Birinci fəsil
Həbs. Frau Qrubaxla, sonra da frölayn Bürstnerlə söhbət
Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu həbs etdilər. Sahibəsi Qrubaxın hər gün saat səkkizə qalmış ona səhər yeməyi gətirən qulluqçusu da bu gün gəlmədi. Heç vaxt belə olmamışdı. K. bir az da gözlədi, başını yastıqdan qaldırmadan üzbəüz evdə yaşayan, indi də xüsusi bir maraqla onu müşahidə edən yaşlı qadına baxdı, sonra isə həm aclıq, həm də nəsə bir anlaşılmazlıq hiss edərək zəngi basdı. Elə həmin anda da qapı
döyüldü və içəri bu evdə heç vaxt görmədiyi bir kişi girdi. Arıq, ancaq tökməbədən bir kişi idi və əynində də özünə yaraşan paltar vardı; lap səfər paltarına oxşayırdı, üstü cürbəcür büzmələrlə, toqqalarla, düymələrlə dolu idi, belində kəməri də vardı və bütün bunların nə üçün olduğu bilinməsə də, onu çox qıvraq göstərirdi.
– Siz kimsiniz?–deyə K. çarpayısında dikəldi.
Kişi suala fikir vermədi, sanki bununla gəlişinin təbii olduğunu göstərmək istədi və özü soruşdu:
– Zəngi siz basdınız?
– Anna mənim səhər yeməyimi gətirsin,-deyən K. əvvəlcə sakitcə, diqqətlə, təfərinclə bu kişinin kim olduğunu özü üçün aydınlaşdırmağa çalışdı. Ancaq kişi K.-nın baxışları altında çox da dayanmayıb dönüb arxasında dayanmış adama nəsə demək üçün qapını bir az araladı:
– Deyir, Anna ona səhər yeməyi gətirsin!
Qonşu otaqdan qısa gülüş səsi eşidildi, ancaq bu səsdən orda nə qədər adam olduğu bilinmədi. Düzdür, yad adam hiss etdi ki, bununla müsahibindən təzə bir şey eşitməyəcək, ancaq buna baxmayaraq, yenə də rəsmi tərzdə dedi:
– Buna icazə verilmir!
– Bu da təzə çıxdı?-deyə K. çarpayıdan duraraq tələsik şalvarını əyninə taxdı,–Hələ baxım görüm qonşu otaqdakılar kimlərdir və frau Qrubax bu narahatlığa nə cavab verəcək!
Və o dəqiqə də fikirləşdi ki, gərək bunu ucadan deməyəydi, çünki bununla həmin yad adamın ona nəzarət etmək haqqını müəyyən mənada tanımış olurdu, ancaq həm də hiss etdi ki, daha bunun elə bir mənası yoxdur.
– Bəlkə elə burda qalasınız?
– Özünüzü təqdim etməyincə nə burda qalmaq, nə də sizinlə danışmaq istəmirəm!
– Sizə yaxşılıq etmək istəyirdim,–deyə yad adam özü qapını onun üçün açdı.
K.-nın istədiyindən də asta addımlarla daxil olduğu qonşu otaq ilk baxışda dünən axşam gördüyü otağın eyni idi. Bu, frau Qrubaxın qonaq otağıydı və ağzınacan mebellə, xalılarla, çini qablarla, şəkillərlə dolu olsa da, həmişəkindən geniş görünürdü. Ancaq bu genişlik o dəqiqə nəzərə çarpmırdı və ən çox da ona görə ki, içəridəki dəyişiklik vur-tut açıq pəncərənin qabağında oturub kitab oxuyan bir kişidən ibarət idi.
Kişi başını kitabdan qaldırdı:
– Gərək otağınızda qalaydınız.... Bəs Frans bunu sizə demədi?
– Axı siz məndən nə istəyirsiniz?–deyə K. baxışlarını “təzə tanış”ından ayırıb Frans dedikləri və hələ də qapının ağzında dayanmış kişiyə tərəf döndərdi, sonra yenə əvvəlkinə baxdı. Açıq pəncərədən bayaqkı yaşlı qadın görünürdü. O, yalnız qocalara xas olan bir maraqla üzbəüz pəncərənin qarşısına gəlmişdi ki, hər şeyi yaxşı görə bilsin.
– Mən frau Qrubaxla...-deyə K. durduğu yerdə öz-özünə elə dartındı ki, sanki ondan xeyli aralıda dayanmış kişilərin əlindən çıxmaq istəyirdi.
– Olmaz!–deyə pəncərənin qabağında oturmuş kişi dilləndi və əlindəki kitabı stolun üstünə ataraq ayağa qalxdı,–Heç yana gedə bilməzsiniz, çünki həbs olunubsunuz!
– Deyəsən, elədir.... Axı nə üçün?–K. soruşdu.
