Ejen, ehtimal ki, madam Qorionun saçlarından hörülmüş kül rəngli saç zəncirini buxarının üstündən götürdü. Medalyonun bir tərəfində Anastazi, o biri tərəfində isə Delfina yazılmışdı. Bu, onun qəlbinin nişanəsi idi, bunu həmişə sinəsində gəzdirirdi. Medalyonun içinə qızlarının hələ uşaqlıqda kəsilmiş saçları qoyulmuşdu. Medalyon qocanın sinəsinə toxunan kimi o, dərin bir ah çəkdi; bu, onun xoşhallığına işarə olsa da, görənlər üçün dəhşətli səhnə idi. Bu nalədə sanki insan hisslərinin mənbəyi və sığınacağı olan məchul mərkəzdə gizlənmiş məhəbbətin son sədası duyulurdu. Qorionun əyilmiş, qırışmış üzündə ağrılı sevinc göründü və yenə söndü. Hər iki tələbə hələ də yaşayan böyük bir hissin bu dəhşətli qığılcımından son dərəcə mütəəssir olmuşdu. Onların isti göz yaşları can verən qocanın üzünə düşdü. Qoca fərəhli səslə ucadan qışqırdı:
– Nazi! Fifina!
Byanşon dedi:
– Hələ həyat onu tərk etməmişdir.
Silviya dedi:
– Həyat onun nəyinə gərəkdir?
– İztirab çəkmək üçün, – deyə Rastinyak cavab verdi.
Byanşon Ejenə işarə etdi və diz çöküb qollarını qocanın ayaqları altına uzatdı. Rastinyak da Byanşon kimi çarpayının o biri tərəfində diz çökdü, qollarını xəstənin bel tərəfindən uzatdı. Silviya hazır dayanmışdı ki, qocanı yuxarı qaldıran kimi dərhal köhnə çıxarıb təzəsini döşəsin. Gənclərin göz yaşlarından aldandığı görünən qoca Qorio özünə güc verib qollarını uzatdı və çarpayının hər iki tərəfində tələbələrin başlarına toxunub, həyəcanla onların saçlarından yapışdı. Zəif səslə: “Ah, mənim mələk qızlarım!” – dedi. Ruhu bu bir neçə kəlməni pıçıldadı və bu kəlmələrlə də yox oldu.
Heç bir məqsəd daşımayan bu dəhşətli yalanın son dəfə doğurduğu ən ülvi bir hisslə səslənən bu sözlərdən ürəyi yumşalan Silviya:
– Yazıq, mehriban qoca, – dedi.
Qocanın bu son ahı, heç şübhəsiz, sevinc ahı idi: Qorio atanın ahında onun bütün həyatının mənası səslənirdi: o, yenə aldanmışdı.
Qorionu ehtiyatla çarpayının üstünə uzandırdılar. Bu dəqiqədən sonra onün üzündə artıq həyatla ölüm arasında gedən mübarizə öz əksini tapdı. Beyin artıq öz psixi qabiliyyətindən məhrum , insan varlığının sevinc və kədəri də bundan asılı idi. Bədəndə gedən məsələsi idi.
Byanşon dedi:
– O, bir neçə saat hələ bu vəziyyətdə qala bilər. Hiss olunmadan öləcək, heç xırıldamayacaq. Beyni, görünür, tamamilə zədələnmişdir.
Bu zaman pilləkəndən ayaq səsləri gəldi. Gənc qadının təntiyə-təntiyə nəfəs aldığı duyulurdu. Rastinyak dedi:
– O gecikmişdir.
Ancaq gələn Delfina deyil, qulluqçusu Tereza idi.
– Cənab Rastinyak, baronessa ilə baron arasında atası üçün xahiş etdiyi pul üstündə böyük mübahisə oldu. Baronessa özündən getdi, həkim çağırdılar, qan aldırmaq lazım gəldi. O, hey çığırırdı: “Atam ölür, mən atamla vidalaşmaq istəyirəm”. Onun qışqırıqları lap adamın ürəyini parçalayırdı.
