Madam de Nusingen kiçik salona qayıdaraq, stol arxasında əyləşdi:
– Sizin arzularınızı duya bilmişikmi? – deyə soruşdu.
Ejen dedi:
– Lap artıqlaması ilə. Heyif! Bütün bu zinət, həqiqətə çevrilmiş bu gözəl yuxu, gənc, gözəl bir həyatın bu şeriyyəti mənə o qədər təsir edir ki... mən buna layiq olmaq istərdim. Ancaq bunu mən sizdən qəbul etmək iqtidarında deyiləm, mən hələ çox yoxsulam, odur ki...
Delfina başqalarının vicdan əzablarını dağıtmaq üçün məsxərəyə qoyan qadınlara məxsus yarızarafat-yarı bir əda, füsünkar işvə ilə:
– Ah, beləmi! – dedi. – Siz mənə etirazmı edirsiniz?
Lakin Rastinyak bu gün özünü ciddi bir istintaqdan keçirmiş, Votrenin həbsi isə onun yuvarlanmaqda olduğu uçurumun dərinliyini o qədər aydın göstərmiş və namus hisslərini, mənəvi təmizliyini o qədər möhkəmlətmişdi ki, artıq o, ülvi əqidələrini nəvazişkar əda ilə rədd edən Delfinaya təslim olmağı özünə rəva görmədi. Rastinyak çox kədərləndi.
Madam de Nusingen soruşdu:
– Necə? Siz rədd edirsiniz? Siz bu rəddin mənasını başa düşürsünüzmü? Siz gələcəyə inanmırsınız, siz öz taleyinizi mənimlə bağlamağa cəsarət etmirsiniz? Demək, siz mənim sizə olan etimadımı doğrultmamaqdan qorxursunuz! Əgər siz məni sevirsinizsə, əgər mən sizi... sevirəmsə, bu cüzi iltifatı qəbul etməyə sizə nə mane ola bilər? Bu subay təsərrüfatının təşkilinin mənə nə qədər zövq verdiyini bilsəydiniz, tərəddüd etməzdiniz və məndən bağışlanmanızı xahiş edərdiniz. Mən ancaq sizin pulunuzdan istifadə etmişəm, ağılla xərcləmişəm. Siz alicənablıq göstərdiyinizi zənn edirsiniz, halbuki bu ancaq xırdaçılıqdır. Siz hələ böyük bir şey arzusundasınız. – Delfina Ejenin ehtiraslı baxışını duyaraq ah çəkdi – Amma belə xırda şeylər üçün naz edirsiniz! Siz məni sevmirsinizsə, ah, o zaman, əlbəttə, boyun qaçırmaq sizin öz işinizdir. Mənim taleyim sizin ancaq bir sözünüzdən asılıdır. Söyləyiniz!.. – Delfina bir dəqiqə sükutdan sonra atasına dedi: – Atacan, siz özünüz onu inandırın. Məgər namus məsələlərində mənim həssaslığım onunkundan azdırmı?
Qorio ata donuq təbəssümlə onlara baxır və bu sevimli qulaq asırdı.
Delfina Ejenin əlindən tutaraq:
– Siz uşaqsınız, – deyirdi, – siz həyata yenicə qədəm qoyursunuz. Sizin qarşınızda bir çoxlarının dəf edə bilmədiyi maneə var, bir qadın əli bu maneəni sizin yolunuzdan qaldırır, amma siz geri çəkilirsiniz! Lakin sizin gələcəyiniz uğurludur, siz sərvət sahibi olacaqsınız, sizin gözəl alnınızda müvəffəqiyyət əlamətləri görünür. Məgər bu gün sizə borc olaraq verdiyimi siz o zaman mənə qaytara bilməzsinizmi? Məgər keçmiş zamanlarda xanımlar, öz xanımlıqlarının şərəfinə turnirlərdə döyüşmək üçün cəngavərlərə qılınc, zireh, geyim, dəbilqə, at bağışlamırdılarmı? Sözümə qulaq asın, Ejen, mənim sizə təklif etdiyim dövrümüzün silahıdır bu, yüksəlmək istəyən hər kəs üçün lazımdır. Sizin daxmanız da mənim atamın otağına oxşayırsa, bəd deyil! Yaxşı, demək, siz məni məyus etmək istəyirsiniz? Nə üçün cavab vermirsiniz? – Delfina Ejenin qolundan dartdı. – Aman yarəb! Ata, onu yola gətir, yoxsa mən çıxıb gedəcəyəm, bir daha onunla görüşməyəcəyəm.
