O, otağın boş yerində iki-üç dəfə var-gəl etdi və gördü ki, bayaqkı qarı özündən yaşlı bır kişini dartıb pəncərənin qabağına gətirib və özü də, az qalır, onun belinə çıxsın. K. bu tamaşaya son qoymalı idi və ona görə də dedi:
– Məni öz rəisinizin yanına aparın!
– O istəyəndə, aparacağıq,–Villem adlanan keşikçi cavab verdi, – əvvəlcədən apara bilmərik...–Sonra da əlavə etdi:–Sizə məsləhətim budur ki, otağınıza gedin, bir az sakitləşin, haqqınızda çıxarılacaq qərarı gözləyin. Məsləhət görərdik ki, beyninizi mənasız fikirlərlə yormayın, özünüzü ələ alın, çünki sizi qarşıda daha böyük çətinliklər gözləyir. Bizimlə çox pis rəftar etdiniz, halbuki sizə göstərdiyimiz münasibət heç də buna layiq deyildi, unutdunuz ki, biz hər kim olsaq da, sizinlə müqayisədə ən azı azad insanlar idik. Bunun özü az üstünlük deyil. Ancaq bütün bunlara baxmayaraq, pulunuz varsa, üzbəüz qəhvəxanadan sizə səhər yeməyi alıb gətirə bilərik.
K. bu təklifə cavab verməyərək bir anlığa susdu. Bəlkə də indi yan otağın, ya da elə qonaq otağının qapısını açıb çıxsaydı, heç birinin ona mane olmağa cəsarəti çatmazdı. Bəlkə də “ya Allah”–deyib aradan çıxmaq məsələnin ən sadə həlli olardı. Ancaq nə bilmək olar, bəlkə də onu tutardılar. Onda həmin adamların qarşısında alçalmış olardı, indiyə qədər onlara qarşı qoruyub saxladığı psixoloji üstünlüyü də itirərdi. Buna görə də riskə getmək istəmədi. Hər şeyi öz axarına buraxmaq qərarına gələrək otağına qayıtdı, nə özü bir kəlmə söz dedi, nə də keşikçilər dilləndi.
Özünü çarpayıya atdı, dünəndən səhər yeməyinə saxladığı qəşəng almanı əlüzyuyanın üstündən götürdü. İndi bu alma onun olub–qalan səhər yeməyi idi. Hər halda, elə ilk dişləmdə hiss etdi
ki, bu alma keşikçilərin mərhəmət göstərib üzbəüzdəki iyrənc qəhvəxanadan gətirmək istədikləri səhər yeməyindən qat-qat ləzzətli oldu. Özünü yaxşı və inamlı hiss etməyə başladı. Düzdür, bu gün günortaya qədər bankdakı işinə gedə bilməyəcək, ancaq eybi yoxdur, tutduğu vəzifəyə görə bağışlayarlar. Bəlkə hər şeyi olduğu kimi orda açıb desin? Fikirləşdi ki, belə də eləsin.
Ona inanmasalar–belə bir vəziyyətdə onları da qınamaq olmazdı–ya frau Qrubaxı, ya da artıq o biri pəncərənin qarşısına tərəf gedən qocaları şahid göstərərdi. Eyni zamanda, təəccübləndi və ən azı da, özünü keşikçilərin yerinə qoyaraq heyrətləndi ki, nə yaxşı, onu otağına qaytarıb tək buraxdılar, axı burda adamın özünü öldürmək üçün çoxlu imkanları vardı. Elə həmin anda da özünü öz yerinə qoyaraq sual elədi ki, bunu eləmək üçün əsası var, ya yox? Ona görə eləməlidir ki, indi iki nəfər yanında oturub onun səhər yeməyini həzm-rabedən keçirir? Özünü öldürmək o qədər mənasız idi ki, hətta istəsəydi də, bu mənasızlığına görə həmin işi tutmazdı. Keşikçilərin kütlüyü bu qədər açıq-aşkar olmasaydı, fikirləşmək olardı ki, onlar da belə düşündüklərindən heç nədən şübhələnməyib onu tək buraxıblar. İndi nə qədər istəyirlər onun divardakı dolaba yaxınlaşaraq öz sevimli şnapsını necə götürdüyünə, bir qədəh süzərək səhər yeməyinin əvəzinə, ikincini də cəsarətlənmək üçün gillətdiyinə kənardan tamaşa etsinlər. Düzdür, bəlkə də bu
cəsarət heç lazım olmayacaqdı, ancaq bilmək olmazdı...
