Qadin.NET / O.Balzak "Qorio ata"-42

O.Balzak "Qorio ata"-42

 

O.Balzak "Qorio ata"-42

 

Anastazi bu sözləri Qorionun qulağına pıçıldadı. Qoca dik atıldı. Qrafinya sözünə davam edərək dedi:

– Brilyantlar üçün yüz min vermədilər. Maksim yenə də məhkəmə qorxusu altındadır. Biz hələ on iki min frank da verməliyik. Maksim mənə ağıllanacağını, qumarı buraxacağını vəd etmişdir. Onun məhəbbətindən başqa mənim heç bir şeyim qalmamışdır; mən bu məhəbbəti çox baha qiymətə satın almışam; bu məhəbbət əldən çıxarsa, artıq mənim ölən günümdür. Mən bu məhəbbət yolunda hər şeyimi fəda etdim: namus, şərəf, sərvət, istirahət, uşaqlar, hər şey məhv oldu. Amandır, yalvarıram, heç olmasa, onun azadlığını, namuslu adını özünə qaytarın, cəmiyyət xaricində qalmasın, o, yenə özünə bir mövqe qazana bilər. Bu gün o yalnız öz fərdi səadəti üçün məsul deyildir, unutmayın ki, bizim balalarımız var, onlar hər şeydən məhrum ola bilərlər. Onu Sent-Pelaji1 həbsxanasına salsalar, artıq hər şey məhv olacaq.

– Mənim pulum yoxdur, Nazi. Artıq heç bir şeyim yoxdur, heç bir şeyim! Dünyanın axırıdır, qızım. Artıq qiyamət günüdür, vaveyladır, qızım! Qaçın, xilas olun, qızlarım! Bəli! Mənim hələ gümüşüm durur, altı

ədəd süfrə qab-qaşığım var! Bunlar mənim ilk aldığım şeylər idi! Daha nəyim var?.. Ancaq min iki yüz franklıq ömürlük rentam.

– Bəs siz daimi faiz kağızlarınızı nə etdiniz?

– Mən onu satdım, ehtiyac üçün yalnız balaca bir mədaxil saxladım. Fifina üçün mənzil tməyə on iki min frank lazım oldu.

Madam de Resto heyrətlə bacısından soruşdu.

– Necə, Delfina? Sənin öz evində?

Qorio ata dedi:

– Nə fərqi var! On iki min frank artıq xərclənmişdir.

Qrafinya:

– Başa düşürəm, – dedi. – Cənab Rastinyak üçün misiniz! Zavallı Delfina, sən nə edirsən? Mənim başıma gələn müsibətləri görmürsənmi?

– Əzizim, cənab Rastinyak öz məşuqələrini qarət edən gənclərdən deyil.

– Sağ ol, Delfina, mənim bu ağır vəziyyətimdə səndən bundan artıq şey gözləmirdim. Lakin sən məni heç vaxt sevməmisən.

Qorio ata ucadan dedi:

– Yox, Nazi, yox, o, səni çox sevir. O, bunu mənə bu saat söylədi. Biz sənin söhbətini edirdik; hələ o deyirdi ki, sən, həqiqətən, gözəlsən, o isə ancaq xoşagəlimlidir.

Qrafinya:

– Sənin gəzəlliyin ruhsuz gözəllikdir, – dedi.

Delfina qızardı:

– Qoy sən deyən olsun. Bəs sənin mənə münasibətin necə olmuşdur? Sən məndən üz döndərdin, mənim getmək istədiyim bütün evlərin qapılarını bağlatdırdın, mənə ziyan vurmaq üçün heç bir fürsəti əldən vermədin! Məgər mən bura sənin kimi atamın var-yoxunu çəkib aparmağa gəlirdim? Məgər onu bu vəziyyətə salan mən oldum? Bu, sənin əməlindir, bacı. Mən imkan düşdükcə atamla görüşərdim, onu öz evimdən qovmazdım. Ehtiyacım olanda gəlib əllərini yalamazdım. Hətta bu on iki min frankın mənim üçün sərf edildiyindən xəbərim yoxdur. Sən özün yaxşı bilirsən ki, pul məsələsində mənim qanun-qaydam var. Əgər atam mənə hədiyyə vermək istəyibsə, bil ki, mən heç vaxt ondan bunu xahiş etməmişəm.