Qorio ata heyranlıqdan ayrılaraq:
– Bu saat mən sizi yola gətirərəm, – dedi. – Mənim əzizim, cənab Ejen, siz sələmçidən borc pul alırsınız, deyilmi?
Rastinyak cavab verdi:
– Bəzən olur.
Qoca:
– Çox gözəl, – dedi. – İndi siz tələyə düşdünüz. – Qoca cibindən əzik, köhnə pul kisəsini çıxartdı. – Mən də sələmçi olmuşam: bütün hesablar ödənilmiş, hamısı buradadır. Bu otaqda nə varsa, hamısı sizindir, siz bir qəpik belə borclu deyilsiniz. Məbləğ çox da böyük deyildir, ancaq beş min frank edər. Bu beş mini mən sizə borc verirəm, mən ki qadın deyiləm, siz məndən, hər halda, qəbul edə bilərsiniz. Bir kağız parçasında mənim üçün qəbz yazarsınız, pulu isə sonra qaytararsınız.
Ejenlə Delfina heyrətlə baxışdılar, onların gözləri yaşardı. Rastinyak hərarətlə qocanın əlini sıxdı.
Qorio ata cavab verdi:
– Axı burada nə var ki? Siz mənim balalarım deyilsinizmi?
Madam de Nusingen soruşdu:
– Ah, atacan, siz bunu necə ?
– İndicə deyim! Mən Ejeni yaxın bir yerə köçürmək üçün səni inandırdıqdan sonra gördüm ki, sən şeyləri, elə bil, gəlin üçün alırsan. Öz-özümə dedim ki: “Belə getsə, işi çətin olacaq!” Axı bizim vəkil belə güman edir ki, mülkünün qaytarılması üçün ərinlə başladığımız məhkəmə prosesi yarım ildən artıq sürəcək! Bəli! Mən də ildə min üç yüz əlli frank gəlir gətirən ömürlük rentamı satmağa qərar verdim. On beş mindən ildə min iki yüz frank ömürlük mədaxil üçün verdim, – mədaxil mülklərə qoyulub, – yerdə qalan pulları isə sizin satıcılarınıza verdim. Yuxarıda özüm üçün ildə yüz əlli franka otaq kirayə etmişəm. Gündə yüz suya mən lap knyaz kimi yaşayaram, hələ bir az da artıq qalar. Mənə paltar-zad lazım deyil, heç köhnə paltarlarımı də yırtıb qurtara bilməyəcəyəm. Tamam iki həftədir mən öz-özümə gülürəm və deyirəm ki: “Onlar necə xoşbəxt olacaqlar!” Məgər siz, doğrudan da, xoşbəxt deyilsinizmi?
Madam de Nusingen:
– Ah, ata, ah, ata! – deyə çığırdı və tullanıb atasının dizləri üstə oturdu.
Delfina atasını öpüşlərə qərq etdi, sarışın başını mehribancasına onun yanaqlarına sıxdı, qocanın nur saçan, canlanmış üzünü göz yaşları ilə islatdı.
– Atacan, sən əsl atasan! Sənin kimi ata yer üzündə tapılmaz. Ejen sizi əvvəl də sevirdi, indi isə daha çox sevəcəkdir!
Qorio ata on il olardı qızının ürək döyüntüsünü öz ürəyinin yanında duymamışdı.
Qorio deyirdi:
– Bəsdir, balalarım, bəsdir, Delfina, sən məni elə dərəcəyə gətirəcəksən ki, sevincimdən bağrım çatlayacaq. Ürəyim az qalır partlasın mənə qulaq asın, cənab Ejen, biz sizinlə haqq-hesabımızı artıq çürütdük!
Qoca öz qızını çılğınlıqla bağrına elə basdı ki, Delfina çığırdı:
– Ata, sən məni ağrıdırsan!
