Qadin.NET / O.Balzak "Qorio ata"-43

O.Balzak "Qorio ata"-43

 

 

Ejen heyrət içində idi. Madam de Nusingen dedi:

– Biçarə Anastazi həmişə əsəbi olmuşdur, ancaq ürəyi çox yumşaqdır.

Ejen Delfinanın qulağına pıçıldadı:

– O, etimad imzasını almaq üçün geri qayıtmışdı.

– Siz eləmi güman edirsiniz?

Ejen:

– Belə güman etmək istəməzdim, ancaq belədir. Hər halda, onunla ehtiyatlı olmaq gərək, – deyə cavab verdi və gözlərini göylərə doğru qaldırıb, ucadan deməyə cəsarət edə bilmədiyi fikirləri Allaha tapşırdı.

– Doğrudur, onda həmişə bir az aktyorluq hiss olunurdu, zavallı atam isə onun hər saxtakarlığına aldanır.

Ejen qocadan soruşdu:

– Sevimli cənab Qorio, özünüzü necə hiss edirsiniz?

Qorio cavab verdi:

– Mən yatmaq istəyirəm.

Rastinyak Qorioya kömək edərək, yatağına uzandırdı. Qoca, qızının əlindən tutmuş halda yuxuya getdikdən sonra Delfina əlini azad etdi və Ejenə dedi:

– Axşam italyan operasında görüşərik. Sən onun vəziyyətini mənə söylərsən. Sabah isə cənab, yeni mənzilə köçürsünüzmü? Otağınıza bir baxaq... – Delfina içəri girər-girməz: – Nə dəhşətli otaqdır! – dedi. – Sizin otağınız atamın otağından da pisdir. Ejen, sən özünü çox yaxşı apardın. Əgər mümkün olsaydı, mən səni daha çox sevərdim. Lakin əziz uşaqcığaz, sən sərvət qazanmaq niyyətindəsənsə, on iki min

frankı belə asanlıqla bayıra atmaq yaramaz. Qraf de Tray qumarbazdır. Bacım bunu nəzərə almaq istəmir. De Tray bu on iki min frankı yığın-yığın qızıl uduzduğu və udduğu qumarxanada tapa bilərdi.

Qorio inildəyirdi. Ejen Delfina ilə geri qayıtdı O, yatmış görünsə də, bu iki aşiq içəri daxil olanda bu sözləri eşitdilər:

– Onlar bədbəxtdirlər!

Kim bilir, yatmışdı, ya oyaqdı, lakin bu sözlər Delfinanı dərindən mütəəssir etdi, atasının uzandığı miskin çarpayıya yaxınlaşıb, alnından öpdü. Qorio ata gözlərini açdı:

– Delfina, sənsənmi?

Qızı soruşdu:

– Özünüzü necə hiss edirsiniz?

– Yaxşıyam, narahat olma, bir az sonra çıxacağam. Siz də gedin, balalarım, xoşbəxt olun.

Ejen Delfinanı evinə qədər ötürdü, lakin Qorio atanın vəziyyəti üçün narahat olduğuna görə nahar etməyə qalmayıb, yenə “Voke evinə” qayıtdı. Artıq Qorio yatağından durmuşdu, süfrə başında əyləşmək niyyətində idi. Byanşon münasib bir yerdə oturub vermişel fabrikantının hərəkətlərinə baxmaq istəyirdi. Qorio bir parça çörək götürüb, nə unundan bişirildiyini yoxlamaq məqsədi ilə iylədiyi zaman, tibb institutu tələbəsi qocanın bu hərəkətində nə etdiyini qətiyyən başa düşməyən bir insanın hərəkətini sezərək qaşlarını çatdı.

Ejen Byanşona dedi:

– Bir az mənə yaxın əyləş, Koşen pansioneri!

Byanşon məmnuniyyətlə yerini dəyişdi, qocanın yaxınlığında oturdu. Rastinyak soruşdu:

– Ona nə olmuşdur?

