Qadin.NET / O.Balzak "Qorio ata"-46

O.Balzak "Qorio ata"-46

 

 

Vikontessa sükut etdi. Sonra bir an üçün əli ilə gözlərini örtərək, göz yaşlarını sildi, üzünü soyuq su ilə sərinlətdi və Ejenin qolundan tutdu.

– Gedək! – dedi.

Rastinyak heç vaxt bu qədər şiddətli həyəcan duymamışdı: bu məğrur gizli aləmin ona toxunması qəlbində başqa bir hiss oyatmışdı. Bala qayıtdıqdan sonra, Ejen qol-qola, madam de Boseanla bütün salonu dolaşdı; bu, cazibədar qadının ona göstərdiyi ehtiramın son incə bir əlaməti idi. Bir az sonra Ejen hər iki bacını – baronessa de Nusingeni və qrafinya de Restonu gördü. Qrafinya bütün brilyantlarını göz qabağına çıxarmışdı; o, ehtişamlı görünürdü; lakin bu brilyantlar, ehtimal ki, onun bədənini yandırırdı: qrafinya bunları son dəfə taxırdı. Vüqar və məhəbbəti nə qədər qüvvətli olsa da, ərinin gözləri içinə

baxmağa cəsarət etmirdi. Bu mənzərə, əlbəttə, Rastinyakın kədərli fikirlərini dağıtmaqda aciz idi. Bacıların taxdığı brilyantların arxasında Ejen yoxsul bir yataq görürdü ki, orada Qorio ata can verməkdə idi. Ejenin qəmli görünüşünün mənasını anlamayan vikontessa, qolunu azad edərək:

– Gedin, – dedi, – mən sizi zövqdən məhrum etmək istəmirəm.

Rastinyakı dərhal Delfina öz yanına çağırdı. Delfina müvəffəqiyyət qazanmağına sevinir və çoxdan bəri həsrətini çəkdiyi kübar cəmiyyətində topladığı pərəstişkarlıq izharlarını Ejenin ayaqları altına atmaq arzusu ilə çırpınırdı. Delfina soruşdu:

– Nazi xoşunuza gəlirmi?

– O, hər bir şeyi əllaf bazarına çıxarmışdır, hətta atasının ölümünü belə, – deyə Rastinyak cavab verdi.

Səhər saat dörddə salonlardakı qonaqlar seyrəlməyə başladı. Bir az sonra musiqi səsləri də kəsildi. Böyük salonda yalnız hersoginya de Lanje və Rastinyak oturmuşdular. Vikontessa Ejeni yalqız tapacağı ümidi ilə buraya gəlmişdi. Vikontessa de Boseanla vidalaşarkən əri bir daha ona bu sözləri söyləmişdi:

– Əzizim, siz nahaq yerə bu yaşda guşənişin olmaq fikrinə düşmüsünüz, bizimlə bərabər qalsanız, daha yaxşı olar.

Madam de Bosean hersoginyanı burada gördüyünə heyrət etdi.

Hersoginya de Lanje:

– Klara, – dedi, – ən sizin nə etmək istədiyinizi anladım. Siz yola düşürsünüz və bir daha qayıtmayacaqsınız... Lakin mənim sözlərimə qulaq asmayıncaya qədər və bir-birimizi başa düşməyincəyə qədər siz buradan getməyəcəksiniz.

Hersoginya rəfiqəsinin qolundan tutdu, onu qonşu otağa apardı, gözləri yaşarmış halda onu bərk-bərk qucaqladı, yanağından öpdü.

– Mənim əzizim, sizinlə mən soyuq ayrıla bilmərəm: bu, mənim üçün böyük vicdan əzabı olardı. Siz özünüzə əmin olduğunuz kimi, mənə də əmin ola bilərsiniz. Bu gecə hamı sizin əzəmətinizi gördü, mən ruhən sizə nə qədər yaxın olduğumu duydum, bunu sizə isbat etməyi arzu etdim. Mən sizin qarşınızda müqəssirəm, mən sizinlə bəzən yaxşı rəftar etməmişəm. Məni bağışlayın, əzizim. Sizin ürəyinizi incidə biləcək hər bir şeyi nalayiq hərəkət hesab edirəm, bütün əvvəlki sözlərimi geri götürürəm. Dərdimiz birdir, əzizim, bizim qəlblərimizi birləşdirən də budur, hətta mən müəyyən edə bilmirəm: siz daha çox bədbəxtsiniz, yoxsa mən. Bu gecə general de Monrivo buraya gəlməmişdir, siz bunun nə demək olduğunu anlayırsınızmı? Bu balda sizi görənlər heç zaman sizi unutmayacaqlar. Bəs mənim çarəm nədir? Mən son dəfə təşəbbüs etmək niyyətindəyəm. Uğursuzluq olsa, monastıra gedəcəyəm! Siz hara gedirsiniz?

