək üzləri sərilmişdi. Aşağıda bir kişi dayanıb hərdən qışqıra-qışqıra kimlərəsə göstəriş verirdi.
K. istintaq otağına getmək üçün pilləkənə tərəf yön aldı, ancaq yenə də dayanmalı oldu, çünki həyətdə evə girən daha üç pilləkən gördü, üstəlik, həyətin qurtaracağında ikinci həyətə çıxan balaca bir keçid də vardı. Əsəbiləşdi ki, niyə otağın yerini dəqiq demədilər, ona qarşı belə diqqətsizlik, ya da biganəlik göstərdilər və qərara aldı ki, bu barədə onlarla açıq danışacaq, susmayacaq. Nəhayət, pilləkənlə qalxmağa başladı və gedə-gedə də keşikçi Villemin o vaxt dediyi sözləri xatırladı ki, günah özu məhkəmənin tuşuna gəlir və buradan da belə nəticə çıxarmaq olardı ki, K.-nın təsadüfən seçdiyi pilləkən onu istintaq otağına aparır.
Qalxa-qalxa pilləkəndə oynayan çoxlu uşağa mane oldu, onların arasından keçəndə, hamısı dönüb acıqla K.-ya baxdı. Ürəyindən keçirdi ki, bir də buraya gələsi olsa, ya onları ələ almaq üçün özü ilə konfet götürsün, ya da döymək üçün toxmaq... İkinci mərtəbəyə çathaçatda hətta bir az dayanıb gözləməli oldu ki, uşaqların diyircəyi dayansın: üz-gözlərindən səfillik yağan iki oğlan uşağı onun şalvarından yapışdı. Onları itələyib uzaqlaşdırsaydı, yəqin ki əl-qolları ağrıyardı və qorxdu ki, qışqırarlar.
Əsl axtarış ikinci mərtəbədə başladı. Əlbəttə, istintaq komissiyasını axtardığını deyə bilməzdi və ona görə də dülgər Lantsı soruşmağa başladı. Bu ad da ona görə ağlına gəldi ki, kapitanın, yəni frau Qrubaxın bacısı oğlunun adı belə idi. Fikirləşdi ki, bütün mənzillərdən dülgər Lantsı soruşsun və beləliklə də, hamısının içinə baxa bilsin. Sonradan məlum oldu ki, bunsuz da keçinmək olarmış, çünki az qala qapıların hamısı açıq idi, uşaqlar girib-çıxırdılar. Çoxu balaca, birpəncərəli otaq idi və xörəyi də elə buradaca bişirdilər. Bəzi qadınlar, südəmər körpələri qucaqlarında, bir əllə yemək hazırlayırdı. Sanki önlükdəcə gəzən balaca qız uşaqları işgüzarlıqla ora-bura qaçışırdılar. Heç bir otaqda çarpayılar yığışdırılmamışdı, bəzilərində xəstələr uzanmışdı, bəzilərində hələ də yatırdılar, bəzilərinin üstünə də elə pal-paltarlı yıxılmışdılar. K. qapıları bağlı olan otaqların zəngini basdı, dülgər Lantsı soruşdu. Çox vaxt qapını qadın açır, onun kimi istədiyini biləndən sonra dönüb, bəlkə də yenicə yataqdan qalxmaq istəyən kimdənsə soruşurdu:
– Cənab Lants adlı dilgəri axtarır.
– Dülgər Lantsı?–çarpayıdakı adamın səsi eşidilirdi.
– Bəli,–deyən K. başa düşürdü ki, istintaq komissiyası burda ola bilməz və bununla da işini bitmiş hesab edirdi. Çoxlarına elə gəlirdi ki, dülgər Lants K.-ya çox lazımdır, uzun-uzadı fikirləşirdilər, hansı dülgərisə xatırlayırdılar, ancaq onun adı Lants olmurdu və elə ad çəkirdilər ki, Lants adına heç yaxın gəlmirdi, ya da qonşulardan soruşurdular, K.-nı uzaq-uzaq qapılara aparırdılar. Onların fikrincə, belə bir adam, çox güman ki, künc-bucaqlarda qala bilərdi, ya da elə adam tapılardı ki, burda yaşayanları daha yaxşı tanısın. Axırda heç K.-nın özünün soruşmasına ehtiyac qalmadı, kiminsə arxasına düşüb mərtəbələri gəzəsi oldu. Əvvəlcə ona çox əlverişli görünən bu plandan axırda özü də bezdi. Sonuncu mərtəbəyə çatanda qərara gəldi ki, daha axtarmasın və onu lap yuxarıya qədər aparmaq istəyən gənc mehriban fəhlə ilə vidalaşaraq aşağı
düşdü. Sonra bu mənasız hərəkətindən özü də əsəbiləşdi, təzədən yuxarı qalxaraq altıncı mərtəbədəki birinci mənzilin qapısını döydü. Balaca otaqda ilk gözünə sataşan iri divar saatı oldu: on iki idi!
– Dülgər Lants burda yaşayır?–deyə soruşdu.
– Buyurun,–deyən qadının qara parlaq gözləri vardı, ləyəndə uşaq paltarları yuyurdu və su damcılayan əli ilə qonşu otağın açıq qapısını göstərdi.
Ardı var...