– Yanılmıramsa, onun işi bitib! Onda qəribə hallar görürəm, iflicə oxşayır. Üzünün aşağı hissəsi çox sakit görünür, üst hissəsi isə özündən asılı olmayaraq yuxarıya çəkilir, görürsənmi? Bir də onun gözlərinə diqqət elə: beyinə qan sızanda gözlər bu hala düşür. Elə bil gözlərinə nazik pərdə çəkilib. Səhər onun səhhəti aydınlaşar.

– Belə xəstəliklərin dərmanı varmı?

– Heç bir dərman yoxdur. Əgər ayaqlarının keyliyi keçsə, bəlkə də, ölümünü bir az təxirə salmaq olar. Lakin sabah axşama qədər indiki əlamətlər yox olmasa, biçarə qocanın öləcəyinə şübhə yoxdur. Onun xəstələnməsinə səbəb nədir, bilmirsən? Mənəviyyatına dərin təsir edən sarsıntı keçirmişdir.

Rastinyak hər iki qadının ata qəlbinə aramsız zərbələr vurduğunu xatırlayaraq:

– Elədir, – dedi.

“Delfina, hər halda, atasını sevir”, – deyə düşündü.

Axşam italyan operasında madam de Nusingeni çox da təşvişə salmamaq üçün, Ejen ehtiyatla Qorio atadan danışmağa başladı. Lakin Rastinyak sözə başlar-başlamaz Delfina dedi ki:

– Narahat olmayın, mənim atam möhkəm adamdır. Lakin bu səhər biz onu bir qədər incitdik. Məsələ bizim sərvətimizdədir. Belə müsibətin nəticələrini təsəvvürünüzə gətirə bilərsinizmi? Sizin məhəbbətiniz məni hər şeyə laqeyd nəzərlə baxmağa vadar etməsəydi, mən yaşaya bilməzdim. Əvvəllər bu cür şeylər məndə dəhşət və əzab oyadardı. Bu saat mənim üçün məhəbbəti itirməkdən başqa bir qorxu, başqa bir müsibət ola bilməz. Həyatın sevinclərini mənə duyduran ancaq məhəbbət olmuşdur. Bu hiss xaricindəki şeylər məni maraqlandırmır, heç bir şey mənə həzz vermir. Mənim üçün siz hər şeysiniz. Əgər sərvət mənə həzz verirsə, buna səbəb ancaq bu sərvət sayəsində sizə daha xoş görünməyimdir. Söyləməyə həya edirəm, ancaq etiraf etməliyəm ki, mən ata üçün qız olmaqdan artıq, sizə məşuqəyəm... Buna səbəb nədir? Özüm də bilmirəm. Bütün varlığım, bütün həyatım sizə bağlıdır. Bu qəlbi mənə atam verdi, lakin siz onu döyündürdünüz! Qoy bütün kübarlar aləmi məni məzəmmət etsin! Lakin siz məndən narazı olmağa əsasınız olmadığı kimi dəruni bir hisslə işlətdiyim günahlarımı bağışlayırsınızsa, mənim bu aləmlə nə işim var! Siz mənim atama qarşı rəhmsiz olduğumu söyləyə bilərsinizmi? Yox, yox, bizim atamız kimi bir atanı sevməmək mümkün deyildir. Lakin mən bizim kədərli izdivaclarımızın zəruri nəticələrini, nəhayət, onun da görməsinə mane ola bilərdimmi? Nə üçün o, vaxtilə bizim bu izdivaclarımıza mane olmadı? Məgər bizim taleyimizi düşünmək onun vəzifəsi deyildimi? Mən yaxşı bilirəm: bu gün o, Nazidən, yaxud məndən az iztirab çəkmir. Lakin bizim çarəmiz nədir? Biz nə etməliyik? Ona təsəlli verməkmi? Bizim təsəllimiz ona qətiyyən kar etməz. Bizim itaətkarlığımız məzəmmət və şikayətlərimizdən onu daha çox məyus edərdi. İnsan həyatında elə vəziyyətlər vardır ki, başdan-başa aclıqla, iztirabla doludur.

