Qadin.NET / F.Kafka "Məhkəmə"-4

F.Kafka "Məhkəmə"-4

 

F.Kafka "Məhkəmə"-4

 

Qadın ayağa durdu, çünki K. da ayaq üstə idi. Frau Qrubax bir az pərt olmuşdu, çünki K.-nın dediklərinin hamısını başa düşməmişdi. Pərt olduğu üçün də istəmədiyi, həm də yerinə düşməyən sözlər dedi:

– Bunu çox da ürəyinizə salmayın, cənab K.

Həmin anda da doluxsundu və əlbəttə, əl verməyi unutdu.

– Heç bilməzdim ki, mənə belə təsir edəcək,–deyən K. qəflətən yorulduğunu, bu qadının onun dərdinə şərik olduğunun mənasızlığını hiss elədi.

Qapıya çatanda bir də soruşdu:

– Frölayn Bürstner evdədir?

– Xeyr,–frau Qrubax gülümsədi və bu adi məlumatı ilə, gec də olsa onun dərdinə şərik çıxdığına sevindi,–Teatra gedib. Onunla işiniz vardı? Nəsə çatdırmaq lazımdır? 

– Ah, ona bir-iki kəlmə sözüm vardı. 

– Təəssüf ki nə vaxt qayıdacağını bilmirəm. Teatra gedəndə, adətən gec qayıdır. 

– Eybi yoxdur,–deyən K. getmək istədi,–Sadəcə, bu səhər otağını əlindən aldığıma görə üzrxahlıq etmək istəyirdim. 

– Lazım deyil, cənab K., siz cox nəzakətli adamsınız, qızın heç nədən xəbəri yoxdur, səhər tezdən çıxandır, hələ qayıtmayıb indi də gördüyünüz kimi, hər şey yerli-yerindədir,–Qadın bunu deyib frölayn Bürstnerin otağının qapısını açdı. 

– Təşəkkür edirəm, dediklərinizə inanıram,–deyən K. ancaq yenə də açıq qapıya tərəf getdi. Qaranlıq otağa ayın işığı düşürdü. Görünən yerlərdə, doğrudan da, hər şey yerində idi, hətta koftanı da pəncərənin dəstəyindən götürmüşdülər. Diqqəti ən çox cəlb edən çarpayının ay işığında parıldayan pardaxlı yerləri idi.

– Frölayn tez-tez evə gec gəlir...–deyə K. frau Qrubaxa baxdı, sanki buna da o cavabdeh idi.

– İndi bütün cavanlar belədir!–frau Qrubax üzr istədi.

– Elədir, elədir! Ancaq bunun axırı pis ola bilər.

– Olar! Çox düz deyirsiniz, cənab K. Bəlkə də indiki vəziyyətdə tam haqlısınız. Əlbəttə, frölayn Bürstnerə qara yaxmaq istəmirəm, çünki çox yaxşı, sevimli, mehriban, səliqəli, dəqiq, zəhmətkeş qızdır və bunların hamısını yüksək qiymətləndirirəm, ancaq bu da həqiqətdir ki, o daha məğrur, səbirli olmalıdır. Elə bu ay onu iki dəfə xəlvət küçələrdə, özü də başqa-başqa oğlanlarla görmüşəm. Çox pisimə gəldi. Allah haqqı, bu haqda yalnız sizə deyirəm, amma ola bilsin, qızın özü ilə də bu barədə danışdım. 

– Siz çox böyük bir səhvə yol verirsiniz, frau Qrubax!–K. qəzəbini gizlədə bilmədi,–Yeri gəlmişkən, frölayn haqqında mənim dediklərimi də düz başa düşməmisiniz, mən o mənada demirdim. Düz sözümdür, qıza heç nə deməyin, çünki yanılırsınız, mən frölaynı çox yaxşı tanıyıram, sizin dediklərinizin heç biri həqiqətə uyğun deyil. Bəlkə də mən bir az ağ eləyirəm, sizə mane olmaq istəmirəm, ona nə istəyirsiniz deyin. Gecəniz xeyrə qalsın. 