Bu vaxt qonşu otaqdan gələn səs onu elə diksindirdi ki, əlindəki qədəh dişlərinə dəyib cingildədi.
– İnspektor sizi çağırır!
Onu diksindirən qısa, kəsik, hərbiçilərə xas olan bir səs idi və Frans adlı gözətçidən belə səsi heç gözləmirdi. Ancaq əmr ürəyindən oldu:–Axır ki!–deyərək dolabın qapısını bağladı və qonşu otağa tələsdi.
Onu yenə keşikçilər qarşıladılar və təbii bir olay kimi itələyib öz otağına saldılar:
– Neylədiyinizdir?!–dedilər,–Köynəkdə də inspektorun yanına getmək olar? Sizi də kötəklətdirər, bizi də...
– Lənət şeytana, buraxın məni!–gözətçilərin az qala paltar dolabına qədər itələyib gətirdikləri K. qışqırdı,–Yataqda başımın üstünü kəsdirəndə elə bilirdiniz, əynimdə ütülü köynək olacaq?
– Xeyri yoxdur!
K. nə qədər qışqırsa da, keşikçilər haldan getmir, hətta az qala kədərlənirdilər, sanki bununla onu ya özündən çıxarmaq, ya da bir az ağıllandırmaq istəyirdilər.
– Gülməli mərasimdir!–deyə donquldanan K., hər halda, pencəyini stulun başından götürüb onu bir anlığa hər iki əlində saxladı, sanki keşikçilərin nə deyəcəklərini gözlədi.
Keşikçilər başlarını yırğaladılar və dedilər:
– Qara rəngli sürtuk olmalıdır!
K. pencəyi döşəməyə tullayıb dedi:
– Axı bu hələ istintaq deyil!–Ancaq bununla nə demək istədiyini özü də bilmədi.
Keşikçilər gülümsədilər, lakin dediklərindən dönmədilər:
– Qara sürtuk olmalıdır, vəssalam!
– Əgər bununla iş tezləşəcəksə, etirazım yoxdur, – deyə K. dolabı açdı, bir xeyli ordakı paltarları eşələdi, ən yaxşı qara pencəyini seçib götürdü.
Bu pencək əyninə elə yaxşı otururdu ki, tanış-bilişləri ona valeh olurdular... Başqa köynək götürüb diqqətlə geyinməyə başladı. Ürəyinin dərinliklərində fikirləşdi ki, bununla məsələni tezləşdirə bildi və yaxşı ki, keşikçilərin yadından çıxıb onu çimməyə göndərmədilər. Onların üzünə baxdı ki, birdən yadlarına düşər. Əlbəttə, yadlarına düşmədi və üstəlik, Villem Fransı inspektorun yanına göndərdi ki, K-nın geyinib qurtardığını xəbər versin.
Geyinib qurtarandan sonra Villemlə dal-qabaq boş olan qonşu otaqdan keçərək qapısı taybatay açıq olan növbəti otağa keçdilər. K. dəqiq bilirdi ki, lap yaxınlarda bu otağa Bürstner adlı bir frölayn köçüb. Qız makinaçı idi, çox tezdən durub işə gedir, axşam da gec qayıdırdı və K. ilə salam-sağoldan başqa kəlmə də kəsməmişdi. İndi qızın çarpayısının yanındakı tumbanı otağın ortasına çəkərək ondan istintaq masası kimi istifadə edirdilər və inspektor da onun arxasında oturmuşdu. O, qıçını qıçının üstə aşırmış, bir qolunu da qaldırıb stulun söykənəcəyinə qoymuşdu.
