Voke məşum nəzərlə yemək otağını seyr edərək:
– Allah eləsin, əzizim cənab Ejen, – dedi. – Ancaq bu evə müsibət ayaq basmışdır. Görərsiniz, on gün belə keçməz ki, ölüm də bura qədəm basacaq. Görəsən, kimi aparacaq?
Ejen yavaşcadan Qorio ataya dedi:
– Köçmək vaxtıdır.
Bu zaman Silviya qorxu içində, yüyürə-yüyürə içəri girdi:
– Xanım, üç gün olar ki, Mistiqrisdən xəbər yoxdur.
– Ah, pişiyim də məhv oldu, o da bizi tərk etdi, artıq mən...
Zavallı Voke sözünü tamamlaya bilmədi, qollarını çarpazlayıb, kreslonun üstünə yıxıldı: u dəhşətli xəbər onu tamam sarsıtmışdı.
Günortaya yaxın, Panteon rayonundakı poçtalyonlar məktubları paylayanda Ejenə də zərif bir zərf içində, üstü de Bosean gerbi ilə möhürlənmiş bir məktub verdilər. Zərfin içindəki dəvətə görə, madam Nusingenlə cənab Nusingen vikontessanın evində təşkil edilən böyük bala . Balın təşkil ediləcəyi hələ bir ay bundan əvvəl hamıya məlum idi. Dəvətnaməyə Ejenin adına yazılmış bir məktub da əlavə edilmişdi:
“Belə güman edirəm ki, siz məmnuniyyətlə mənim sifarişimi qəbul edərək, madam de Nusingenə hüsn-təvəccöhümü söyləyə bilərsiniz. Xahiş etdiyiniz dəvətnaməni sizə göndərirəm, madam de Restonun bacısı ilə tanış olacağımdan məmnun qalacağam. Demək, siz gözəl xanımınızı bizə gətirirsiniz, ancaq elə edin ki, sizin qəlbinizə bütünlükdə yalnız o hakim olmasın, çünki mənim sizə bəslədiyim hisslərin qarşısında siz məhəbbətinizin bir hissəsini mənə həsr etməlisiniz.
Vikontessa de Bosean”.
Ejen məktubu oxuduqdan sonra öz-özünə düşündü: “Ancaq madam de Bosean baron Nusingenin gəlməsindən məmnun qalmayacağına aydınca işarə edir”.
O, Delfinanı sevindirə biləcəyindən razı halda dərhal yola düşdü. Bu sevincin qarşısında layiqli bir mükafat alacağı ümidində idi. Madam de Nusingen vanna qəbul edirdi. Ejen iki ildən bəri məşuqə həsrəti çəkən qızğın bir gənc üçün tamamilə təbii görünən səbirsizlik içində buduarda Delfinanı gözləyirdi. Gənclərin həyatında bu cür dəqiqələr ancaq bir dəfə olur. Kişinin məftun olduğu və həqiqətən sevilməyə layiq ilk qadın, yəni Parisin yüksək cəmiyyətinin tələblərinə riayət edərək daim kişinin nəzərində bütün parlaq gözəlliyi ilə görünən bir qadına rəqibə yoxdur. Paris məhəbbəti qətiyyən əyalət məhəbbətinə bənzəməz. Burada məhəbbət hisslərinin, guya, səmimi olduğunu sübut etmək üçün hər kəsin öz meyillərini bəzəməyə çalışdığı boş sözlərdən ibarət zahiri görkəmə heç kəs aldanmaz. Bu şəhərdə qadın nəinki hissin və ürəyin bütün tələblərini ödəməlidir, o, eyni zamanda yaxşı başa düşür ki, onun başlıca vəzifəsi həyatın toxumaları olan şöhrətpərəstlik təfərrüatına riayət etməkdən ibarətdir. Paris məhəbbətində özünü öymək, dəbdəbə, bədxərclik, həyasızlıq və gurultu-parıltı mühüm yer tutur. XIV