– Sən məndən xoşbəxt oldun: cənab de Marse zəngindir və bu barədə sənin bir az məlumatın var. Sən həmişə qızıl kimi mənfur olmusan. Əlvida, mənim artıq nə bacım var, nə də...

Qorio ata çığıraraq:

– Sus, Nazi! – dedi.

Delfina cavab verdi:

– Heç kəsin inanmadığı şayiələri yalnız sənin kimi bacılar təkrar edə bilər. Sən eybəcər insansan!

– Balalarım, əziz balalarım, bəsdir, amandır, bəsdir, yoxsa bu saat sizin qabağınızda özümü öldürərəm.

Delfina deyirdi:

– Yaxşı. Nazi, sən bədbəxtsən, mən səni bağışlayıram. Lakin mən yenə də səndən yaxşıyam. Mən sənə kömək üçün hər şeyə hazır idim. Hətta ərimin yataq otağına belə getmək fikrində idim, halbuki mən bunu nə öz xatirim üçün, nə də... etməzdim... Amma sən belə bir dəqiqədə mənə elə sözlər dedin ki... Son il ərzində mənə elədiyin pisliklərdən sənin bu hərəkətin geri qalmaz.

Qoca yalvarırdı:

– Balalarım, qucaqlaşın, barışın, balalarım! Siz ikiniz də mənim mələk qızlarımsınız.

Qrafinyanın əlindən tutan Qorionu qrafinya kənar edərək:

– Yox, – dedi, – mənə toxunmayın! O, mənim ərimdən də rəhmsizdir. Güman etmək olar ki, bu qadın xeyirxahlıq timsalıdır!

– Qoy mənim haqqımda desinlər ki, mən cənab de Marseyə borclu qalıram, nəinki cənab de Trayın ənə yüz min franka etiraf edim.

Madam de Nusingenin bu cavabı qrafinyanı daha da hiddətləndirdi. Bacısına tərəf hücum edərək:

– Delfina! – deyə çığırdı.

Baronessa soyuq səslə:

– Mən sənə iftiranın əvəzində həqiqəti söyləyirəm, – dedi.

– Delfina, sən...

Qorio ata qrafinyaya tərəf atıldı, əli ilə onun ağzını yumaraq, sözünü deməyə qoymadı.

Anastazi soruşdu:

– Ata, siz bu gün əlinizi nəyə vurmusunuz?

Zavallı ata üzr istəyərək:

– Doğru deyirsən, təqsirkaram, – dedi və əllərini şalvarına sürtdü. – Axı mən köçürəm, mən bilmirdim siz gələcəksiniz.

Qoca, qızının qəzəbini özünə tərəf yönəltdiyindən məmnun görünürdü. Oturaraq:

– Ah, – dedi, – siz mənim ürəyimi parçaladınız. Mən artıq ölürəm, balalarım. Başım od tutub yanır. Mehriban olun, bir-birinizlə yaxşı rəftar edin, bir-birinizi sevin! Siz məni öldürəcəksiniz. Nazi, Delfina, siz ikiniz də həm haqlısınız, həm də haqsızsınız. – Qorio ata yaşarmış gözlərini baronessaya doğru qaldıraraq: – Mənə bax, Dedel, – dedi, – ona on iki min frank lazımdır, gəl bu pulu axtarıb tapaq. Bir-birinizə əc baxmayın.

Qorio Delfinanın qarşısında diz çökdü. Qulağına pıçıldadı:

– Mənim xatirim üçün ondan üzr istə. Axı o daha çox bədbəxtdir. Yalvarıram.

Delfina iztirabın şiddətindən atasının üzündə sezdiyi vəhşi və divanə ifadədən təlaşa düşərək:

– Mənim yazıq Nazi bacım, – dedi, – mən sənə qarşı haqsızlıq etdim, öp məni...