 

F.Kafka "Məhkəmə"-4

 

– Cənab K.,–frau Qrubax yalvarıcı bir səslə dilləndi və qapını açıb öz otağına girən K.–nın ardınca tələsdi,–Hələlik frölayna heç nə demək istəmirəm, əlbəttə, ona hələ göz qoyacam, indi yalnız sizə etibar eləyib, bildiklərimi dedim. Axı pansionda təmizliyin olması da kirəkeşlərin xeyrinədir.

Həmin anda K. qapını örtdü və onun yavaşdan döyülməsinə fikir vermədi.  Yatmağa həvəsi olmadığından qərara aldı ki, oyaq qalsın və fürsətdən istifadə edərək frölayn Bürstnerin nə vaxt qayıtdığından xəbər tutsun. Bəlkə də çox gec olsa da, onunla bir-iki kəlmə kəsə bildi. Pəncərənin qabağında uzanıb yorğun gözlərini ovuşduranda hətta bir anlığa fikirləşdi ki, bəlkə frölayn Bürstneri də inandırsın, ikisi də başqa yerə köçüb getsin. Ancaq elə həmin dəqiqə də hiss etdi ki, məsələni çox şişirdir. Hətta özündən şübhələnməyə başladı ki, bəlkə də səhərki hadisəyə görə buralardan uzaqlaşmaq istəyir. Yox, bundan böyük səfehlik ola bilməzdi, hər şeydən əvvəl də, nifrət qazanardı, niyə belə elədiyini heç özü də bilməzdi.

Boş küçəyə baxmaqdan bezdi, durub divanda uzandı, qapını da bir az aralı qoydu ki, içəri girən olsa, görsün. Təxminən saat on birin yarısına kimi sakitcə uzanıb siqar çəkdi. Sonra dəhlizə çıxdı, sanki bununla frölayn Bürstnerin gəlişini tezləşdirmək istəyirdi. Onunla görüşməyə cox da həvəsli deyildi, hətta qızın görkəmini də düz-əməlli xatırlaya bilmirdi, ancaq onunla danışmaq istəyirdi, əsəbiləşirdi ki, gec qayıtdığı üçün bu gün belə narahat, qarışıqlıqla sona yetir. Axşam yeməyinə, sonra da Elzanın yanına gedə bilməməsinin günahkarı da qız idi. Ancaq ikisinin də əvəzini Elzanın işlədiyi meyxanaya getməklə çıxa bilərdi. İstəyirdi ki, frölayn Bürstnerlə danışandan sonra belə də eləsin. 

Pilləkəndə ayaq səsləri eşidiləndə, saat on ikinin yarısını keçmişdi. Fikirli-fikirli, sanki öz otağındaymış kimi, ön dəhlizdə arxayın-arxayın gəzişən K. qapısının arxasına keçdi. Gələn frölayn Bürstner idi. O, çöl qapısını bağladı, üşüyə-üşüyə ipək şalı çiyninə saldı. İndicə otağına girəcək və məlum məsələ idi ki, K. da gecənin bu vaxtında oraya gedə bilməyəcəkdi. Deməli, indi onunla danışmalı idi, ancaq bədbəxtlikdən otağının işığını yandırmamışdı və birdən-birə qaranlıq otaqdan çıxması hücum çəkmək kimi başa düşülərdi, ən azı, qızı qorxudardı. Nə edəcəyini bilmədi, vaxt da itirmək olmazdı və ona görə də qapının açıq yerindən pıçıldadı: 

– Frölayn Bürstner!–bu, sanki çağırış deyil, nəsə bir xahiş kimi səsləndi. 

– Kim var burda?–gözləri böyümüş qız ətrafa boylandı. 

– Mənəm,–deyə K. içəridən çıxdı.

– Ah, sizsiniz, cənab K.!–frölayn Bürstner gülümsədi,–Axşamınız xeyir,–deyib ona əl verdi. 

– Sizə bir-iki kəlmə sözüm var. İndi icazə olar?

