"Bir dəlinin xatirə dəftəri" povestini Nikolay Vasilyeviç Qoqol 1834-cü ildə qələmə alıb. İlk dəfə povest 1835-ci ildə "Arabesklər" toplusunda "Bir dəlinin qeydlərindən hissələr" adı altında dərc edilmişdir. Sonralar isə "Peterburq povestləri" toplusuna daxil edilmişdir.
Povestin süjeti
Povest baş qəhrəmanın gündəliyindən ibarətdir. Gündəlikdə hekayələr baş qəhrəman Aksentiy İvanoviç Poprişinin dilindən nəql edilir. Poprişın kiçik bir Peterburq məmurudur, rəsmi şöbədə dəftərxana işçisi vəzifəsində çalışır (Eynən belə bir vəzifə Qoqolun yaratdığı digər obraz-Başmaçkində də var). Əsərin əvvəlində qəhrəman öz həyatını və işini, həmçinin, əhatəsində olan insanları təsvir edir. Sonra isə qəhrəman özünün müdirin qızına olan hissləri barədə yazır. Tezliklə bu qeydlərin ardından qəhrəmanın dəlilik əlamətləri meydana çıxır, belə ki, o, müdirin qızının Meci adlı iti ilə danışmağa başlayır. Daha sonra isə həmin Meci adlı itin digər bir itlə yazışdığı məktubları oxuyur. Bir neçə gün sonra isə o, təmamilə real dünyadan ayrılır: ona elə gəlir ki, o İspaniya kralıdır. Onun sərsəmləməsi gündəlikdə qoyduğu tarixlərdən də görünür. 3 oktyabrda başlayan gündəlik 43 aprel 2000-ci ildə başa çatıb. Gündəliyin sonuna doğru qəhrəman öz xəyallarının dərininə gedir. O, dəlixanaya düşməsini İspaniyaya gəlişi kimi qəbul edir. Qeydlərin sonunda artıq onun fikirləri dağılır, sözləri bir-birindən əlaqəsiz olur. Qeydlərin ən son cümləsi belədir: "Bəs siz bilirsinizmi, Əlcəzair bəyinin burnunun altında böyük bir xal varmış!"
Povest haqqında fikirlərim
"Bir dəlinin xatirə dəftəri" məhz qeydlər kimi, yəni qəhrəmanın özü haqqında hekayəsi kimi Qoqol yaradıcılığında analoqu olmayan bir əsərdir. Nikolay Qoqol əsərdə dəlilik mövzusunu eyni zamanda üç aspektdə (sosial, estetik və şəxsi bioqrafiya) qəhrəmanın dilindən göstərməyə çalışıb. Digər tərəfdən yazıçının estetik hoqqabazlığın (illüzionizm) fantastik elementlərindən (itlərin məktublaşması) məharətlə istifadə etməsi onun incəsənət aləminin incəliklərinə bələd olmasından xəbər verir. Yəqin məhz buna görə də "Bir dəlinin xatirə dəftəri" hələ də teatr səhnələrində dünyanın müxtəlif yerlərində göstərilməkdə davam edir.
2012-ci ildə Azərbaycan Dövlət "YUĞ" Teatrı səhnəsində Elvin Adıgözəl "Bir dəlinin xatirə dəftəri" monotamaşasını təqdim etmişdir. Onu da qeyd edim ki, bu cür tamaşalar artıq dünyanın bir neçə ölkəsində nümayiş etdirilib, oynanılıb və dəlinin yazdıqlarını ağılla oynamaq heç də asan deyildir.
Nikolay Qoqolun əsərdəki qəhrəmanını Poprişinin anormallıqlarını real bir şəkildə təsvir etməsi oxucunu təsir altına salmaya bilmir. Qəhrəmanın dilindən söylənilən fikirlərin əslində bir ağıllının yazdıqları fikrinə də qapılırsan bir an. Məsələn, "Keçən gün eşitdiyimə görə İngiltərədə bir balıq sudan sıçramış və qəribə bir dildə iki söz söyləmişdi. Alimlər tam iki ildir bu iki sözün mənasını anlamağa çalışırlar. Hələ ki, tapdıqları bir şey yoxdur. Yenə qəzetdən oxuduğum bir xəbərə görə iki inək dükana girib bir ədəd çay kitabı istəmişdi."