Otağın bir küncündə üç cavan oğlan dayanıb frölayn Bürstnerin çərçivəyə salınaraq divardan asılmış fotoşəkillərinə baxırdılar. Açıq pəncərənin dəstəyindən ağ bir kofta asılmışdı. Bayaqkı qarılar yenə də üzbəüz pəncərədən asıla qalmışdılar, indi çoxalmışdılar, çünki onların başları üzərindən köynəyinin yaxası açıq yekəpər bir kişi boylanır, barmaqlarının ucu ilə qırmızıya çalan saqqalını tumarlayır, bururdu.
– Yozef K. sizsiz?–İnspektor bu sualı bəlkə də K.-nın dalğın baxışlarını özünə cəlb etmək üçün verdi. K. başını tərpətdi.
– Bu səhər baş verənlər sizi çox təəccübləndirdi, elə deyilmi?–deyə soruşan inspektor tumbanın üstündəki şeyləri–şamdanı, onun yanındakı kibriti, kitabı, iynə yastıqcasını hər iki əli ilə özünə tərəf elə çəkdi ki, deyərdin bunların hamısı istintaqa lazımdır.
– Elədir ki var,–deyən K. nəhayət, ağıllı bir adama rast gəldiyini, onunla işi barədə danışa biləcəyini hiss edərək rahat nəfəs aldı,–Əlbəttə, ancaq o qədər də çox təəccüblənmədim.
– Çox təəccüblənmədiniz?–soruşan inspektor şamı tumbanın ortasına qoydu, qalan əşyaları da onun ətrafına düzdü.
– Bəlkə də məni düz başa düşmürsünüz,–K. tələsik dilləndi,–Yəni demək istəyirəm ki...–K. burada sözünə ara verərək gözləri ilə kreslo axtardı,–Otura bilərəm?–deyə soruşdu.
– İcazə verilmir,–inspektor bildirdi.
– Demək istəyirəm ki,–K. bu dəfə sözünə ara vermədi,–əslində, çox təəccübləndim, ancaq adam otuz il bu dünyada yaşayandan, mənim qismətimə düşdüyü kimi, hər şeyi təkbaşına qazanmalı olandan sonra, onun üçün heç nə gözlənilməz olmur, hamısına dözür... Xüsusilə də, bu gün baş verənlərə...
– Niyə məhz bu gün baş verənlər?
– Demək istəməzdim ki, bu gün baş verənlərin hamısına zarafat kimi baxıram, əksinə, burada göstərilən tamaşalar zarafat üçün çox oldu. Pansionun hamısının, eləcə də sizin hamınızın bu tamaşada iştirak etməsi zarafatın sərhədlərini aşdı. Ona görə də buna zarafat deməzdim.
– Tamamilə düzdür,–deyən inspektor qutudakı kibrit çöplərini saymağa başladı.
– Ancaq digər tərəfdən...–deyə sözünə davam edən K. sanki içəridəkilərin hamısına, o cümlədən şəkillərə baxan üç nəfərə də eşitdirmək istədi,–...digər tərəfdən də bunların heç biri ciddi işə oxşamır. Ona görə belə deyirəm ki, mən ittiham olunuram, ancaq ittiham olunmaq üçün heç bir günah da tapa bilmirəm. Əslində, bunun özü də elə vacib deyil, əsas məsələ odur ki, məni kim ittiham edir? İşi hansı idarə aparır? Siz məmursunuzmu? Heç biriniz məmur kimi geyinməmisiniz. Əyninizdəki məmur geyimi deyilsə,–bu sözləri deyəndə Fransa tərəf döndü,–onda, deməli, səfər paltarıdır. Elə bu məsələlərdə sizdən aydınlıq tələb edirəm və əminəm ki, məhz bu aydınlıqdan sonra sizinlə səmimi şəkildə görüşüb ayrıla biləcəyik.