Qorio sapsarı saraldı:
– Mən səni ağrıtdım?
Ata öz qızına fövqəlbəşəri iztirabla baxırdı. Bu, müqəddəs bir ata, İsa idi, bəşər xilaskarının bütün insanların xoşbəxtliyi uğrunda çəkdiyi iztirabları təsvir etmək üçün böyük sənətkarların yaratdıqları surətlər arasında buna bir təşbeh tapmaq lazım gəlirdi. Qorio ata qızının bərk sıxdığı belindən mehribanlıqla öpdü.
O, təbəssümlə qızından soruşdu ki:
– Yox, yox, sən zarafat edirsən, mən sənin bədənini ağrıtmadım, deyilmi? Amma sən qışqırığınla mənim qəlbimi ağrıtdın. – Sonra ehtiyatla yenə qızının qulağından öpdü və pıçıldadı: – Evin müxəlləfatı, əlbəttə, daha baha başa gəlmişdir, ancaq onun fikrini azdırmasaq, olmaz, kim bilir, hələ hirslənər də.
Ejen bu qocanın tükənməz fədakarlığından mütəəssir olmuşdu. O, gənclərə məxsus pərəstiş hissinə bənzər bir məftunluqla qocanı seyr edirdi.
Ejen səsləndi:
– Mən bunlara layiq olacağam!
– Sevimli Ejen, bunu çox gözəl dediniz!
Madam de Nusingen Ejenin alnından öpdü.
Qorio ata da əlavə etdi:
– O, sənin xatirinə madmazel Tayferin özündən və milyonlarından əl çəkdi. Bəli, qız sizi sevirdi. Qardaşı vəfat etmişdir. İndi o, Krez* kimi zəngindir.
Rastinyak Qorionu məzəmmət edərək:
– Bu barədə danışmağa nə ehtiyac var? – dedi.
Delfina isə Ejenin qulağına pıçıldadı:
– Ejen, indi bütün axşam mən təəssüflənəcəyəm. Ah, mən sizi həmişə sevəcəyəm.
Qorio ata dedi:
– Siz ərə gedəndən bəri bu, mənim ən xoşbəxt günümdür! Qoy Allah mənə hər zülmü rəva görsün, ancaq siz xoşbəxt olasınız. İndi mən hər vaxt deyəcəyəm ki: “Bu ilin fevral ayında başqa insanların bütün ömür boyu duyduqları xoşbəxtliyi mən bir dəqiqədə duydum!” Mənə bax, Fifina! Ah, o nə qədər gözəldir! Lütfən deyin görüm, siz bunun kimi zərif üzlü, zənəxdanlı başqa bir qadına bütün yer üzündə rast gəlmisinizmi? Əlbəttə, yox, elə deyilmi? Bu gözəl qadını mən yaratdım! İndi o, sizin sayənizdə xoşbəxt olacaq, min dəfə artıq qəşəngləşəcək! Əziz qonşum, əgər behiştdəki yerim sizə lazımsa, onu da verərəm.
Mən cəhənnəmə də gedə bilərəm. – Artıq nə deyəcəyini bilməyən qoca Qorio: – Gəlin nahar edək, nahar edək, burada hər şey bizimdir, – dedi.
– Ah, sevimli atam!
Qoca ayağa durdu, qızına yaxınlaşdı, başını əlinə alıb, saçlarının tağından öpdü.
– Mənim balam, sən heç zəhmət çəkmədən mənə nə qədər xoşbəxtlik verə biləcəyini başa düşsəydin! Mənim otağım yuxarıdadır. İki addım yuxarı qalxıb mənim yanıma gəlsəydin, nə olardı ki?! Sən mənə vəd edirsənmi?
– Bəli, sevimli atam.
– Təkrar elə.
– Bəli, sevimli atam.
– Sus, yoxsa mən bu sözləri yüz dəfə təkrar etməyə məcbur edə bilərəm. Gəlin nahar edək.
Bütün axşam əyləncələr içində keçdi. Qorio ata hamıdan çox əylənirdi. O, qızının ayaqları yanında uzanıb, onları öpür, başını onun ətəklərinə sürtür, mehriban, cavan aşiq kimi divanəlik edirdi.