Lüdovikin sarayındakı xanımlar bu böyük hökmdarın coşqun hisslər təsiri ilə hər bir manjetinin min ekü qiyməti olduğunu unudaraq, hersoq de Vermanduanın doğulmasına yardım etmək məqsədi ilə, manjetlərini parça-parça cırdığını görərək, madmazel de Lavalyerə* qibtə edirdilərsə, başqalarından nə tələb etmək olar? Sərvəti, cavanlığı, kübarlığı öz varlığınızda birləşdirin, imkanınız varsa, daha çox müvəffəqiyyət qazanın: məbudunuzun qarşısında nə qədər çox ətir saçsanız, onun meyli sizə bir o qədər çox olacaqdır. Əlbəttə, məbudun olması birinci şərtdir. Məhəbbət də din kimi şeydir, onun ayini, bəlkə də, bütün dinlərin ayinindən baha başa gəlir: məhəbbət tez keçər, lakin onun gəlişi bütün yol boyu vurub-yıxmaqla məşğul olan küçə uşağının gəlişinə bənzər. Hissiyyatın zənginliyi taxtapuşlarda yaşayan yoxsulların poeziyasıdır. Bu zinət olmasaydı, məhəbbət nəyə lazım idi? Doğrudur, dəhşətli Paris qanunlarının təsiri altında çıxarılmış ruhlar da var, lakin bu ruhlar fani dünyadan uzaqdır; onlara ancaq ictimai görüşlərin təsiri altına düşməyən, sürətlə axan, lakin heç vaxt tükənməyən duru çeşmələrin yaxınlığında yaşayan, yaşıl ağaclara sadiq qalan, hər şeydə və qəlblərində səslənən kainat sədalarını dinləyən, özünü dünya işləri ilə bağlayanlara acıyaraq, göylərə qalxacaqlarını səbirlə gözləyən insanlar arasında təsadüf etmək mümkündür. Hörmət və şöhrətin dadını duymuş gənclər kimi, Ejen də kübarlar dünyasına tamam-kamal çıxmaq niyyətində idi: kübarlar dünyasının qızdırması ona da keçmiş, bu dünyaya hökmranlıq iqtidarında olduğunu, bəlkə də, hiss etmişdi; lakin o, bu şöhrəti əldə etmək üçün nə bir vasitə görür, nə də bunun qayəsini anlayırdı. Həyata məna və gözəllik verə biləcək pak və müqəddəs məhəbbətdən məhrum olan insan üçün hakimiyyət ehtirası bir çox gözəl əməllərin doğmasına səbəb ola bilər; bunun üçün ancaq şəxsi mənfəətdən imtina etmək, məmləkətin yüksəlişini qarşıya məqsəd qoymaq lazım gəlir. Lakin Rastinyak həyatın axınını seyr edəcək və düzgün müəyyənləşdirə biləcək yüksəkliyə qalxmamışdı. O, əyalətdə böyümüş insanların ilk gəncliyini yarpaq kimi bürüyən saf və şirin arzuların sehrindən qurtula bilməmişdi. Hələ Ejen Paris Rubikonunu* keçməyə cəsarət etmirdi. O, yeni hisslər həsrəti ilə çırpınmasına baxmayaraq, əsl zadəganın öz malikanəsində sürdüyü xoşbəxt həyat haqqın akı gizli xülyadan ayrılmamışdı. Lakin öz xüsusi mənzilində olduğu günün ərəfəsində onun son şübhələri çəkilib getdi. O, çoxdan bəri öz ictimai mənşəyinin imtiyazlarından istifadə etdiyi kimi, bu gün də sərvətin maddi imtiyazlarından istifadə edərək əyalət cildini atıb, rahatca yeni vəziyyət oldu. Artıq buradan onun qarşısında parlaq gələcəyə doğru yol açılırdı. Ona görə də bu saat az qala öz ixtiyarına keçirmiş olduğu bu qəşəng buduarda kresloda əyləşib Delfinanı gözlədiyi zaman Ejen bir il bundan qabaq Parisə yenicə gəlmiş Rastinyakdan nə qədər uzaq olduğunu gördü, bu yeni Rastinyaka daxili mənəvi bir nəzərlə tamaşa edərək, özündən soruşdu: “Görəsən, mən bu saat heç özümə oxşayırammı?”
