Qadin.NET / O.Balzak "Qorio ata"-49

O.Balzak "Qorio ata"-49

 

O.Balzak "Qorio ata"-49

 

Qoca hələ ağıllı, işıqlı gözlərini son dəfə Ejenə çevirib çığırdı:

– Zorla gətirərsiniz, zorla! Qvardiya tələb edin, ordu tələb edin, zorla gətirin! Hökumətə müraciət edin, prokurora müraciət edin, tələb edin ki, əmr etsinlər, onları mənim yanıma gətizdirsinlər, mən tələb edirəm, mən tələb edirəm!

– Siz ki onlara lənət oxudunuz?

Qoca heyrətlə dedi:

– Sizə kim dedi? Siz ki çox yaxşı bilirsiniz, mən onları sevirəm, pərəstiş edirəm! Onların üzünü görsəm, yenə sağalacağam! Gedin, mənim mehriban qonşum, gedin, mənim əziz balam, gedin, siz yaxşı adamsınız. Mən sizə təşəkkür etmək istərdim, ancaq can verən adamın xeyir-duasından başqa heç nəyim yoxdur. Ah, heç olmasa, Delfinanı görə bilsəydim, xahiş edərdim, sizin mükafatınızı o verərdi! Əgər böyük qızımı gətirmək mümkün olmasa, Delfinanı gətirərsiniz. Deyərsiniz ki, əgər gəlməsə, artıq siz də onu sevməyəcəksiniz. O, sizi çox sevir, o mütləq gələcəkdir! Ah, su, su! Ürəyim od tutub yanır! Başımın altına bir şey qoyun, ah, qızımın qolu başımın altında olsaydı, mən xilas olardım! Pərvərdigara! Mən öləndən sonra onların sərvətini kim qaytaracaq? Mən Odessaya getmək istəyirəm, onların xatiri üçün getmək istəyirəm... Odessaya vermişel hazırlamağa...

Ejen can verən qocanı sağ əli ilə qaldırdı, sol əli ilə ona dərmanlı kasanı verərək:

– İçin, – dedi.

Qoca taqətdən düşmüş əlləriylə Ejenin əlini sıxaraq:

– Bax, siz, – dedi, – siz, yəqin, atanızı və ananızı sevirsiniz! Siz başa düşürsünüzmü ki, mən qızlarımı görmədən ölürəm? Mənim on il daim ürəyim su üçün yanmış, ancaq yenə də su üzü görməmişəm! Kürəkənlərim mənim qızlarımı məhv etdilər. Bəli, onlar ərə gedəndən sonra artıq mən qızlarımdan məhrum oldum. Atalar, alatalardan tələb edin ki, izdivac haqqında qanun nəşr etsinlər! Əgər qızlarınızı sevirsinizsə, ərə verməyin! Kürəkən – qızlarınızın pozan, hər şeyi murdarlayan, çirkaba bulayan əclaf, alçaq deməkdir Yox olsun bütün izdivaclar! İzdivac bizi qızlarımızdan məhrum edir, can verəndə ,

bizi yad etməyə qoymur! Ataların ölumünü qanunlarla qoruyun! Bu, dəhşətli bir şeydir! İntiqam! Onları yanıma buraxmayan mənim kürəkənlərimdir! Öldürün kürəkənləri! Restoya ölüm, elzaslıya ölüm! Mənim qatilim onlardır. Ya sizə ölüm, ya da qızlarımı buraxın gəlsin! Ah, hər şey bitdi! Mən onlarla görüşmədən ölürəm! Hanı onlar? Nazi, Fifina, haradasınız, nə üçün gəlmirsiniz? Atanız can verir...

– Sevimli atam Qorio. Sakit olun, tərpənməyin, həyəcanlanmayın, fikirləşməyin!

– Onlarla görüşməmək mənim üçün ölümdür!

– Siz tezliklə onları görəcəksiniz.

Qoca bihuş halda:

– Doğrudanmı? – dedi. – Ah, onları görə bilsəydim! Mən onları görəcəyəm, onların səsini eşidəcəyəm! Mən xoşbəxt öləcəyəm! Bəli, mən artıq yaşamaq belə istəmirəm, mənim üçün yaşamağın heç bir mənası yoxdur, mənim əzablarım artır. Lakin onları görmək, onların paltarına, ancaq paltarına toxunmaq, axı bu çox cüzi şeydir: onların varlığını, heç olmasa, bir şeydə duymaq! Onların saçlarını mənə verin, saçla...

Qocanın başı yastığın üstünə düşdü. Sanki onu dəyənəklə vurdular. Əlləri yorğanı əlləşdirməyə başladı, sanki, bu əllər qızlarının saçlarını axtarırdı.

O ancaq:

– Mən onlara xeyir-dua verirəm, xeyir-dua verirəm, – deyə bildi və bihuş oldu.

Bu Byanşon gəldi. O dedi:

– Mən bu saat Kristofa rast gəldim, sənin üçün karet tutacaq.

Byanşon xəstəyə baxdı, göz qapaqlarını açdı. Hər iki tələbə ancaq həyatdan məhrum sönük gözlər gördü.

 

Byanşon:

– Məncə, – dedi, – o, bir daha ayılmayacaq.

Byanşon qocanın nəbzini yoxladı, sonra əlini ürəyinin üstünə qoydu.

– Maşın hələ işləyir, lakin onun vəziyyətində bu ancaq bədbəxtlikdir. Ölsəydi, daha yaxşı olardı!

Rastinyak cavab verdi:

– Elədir.

– Sənə nə olmuşdur? Ölü kimi saralmısan.