Delfina Rastinyaka pıçıldayaraq:
– Görürsünüzmü? – dedi. – Atam bizim yanımızda olanda, bütün varlığımızla ona tabe olmalıyıq. Bu isə bəzən adamı sıxır.
Ejenin qəlbində dəfələrlə qısqanclıq odu alışırdı. O, nankorluq əlaməti olan bu fikri məzəmmət etmək iqtidarında deyildi. Otağı nəzərdən keçirərək:
– Bəs mənzil nə vaxt tamam hazır olacaq? – dedi. – Görünür, biz bu gün ayrılmağa məcburuq.
Delfina hiyləgər əda ilə:
– Bəli, – deyə cavab verdi, – lakin sabah siz mənim evimdə nahar edəcəksiniz. Sabah italyan operası var.
Qorio ata:
– Mən parterdə oturacağam, – dedi.
Gecə yarı oldu. Delfinanın ınca karet gəldi. Tələbə ilə Qorio ata “Vokenin evi”nə qayıtdılar. Yolda daim Delfinadan danışırdılar; getdikcə ona daha artıq valeh olurdular. Gənclə qocanın söhbəti iki qadir ehtirasın arasında gedən söz yarışına oxşayırdı. Ejen, xoşbəxtlikdən uzaq ata məhəbbətinin, öz sarsılmaz qüdrəti və etibarı ilə onun məhəbbətinə üstün gəldiyini hiss edirdi. Ata məhəbbətinin məbudu həmişə pak və gözəl görünür, keçmiş və gələcək isə bu pərəstişkarlığa daha böyük qüvvət verirdi.
Nəhayət, evə çatdılar. Madam Voke Silviya və Kristofun yanında, sobanın yaxınlığında oturmuşdu. Qoca ev sahibəsi Karfagen xərabələrində Mari i* andırırdı. Dərdini Silviyaya söyləyərək, iki son kirayənişini
gözləyirdi. Lord Bayron öz Tassosunun* dili ilə həyatdan gözəl şikayətlər etsə də, onun bu şikayətləri madam Vokenin ələmlərindəki səmimiyyətlə muqayisə belə edilə bilməzdi
– Demək, Silviya, sabah səhər ancaq üç fincan qəhvə bişirmək lazımdır. Görürsən necə oldu! Evim boşaldı; ürəyim parçalanır. Pansionersiz mənim həyatım nə olacaq? Heç bir şey. Evim kimsəsiz qaldı. Kimsəsiz qalan evdə həyat da qalmaz. Bilmirəm mən Allahın qarşısında nə günah işlətmişəm ki, o, bu müsibətləri mənə rəva görüb? Lobya və kartofumuz iyirmi adam üçün tədarük edilib. Mənim evimə polis qədəm basdı! Demək, biz ancaq kartofla dolanmağa məcburuq. Kristofu lazım gələcək.
Mürgüləyən savoyalı oyandı və soruşdu.
– Nə buyurursunuz?
Silviya dedi:
– Yazıq uşaq! Lap iti kimidir.
– Pis zamandır, hamı özünə yer tapıb. Bura kirayənişin haradan gələcək? Dəli olaram. Hələ bu bəs deyilmiş, cadugər Mişono Puareni də məndən ayırdı. Puare tula kimi onun dalınca qaçır. Heç bilmirəm o, bu adamı özünə nə ilə bağlayıb?
Silviya başını yırğalayaraq:
– Eh, dedi, – bu qarımış qızlar hər şeyin təhərini yaxşı bilirlər.
– Biçarə cənab Votreni katorqalı etdilər, amma bilirsənmi, Silviya, nə deyirsən de, ancaq mən buna indi də inanmıram. O necə şən adam idi! Ayda on beş franklıq “qloriya” içərdi, aldığı şeylərin pulunu həmişə n d verərdi!
Kristof əlavə etdi:
– Əliaçıq adam idi!
Silviya:
– Görünür, bu, səhv olmuşdur, – deyə öz fikrini bildirdi.