Buduara daxil olan Tereza:
– Baronessa öz otağındadır, – dedi. Onun qəfil səsindən Ejen diksindi.
Delfina gümrah və təravətli halda buxarının yanındakı kiçik divanda uzanmışdı. Kis yi qırçınlar içində bu qadın, meyvəsini çiçəklərinin ağuşuna alan qəşəng Hindistan bitkilərinə bənzəyirdi.
Delfina hərarətlə:
– Nəhayət, gəlib çıxdın!
Ejen Delfinanın yanında əyləşdi və əlini öpüb soruşdu:
– Sizə nə gətirdiyimi tapa bilərsinizmi?
Madam de Nusingen dəvətnaməni oxuyub fərəhləndi. O, yaşarmış gözləri ilə Ejenə baxdı, qollarını boynuna dolayıb, şöhrət sərməstliyi ilə qucaqladı.
– Bu səadətimlə mən sizə... sənə borcluyam, – deyə Ejenin qulağına pıçıldadı. – Tereza tualet otağındadır, ehtiyatlı olmalıyıq. Bəli, mən cəsarətlə buna xoşbəxtlik deyirəm. Bu xoşbəxtliyi mənə siz gətirmisiniz; odur ki bu yalnız mənim şöhrətpərəstliyimin qələbəsi deyil. Məni heç kəs kübar məclisinə daxil etmək istəmirdi. Bəlkə, siz məni bu dəqiqə xırdaçı, boş və yelbeyin bir Paris qadını zənn edəcəksiniz, lakin dostum, unutmayın ki, mən hər şeyi sizin üçün fəda etməyə hazıram və böyük bir ehtirasla Sen-Jermen məhəlləsinə daxil olmaq istəməyimə səbəb də yalnız sizin orada olmağınızdır.
Ejen soruşdu:
– Zənnimcə, madam de Bosean balda baron de Nusingeni görmək arzusunda olmadığına işarə edir. Siz nə fikirdəsiniz?
Delfina:
– Bəli, əlbəttə, elədir, – dedi və məktubu Ejenə qaytardı. – Madam de Bosean kimi qadınlar böyük nəzakətsiz olmağı bacarırlar. Bununla belə, mən yenə də bala gedəcəyəm. Yəqin, bacım da orada olacaqdır: bacımın gözəl bir paltar tikdirdiyindən xəbərim var. – Sonra yavaş səslə: – Ejen, – dedi, – bacım dəhşətli şübhələri yayındırmaq məqsədi ilə bu bala gedir. Onun barəsində nə söhbətlər gəzdiyini bilirsinizmi? Bu səhər Nusingen yanıma gəlmişdi, klubda onun barəsində açıqdan-açığa gedən söhbətləri bir-bir mənə danışdı. Aman, yarəb! Bir qadının və bir ailənin namus və şərəfi nədən asılı imiş! Yazıq bacımın mən özümü rəncidə və təhqir edilmiş duydum. Bəzilərinin dediyinə görə, cənab de Tray yüz min frank miqdarında veksellər imzalamışdır, veksellərin hamısının vaxtı keçmiş, məhkəməyə verilməsi təhlükəsi var. Onun bu çıxılmaz vəziyyətini görən bacım öz gözəl brilyantlarını sələmçiyə satmışdır. Siz bu brilyantları onun boynunda görmüş olarsınız: qraf de Restonun anasından qalmışdır. Xülasə, iki gündür söhbət ancaq bu barədədir. Anastazinin özünə nə üçün parıltılı paltar sifariş etdiyini mən indi başa düşürəm: o, madam de Boseanın balına həmin brilyantları taxmaq, parıltılı bir paltarla gəlib hamının nəzər-diqqətini özünə cəlb etmək niyyətindədir. Lakin mən ondan geri qalmaq istəmirəm. O, hər vaxt mənə qələbə çalmağa çalışır, ehtiyac içində olanda mən həmişə ona pul verməyimə və çox yaxşılıqlar etməyimə baxmayaraq, o heç zaman mənimlə yaxşı rəftar etməmişdir. Ancaq bu barədə söhbət etdiyimiz kifayətdir, mən bu gün bütün varlığımla xoşbəxt olmaq istəyirəm.