Ejen bu səmimi hissin sadə izharını məmnuniyyətlə dinləyərək, sükut edirdi. Paris xanımları, , saxtakar, şöhrət düşkünü, xudbin, işvəkar, soyuq olar, lakin onlar əsl məhəbbətlə sevdikləri zaman bütün varlıqlarını bu ehtiras yolunda qoyarlar, məhəbbətdə heç bir qadın onlar qədər fədakarlıq göstərməz. Sevən Paris xanımları öz xırda hisslərinə üstün gələrək ruhən yüksəlirlər. Bundan başqa, Ejen Delfinanın qadınlara xas olan sağlam, dərin zəkasına heyrət edirdi. Delfina sakit şəkildə sadə və təbii hisslərdən bəhs edir, sanki, böyük bir ehtiras hissi ilə özünü bunlardan təcrid edərək, hər şeyə kənardan göz qoyurdu.

 

O.Balzak "Qorio ata"-43

 

 

Madam de Nusingen Ejenin sükutundan incidi.

– Siz nə fikirləşirsiniz? – deyə soruşdu.

– Mən hələ sizin dediklərinizə qulaq asıram. İndiyə qələr elə zənn edirdim ki, mən sizi sizin məni sevdiyinizdən daha çox sevirəm.

Delfina gülümsədi, lakin söhbəti şəraitin tələb etdiyi dairədən kənara çıxarmaq üçün sevincini gizlətdi. O, əvvəllər səmimi gənclik məhəbbətinin çırpıntılarını və etirafını heç zaman eşitməmişdi. Bir az da belə davam edərsə, o artıq özünü idarə edə bilməyəcəkdi. Söhbətin mövzusunu dəyişərək:

– Ejen, – dedi, – kübar məclislərində nələr olduğunu bilmirsiniz? Sabah bütün Paris ikontessa de Boseanın balında olacaq. Markiz d’A uda ilə Roşfid hələ məsələni yaymamağa qərar vermişlər. Lakin sabah kral nikahı təsdiq edəcək, sizin zavallı əminiz qızı isə hələ hər bir şeydən xəbərsizdir. Vikontessa balı ləğv edə bilməyəcəkdir. Halbuki markiz balda iştirak etməyəcək. Bütün Paris yalnız bu hadisədən danışır.

– Bəli, kübarlar dünyası bu alçaq xəyanətə sevinir, onda iştirak edir. Madam de Boseanı bu hadisə öldürə biləcəyini başa düşürsünüzmü?

Delfina gülümsəyərək:

– Yox, – deyə cavab verdi. – Siz bu cins qadınları tanımırsınız. Bəli, sabah bütün Paris ikontessanın balına , mən də orada iştirak edəcəyəm. Bu səadəti siz mənə verdiniz.

Rastinyak:

– Bəlkə, bu da Parisin adi və mənasız dedi-qodularından biridir? – dedi.

– Sabah həqiqət məlum olar.

Ejen “Vokenin evi”nə qayıtmadı. O, yeni mənzilindən ayrılmaq istəmirdi. Bir gün əvvəl o, Delfinadan gecə saat birdə ayrılmağa məcbur olmuşdu, bu dəfə isə Delfina ancaq saat ikidə getdi. Ertəsi gün Ejen yatağından gec durub, günortaya kimi Delfinanı gözlədi. Delfina səhər naharına gəldi. İki gənc xoşbəxtliyin bu gözəl nəşələrinə o qədər aludə olmuşdu ki, Rastinyak Qorio atanı belə unutmuş kimi görünürdü. O, otağındakı zərif şeylərə öyrəşməkdən dərin həzz alırdı. Burada hər şey Delfinanın burada olması ilə zinətlənirdi. Bununla belə, iki məşuq saat dördə yaxın, nəhayət, Qorio atanın da barəsində fikirləşərək, onun yeni mənzilə köçmək ümidindən nə qədər bəxtiyar olduğunu xatırladılar. Ejen qocanın doğrudan xəstələndiyini nəzərə alaraq, tezliklə buraya göçürülməsini məsləhət gördü. Delfinadan ayrıldıqdan sonra tez “Vokenin evi”nə qaçdı. Nə Byanşonu, nə Qorio atanı süfrə başında gör .

Rəssam dedi ki:

– Bəli, sizin Qorio atanın işi fırıqdır, Byanşon bu saat onun yanındadır. Qoca, qızlarından biri – qrafinya de Restorama ilə görüşdükdən sonra evdən çıxmaq istəmiş, birdən özünü pis hiss etmişdir. Çox çəkməz ki, məclisimiz özünün yaraşıqlarından birini itirər.