Qorio ata çığırdı:

– Ah, siz mənim yarama məlhəm qoyursunuz. Ancaq bu on iki min frankı mən haradan tapım? Bəlkə, bir başqasının əvəzinə əsgərliyə getsəm...

Bacılar atalarını qucaqlayıb, bir səslə çığırdılar:

– Ata, sən nə danışırsan, ata? Heç belə şey olar?

Delfina:

– Sizin mükafatınızı Allah versin, ata, elə bu niyyət üçün biz sizə ömür boyu dua etməliyik. Elə deyilmi, Nazi?

Qrafinya dedi:

– Bundan başqa, ata, bu, dəryada bir damla mislində olardı.

 

Qoca ümidsizliklə:

– Demək, mən öz qanımın bahasına də kömək etmək iqtidarında deyiləm? – dedi. – Səni xilas edən adama mən qul olardım, Nazi! Mən onun yolunda adam belə öldürərdim... Votren kimi katorqaya gedərdim. Mən... – O, birdən, ildırım vurmuş kimi duruxdu. Saçlarını yolaraq: – Daha heç bir şeyim qalmadı! – dedi. – Ah, haradan oğurlamaq mümkün olduğunu bilsəydim... Heyif ki, belə bir yer tapmaq mümkün deyil... Bankı yarmaq üçün adam lazım, vaxt lazım... Görünür, mənim ölüm məqamım yetişib: daha başqa çarəm qalmadı. Mən artıq heç bir şeyə yaramıram, mən artıq ata belə deyiləm. Yox! Qızım ehtiyac içində, o, məndən xahiş edir, amma mən... Mənim heç bir şeyim yoxdur. Ah, qoca əclaf, avara qoca, sənin iki qızın var, amma sən özün üçün ömürlük renta düzəltmisən! Demək, sən onları sevmirsən? Öl, it kimi gəbər! Mən itdən də betərəm, it daha yaxşı rəftar edərdi! Ah, başım çatlayır! Od içində yanır!

Qadınlar, qoca öz başını divara çırpmasın deyə, onun qollarından tutub qucaqladılar:

– Ata, bəsdir. Özünüzü ələ alın!

Qorio hıçqıra-hıçqıra ağlayırdı. Bütün bu hadisədən dəhşətə gələn Ejen, Votrenə verdiyi vekseli götürdü. Vekselin möhürü böyük məbləğ üçün də yarayırdı. Ejen rəqəmi dəyişdi, Qorionun adına on iki min franklıq bir veksel düzəltdi və içəri daxil oldu.

Vekseli qrafinyaya uzadaraq:

– Madam, – dedi, – istədiyiniz məbləği ala bilərsiniz. Mən yatmışdım, sizin söhbətinizdən oyandım, bunun sayəsində cənab Qorioya nə qədər pul borclu olduğumu aydınlaşdırdım. Bu vekseli alıb qeyd etdirə bilərsiniz, mən öz vaxtında ödəyərəm.

Qrafinya, əlində veksel, hərəkətsiz dayanmışdı. Hiddətindən, həyəcanından, hirsindən bədəni titrəyə-titrəyə, üzü sapsarı saralmış halda:

– Delfina, – dedi, – Allah şahiddir ki, mən sənə çox şeyləri bağışlamışam, ancaq bunu səndən gözləməzdim!.. Cənab de Rastinyak qonşu otaqda imiş, sən bunu bilirdin! Sən nə qədər alçaq qadınsan ki, məndən belə dəhşətli bir intiqam alırsan, mənim sirlərimi, mənim həyatımı, uşaqlarımın taleyini, abrımı, namusumu buna satmağa məcbur etdin! Yadında saxla, artıq sən mənim üçün heç şeysən, mən sənə nifrət edirəm, mən də səndən intiqam alacağam... mən...

Anastazi hiddətindən danışa bilmirdi, boğazı qurumuşdu.

Qorio ata dedi:

– Qızım, bu da mənim öz oğlumdur, sənin qardaşındır, sənin xilaskarındır! Nazi, qızım, qucaqla onu! Görmürsənmi, mən onu ata kimi qucaqlayıram. – Qoca çılğıncasına Ejeni bağrına basıb sıxırdı. – Ah, mənim balam! Mən sənin üçün atadan da artıq olacağam. Mən sənə ailəni əvəz edəcəyəm. Bütün dünyanı sənin ayaqların altına atmaq üçün mən Allah olmaq istərdim. Nazi, nə üçün onu öpmürsən, Nazi? Bu, insan deyil,mələkdir, göylər mələyidir.