– İndi? Mütləq indi? Bir az təəccüblüdür, elə deyilmi?

– Saat doqquzdan sizi gözləyirəm.

– Elədir, teatra getmişdim, gözlədiyinizi bilmirdim axı...

– Səhər-səhər baş verən hadisədən sonra sizinlə danışmağı qərara aldım.

– Elə isə mənim ciddi etirazım yoxdur, ancaq o qədər yorulmuşam ki, az qalır yıxılam. Onda bir- iki dəqiqəliyə mənim otağıma gəlin. Onsuz da burada danışa bilmərik, hamını oyadarıq. Heç özümüzə də yaxşı deyil, camaat eşidər. Mən otağımın işığını yandırana kimi gözləyin, sonra buranı söndürərsiniz.

K. onun dediyi kimi elədi, qız öz otağından “Gəlin”–deyənə kimi gözlədi.

– Əyləşin,–deyə qız divanı göstərdi, özü isə bayaq dediyi kimi, çox yorğun olsa da, çarpayının yanında dayandı. Hətta güllərlə bəzədilmiş şlyapasını da çıxarmadı,–Nə buyurursunuz? Doğrudan da maraqlıdır...

– Bəlkə də deyəcəksiniz, bu elə vacib məsələ deyilmiş ki, bu gün müzakirə olunsun...–K. sözə başladı,–Ancaq....

– Onsuz da mən giriş hissəsinə qulaq asmıram.

– Bu mənim işimi daha da asanlaşdırır. Bu gün səhər tezdən otağınıza, qismən də olsa, mənim günahım üzündən yad adamlar girmişdi. Mənim xəbərim olmayıb, ancaq dediyim kimi, mənim günahım üzündən olub və buna görə də üzr istəyirəm.

– Mənim otağıma?–frölayn Bürstner otağa baxmaq əvəzinə K.-nı sualedici nəzərlərlə süzdü.

– Elədir...–Onlar bayaqdan bəri ilk dəfə bir-birinin gözünün içinə baxdı,–Bunun necə və niyə belə olduğu barədə də heç danışmağa dəyməz.

– Ancaq əslində ən maraqlısı elə budur.

– Xeyr.

– Olsun! Mən kiminsə sirrini öyrənmək fikrində deyiləm. Əgər bunun maraqlı olmadığını israr edirsinizsə, onda mən də israr etmirəm. Məmnuniyyətlə də sizin üzrxahlığınızı qəbul edirəm. Ən azı ona görə ki, buraya kiminsə girdiyindən əsər-əlamət yoxdur. – O, əllərini belinə qoyaraq otaqda gəzişdi, fotoşəkillərin yanına çatanda dayandı,–Bir bura baxın!–Ucadan dilləndi,–Şəkilləri qurdalayıblar... Yaramazlar! Deməli, kimsə özbaşınalıq eləyib, otağıma soxulub...

K. başını tərpədərək ürəyində səfeh, mənasız çılğınlığını heç vaxt cilovlaya bilməyən məmur Kamineri söydü.

– Qəribədir,–frölayn Bürstner sözə başladı,–mən sizə özünüz özünüzə yasaq etməli olduğunuz bir şeyi qadağan etməliyəm, daha doğrusu, mən olmayanda, otağıma girməyi...

– Axı sizə dedim, frölayn,–K. da şəkillərə yaxınlaşdı,–şəkilləri mən qurdalamamışam. İndi ki mənə inanmırsınız, onda düzünü deyərəm: istintaq komissiyası özü ilə üç bank işçisi gətirmişdi, yəqin ki onlardan biri–imkan düşən kimi, onu işdən qovacam–fürsətdən istifadə eləyib şəkillərə əl vurub,–frölayn Bürstnerin sualedici nəzərlərlə ona baxdığını görən K. əlavə etdi:–Bəli, istintaq komissiyası idi.

– Sizə görə gəlmişdi?

– Bəli...

– Ola bilməz!–frölayn Bürstner güldü.