– Normandiyaya, Kurselə gedirəm, Allah məni bu dünyanın əziyyətlərindən xilas edincəyə qədər sevməyə, ibadət etməyə gedirəm. Vikontessa Ejenin gözlədiyini xatırlayaraq mehriban səslə: – Müsyö de Rastinyak, – dedi, – bura gəlin.

 

O.Balzak "Qorio ata"-46

 

Rastinyak diz üstə çöküb, vikontessanın əlini əlinə aldı və öpdü.

Madam de Bosean:

– Əlvida, Antuanetta, – dedi. – Xoşbəxt olun. Sizə gəlincə, Ejen, siz onsuz da xoşbəxtsiniz: gəncsiniz, hələ bir şeyə inanmağa qadirsiniz. Ölüm ayağında olan bəzi xoşbəxt adamlar kimi, mən də bu fani dünyadan çəkildiyim zaman, ətrafımda səmimi dostlarımın müqəddəs və pak həyəcanlarını duydum.

Rastinyak səhər saat beşdə getdi. Madam de Bosean artıq yol karet əyləşmişdi O, gözləri yaşarmış halda Rastinyakla vidalaşdı. Bu göz yaşları kübar adamların belə hissiyyat qanunlarına tabe olduqlarını sübut edirdi. Bununla belə, bəzi şəxsiyyətlər vardır ki, camaata xoş görünmək üçün bunun əksini isbat etməyə çalışırlar. Ejen soyuq və yağışlı bir gecədə piyada “Vokenin evi”nə qayıtdı. Artıq o, öz təhsilində kamal dərəcəsinə çatmışdı.

Ejen Qorionun otağına daxil olduğu zaman, Byanşon:

– Zavallı Qorionu xilas etmək mümkün deyildir, – dedi.

Ejen yatmış qocaya nəzər saldıqdan sonra:

– Dostum, qulaq as, – dedi. – Arzularını məhdud etdiyin təvazökar məqsədindən ayrılma. Mən isə... cəhənnəm içindəyəm və burada qalmağa məcburam. Kübarlar cəmiyyəti haqqında sənə nə qədər pis söz danışsalar, inan! Qızıl, daş-qaş altında gizlənən bu rəzaləti təsvir etmək üçün Yuvenalın belə qələmi acizdir!

Ertəsi gün, saat ikiyə yaxın Byanşon Ejeni oyatdı. O, işi olduğu üçün getməli idi, xəstənin vəziyyəti isə səhər daha da ağırlaşdığından Ejendən xahiş etdi ki, Qorio atanın yanında qalsın.

Byanşon:

– Qoca ancaq iki gün, bəlkə də, altı saat yaşaya biləcək, – dedi. – Bununla belə, biz xəstəliklə mübarizəni davam etdirməliyik. Çox da ucuz olmayan bir müalicə üsulu tətbiq etməyə ehtiyac var. Əlbəttə, biz qocanın yanında oturub ona qulluq edə bilərik, ancaq şəxsən mənim bir su belə pulum yoxdur. Mən onun bütün ciblərini yoxladım, bütün şkafları əlləşdirdim, heç bir şey tapmadım. Hələ huşu başında olduğu zaman pulu olub-olmadığını özündən soruşdum, dedi ki, bir liarım da yoxdur. Sənin nə qədər pulun var?

– Mənim iyirmi frank pulum qalmışdır, – deyə Rastinyak cavab verdi, – lakin mən bu pulu aparıb qumar oynaya bilərəm, uda biləcəyimə ümidvaram.

– Bəs uduzsan necə?

– O zaman kürəkənlərindən və qızlarından pul tələb edərəm.

– Bəs onlar verməsə? Ancaq bu saat təcili iş pul deyil, bəlkə, ayaqlarına, aşağıdan belinə qədər isti xardal yaxması qoymaqdır. Qoca zarımağa başlasa, onun sakitləşdirmək üçün çarə var. Bunu sən bilirsən. Bir də, Kristof da sənə kömək edər. Mən isə əczaxanaya gedib, alacağımız bütün dərmanların pulunu

verəcəyimə boyun olmaq istəyirəm. Çox təəssüf ki, zavallını bizim xəstəxanaya köçürmək mümkün deyil, yoxsa o, orada özünü daha yaxşı hiss edərdi. Yaxşı, gedək, mən hamısını sənə orada başa salaram, sən də mən gəlincəyə qədər xəstənin yanından ayrılma.

