Qadin.NET / O.Balzak "Qorio ata"-41

O.Balzak "Qorio ata"-41

 

Qoca çığırırdı:

 

– Pərvərdigara, mən sənə neyləmişəm? Mənim qızım qəddar bir əclafın əlindədir, o, nə tələb edirsə, qızım əməl etməyə məcburdur! Qızım, əziz balam, bağışla məni!

Delfina dedi:

– Bəli, əgər mən uçuruma yuvarlanmışamsa, bunda, bəlkə, siz də müqəssirsiniz. Biz ərə getdiyimiz zaman hələ ağılsız oluruq. Məgər biz dünya, kişilər, işlər, adətlər nə olduğunu başa düşürükmü? Bizim əvəzimizdə atalar düşünməyə məcburdurlar. Mehriban ata, bu sözləri söylədiyimə görə məni bağışlayın, mən sizi heç şeydə məzəmmət etmirəm. Bu məsələdə bütün günah mənim özümdədir. Ata, ağlama, ata!

Delfina Qorionun alnından öpdü.

– Sən də ağlama, mənim sevimli Delfinam! Yaxın gəl, qoy sənin göz yaşlarını dodaqlarımla qurudum. Mənə bax, qızım! Bu saat ağlımı başıma yığaram, ərinin kələfini açaram.

– Yox, ata, qoy mən öz bildiyimi edim, mən ərimi yola gətirərəm. O, məni sevir, çox gözəl! Mən onun üzərindəki hökmümdən istifadə edərəm, az bir zamanda işləri elə düzəldərəm ki, kapitalın bir hissəsini mənim adıma torpaq mülkiyyətinə qoyar. Bəlkə, mən Nusingen ailəsinin sabiq mülkünü adıma köçürtməyə də müvəffəq ola bildim. Bu mülk onun üçün əzizdir. Sabah isə siz işləri və dəftərləri yoxlamaq üçün gələrsiniz. Yox, sabah gəlməyin. Qanımı qaraltmaq istəmirəm. O birisi gün madam de Boseanın evində bal olacaq, mən orada gözəl və gümrah görünmək arzusundayam, mehriban Ejenimin iftixarı olmaq istəyirəm! Gedək, onun otağına baxaq!

Bu Nev-Sent-Jenevyev küçəsində bir karet dayandı. Pilləkəndə qrafinya de Restonun səsi eşidildi. Qrafinya Silviyadan soruşdu:

– Atam evdədirmi?

Bu hadisə Ejeni vəziyyətdən xilas etdi, yoxsa o, çarpayıya uzanıb, özünü yuxuluğa vurmaq istəyirdi.

Delfina bacısının səsini tanıyaraq:

– Ah, ata. Anastazinin başına gələn əhvalat sizə çatıbmı? – dedi. – Yanılmıramsa, onun da ailə həyatında vəziyyət yaxşı deyil.

– Necə? – deyə Qorio ata çığırdı. – Əgər belə olarsa, artıq mənim axırımdır: mənim zavallı başım iki fəlakətə dözə bilməyəcək.

Qrafinya içəri daxil olaraq:

– Ata, xoş gördük, – dedi. – Delfina, sən də buradasan?

Bacısı ilə rastlaşdığından qrafinya de Restonun pərişan olduğu görünürdü.

Baronessa bacısına:

– Xoş gördük, Nazi, – dedi. – Mənim burada olmağım sənə qəribəmi görünür? Mən hər gün atamla görüşürəm.

– Nə zamandan bəri?

– Sən bura tez-tez gəlsəydin, onda yaxşı bilərdin.

Qrafinya ağlamsınaraq:

– Mənə öcəşmə, Delfina, – dedi. – Mən o qədər bədbəxtəm ki... Ah, yazıq ata, mən artıq məhv oldum!.. Bu dəfə tamam məhv oldum.

Qorio ata:

– Nazi, Nazi, sənə nə olmuşdur? – dedi. Dərdini bizə danışsana, əziz balam. Delfina, onun üzü sapsarı oldu, görmürsənmi! Ona kömək et, mehriban ol, qızım, əgər mümkün olsa, mən səni daha çox sevəcəyəm!

Madam de Nusingen bacısını stul əyləşdirərək, mərhəmətlə:

– Zavallı Nazi, – dedi. – Atamla mən səni hər vaxt sevəcək, hər şeyi bağışlayacağıq. Bilirsənmi, bacı! Doğmalıq hissi ən etibarlı hissdir.

Delfina bacısına naşatır verdi..... Qrafinya özünə gəldi.

Qorio ata:

– Mən buna tab gətirməyəcəyəm! – dedi. Sobanın içində yanan torfu qarışdıra-qarışdıra: – Yaxın gəlin, mənim əziz qızlarım, – dedi. – Nədənsə üşüyürəm. Nazi, Nazi, sənə nə olmuşdur, qızım? Tez söylə, məni həlak etmə!