İnspektor kibrit qutusunu tıqqıltı ilə masanın üstünə atdı:
– Siz çox böyük bir səhvə yol verirsiniz,–dedi,–bu cənablar da, mən də sizin məsələnizdə ikinci dərəcəli adamlarıq, hətta haqqınızda da, demək olar ki, heç nə bilmirik. Biz lap xüsusi paltar geyinib gəlmiş olsaydıq da, işiniz pisləşməzdi. Eyni zamanda, onu da deyə bilmərəm ki, siz nədəsə ittiham olunursunuz və ya işiniz bundan da betərdir. Heç sizin günahkar olub- olmadığınızı da bilmirəm. Həbs olunmağınız düzdür, özgə heç nə bilmirəm. Bəlkə keşikçilər nəsə çərənləyiblər, ancaq hamısı boş şeydir. Suallarınıza cavab verə bilməsəm də, sizə məsləhət görərdim ki, bizə də, gələcəkdə sizi nə gözlədiyinə də çox fikir verməyin, daha çox özünüzü düşünün. Günahsız olduğunuz barədə də bu qədər hay-küy qaldırmayın, çünki bu hay-küy sızin yaratdığınız pis təəssüratı poza bilmir. Ümumiyyətlə, az danışsanız daha yaxşı olar, çünki indiyə kimi danışdıqlarınızın hamısını bir neçə sözlə ifadə etmək olardı, nə demək istədiyiniz hərəkətlərinizdən bilinərdi, halbuki, dediklərinizin heç biri xeyrinizə deyildi.
K. matdım-matdım inspektorun üzünə baxdı. Yoxsa özündən çox kiçik olan bu oğlan ona məktəb uşağı kimi dərs keçmək istəyirdi? Yoxsa səmimiyyətinə görə töhmətlənirdi? Bəs nəyə görə həbs olunduğunu, kimin onu həbs etdirdiyini bilməyəcək? Bir az həyəcanlandı, var-gəl etməyə başladı, heç kəs də ona mane olmadı, köynəyinin qollarını çırmaladı, yaxasına sığal çəkdi, saçlarını düzəltdi, şəkillərin qarşısında dayanmış üç nəfərin yanından keçəndə dedi:
– Mənasızlığa bax!
Həmin üç nəfər çevrilib onu lütfkarlıqla, eyni zamanda ciddi nəzərlərlə süzdülər. K. yenə də inspektorun oturduğu masaya çatanda dayandı.
– Prokuror Hasterer yaxın dostumdur,–dedi,–ona zəng vura bilərəm?
– Əlbəttə!–İnspektor dilləndi,–Ancaq bilmirəm, şəxsi işinizi onunla müzakirə etməyin nə mənası var?!
– Nə mənası var?–K. səsini ucaltdı, sanki əsəbiləşməkdən çox pərt oldu,–Axı siz kimsiniz? Özünüz dünyanın ən mənasız işləri ilə məşğul ola-ola hər şeydə məna axtarırsınız? Bu, adamın qabağına daş diyirlətmək deyil, bəs nədir? Cənablar əvvəlcə mənə hücum çəkirlər, sonra da ya otururlar, ya gəzişirlər, məni də qabaqlarında uşaq kimi oynadırlar. Nahaq yerdən həbs oluna-oluna prokurora zəng vurmağın mənası yoxdur, eləmi? Yaxşı, zəng vurmaram.
– Yox, yox, vurun,–deyə inspektor əli ilə telefon olan otağı göstərdi,–buyurun, zəng edin.
– Yox, daha lazım deyil!–deyən K. pəncərəyə tərəf getdi.
Ardı var...