Madam Voke yenə sözünə davam edərək:
– Yox, ola bilməz, – dedi, – o özü etiraf etdi... Heç adamın , bütün bu müsibətlər mənim evimdə baş verdi. Bizim məhəllədə yad pişi belə . Namusuma and olsun, lap elə bil yuxu görürəm. Dünyada çox şeylər görmüşük, XVI Lüdovikin başına gələni də, imperatorun taxtdan düşməsini də, qayıtmağını da, yenə taxtdan düşməyini də, hamısını görmüşük, amma bunlar ağlasığan şey idi. Ailə pansionlarının axı kimə nə ziyanı var? Kralsız dolanmaq olar, ancaq ac qalmaq olmaz. Mənim kimi namuslu arvad, həm də de Konflan nəslindən olan bir arvad camaata yaxşı-yaxşı xörəklər verəndə məgər qiyamət qopar?.. Elədir ki var: qiyamət günü çatıb, dünyanın axırıdır.
Silviya dedi:
– Heç adamın ağlına gəlməzdi ki, bütün bu tufanı qopardan madmazel Mişono olar! Hələ deyirlər bunun üçün min ekü pul alacaq.
Madam Voke dedi:
– Mənim yanımda onun ! O, alçaq qadındır! Hələ Bünonun pansionuna köçməsi bir tərəfdə dursun, o nə istəsən eləyə bilər; mən onun keçmişdə yamaq işlər gördüyünə, oğurluq etdiyinə, adam öldürdüyünə əminəm. Bax katorqaya o zavallı deyil, bu getməli idi.
Bu Ejenlə Qorio ata zəngi çaldılar.
Madam Voke içini çəkərək:
– Ah, – dedi, – mənim vəfalı kirayənişinlərim gəldilər.
Ailə pansionunun üz verən müsibətlərini olduqca dumanlı şəkildə özündə hifz edən bu iki “vəfalı” kirayənişin Şosse d’Anten küçəsinə köçəcəklərini açıqdan-açığa madam Vokeyə bildirdilər.
Madam Voke bağırdı:
– Silviya, mənim son ümidim də qırıldı! Cənablar, siz mənə ölümcül zərbə vurdunuz. Ürəyimə dağ çəkdiniz, sinəmi parça-parça etdiniz. Bu nə fəlakətli gün imiş! Məni on il qocaltdı. Namusuma and olsun, dəli oluram! Bəs lobyanı neyləyəcəyik? İş-işdən keçib, indi ki tək-tənha qaldım, sabah sənin haqq-hesabını çəkməyə məcburam, Kristof! Əlvida, cənablar, gecəniz xeyrə qalsın!
Ejen Silviyadan soruşdu:
– Ona nə olub?
– Nə olacaq! Bu əhvalatdan sonra bütün kirayənişinlər pansionu tərk etdilər. İndi yazığın başına hava gəlib. Bir diqqət edin, deyəsən, ağlayır. Eybi yoxdur, ağlayar, ürəyini boşaldar. Bu birinci dəfədir, mən burada olandan bəri bir dəfə də onun göz yaşı tökdüyünü görməmişəm.
Səhər, madam Vokenin öz təbiri ilə desək, ağlı başına gəldi. Aydın məsələdir ki, bütün kirayənişinlərini itirmiş və həyatında böyük dönüş yaranan hər bir pansion sahibəsi kimi, o da məyus olmuşdu, lakin yenə də ağlını itirməmiş və maddi mənfəətlərə zərbə vuran, vərdiş etdiyi həyatı pozan əsl kədər mücəssəməsi olmuşdu. Təbii ki, öz məşuqəsinin yaşadığı yeri tərk etməyə məcbur olan bir aşiqin gözlərindəki qəm, boş qalmış süfrəyə baxan madam Vokenin gözlərindəki qəmdən daha az olardı. Ejen Vokeyə təsəlli verərək, bir neçə gündən sonra xəstəxanada təcrübə müddətini qurtaran Byanşonun onun otağına köçəcəyini, muzey məmurunun belə dəfələrlə madam Kutürün otağını tutacağı haqqında öz arzusunu bildirdiyini və beləliklə də az vaxtda pansionun yenə kirayənişinlərlə dolacağını söyləyirdi.
Ardı var...