– Məsələ burasındadır ki, artıq ərim hər şeyi bildi, – deyə zavallı qadın danışmağa başladı. – Ata, Maksimin vekseli yadınızdadırmı? İndi bilin ki, bu veksel birinci deyildi. Mən bir çox belə veksellər ödəmişəm. Yanvarın başlanğıcından mənə elə gəldi ki, qraf de Trayın nə isə dərdi var. O, mənə bir söz söyləmirdi, lakin sevdiyin bir insanın qəlbini oxumaq o qədər də çətin deyil: bəzən cüzi bir işarə kifayətdir, bir də, adamın ürəyinə damır. O, mənə qarşı məhəbbətini də artırmış, çox mehriban olmuşdu, mən heç vaxt onu belə görməmişdim, getdikcə özümü daha xoşbəxt duyurdum. Zavallı Maksim! O, intihar etməyə qərar verdikdən sonra xəyalən mənimlə vidalaşırmış. Bunu mənə sonralar söyləmişdi. Mən onu çox sorğu-suala tutdum, saatlarla yalvardım, qarşısında diz çökdüm, nəhayət, yüz min frank borcu olduğunu etiraf etdi. Ata! Yüz min! Mən lap dəli kimi oldum. Bu qədər pul sizdə ola bilməzdi, çünki mən bütün var-yoxunuzu çəkib aparmışam...

 

O.Balzak "Qorio ata"-41

 

 

– Yox, – deyə Qorio ata səsləndi, – mən bu pulu sənin üçün tapa bilməzdim. Oğurlamaqdan başqa bir çarəm qalmazdı. Elə lap oğurluğa də gedərdim. Yenə gedərəm.

Can verən adamın xırıltısı kimi səslənən bu sözlər taqətsizlik dərəcəsinə gəlmiş atalıq hissinin elə bir can çəkişməsini ifadə edirdi ki, bacılar susmağa məcbur oldular. Uçuruma atılan daş, uçurumun nə qədər dərin olduğunu anlatdığı kimi, ümidsizliyin dərinliyini göstərən bu ürək naləsinə qarşı heç bir xudbin insan laqeyd qala bilməzdi.

Qrafinya ağlaya-ağlaya:

– Ata, – dedi, – mən bu pulu əldə etdim, ancaq özgə malının hesabına...

Delfina mütəəssir oldu, başını bacısının çiyninə söykəyib ağladı.

– Demək, bu, həqiqətmiş!

Anastazi başını aşağı saldı. Madam de Nusingen onu qucaqlayaraq bağrına basdı və öpdü.

– Burada səni heç kəs məzəmmət etməz, sən məhəbbətdən başqa bir şey görməzsən, – dedi.

Qorio zəif səslə:

– Mənim mələk qızlarım, – dedi, – nə üçün sizi ancaq fəlakət birləşdirdi?

Qrafinya atasının və bacısının mehriban danışıqlarını görüb cürətləndi, sözünə davam edərək:

– Maksimin həyatını, həm də öz səadətimi xilas etmək məqsədi ilə, – dedi, – mən bir sələmçinin yanına getdim, siz onu yaxşı tanıyırsınız, o, iblis kimi bir şeydir, rəhm və aman bilməyən Qobsekdir. Mən qraf de Restonun həmişə əziz tutduğu ailə brilyantlarını, həm özümün, həm də onun brilyantlarını həmin sələmçiyə satdım. Bəli, satdım! Başa düşürsünüzmü? Maksim xilas oldu! Lakin mən məhv oldum. Resto hər şeyi bildi.

Qorio ata çığırdı:

– Necə? Kim xəbər verdi? Mən onu öz əllərimlə öldürərəm!

– O, dünən məni öz yanına çağırtdırdı. Mən də getdim... O, elə bir ahənglə mənə dedi ki: “Anastazi! (Ah, onun səsinin ahəngi mənim üçün kifayət idi, mən hər şeyi anladım!) Hanı sizin brilyantlarınız? Dedim ki: məndədir. O, mənə baxaraq cavab verdi: yox, sizdə deyil, budur, üstündədir. Bu sözlərlə üstü cib yaylığı ilə örtülmüş futlyarı mənə göstərdi. “Siz bunların haradan gətirildiyini bilirsinizmi?” – deyə soruşdu. Mən onun ayaqlarına yıxıldım... Mən ağlayırdım, soruşurdum ki, hansı ölümlə ölməliyəm...

– Sən beləmi dedin? – deyə Qorio ata bağırdı. – Allahın müqəddəs adına and olsun, sizə, ya sənə, ya ona kim zülm edərsə, mən nə qədər sağam, əmin ola bilər ki, mən ondan dəhşətli intiqam alacağam! Mən onu dişlərimlə parçalayacağam, mən...

Artıq danışa bilmədi. Sözləri quruyub boğazında qaldı.

