Qorio ata Ejenlə yalqız qaldıqdan sonra:
– Sabah onlar əylənəcəklər, – dedi, – böyük bir bala gedirlər.
– Ata, siz özünüzü nə üçün belə vəziyyətə gətirdiniz ki, axşam yatağa düşməyə məcbur oldunuz, bu səhər siz nə ilə məşğuldunuz?
– Heç bir şeylə.
– Anastazi gəlmişdimi? – deyə Rastinyak soruşdu.
Qorio cavab verdi:
– Bəli.
– Elə isə məndən heç bir şey gizlətməyin. O, sizdən yenə nə istəyirdi?
Qoca cavab vermək üçün qüvvəsini toplayaraq inildədi.
– Ah! Oğlum, onun nə qədər bədbəxt olduğunu bilsəydin! Bu brilyant əhvalatından sonra Nazinin bir su pulu belə qalmamışdır. Halbuki bala getmək üçün o, özünə paltar sifariş etmişdir. Bu, qızıl tikməli paltardır, özü də, ehtimal ki, ona çox yaraşır. Əclaf dərzi isə borc tikmək istəmədiyindən Nazinin qulluqçusu paltarın hesabına min frank verməyə məcbur olmuşdur. Zavallı Nazi! Bu dərəcəyə çatmaq! Ürəyim lap çatlayırdı. Lakin qulluqçu Restonun artıq Naziyə inanmadığını görüb, pulunun qorxusuna düşmüş və dərzi ilə min frankını geri almayıncaya qədər paltarı verməməyi şərtləşmişdir. Sabah baldır, paltar da hazırdır, amma Nazi müsibət içində! O, mənim çəngəl-bıçaqlarımı borc götürüb lombarda qoymaq istəyirdi. Əri tələb edir ki, Nazi bala getsin və Nazinin, guya, satdığı brilyantları bütün Parisə göstərsin. O, bu dəhşətli insana heç deyə bilərdimi ki: “Mənim min frank borcum var, ödəyin?” Əlbəttə, deyə bilməzdi. Mən bunu başa düşdüm. Delfina bala zəngin paltarda gedəcək. Anastazi isə bu barədə kiçik bacısından geri qala bilməz. Zavallı qızım, o, acı göz yaşı tökürdü. Dünən on iki min frankım olmadığına görə nə qədər utandığımı bilsəydiniz... Mən bu böyük günahımı yumaq üçün bu gərəksiz
həyatımın qalan günlərini ona qurban verərdim. İndi işin nə yerdə olduğunu görürsünüz: mən hər şeyə tab gətirə bilərdim, ancaq sondəfəki pulsuzluğum mənim bütün varlığımı alt-üst elədi. Yo-ox. Mən çox da fikirləşmədim, elə birnəfəsə, qızışıb, kəmərləri və qab-qaşığı altı yüz franka satdım, sonra isə öz ömürlük rentamı Qobsek dayıya dörd yüz franka girov qoydum. Nə eybi var, quru çörək yeyərəm! Cavanlığımda quru çörəklə az dolanmamışam, indi də birtəhər keçinərəm. Bunun əvəzində mənim Nazim öz gecəsini şad-xürrəm keçirər. Onun paltarı hamınınkından qəşəng olacaqdır. Min franklıq kağız yastığımın altındadır. Yazıq Nazini şad edəcək bir şeyin başımın altında olduğunu duyduqca, ürəyim isinir, fərəhlənirəm. İndi o, bu yaramaz Viktorinanı qova bilər. Heç belə şey görünübdür ki, qara aş öz xanımına inanmasın? Sabah mən yaxşı olacağam. Saat onda Nazi yanıma gələcək. Mən qətiyyən istəmirəm ki, onlar mənim xəstə olduğumu bilsinlər, Allah eləməsin, bala getməyib mənə qulluq etməyə başlarlar. Sabah Nazi öz uşağını öpən kimi məni öpəcək, onun nəvazişi məni sağaldacaq. Nə təfavütü var: bu min frank dərmanlara gedəcəkdimi? Mənim dərmanım Nazidir, bu pulu ona verərəm, başına gələn müsibəti unudar. Bu vasitə ilə ona ömürlük qazanc görə öz günahımı yuya bilərəm. Qızım uçurumun dibindədir, mən isə onu oradan çıxarmaq iqtidarında deyiləm. Ah, mən yenə ticarət işlərinə başlayacağam. Taxıl üçün Odessaya gedəcəyəm. Orada buğda bizim yerlərə nisbətən üç dəfə ucuzdur. Doğrudur, taxıl gətirmək qadağan edilib, ancaq qanun tərtib edənlər taxıl məhsulunu qadağan etməyi unudublar. Odur ha! Mən bunu bu səhər başa düşmüşəm. Nişastadan çox pul qazanmaq olar.