– Kifayətdir, Tereza! Artıq onun gəlməyinin heç bir mənası yoxdur. Cənab Qorio huş .
Tereza dedi:
– Yazıq, mehriban insan! Nə bədbəxtdir!
Silviya:
– Mən artıq sizə lazım deyiləm, – dedi, – gedim nahar hazırlayım, saat beşin yarısıdır.
Silviya otaqdan çıxarkən pilləkənin üst meydançasında qrafinya de Resto ilə qarşılaşdı.
Qrafinya de Restonun gəlişi təsirli və dəhşətli idi. Anastazi yeganə şamın zəif işığı ilə işıqlandırılmış ölüm yatağına baxdı, atasının hələ son dirilik əlamətlərindən məhrum olmayan, lakin artıq maskaya bənzəyən üzünə baxıb hönkürdü. Byanşon həya edib otaqdan çıxdı.
Qrafinya dedi:
– Mən bundan tez gələ bilməzdim.
Ejen razılıq işarəsi ilə məlul-məlul başını əydi. Qrafinya de Resto atasının əlini əlinə alıb öpdü.
– Bağışlayın məni, ata! Siz deyirdiniz ki, mənim səsim sizi qəbrinizdən ayağa qaldıracaq: elə isə bir an üçün bu dünyaya qayıdın, tövbə edən qızınıza xeyir-dua verin. Nə üçün mənim səsimi eşitmirsiniz? Ah, nə dəhşətli bir hal! Yer üzündə sizdən başqa heç kəs yoxdur ki, mənə xeyir-dua versin. Hamı nifrət edir, yalnız siz məni sevirsiniz. Məni də özünüzlə aparın, mən sizi sevəcəyəm, sizə qulluq edəcəyəm. Ah, o, mənim sözlərimi eşitmir, mən dəli oluram.
Anastazi diz çöküb, çılğın nəzərlərlə onun ölən vücuduna baxırdı.
Qrafinya Rastinyaka müraciətlə:
– Mən çox bədbəxtəm, – dedi. – Qraf de Tray qaçmışdır, onun böyük borcları qalıb. Onun mənə xəyanət etdiyini öyrəndim. Ərim məni heç zaman bağışlamayacaq, mən də bütün sərvətimi ona təslim etdim. Bütün xülyalarım məhv oldu! Əfsus! Gör mənə pərəstiş edən bir adama (o, atasına işarə etdi) kimin xatiri üçün xəyanət edirəmmiş! Mən onu tanımaq istəmədim, onu rədd etdim, ona min əzab verdim. Mən nifrətə layiqəm!
Rastinyak:
– O, bunu bilirdi! – dedi.
Birdən Qorio ata gözlərini açdı, lakin bu, ancaq göz qapaqlarının tərpənişi idi. Qrafinya atasına doğru atıldı, lakin bu aldanmış ümidin mənzərəsi, can verən qocanın baxışı kimi dəhşətli bir mənzərə idi. Qrafinya çılğınlıqla:
– O, mənim səsimi eşitməyəcəkmi?
Sonra isə öz-özünə “yox!” deyib, çarpayının yanında oturdu.
Qrafinya de Resto atasının yanında qalmaq arzusunu bildirdi. Ejen bir az çörək yemək üçün aşağı endi. hamısı süfrə başında idi.
Rəssam soruşdu:
– Deyəsən, yuxarıda balaca bir ölümrama hazırlanır, hə?
– Şarl, mənə elə gəlir ki, zarafatlarınız üçün daha az kədərli mövzu tapsaydınız, yaxşı olardı, – deyə Rastinyak cavab verdi.
Rəssam etirazla:
– Belə məlum olur ki, biz burada gülə də bilmərik? – dedi. – Byanşon de qoca huşunu itirib, nə olsun ki?
Muzey məmuru söhbətə qarışaraq:
– Demək, o yaşadığı kimi də öləcək, – dedi.
Birdən qrafinya çığırdı:
– Atam öldü!
Ardı var...