Delfina:

– Ata, – dedi, – onu sakit burax. Bu saat onun ağlı başında deyildir.

Qrafinya dedi:

– Mənim ağlım başımda deyil! Mən ağlımı itirmişəm? Bəs sən kimsən, sən nəsən?

Qorio ata:

– Balalarım, susmasanız, mən öləcəyəm, – dedi və güllə dəymiş kimi çarpayının üstünə yıxıldı. Qoca ancaq bunu pıçıldaya bildi:

– Onlar məni öldürdülər!

Qrafinya Ejenin üzünə baxdı. O, gördüyü bu səhnədən mütəəssir olaraq, mat-məətəl, yerində dayanmışdı.

Delfina cəld atasının jiletini açdı. Qrafinya atasına belə əhəmiyyət vermədən, üzünün ifadəsi, baxışı, səsinin ahəngi ilə bir şey soruşurmuş kimi yalnız:

– Cənab Rastinyak... – deyə bildi.

Rastinyak sualı gözləmədən:

– Qrafinya, – dedi, – mən borcumu vaxtında verəcəyəm və susacağam.

Delfina çarpayının üstə bihuş düşmüş qocanı göstərərək, məzəmmətlə bacısına:

– Nazi, – dedi, – sən atamızı öldürdün.

Ancaq qrafinya buna əhəmiyyət vermədi, cəld otaqdan çıxdı.

Qoca, gözlərini açaraq:

– Mən onu əfv edirəm, – dedi. – vəziyyəti çox ağırdır, hər kəs başını itirə bilər. Naziyə təsəlli ver, onunla mehriban ol, bunu can verən atana vəd et.

Qoca Delfinanın əlini sıxaraq yalvarırdı.

Delfina qorxmuş halda:

– Ata, sizə nə olmuşdur?

– Heç bir şey, qızım, keçər. Başımı nə isə sıxır, baş ağrısıdır. Görəsən, zavallı Nazinin gələcəyi necə olacaq?

Bu qrafinya geri qayıtdı və atasının ayaqları altına düşdü.

– Məni bağışla, ata, – dedi.

Atası:

– Sən bu sözlərlə ürəyimi daha da parçalayırsan, – deyə bildi.

Qrafinyanın gözləri yaşarmışdı. Üzünü Rastinyaka tutub:

– Cənab Rastinyak, – dedi, – dərdimin şiddətindən mən sizə qarşı haqsızlıq etdim. – Əlini Ejenə doğru uzatdı. – Mənim qardaşım olarsınızmı?

Delfina da bacısını qucaqlayaraq:

– Nazi, mənim mehriban bacım, hər şeyi yaddan çıxaraq, – dedi.

– Yox, mən heç nəyi yaddan çıxarmayacağam.

Qorio ata:

– Mənim mələk qızlarım, – dedi, – gözlərimə pərdə çökmüşdü, indi yenə gözlərim açıldı, səsiniz məni yenidən dünyaya gətirdi. Bir də öpüşün, qızlarım. Nazi, əziz balam, bu veksel səni xilas edə bilərmi?

– Ümidvaram. Ata, bəlkə, siz də buna imza atasınız?

– Mənim axmaqlığımı görürsünüzmü? Mən bunu necə unutdum? Nazi, hirslənmə, mənim halım yaxşı deyildi. Əziyyətdən yaxanı qurtarandan sonra adam göndərib mənə xəbər verərsən. Yox, mən özüm gələrəm. Yox, mən gələ bilməyəcəyəm, mən sənin ərini görə bilmərəm. Əlimdən xata çıxar, onu öldürərəm. Sənin mülkünün satış məsələsinə gəlincə, bu işlə özüm məşğul olaram. Get, bala, tez get, Maksimə ağıl ver.

Ardı var...

13 noyabr 2015
GO BACK