Ejen qocaya baxaraq:
“Bu, dəli olmuşdur”, – deyə düşündü.
– Yaxşı, – dedi, – sakit olun, danışmaq sizə ziyandır.
Byanşon qayıdandan sonra Ejen xörək yemək üçün aşağı düşdü. Onlar növbə ilə gecəni xəstənin yanında keçirdilər. Biri tibb kitabları oxuyur, o biri isə anasına və bacılarına məktub yazırdı. O biri günün səhəri, Byanşonun mülahizəsinə görə, xəstənin vəziyyəti yaxşılaşmışdı. Ona daim qulluq etmək lazım gəlirdi ki, bunu da ancaq bu iki tələbə edə bilərdi. O dövrdəki ədəbi dilin bəkarətini pozmamaq üçün bunu təsvir etməkdən vaz keçməyə məcburuq. Qocanın taqətdən düşmüş bədəninə zəli qoyulur, bundan sonra təpitmə, ayaq vannası və cürbəcür müalicə vasitələrindən istifadə olunurdu. Bu isə yalnız iki gəncin fədakarlığı və qüvvəsi sayəsində mümkün idi. Qrafinya de Resto özü gəlməyib, pul adam göndərmişdi.
Qoca:
– Mən onun özünün gələcəyini zənn edirdim. – Sonra isə bu hadisədən məmnun kimi əlavə etdi: – Eybi yoxdur, gəlib pərişan ola bilərdi.
Axşam saat yeddidə Delfina Tereza ilə bir məktub göndərdi:
“Dostum, siz nə ilə məşğulsunuz? Siz məni yenicə sevmisiniz, elə bu tezliklə də etinasızlıq göstərməkmi istəyirsiniz? Bir-birimizlə səmimi söhbətlər edərkən mən sizin safürəkli olduğunuzu anladım; siz, əlbəttə, hissin hər çalarını duyduqdan sonra axıra qədər sədaqətli qalan adamlardansınız. Söylədiyiniz kimi, Musanın duasını* dinlərkən, dediniz ki, “bəziləri üçün bu, eyni avazdır, lakin başqaları üçün intəhasız bir
musiqidir”. Unutmayın ki, bu axşam biz vikontessa de Boseanın balına getməliyik, sizi gözləyəcəyəm. Bu səhər markiz d’A udanın nikah sənədin qəti müəyyən edilmişdir, zavallı vikontessa isə bunu ancaq saat ikidə bilmişdir. Qrev meydanında edam zamanı camaat özünü meydana verdiyi kimi, bu gün də bütün Paris vikontessanın evinə axışacaq. Qadının öz dərdini necə gizlədə biləcəyinə, qəşəng bir əda ilə can verəcəyinə tamaşa etmək üçün getməkdən də böyük bir rəzalət olarmı? Əgər mən onun evinə birinci dəfə getməsəydim, əlbəttə, vaz keçərdim. Ancaq aydın məsələdir: bir daha onun evində qəbul mərasimi olmayacaq; odur ki mənim bu evi ziyarət etmək üçün göstərdiyim cəhdlər mənasız ola bilər. Mənim vəziyyətim başqalarının vəziyyətinə bənzəməz. Bundan başqa, mən ora yalnız özüm üçün deyil, sizin xatiriniz üçün də gedirəm. Sizi gözləyəcəyəm, əgər iki saatdan sonra mənim yanımda olmasanız, bu xəyanəti necə bağışlayacağımı bilmirəm”.