Guya müasir dövrümüzdə belə anormal xarakterli qəzet xəbərlərinə rast gəlmirik? Əlbəttə, gəlirik. Sadəcə Qoqol kimi belə şeyləri ciddiyə alıb əsərə çevirmirik. Yazıçının ustalığı da elə bundadır.
Bir məmurun dilindən sosial problemləri işıqlandırmaq və onu fəqrli şəkildə qələmə alıb oxuculara çatdırmaq, doğrusunu deyim, Qoqoldan bir neçə hekayə orta məktəb illərində oxumuşdum, o zaman mənə anlaşılmaz gəlmişdi. İndi isə fərqlilik üslubu ilə oxucunu təsirləndirməsi, çatdırmaq istədiklərini bənzəri olmayan şəkildə çatdırmasına bir daha heyran qaldım. Əsərin qəhrəmanı Poprişinin xarakterinə gəldikdə onun üçün bir araşdırma etdim və öyrəndim ki, psixoloq, psixiatrların gəldiyi nəticə təsvir olunan qəhrəmanın psixi narahatlığının meqalomaniya (gerçəkdə olduğunun üstündə olmaq) ilə bağlıdır ki, bu da şizofreniyanın paranoid formasında, irəli dərəcədə sifilis iflici və paranoyada görülür.
Belə bir kiçik həcmli povetsin dünyaya səs salması və olduqca çox müzakirə, tənqid, təhlil edilməsi yazıçının qeyri-adi istedad sahibi olmasına şübhə yeri qoymur.
Povestdən hissələr
İtlərə niyə xəmir yedirirlər anlamıram. Bundan daha pis vərdiş ola bilməz. Masa arxasında oturmuş və əllərinə min bir çirk bulaşmış bir cənab anidən islatdığı bir çörək parçasını ovucunda yuvarlayıb top edərək yeməyin üçün səni yanına çağırır. Yeməsən kobudluq olur, yesən, iyrənəcəksən... Yenə də bu iyrənc şeyi yemək məcburiyyətində qalırsan.
***
Ah, bu qadın deyilən hiyləgər, yalançı varlıq! Onları indi daha yaxşı anlaya bilirəm. Bu günə qədər qadınların kimə aşiq ola biləcəklərini kimsə bilmirdi. Bunu ilk anlayan, onları ilk kəşf edən mənəm. Qadınlar əslində şeytana aşiqdir. Əsla zarafat etmirəm. Fiziklər, bioloqlar qadınlar haqqında "Belə, belə bir varlıqlardır." filan deyə sayıqlamalı açıqlama etsələr də, həqiqət budur.
***
Sevgili Fidel, sənə uzun zamandır yaza bilmədiyim üçün məni bağışla! Hisslərim bir fırtınaya çevrildi. Eşqin ikinci bir həyat olduğunu söyləyən yazıçı nə qədər də doğru söyləmiş! Evimizdə elə böyük dəyişikliklər var ki! Bu xüsusi zabit artıq bizi hər gün ziyarətə gəlir. Sofi ona dəlilər kimi aşiqdir. Atası isə buna çox sevinir. Bizim Qriqoriydən eşitdiyim qədəriylə yaxın zamanda toy olacaqmış.
***
"Budur, göydə buludlar topa-topa yığılıb. Budur, uzaqlarda bir ulduzun parıltısı. Meşə Ayla və qaranlıqlaşan ağacları ilə sürətlə arxasından axıb gedir. Mavi sislər dağılaraq ağaclarda yayılır və mən sislər içərisində bir melodiya eşidirəm... Bir yanda dəniz, bir yanda İtaliya! Budur, aşağılardan yoxsul rusların evləri görünməyə başladı. Uzaqlardan yavaş-yavaş görünən bu ev mənim evimdirmi yoxsa? Bəs pəncərənin qarşısında oturan qadın! Anamdırmı yoxsa? Əziz anam, qurtar bu qərib oğlunu! Bir göz yaşı damlası tök və söndür ürəyimdəki yanğını! Bax, nələr çəkdirirlər balana! Məni qoynuna al ana! Ona bu dünyada yer yoxdur artıq! Sənin balanı hər yerdən qovurlar.
Əziz anam, Bu yazıq balana heç bir mərhəmət göstərən yoxdur. Heç olmasa, barı sən mərhəmət et!"