– Bunu sizə deməyə səlahiyyətimiz çatmır. Otağınıza gedib gözləyin. Artıq cinayət işi açılıb və vaxtı çatanda, hər şeyi biləcəksiniz. Əslində, sizinlə bu cür mehriban danışmaqla da səlahiyyətimi aşıram. Ancaq ümid edirəm ki, bunu Fransdan başqa heç kəs eşitmir və elə o da qanunu pozaraq sizinlə xoş davranır. Əgər bundan sonra da keşikçi sarıdan bəxtiniz belə gətirsə, deməli, narahat olmaya bilərsiniz.
K. oturmaq istədi və birdən gördü ki, bu boyda otaqda pəncərənin qabağındakı kreslodan başqa oturmağa heç nə yoxdur.
– Özünüz də görəcəksiniz ki, dediklərimiz hamısı həqiqətdir,–Frans dilləndi və kişilərin ikisi də birdən ona tərəf addımladı.
İkinci kişi boyca K.-dan hündür idi və tez-tez də əli ilə onun kürəyinə vururdu. İkisi də K.-nın gecə köynəyinə müştəri gözü ilə baxaraq dedilər ki, indi köhnə bir köynək geysə yaxşıdır, ancaq bununla belə, istər bu köynəyi, istərsə də başqa əşyalarını saxlayacaqlar, iş yaxşı qurtarsa, özünə qaytaracaqlar.
– Ancaq daha yaxşı olar ki, şeylərinizi saxlama kamerasına yox, bizə verəsiniz,–dedilər,–çünki saxlama kamerasında tez-tez saxtakarlıq edirlər, bundan əlavə də, müəyyən vaxt keçəndən sonra həmin şeyləri satırlar, məhkəmənin qurtarıb-qurtarmamasına fikir vermirlər. Bu məhkəmələr də nə qədər uzanır, Allah bilir. Xüsusən də son vaxtlar... Belə olan halda, saxlama kamerası şeylərinizin əvəzinə pul verəcək, ancaq bu məbləğ cox cüzi olacaq, çünki alqı-satqı zamanı malın keyfiyyəti deyil, rüşvətin miqdarı əsas rol oynayır. Üstəlik də, əldən-ələ, ildən-ilə keçən həmin məbləğ sizə çatana qədər lap azalır.
K. bu sözlərə o qədər də fikir vermədi, çünki indi onun üçün əşyalarının taleyi deyil, düşdüyü vəziyyətin aydınlaşdırılması daha önəmli idi, ancaq bu adamların yanında fikrini cəmləşdirə bilmirdi, çünki ikinci keşikçinin–bu adamlar yəqin ki keşikçi idilər–qarnı tez-tez “ərklə” ona toxunurdu və K. da hər dəfə başını qaldıranda, onun iri gövdəsinə heç də yaraşmayan arıq, sümüyü çıxmış sifətini, əyri burnunu və bir də onun başı üzərindən yoldaşı ilə him-cimləşən gözlərini görürdü. Axı bu adamlar kim idi? Nə danışırdılar? Hansı idarədən gəlmişdilər? Axı K. hüquqi bir dövlətdə yaşayırdı, hər yanda əmin-amanlıq idi, bütün qanunlar işləyirdi, kimin nə ixtiyarı vardı ki, onun evinə soxulaydı?! Həmişə çalışmışdı ki, hər şeyə fikir verməsin, pis lap pis olanda da onun pisliyinə inanmasın, hətta hər hansı bir təhlükənin gəldiyini hiss etsə də, əvvəlcədən ona qarşı tədbir görməsin. Ancaq indi ona elə gəldi ki, bunların yeri deyil. Düzdur, bütün bunların hamısını bankdakı dostlarının nə üçünsə, ola bilsin, bu gün otuz yaşının tamam olması münasibətilə düzüb-qoşduqları kobud bir zarafat kimi qəbul etmək olardı və bəlkə doğrudan da eləydi, sadəcə olaraq, keşikçilərin üzünə gülmək lazım idi, yəqin onlar da gülüşərdilər. Bəlkə də elə tinlərdə dolaşan avaralardandır–əslində, elələrinə də oxşayırdılar–ancaq nədənsə Frans adlanan gözətçini görən kimi hiss etdi ki, bu adamlardan nədəsə üstündür və onu da heç vaxt əldən vermək olmaz. Bir az da ondan çəkinirdi ki, sonralar ona gülələr və deyələr ki, zarafatı başa düşməyib. Düzdür, başına gələndən ibrət dərsi götürən deyildi, ancaq bu dəfə xatırladı ki, bir neçə xırda məsələdə, dostlarından fərqli olaraq, sonra nə olacağını fikirləşmədən qəsdlə ehtiyatsızlıq eləmişdi və bunun da altını çəkmişdi. İndi belə şeyə yol vermək olmazdı! Ən azı, bu dəfə heç olmazdı! Kimsə onun üçün komediya düzəltmişdisə, eybi yox, o da rola girər!
Ancaq hələlik azad idi!
– İcazənizlə,–deyərək tələsik addımlarla gözətçilərin arasından keçib otağına girdi.
Arxadan səs gəldi:
– Ağıllı adama oxşayır.