Rastinyak qələmi əlinə alıb bu cavabı yazdı:
“Mən atanızın sağ qalıb-qalmayacağını öyrənmək üçün həkim gözləyirəm. Atanız can verir. Mən sizə həkimin qərarını gətirəcəyəm, ancaq çox qorxuram ki, bu, ölüm qərarı olsun. İndi özünüz fikirləşin: siz bala gedə bilərsinizmi? Sizi məhəbbətlə öpürəm”.
Həkim saat doqquzun yarısında gəldi: onun gəldiyi nəticə mənfi olsa da, o, xəstəliyin mütləq ölümlə nəticələnə biləcəyini güman eləmirdi. Xəstənin vəziyyəti gah yaxşılaşacaq, gah da xarablaşacaqdı. Qocanın həyatını və ağlını itirməməsi də bundan asılı idi. Həkimin son rəyi belə oldu: “Onun tez ölməsi daha yaxşıdır”.
Ejen Qorio atanı Byanşona tapşırıb, madam de Nusingenin yanına getdi. Apardığı xoş xəbər deyildi, hələ qəyyumluq vəzifəsi hissəsindən məhrum olmayan Ejen elə zənn edirdi ki, bu xəbər heç bir sevincə yol verməyəcəkdir. Qorio yatmış kimi görünürdü, lakin Rastinyak otaqdan çıxanda qoca başını qaldırdı və dedi:
– Ona deyərsiniz ki, narahat olmasın, şənlənsin.
Cavan Ejen Delfinanın yanına gəldiyi zaman qəm-qüssə içində idi. Delfina isə artıq özünə təravət vermiş və ayaqqabılarını geymişdi, bal paltarını da geyinib yola düşməyə hazırlaşırdı. Lakin son dəfə yığışmağın lövhəni çəkib qurtaran bir rəssamın son nəqşlərinə bir növ bənzəyişi var: bu son nəqşlər əsas işdən daha çox vaxt lələb edir.
Delfina təəccüblə soruşdu:
– Siz hələ geyinməmisiniz?
– Baronessa, sizin atanız...
Delfina Ejenin sözünü kəsərək:
– Yenə atam! – dedi. – Xahiş edirəm, qızlıq vəzifəmi mənə öyrətməyin Mən atamı çoxdan tanıyıram, Ejen, bu barədə bir kəlmə də danışmayaq! Siz geyinməyincəyə qədər mən sizə qulaq asmayacağam.
Tereza mənzilinizdə hər şeyi sizin üçün hazırlamışdır. Karet hazırdır, gedib tez qayıdarsınız. Atam barəsində yolda danışarıq. Bir az tez yola düşmək lazımdır, yoxsa bala saat on birdən tez çata bilmərik.
– Baronessa...
– Yox, yox, bir kəlmə də olmaz, tez gedin...
Delfina bu sözləri söylər-söyləməz, boyunbağısını taxmaq üçün buduara qaçdı.
Tereza isə kübar ata qatilinin hərəkətlərinə mat qalan Ejeni otaqdan çıxara-çıxara:
– Cənab Ejen, – dedi, – tez olun, baronessanı hirsləndirərsiniz.
Rastinyak kədər-qüssə içində geyinmək üçün yola düşdü. Onun nəzərində kübarlar cəmiyyəti çirkab dəryasına bənzəyirdi: ayağının ucunu bu çirkaba basar-basmaz, adam boğaza qədər ora qərq olur. Ejen öz-özünə deyirdi: “Bu cəmiyyətin bütün cinayətləri xırdadır. Votren daha əzəmətli görünür”.
Ardı var...