Gecə saat bir idi, ancaq Rastinyak hələ madam de Nusingendən ayrılmamışdı. Delfina Ejenlə vidalaşarkən onu gələcəkdə təzə vədlər verən öpüşlərinə qərq edərək, həzin səslə dedi:
– Mən çox qorxağam, mövhumata inanıram, nə deyirsiniz-deyin, ancaq ürəyim qorxu içində çırpınır: xoşbəxtliyimin dəhşətli fəlakət bahasına başa gələcəyindən qorxuram.
Ejen:
– Uşaqsınız! – dedi.
Delfina gulərək:
– Demək, belə! Bu gün uşaq mənəm?
Ejen sabah tezdən köçmək qərarı ilə madam Vokenin pansionuna qayıtdı. O, yolda hələ öz dodaqlarında səadət ləzzətini duyan gənclər kimi, şirin xəyallara dalmışdı:
Ejen Qorio atanın otağının yanından keçərkən:
– Hə, necə oldu? – deyə qoca soruşdu.
Rastinyak dedi:
– Sabah hamısını sizə danışaram.
Qoca sevinclə:
– Hamısını? Doğrudanmı? – deyə səsləndi. – Gedin yatın. Sabah bizim xoşbəxt günlərimiz başlayacaq.
Səhər Rastinyakla Qorio pansionu təkr etmək üçün hazırlaşırdılar. Yükdaşıyanın yolunu gözləyirdilər. Birdən, saat on ikiyə yaxın Nev-Sent-Jenevyev küçəsində ekipaj səsi gəldi. Ekipaj “Voke evi”nin qarşısında dayandı. Madam de Nusingen xüsusi karet çıxaraq, atasının burada olub-olmadığını soruşdu. O, Silviyanın müsbət cavabından sonra cəld pilləkənlərlə yuxarı qalxdı. Ejen öz otağında idi. Qorio isə bunu bilmirdi. Səhər nahar zamanı Ejen Qoriodan onun da şeylərini götürməyi xahiş etmiş və saat dörddə d’Artua küçəsində görüşəcəklərini vədləşmişdi. Lakin qoca hələ yükdaşıyan axtardığı zaman Ejen yoxlamada özünü qeyd etdirmək üçün hüquqşünaslıq məktəbinə getmiş və madam Voke ilə haqq-hesabı çəkmək məqsədi ilə tez geri qayıtmışdı. Ejen Qorio atanın fanatik məhəbbət hissi ilə kirayə pulunu özü verə biləcəyindən ehtiyat edirdi. İçəri girəndə onu heç kəs görmədi. Madam Voke evdə yox idi. Ejen “bəlkə, bir şey yaddan çıxmışdır”, deyə yuxarı qalxdı. Stolun qutusunda vaxtilə Votrenə vermiş olduğu müddətsiz vekseli görüb çox sevindi. Votrenin borcunu verdiyi zaman vekseli ehtiyatsızlıqla bura atmışdı. Sobanı qalamamışdılar. Ejen elə yenicə vekseli cırıb atmaq istəyirdi ki, Delfinanın səsini eşitdi. Delfinanın ondan heç bir sirri ola bilməyəcəyini güman edib qulaq asmağa başladı. Ata ilə qız arasındakı söhbət elə ilk sözdən o qədər maraqlı göründü ki, Rastinyak diqqətlə qulaq asmağa qərar verdi.
Ardı var...