İçəri girən kimi yazı stolunun siyirtmələrini dartdı: orada hər şey səliqə ilə düzülmüşdü, ancaq həyəcanlı olduğundan, axtardığı icazə kağızlarını o dəqiqə tapa bilmədi. Axırda velosiped sürmək üçün aldığı icazə vərəqi əlinə keçdi, keşikçilərin yanına dönmək istədi, ancaq fikirləşdi ki, bu azdır, doğum haqqında şəhadətnaməsini tapana qədər axtarmağa davam etdi. Qonaq otağına qayıdan anda üzbəüz qapı açıldı və frau Qrubax içəri girmək istədi. Ancaq bu, bircə an çəkdi, çünki K.-nı görən kimi pərt oldu, üzr istədi, tələsik döndü, qapını da arxasınca çox ehtiyatla çəkdi. Bununla belə, K.–“Gəlin,gəlin!”– deyə bildi.
K. indi əlində kağızlar, otağın ortasında dayanıb qapıya baxırdı. Qapı isə bir daha açılmadı və açıq pəncərənin qabağındakı stolun arxasında oturmuş gözətçilərin səsini eşidəndə diksindi, yenicə gördü ki, onun səhər yeməyini aşırırlar.
– O niyə içəri girmədi?–deyə K. soruşdu.
– İxtiyarı yoxdur!–Ucaboy keşikçi dilləndi,–Axı, siz həbs olunubsunuz!
– Necə yəni həbs olunmuşam? Belə də həbs olar?
– Aha, yenə başladınız!–deyə keşikçi əlindəki buterbrodu bala batırdı,–Bu cür suallara biz cavab vermirik.
– Cavab verməli olacaqsınız! Bu da mənim icazə kağızlarım! İndi isə siz sənədlərinizi göstərin! Öncə də həbs orderini!
– İlahi! Siz hələ də düşdüyünüz vəziyyətlə barışa bilmirsiniz! Elə hey çalışırsınız ki, bizi–bəlkə də bu dəqiqə yer üzündə sizə ən yaxın adamları heç nədən əsəbiləşdirəsiniz!
– İnanın ki elədir,–deyə Frans əlindəki qəhvə fincanını ağzına aparmaq əvəzinə, K.-nı uzun-uzadı, bəlkə də mənalı, ancaq anlaşılmaz baxışlarla süzdü. K. istər-istəməz Fransla bir az göz- göz oynamalı oldu, sonra da əlindəki kağızları göstərib dedi:
– Bu da mənim icazə kağızlarım!
– Onların bizə nə dəxli?–Ucaboy keşikçi qışqırdı,–Özünüzü uşaqdan da betər aparırsınız! Bununla nə demək istəyirsiniz? Bizimlə, yəni adi keşikçilərlə icazə kağızları, həbs orderi barədə danışmaqla o lənətə gəlmiş məhkəmənizi tez-tələsik sona çatdırmaq istəyirsiniz? Biz xırda məmurlarıq, icazə kağızlarından başımız çıxmır. Bizim vəzifəmiz yalnız ondan ibarətdir ki, hər gün on saat sizin keşiyinizi çəkək, əvəzində də haqqımızı alaq. Bizim işimiz bundan ibarətdir, vəssalam. Ancaq buna baxmayaraq bilirik ki, tabe olduğumuz yüksək çinli məmurlar belə bir həbsə qərar verməmişdən əvvəl onun səbəblərini, həbs olunan adamın şəxsiyyətini dəqiq müəyyənləşdirirlər. Burda səhv ola bilməz. Mən bildiyimə görə, bizim idarə – mən orda yalnız aşağı çinli məmurları tanıyıram-ictimaiyyətin arasında günahkar axtarmır, qanunda deyildiyi kimi, günah özü onu axtarıb tapır, o da biz keşikçiləri göndərir. Qanun belədir! Burda səhv ola bilər?
– Mən belə qanun tanımıram,–K. dilləndi.
– Sizin üçün lap pis!–keşikci cavab verdi.
– Yəqin bu qanun sizin başınızdadır,–deyə K. nəsə bir yol tapıb keşikçilərin nə fikirləşdiyini duymaq, ondan öz xeyrinə istifadə etmək istədi. Ancaq keşikci çəmkirdi:
– Onun nə demək olduğunu hiss edəcəksiniz.
Frans da söhbətə qarışdı:
– Ona bax, Villem, deyir ki, qanundan xəbəri yoxdur, ancaq eyni zamanda da günahsız olduğunu iddia edir.
– Tamamilə doğru deyirsən, ona heç nəyi başa salmaq mümkün deyil.
K. onlara cavab verməyib ürəyindən keçirdi: “Axı nə üçün bu alçaq məxluqların–özləri deyir ki, belədirlər–çərənləmələri məni çaşdırmalıdır? Özləri də başları çıxmadığı şeylərdən danışırlar. Səfeh olduqları üçün də belə qətiyyətlidirlər. Belələri ilə uzun-uzadı çənə vurmaqdansa, öz səviyyəmdə olan bir adamla iki-üç kəlmə danışıb hər şeyi aydınlaşdırmaq olar.”
Ardı var...