İki cavan qocanın yatdığı otağa daxil oldu. Rastinyak xəstənin ağrının şiddətindən əyilmiş, solğun və sınıxmış üzünü görəndə dəhşətə gəldi.

Yatağa doğru əyilərək:

– Ata, necəsiniz? – deyə soruşdu.

Qorio nuru sönmüş gözlərini qaldırdı və diqqətlə Rastinyaka baxdısa da, onu tanımadı. Tələbə dözə bilmədi, gözləri yaşla doldu.

– Byanşon, pəncərələri pərdələmək lazım deyil ki?

– Yox, lazım deyil, havanın hərarəti artıq ona təsir etmir. Əgər o, soyuğu və istini hiss edə bilsəydi, çox yaxşı olardı. Lakin yenə də peçi qalamaq lazımdır. Həm dərman hazırlamaq, həm də başqa şeylər üçün lazımdır! Mən sənə odun şələsi göndərərəm, yenə odun tapıncaya qədər yandırarıq. Mən dünən də, bu gün də sənin odununu və zavallının otağında tapdığım torfu yandırmışam. Divarlardan su damırdı. Otağı çətinliklə quruda bildim. Kristof otağı süpürdü, yoxsa lap tövləyə oxşayırdı. Mən otağa ardıc tüstüsü buraxdım, yoxsa iylənmişdi. Rastinyak heyrətlə:

– Pərvərdigara, – dedi, – onun qızları...

Byanşon iri ağ bardağa işarə edərək:

– Qulaq as, – dedi, – xəstə su istəsə, bax bu suyu ona içirdərsən. Ağrıdan şikayət etməyə başlasa, bir də qarnı köpmüş və isti olsa, Kristofun köməyi ilə ona... nə qoymaq lazım gəldiyini bilirsən. Əgər birdən həyəcanlanıb çox danışmağa başlarsa, ağlını bir az itirib cəfəngiyat danışsa belə, mane olma, qoy danışsın. Bu, pis əlamət deyil. Ancaq Kristofu yenə də Koşen xəstəxanasına göndərərsən. Bizim həkim mənim yoldaşımdır, ya o, ya da mən gəlib dağlayarıq. Bu səhər sən hələ yat rkən, Qallinin şagirdlərindən birinin, həm də xəstəxanamızdakı baş həkimin və Otel-Dyö baş həkiminin iştirakı ilə böyük konsilium çağırmışdıq. Həkimlər xəstəliyin maraqlı əlamətlərini təyin etdiklərini zənn edirlər. Biz elmi cəhətdən də maraqlı olan bir sıra məsələləri aydınlaşdırmaq üçün xəstəliyin inkişafını izləyəcəyik. Həkimlərdən birinin iddiasına görə, orqanlardan biri üzərində qan təzyiqi başqalarına nisbətən daha şiddətli sə bu, xüsusi hadisələrə səbəb ola bilər. Xəstə danışmağa başlasa, diqqətlə qulaq as, söhbətlərinin hansı dairədə dolaşdığını təyin etməyə çalış. Bax gör bunları doğuran nədir: xatirələrdir , gələcək fikirləri, yaxud bu günə aid mülahizələridir, yoxsa o, hiss, yaxud maddi məsələlərlə maraqlanır, bir şeyin hesabını çəkir, yenə keçmişə qayıdır. Xülasə, sən bizə dəqiq hesabat verməlisən. Əgər qan birdən-birə beyinə vurmuşsa, o, indiki kimi, ağlını itirmiş vəziyyətdə öləcəkdir. Bu cür xəstəliklərdə hər şey xüsusi yyət daşıyır. Bəzən görürsən ki, qan xəstənin boynunun tərəfinə vurur, o zaman qəribə hallar baş verir: beyin qismən işləməyə başlayır, ölüm tədricə olur. Qan beyinə vurmaya da bilər, başqa yollarla da gedə bilər, o zaman bunun istiqamətini ancaq təşrih etdikdən sonra təyin etmək mümkündür. Müalicəedilməzlər

xəstəxanasında ağlını itirmiş bir qoca var, onda qan onurğa sütununa vurmuşdur. Çox dəhşətli ağrılar keçirir, ancaq yaşayır.

Ardı var...

21 noyabr 2015
GO BACK