Qadin.NET / Nikolay Qoqol "Burun"

Nikolay Qoqol "Burun"

Nikolay Qoqol "Burun"

Nikolya Vasilyeviç Qoqol "Burun" satirik povestini 1832-1833-cü illərdə yazıb. 

Povestin süjeti:

Kollec asessoru (iclasçı) Kovalyov-böyük vəzifəpərəst-bir səhər gözlənilmədən yuxudan burunsuz oyanır. Burnunun yeri təmamilə hamarlaşmışdır. "Lənət şeytana-bu nə zibildir!-tüpürərək bağırır,-Heç olmasa, burun əvəzinə bir şey olaydı, amma heç nə yoxdur!.."

O, baş polismeystrin yanına burnunun yox olması haqqında elan verməyə gedərkən yolda əynində qızılı mundir (rəsmi geyim), başında dövlət müşaviri papağı və qılıncı olan öz burnunu görür. Burun karetə atlayaraq dua etmək üçün Kazan kilsəsinə yön alır. Heyrətə düşmüş Kovalyov da burnunun ardınca gedir. Kollej asessoru Kovalyov burnuna geri dönməsini xahiş edir, burun isə özündən kiçik dərəcəli vəzifə adamı ilə danışırmış kimi söhbətin nədən getdiyini anlamadığını bildirir və sahibindən uzaqlaşır.

Bu zaman Kovalyov bir qəzetə burnunun itməsi haqqında elan vermək üçün baş vurur, lakin orada ona bildirirlər ki, bu cür skandal bir elan qəzetin şöhrətinə zərər gətirəcək. Kovalyov dairə pristavının yanına da gedir, ancaq o da bildirir ki, ləyaqətli insanın burnu heç yerə gedə bilməz.

Kədərdən üzülən Kovalyov evə qayıdır və burda gözlənilməz sevinclə qarşılaşır: anidən bir polis məmuru içəri daxil olur və kağıza bükülmüş burunu gətirir. Onun sözlərinə görə burunu saxta pasportla Riqa yolunda yaxalamışdır. Kovalyov əvvəlcə dəlicəsinə sevinsə də, burun öz qanuni yerinə qayıtmaq istəmir, hətta bunun üçün dəvət edilmiş həkim də kömək edə bilmir. Yalnız bir neçə gün sonra bir səhər burun anlaşılmaz şəkildə yenidən sahibinin üzündə olur. Bununla da Kovalyovun həyatı normala dönür.

Nikolay Qoqol "Burun"

Povestin ideyası:

Nikolay Qoqol əsərdə xarici görünüşə aşiq, boş və təmtəraqlı, təşəxxüslü, yüksək status və yuxarı dərəcəli məmurların lütfü ardınca qaçan bir obrazı göstərməyə çalışıb. Bununla yazıçı cəmiyyətdə yüksək mövqe və rütbənin insanın mənəviyyatından, şəxsiyyətindən üstün tutulmasına gülüb.

Nəşr tarixi

1835-ci ildə "Moskva müşahidəçisi" jurnalı "Burun" povestini "pis, mənasız və bayağı" adlandıraraq nəşr etməkdən imtina etdi. Onlardan fərqli olaraq Aleksandr Sergeyeviç Puşkin hesab etdi ki, əsər "gözlənilməz, fantastik, şən və orijinaldır", buna görə də müəllifi povestini 1836-cı ildə "Sovremennik" jurnalında dərc etməyə razı sala bilmişdi. Buna baxmayaraq əsər kəskin və təkrarlanan tənqidlərə məruz qalmışdır. Qoqolun "Burun"-u ondan təsirlənən müəlliflərin əsərlərində yer almışdır. Məsələn, Dmitriy Şostakoviçin "Burun" operası, Gianni Rodari "Burun necə qaçdı" və s.

Povest haqqında fikirlərim

Qeyd edim ki, povest qəribəliyi ilə fərqini hiss etdirir. Əsərin fantasmaqor mövzusu hər oxucunun diqqətini çəkməyə bilər. Povest süjet xətti ilə ilk baxışda gülməli görünsə də, oxuyub əsər üzərində düşündükdən sonra yazıçının bu cür qəribə yanaşması ilə əslində cəmiyyətdə insanın mövqeyi və onun statusundan necə asılı vəziyyətə düşməsinə diqqət çəkdiyini görmək mümkündür.

Qoqol maraqlı bir yanaşma ilə o zamankı cəmiyyətdə Kovalyovun burunsuz olaraq keçirdiyi psixoloji hallarını, yuxarı cəmiyyət əhatəsində üzüntüsünü gözəl təsvir edib. Eyni zamanda yazıçının yüksək müşahidə qabiliyyəti ilə hadisələri ard-arda düzməsi və belə bir mövzunu xüsusi ironiya, yumorla yazması da əsərə rəng qatıb.