Rastinyak tez yuxarı qalxdı. Silviya onun ınca bağıraraq:

– Ey! Cənab Ejen! – dedi. – Cənab Ejen, sahibə xanım sizi yanına çağırır!

Madam Voke Ejenə ərz etdi ki:

– Cənab Ejen, siz və cənab Qorio fevralın on beşində buradan çıxmalı idiniz. Halbuki bu gün ayın on səkkizidir, vaxtından üç gün keçmişdir. Ona görə siz də, cənab Qorio da mənə bütün ayın kirayəsini verməlisiniz. Ancaq siz Qorio atanın zaminl yini öhdənizə götürsəniz, mənim üçün sizin bir sözünüz kifayətdir.

– Necə? Siz ona inanmırsınız?

– İnanmaq? Ona! Axı bu qoca ayılmasa, öləcək, onda qızları mənə bir liar belə verməyəcəklər, onun şeylərinin qiyməti isə on frankdan artıq eləməz. Nədənsə, o, bu səhər son süfrə qab-qaşığını da haraya apardı. Lap cavan oğlan kimi bəzənmişdi. Allah məni bağışlasın, ancaq mənə elə gəlir ki, o, üzünü boyamışdı da, lap cavan görünürdü.

Ejen dəhşətindən diksindi və fəlakət baş verəcəyini duyaraq:

– Hər şeyin məsuliyyəti mənim öhdəmə! – dedi.

Ejen Qorio atanın otağına qalxdı. Qoca yataqda taqətsiz uzanmışdı. Byanşon onun yanında idi.

Qoca mehribanca gülümsədi və şüşə kimi donuq gözlərini Ejenə doğru çevirərək:

– Onun kefi necədir? – deyə soruşdu.

– Yaxşıdır! Siz necəsiniz?

– Elə-belə.

Byanşon Ejeni bir tərəfə çəkərək:

– Onu yorma, – dedi.

Ejen soruşdu:

– Halı necədir?

– Onun sağalması möcüzə olar. Beyninə qan sızıb. Bədəninə xardal yaxması qoymuşuq. Xoşbəxtlikdən, hiss edir, xardal təsirini göstərir.

– Onu başqa yerə köçürmək olarmı?

– Qətiyyən, burada saxlamağa məcburuq. Heç bir hərəkət, heç bir həyəcan yaramaz.

Ejen dedi:

– Sevimli Byanşon, biz ikimiz ona qulluq edəcəyik.

– Mən xəstəxanamızın baş həkimini çağırmışam.

– Nə deyir?

– O, sabah axşam öz rəyini söyləyəcək. Gündüz xəstələrin qəbulundan sonra gələcəyini vəd etmişdir. Təəssüf ki, qoca bu gün səhər nə isə bir mənasız oyun çıxarmışdır, ancaq neylədiyini danışmaq istəmir, lap keçi kimi tərsdir. Mən onu danışdırmaq istəyəndə cavab verməmək üçün özünü yalandan yuxuya verir, eşitməzliyə vurur, gözləri açıq qalanda isə ufuldamağa başlayır. Bu səhər evdən çıxıb, pay-piyada

Parisin küçələrini dolaşmışdır. Son qiymətli şeylərini götürüb hara isə aparmış, sarsaq bir alış-veriş etmişdir, son qüvvəsini də buna sərf etmişdir. Qızlarından biri yanına gəlmişdi.

Ejen soruşdu:

– Qrafinyamı? Ucaboylu, yaraşıqlı, qaraşın xanımdır, canlı, gözəl gözləri, çox qəşəng ayaqları var?

– Bəli, odur ki var.

Rastinyak dedi:

– Bizi bir dəqiqəliyə yalqız burax, mən onu danışdıraram, məndən heç bir şey gizlətməz.

– Mən də gedim nahar edim. Ancaq çalış onu həyəcanlandırmayasan. Hələ bir az ümid var.

– Əmin ola bilərsən.

Ardı var...

15 noyabr 2015
GO BACK