– Mən bu saat elə nalələr, elə fəğanlar eşitdim ki... Axı göydə Allah var! Bəli, mən Allahın var inanıram; inanıram ki, o, bu dünyanı ya düzəldəcək, ya da er üzündə yaşamağın mənası olmayacaq. Əgər

bu gördüklərim və eşitdiklərim bu qədər faciəli olmasaydı, mən göz yaşları töküb ağlardım; ancaq dəhşət mənim sinəmi də, qəlbimi də zəncirləmişdir.

– Mənə bax, bir az pul lazım olacaq. Haradan tapa bilərik?

Rastinyak saatını ona uzatdı.

– Al, tez girov qoy. Mən bir dəqiqə belə itirməmək üçün yolda ləngimək istəmirəm. Ancaq Kristof gözləməyə məcburam. Mənim bir liarım belə yoxdur, minik pulunu qayıdandan sonra vermək lazım gələcək.

Rastinyak yüyürə-yüyürə pilləkəndən düşdü, karetlə Elder küçəsində qrafinya de Restonun evinə tərəf getdi. Yolda, şahidi olduğu, dəhşətli mənzərədən mütəəssir olan xəyalatının təsiri altında daha da hiddətlənməyə başladı. İçəri girən kimi Ejen qrafinya de Restonu soruşdu, ancaq ona qrafinyanın qəbul etmədiyini söylədilər.

Ejen lakeyə dedi ki:

– Mən qrafinyanın atasının tapşırığı ilə gəlmişəm: o, can verir.

– Cənab, qraf bizə ciddi əmr vermişdir ki...

– Əgər qraf de Resto evdədirsə, ona qayınatasının nə vəziyyətdə olduğunu bildirin və deyin ki, mən bu saat onunla bu barədə danışmalıyam.

Ejen xeyli gözləməyə məcbur oldu. “Kim bilir, bəlkə, bu dəqiqə qoca artıq ölür”, – deyə düşündü.

Nəhayət, lakey onu birinci salona apardı. De Resto qalanmamış buxarının qarşısında dayanıb Ejeni gözləyirdi. Qraf əyləşməyi belə təklif etmədi.

Rastinyak qraf de Restoya müraciətlə dedi:

– Qraf, sizin qayınatanız miskin bir daxmada can verir, onun odun almağa belə pulu yoxdur. O, doğrudan da, ölüm ayağındadır, qızı ilə görüşmək istəyir...

Qraf de Resto quru səslə cavab verdi:

– Cənab de Rastinyak, siz özünüz yaxşı bilirsiniz ki, mənim cənab Qorioya qarşı o qədər də məhəbbətim yoxdur. O, qrafinya de Restonun atası olması vəziyyətindən sui-istifadə etmiş, mənim bədbəxtliyimə səbəb olmuşdur, mən ona istirahətimi pozan bir adam nəzəri ilə baxıram. O ölsə də, sağ qalsa da, mənim üçün heç bir fərqi yoxdur. Mənim ona qarşı bəslədiyim hiss budur. Qoy başqaları məni məzəmmət etsin, mənim üçün başqalarının rəyi heç bir şeydir. Bu saat mən olduqca mühüm işlərimi tamamlamalıyam, axmaq adamların, yaxud mənim üçün heç dərəcəsində olan adamların mənim barəmdə nə düşünəcəklərini fikirləşməyə heç həvəsim yoxdur. Qrafinya de Restoya gəlincə, onun getməyə imkanı yoxdur. Bundan başqa, onun evdən çıxmasını mən arzu etmirəm. Atasına deyərsiniz ki, qrafinya mənə və mənim övladıma aid vəzifəsini yerinə yetirdikdən sonra onu ziyarət edə bilər. Əgər o, atasını sevsəydi, bir neçə saniyədən sonra azad ola bilərdi.

– Qraf, sizin hərəkətinizi mühakimə etmək mənim vəzifəm deyil, lakin mən sizin sədaqətinizə əmin ola bilərəmmi? O halda mənə yalnız bir şey vəd etməlisiniz: siz qrafinyaya deməlisiniz ki, onun atası bir gün belə yaşamayacaq və onu öz yatağının yanında görmədiyinə görə artıq lənət oxumuşdur.

Ejenin sözlərində səslənən hiddət və qəzəb hissinin təsiri altında qraf de Resto:

– Bunu ona özünüz söyləyə bilərsiniz, – deyə cavab verdi.

Rastinyak qrafın müşayiəti ilə qrafinyanın, adətən, vaxtını keçirdiyi salona daxil oldu. Qrafinya kreslonun ölümə məhkum dustaq kimi, ağlar halda salonda əyləşmişdi. Ejenin ona yazığı gəldi. Rastinyakın üzünə baxmazdan əvvəl, qrafinya ərinə doğru cəsarətsiz nəzər saldı: cismani və mənəvi istibdad altında büsbütün taqətdən düşdüyü görünürdü. Qraf başı ilə işarə elədi, qrafinya isə danışmaq üçün icazə verildiyini anladı.

– Mən hamısını eşitdim, cənab Rastinyak. Atama deyərsiniz ki, mənim nə vəziyyətdə olduğumu bilsəydi, məni bağışlardı. Mən belə bir zindan əzabını təsəvvürümə gətirə bilməzdim, – deyə ərinə müraciət etdi. – Bu, mənim qüvvəm xaricindədir, lakin mən son nəfəsimə qədər təslim olmayacağam. Mən anayam!

Sonra üzünü yenə Ejenə doğru çevirərək:

– Atama deyin ki, kənardan başqa cür görünsə də, onun barəsində mən məzəmmətə layiq deyiləm, – deyə ümidsizliklə çığırdı.

Ardı var...

27 noyabr 2015
GO BACK