– Olar! Elə bilirsiniz, mən günahsızam?

– Hə, günahsız... Mən elə bu dəqiqə nəticəsi bəlkə də ağır olan hökm vermək istəməzdim, sizi də elə yaxından tanımıram. Ancaq çox ağır cinayət olmalıdır ki, kiminsə arxasınca evə istintaq komissiyası göndərilsin. Ancaq indi siz azadlıqdasınız, bu sakit görkəminizdən bilinir ki, həbsxanadan qaçmamalısınız, deməli, ağır cinayət törətməmisiniz. 

– Elədir! Ancaq istintaq komissiyası aydınlaşdırmalı idi ki, mən günahsızam və ya fikirləşdikləri qədər də günahkar deyiləm. 

– Əlbəttə, ola bilər...–frölayn Bürstner bu sözləri çox ehtiyatla dedi. 

– Görürsünüzmu, məhkəmə işlərindən yaxşı baş çıxara bilmirsiniz. 

– Elədir, yaxşı başım çıxmır. Özüm də buna tez-tez təəssüflənirəm, çünki hər şeyi bilmək istəyirəm, xüsusilə də, məhkəmə məsələləri məni dəhşətli dərəcədə maraqlandırır. Məkəmə proseslərinin özünəməxsus cazibədarlığı var, elə deyilmi? Ancaq çox güman ki, bu istiqamətdə biliklərimi artıra biləcəm, çünki gələn aydan vəkillər idarəsinin dəftərxanasında işləyəcəm.

– Çox yaxşı oldu. Onda məhkəmədə mənə kömək də edərsiniz.

– Ola bilər! Niyə də olmasın?! Bildiklərimdən istifadə etməyi xoşlayıram. 

– Ciddi sözümdür. Ya da, ən azı, sizin düşündüyünüz kimi, yarıciddidir. Belə xırda iş üçün vəkil tutmağa dəyməz, ancaq məsləhətçi lazımdır. 

– Elədir. Ancaq mən məsləhətçi olacağamsa, söhbətin nədən getdiyini bilməliyəm. 

– Elə məsələ də bundadır, heç mən özüm də bilmirəm. 

– Deməli, məni yaxşıca ələ saldınız...–frölayn Bürstner əməlli-başlı pərt oldu,–Ancaq bunun üçün gecənin bu vaxtını seçmək lazım deyildi... – qız bunu deyib bayaqdan yanında yanaşı dayandıqları şəkillərdən aralandı. 

– Elə deyil, frölayn, ələ salmıram... Eh, siz də mənə inanmaq istəmirsiniz! Bildiklərimin hamısını sizə dedim. Hətta bildiklərimdən də çox dedim, çünki bu, istintaq komissiyası deyildi, özüm belə deyirəm, çünki adını bilmirəm. İstintaq olmadı, məni həbs etdilər, özü də komissiya tərəfindən həbs olundum.

Frölayn Bürstner divana oturub yenə güldü: 

– Hə, necəydi? 

– Dəhşətli!–deyən K. daha o barədə düşünmürdü, indi gözlərini frölayn Bürstnerdən ayıra bilmirdi. Qız divanın yastığına dirsəklənib üzünü də əlinə söykəmişdi, o biri əli ilə də baldırını sığallayırdı. 

– Bu çox ümumi oldu,–dedi qız. 

– Nə ümumi oldu?–soruşan K. hər şeyi təzədən xatırladı,-Necə olduğunu göstərim?–o, yerindən tərpəndi, ancaq getmədi. 

– Daha yoruldum...–dedi frölayn Bürstner.

– Gec gəldiniz... 

– Bəli, axırda da məzəmmət olunuram. Mənə haqq olur, sizi içəri buraxmaq lazım deyildi. 

– Lazım idi. İndi özünüz də görəcəksiniz. Tumbanı çarpayınızın yanından bura çəkmək olar?

– Bu hardan ağlınıza gəldi? Əlbəttə olmaz!

– Onda göstərə bilmərəm!–K. bu sözləri elə həyəcanla dedi ki, sanki bununla böyük bir şeyi itirmiş olurdu.