Nikolay Qoqol "Burun"

Heç təəccüblənmədim ki, Qoqol kimi həm ağıllı, həm də hadisələri satirik dillə çatdıra bilən bir yazıçı povestin sonunda öz müəllifliyinə də ironiyalı yanaşıb. Əsərin sonunda bu hissəyə diqqət yetirin: "Deyək ki, bunları başa düşdük, ancaq necə olur ki, burun bişmiş bir çörəyin içindən çıxır? Sonra necə olur ki, İvan Yakovleviç?... Nə isə bunları boş verin, bu işin məntiqli izahı yoxdur. Fəqət məni ən çox təəccübləndirən və başa düşmədiyim şey yazıçıların bu cür mövzuları götürüb yazmağa çalışmalarıdır. İnanın, bu izah ediləcək bir şey deyil. Bax, bu məsələni bir şəkildə anlaya bilmirəm. Həm belə bir mövzunun nə ölkəyə, nə də hər hansı bir insana heç bir faydası yoxdur; sonra... Nə olduğunu bir şəkildə anlaya bilmirəm..." 

Povestin nəşr edilməsi tarixindən bilirəm ki, əsər kəskin tənqidə məruz qalmış və hətta sonluğun müəllif tərəfindən yenidən işlənməsi istənmişdir. Bəlkə elə buna görə Qoqol sonda əsərə müəllifin özü üçün də ironiya əlavə edərək sonlandırıb? Çünki yaxşı bilirdi ki, əsəri əvvəlki variantında bəyənib qiymətləndirən olmayacaq. Ümumiyyətlə, povesti oxuyub düşündükdən sonra çox sayda suallarla qarşılaşırsan. Baxmayaraq ki, müəllif özü uzun müddət əsərin nəşr olunmasını istəməyib, çünki yazdığına bir zarafat kimi baxıb. Həqiqətən də, yuxarıda qeyd etdiyim kimi əsərin ilk nəşrindən imtina edilməsi də əbəs yerə olmayıb. Yalnız A.S.Puşkinin təkidindən sonra Qoqol povesti nəşr etdirməyə razı olmuşdu.

Son olaraq bunu qeyd edim ki, ədəbiyyatda bu cür qarmaqarışıq, tənqidlərlə dolu, çaxnaşma yaradan əsərləri xoşlayıram. Öz kiçik həcmi ilə dünyaya səs salan "Burun"-u oxumaqdan və onun haqqında yazmaqdan məmnun oldum. Xoş qiraətlər.

Nikolay Qoqol "Burun"

Povestdən seçdiyim hissələr:

Burunsuz bir insan-şeytan bilir nədir: quş kimi quş deyil, vətəndaş kimi vətəndaş deyil, sadəcə götür və pəncərədən at bayıra!

***

Ancaq bu dünyada sonsuz olan nə var ki? Bu səbəbdən insanın nəşəsi belə bir müddət sonra yerini narahatlığa buraxa bilir. Bir müddət sonra nəşədən zərrə qədər də iz qalmaya bilir. Sonra insan təkrar keçmiş halına qayıdır, suda genişləyən halqaların sonda suyun üzü ilə bütünləşib yox olması kimi.

***

İşin gerçəyi budur ki, bu elanı yayınlamağımın sizə bir faydası olacağını sanmıram, yoxsa yayınlamaq o qədər də əhəmiyyətli deyil. Siz bu işi qələmi güclü birinə desəniz, o da bu sanki çox adi bir hadisəymiş kimi qəbul edərsə, sonra bu məqaləni məsələn, "Şimal arısı" jurnalında yayınlasa! Beləcə, gənclik də bu hekayədən faydalanmış olur. Həm oxucunun da çox diqqətini çəkər.

***

Tanrı eşqinə! Necə olursa olsun, yaraşıqsız görünsə belə, zərəri yoxdur. Yetər ki, burnum yerinə qoyulsun. Bəzən düşəcək kimi olsa belə, əlimlə tutmağa razıyam. Lazım gələrsə, rəqsə də qalxmaram. Hətta təkrar yerindən düşərsə, sizi günhlandırmayacağam. Müayinə pulu üçün də təlaş etməyin, əlimdən gəldiyi qədər sizi məmnun etməyə hazıram.

***

Həmin anda aynaya baxmağı da unutmadı. Bəli, burnu yerində idi. Döndü, gözucu, bir az da dəyərini kiçildərək irəlidə oturan iki məmura da baxdı. Birinin burnu kiçik bir paltar düyməsi qədər olardı.

 Yüklə 

15 dekabr 2014
GO BACK