– Mənim əziz bacım, bu işin axırı belə oldu ki, o, məndən ölümdən betər bir şey tələb etdi... Mənim eşitdiyimi Allah başqa bir qadına eşitdirməsin...

Qorio ata sakitcə dedi:

– Mən onu öldürəcəyəm. Ancaq onun bir ömrü var, halbuki o, mənə iki ömrün əvəzini verməlidir. Bəs sonra nə oldu? – deyə Qorio Anastazidən soruşdu.

Qrafinya az sükutdan sonra, sözünə davam edərək:

– Bəli... – dedi. – O, mənim üzümə baxdı və dedi ki: “Anastazi, mən məzar kimi lal olub, hər şeyi gizlədərəm və biz yenə də bir yerdə yaşarıq: bizim uşaqlarımız var. Mən cənab de Trayı dueldə öldürmək fikrində də deyiləm: hədəfi düz vurmaya da bilərəm, başqa bir vasitə ilə ondan qurtarmaq istəsəm, məhkəməyə düşməli olacağam. Onu sizin ağuşunuzda öldürmək uşaqları rüsvay etmək deməkdir. Halbuki mən nə uşaqlarınızın, nə onların atasının, nə də özümünkülərin ölümünü istəmirəm. Cavab verin: mən sizin hansı uşağınızın atasıyam?” “Böyüyünün, Ernestin”. O: “Yaxşı, – dedi, – indi siz mənim tələbimə itaət edəcəyinizə and içməlisiniz”. Mən and içdim. “Mən sizdən nə zaman tələb etsəm, bütün mülkünüzün satılması haqqında sənədə qol çəkməlisiniz”.

Qorio ata çığırdı:

– Qol çəkmə! Olmaya-olmaya qol çəkəsən! Belə, belə, cənab de Resto! Siz öz arvadınıza xoşbəxtlik vermək iqtidarında deyildiniz, o, bu xoşbəxtliyi başqa yerdə axtarmağa məcbur olur, siz isə axmaq acizliyinizə görə ona cəza verirsiniz? Dayan, mən hələ ölməmişəm! Təlaş etmə, Nazi, onun qabağına mən sədd çəkəcəyəm. Aha! O, varis həvəsindədir! Çox yaxşı, çox yaxşı. Mən onun oğlunu öz yanıma gətirəcəyəm, o, mənim nəvəm deyilmi?! Mənim də bu uşağı görməyə haqqım var! Narahat olma, mən onu kəndə aparacağam, onun qayğısını çəkəcəyəm. Mən bu dəhşətli insanı təslim olmağa vadar edəcəyəm. Mən ona deyəcəyəm ki: “Görək kim qalib gəlir. Oğlunu qaytarmaq istəyirsənsə, qızımın mülkünü özünə qaytar, qoy istədiyi kimi yaşasın!”

– Ata!

– Bəli, mən sənin atanam. Ah, mən əsl atayam. Qoy bu əclaf zadəgan mənim qızımı incitməsin. Lənətlər olsun! Damarlarımda nə qanın axdığından bixəbərəm. Damarlarımdakı pələng qanıdır, mən sizin ərlərinizi didməyə hazıram. Allah, amandır, mənim əziz balalarım! Sizin həyatınız bu imiş! Bu, mənim üçün ölümdür, ölüm! Mən öləndən sonra sizin başınıza nə bəlalar gələcək? Uşaqlar sağ ikən atalar ölməməlidirlər. Pərvərdigara, ən bu dünyanı nə pis yaratmısan! Hələ deyirlər ki, sənin oğlun var. Sən bizi balalarımız üçün çəkdiyimiz iztirablardan xilas etməli idin! Mənim mələk qızlarım, axı buna nə ad vermək olar? Mənim yanıma gəlməyinizə səbəb ancaq başınıza gələn müsibətlərdir. Mənim gördüyüm ancaq sizin göz yaşlarınızdır. Eybi yoxdur, qoy belə olsun! Bəli, bəli, sizin məni sevdiyinizi bilirəm. Eybi yoxdur, gəlin, yanıma göz yaşı tökməyə gəlin. Mənim ürəyim genişdir, hər şeyə dözər. Siz onu paralaya bilərsiniz, lakin qəlbimin parçaları yenə dönüb ata qəlbi olacaq. Mən sizin bütün əziyyətlərinizi öz boynuma götürmək istərdim, sizin dərdinizi özüm çəkmək istərdim. Siz balaca olanda nə qədər xoşbəxt idiniz!

Delfina:

– Bizim yalnız o zaman günlərimiz xoş keçirdi, – dedi. – Böyük anbarın içində oynadığımız günlər, un taylarının üstündən başaşağı dığırlandığımız gözəl günlər hanı?

– Ata, bu, hələ hamısı deyil.

Ardı var...

11 noyabr 2015
GO BACK