– Əgər nəsə göstərmək istəyirsinizsə, onda səs eləmədən çəkin,–dedi frölayn Bürstner və azacıq sonra da zəif səslə əlavə etdi:–Elə yorğunam ki, nə desəniz, razı olacam. K. tumbanı otağın ortasına çəkib onun arxasında oturdu.

– Adamların harda dayandıqlarını təsəvvürünüzə gətirin, çox maraqlıdır. Mən inspektoram, ordakı sandığın üstündə iki keşikçi oturur, şəkillərin yanında isə üç cavan oğlan dayanıb. Onu da deyim ki, pəncərənin dəstəyindən də ağ kofta asılıb. İndi başlayır! Bəli, mən özümü unuduram. Burdakı ən vacib adam, yəni mən tumbanın qarşısında dayanmışam. İnspektor rahatca oturub, ayaqlarını bir-birinin üstünə aşırıb, əlini də söykənəcəyə qoyub, gicbəsərə oxşayır. İndi doğrudan başlayır! İnspektor ucadan danışır, sanki məni oyatmaq istəyir, bəlkə... qışqırır, təəssüf ki, sizi daha yaxşı başa salmaq üçün mən də qışqırmalıyam, əslində, dediyi söz də yalnız mənim adımdır...

Gülə-gülə ona qulaq asan frölayn Bürstner tez şəhadət barmağını dodaqlarına apardı ki, qışqırmağına mane olsun, ancaq artıq gec idi. K. rola girmişdi və yavaş-yavaş qışqırırdı: “Yozef K.!” Düzdür, təsvir etdiyi qədər də ucadan qışqırmadı, ancaq kifayət qədər ucadan oldu. Qonşu otağın qapısı bir neçə dəfə döyüldü. Bərkdən, özü də dalbadal. Frölayn Bürstner avazıdı, əlini ürəyinin başına qoydu. K. daha çox qorxdu, çünki bir anlığa səhər baş verən hadisədən, onu qıza nümayiş etdirmək həvəsindən başqa heç nə barədə düşünmürdü. Özünə gələn kimi frölayn Bürstnerə tərəf cumub onun əlindən tutdu: 

– Heç nədən qorxmayın,–deyə pıçıldadı,–özüm hər şeyi qaydasına salacam. Görəsən bu kim ola bilər? Böyürdəki qonaq otağıdır və orda da heç kim qalmır. 

 

F.Kafka "Məhkəmə"-4

 

– Qalır,–frölayn Bürstner K.-nın qulağına pıçıldadı,–Dünəndən orda frau Qrubaxın bacısı oğlu yatır, kapitandır. Başqa boş otaq yox idi. Mən də unutmuşdum... Siz də elə qışqırdınız ki... Vay mənim halıma... 

– Narahatlığa əsas yoxdur,–deyən K. başını yastığın üstünə əyən frölayn Bürstnerin yanağından öpdü. 

– Gedin, gedin!–deyə qız tez dikəldi,–Gedin də... Daha nə istəyirsiniz, çıxın gedin, axı qapıdan qulaq asır, hamısını eşidir... Məni çox incidirsiniz...

– Siz sakitləşməyincə gedən deyiləm. Otağın o biri küncünə gedək, oradan bizi eşidə bilməz...–Müqavimət göstərməyən qızı o biri tərəfə apardı,-Heç fikirləşmirsiniz ki, söhbət burda xoş olmayan bir məsələdən getsə də, sizi heç bir təhlükə gözləmir. Bilirsiniz ki, bu məsələdə əsas söz sahibi olan frau Qrubaxın mənə xüsusi hörməti var, kapitan da bacısı oğlu olduğu üçün, nə desəm inanacaq. Digər tərəfdən, məndən alıdır, ona xeyli pul borc vermişəm. İndi bir yerdə olduğumuzun səbəbi barə desəniz, lap məqsədəuyğun olmasa da, onu qəbul etməyə hazıram və söz verirəm ki, frau Qrubax dediklərinizə ezəri deyil, sidq-ürəkdən, səmimiyyətlə inanacaq. Bu məsələdə mə yazığınız gəlməsin. Desəniz ki, sizə cum çəkmişəm, eybi yox, frau Qrubaxa əvvəlcədən deyik, mənə etibanı itirmədən buna inanacaq,–frölayn Bürstner büzüşərək sakitcə yerə baxırdı,–Axı bir də frau Qrubax niyə inanmamalıdır ki, mən sizə hücum çəkmişəm?-deyə K. əlavə etdi.

Qızın tağlanmış, möhkəm-möhkəm düyünlənmiş qızılı saçlarına baxdı. Ona elə gəldi ki, qız da indi başını qaldırıb K.-ya baxacaq. Lakin o, qımıldanmadan dedi:

– Bağışlayın, qapının qəfil döyülməsi məni elə qorxutdu ki... Özü də kapitana görə yox... Siz qışqırandan sonra sakitlik oldu və birdən qapı döyüldü, bərk qorxdum, qapının yaxınlığında oturmuşdum, lap yaxınlıqda döyüldü... Təkliflərinizə görə təşəkkür edirəm, ancaq qəbul edə bilmərəm. Mənim otağımda baş verənlər üçün məsuliyyəti özüm daşıyıram, hamıya da cavab verməyə hazıram. Məni təəccübləndirən odur ki, xoş niyyətlə deyildiyini başa düşsəm də, təkliflərinizin necə xətrimə dəydiyini hiss eləmirsiniz. İndisə gedin, məni tək buraxın, tək qalmaq mənə əvvəlkindən də çox lazımdır. Bir-iki dəqiqə xahiş etmişdiniz, ancaq yarım saat, bəlkə də çox oldu. 

K. əvvəlcə onun əlindən, sonra da biləyindən yapışdı: 

– Mənə acığınız tutmadı ki? 

– Xeyr, xeyr, mənim heç vaxt heç kimə acığım tutmur.

K. yenə də frölayn Bürstnerin biləyindən yapışdı, qız müqavimət göstərməyib onu qapıya tərəf çəkdi. Özü də qəti qərara gəlmişdi ki, çıxıb getsin. Ancaq qapıya çatanda dayandı, elə bil burada qapı olacağını heç gözləmirdi. Frölayn Bürstner də bundan istifadə edərək onun əlindən çıxdı, qapını açaraq ön otağa keçdi, elə oradan da yavaşca dedi: 

– Xahiş edirəm, gəlin! Görürsünüz,–o, kapitanın ayaq tərəfindən işıq gələn qapısını göstərdi,–işığı yandırıb, bizdən danışırlar... 

– Gəldim!–deyə K. irəli yeridi, qızı qucaqlayıb dodaqlarından , sonra da üz-gözündən öpməyə başladı, elə bil susuzluqdan alışıb yanan heyvan idi, qəflətən tapdığı çeşməni yalayırdı... Axırda boğazından öpdü, dodaqlarını uzun zaman ayırmadı. Kapitanın otağından səs eşidiləndə, başını qaldırdı. 

– İndi gedirəm,–dedi və qızı xaç adı ilə çağırmaq istədi, ancaq onun necə olduğunu bilmədi. Frölayn Bürstner yorğun halda başını tərpətdi, azacıq geri dönərək öpmək üçün əlini ona tərəf uzatdı, sanki heç nəyin ona dəxli yox idi və büzüşmüş halda otağına girdi. Azacıq sonra K. da artıq öz çarpayısında uzanmışdı. Çox tez yuxuya getdi və yuxuya getməmişdən əvvəl bir az etdiyi hərəkət barədüşündü. Özündən razı qaldı, həm də təəccübləndi ki, hə heç vaxt özündə be razılıq hissi duymamışdı. Eyni zamanda da narahat oldu ki, birdən kapitan frölayn Bürstner üçün başağrısına çevrilər...

Ardı var...

12 fevral 2016
GO BACK