Qadin.NET / O.Balzak "Qorio ata"-34

O.Balzak "Qorio ata"-34

O.Balzak "Qorio ata"-34

Rəis sözünə davam edərək:

– Ko len bizi oynadır, – dedi. – İngilis poladı kimi möhkəm bir adamla toqquşduğumuz zaman, həbs əsnasında zərrə qədər müqavimət göstərmək fikrində olarsa, biz onu öldürə bilərik. Biz də sabah Ko leni öldürmək üçün onun müqavimət göstərəcəyinə ümidvarıq. Ko len isə öldürüldükdən sonra nə məhkəməyə ehtiyac olacaq, nə də onu saxlamaq və keşiyini çəkmək üçün xərcə. Cəmiyyət hər əziyyətdən birdəfəlik xilas olacaqdır. Məhkəmə, şahidlər, cürbəcür xərclər, edam, xülasə, qanun yolu ilə bu quldurlardan azad olmaq üçün lazım olan hər bir şey, sizin bizdən alacağınız min ekü puldan baha başa gələcəkdir. Bundan başqa, biz vaxta da qənaət etmiş olacağıq. Süngünü “Ölüm-yalan”ın qarnına soxmaqla biz yüzlər ə cinayətin qabağını alacaq, bir çox quldurları pozulmağa qoymayacağıq. Onlar polis idarəsinin qonşuluğunda özlərini üsullu aparmağa məcbur olacaqlar. Bax buna “yaxşı təşkil edilmə” deyərlər. Əsl insanpərvərlərin rəyincə, bu cür işi görmək cinayətin qabağını almaq deməkdir.

Puare dedi:

– Həm də öz ölkənə xidmət etmək deməkdir.

Polis rəisi cavab verdi:

– Siz bu gün ağıllı danışırsınız. Bəli, bəli, əlbəttə, biz öz ölkəmizə xidmət edirik. Elə buna görə cəmiyyət bizim barəmizdə haqsızlıq edir. Biz cəmiyyətə böyük, lakin gizli xidmətlər göstəririk. Ona görə görkəmli adamlar mövhum fikirlərdən uzaq olmalı, xristian olan şəxs isə dardüşüncəli adamlar üçün qəbul edilmiş tərzdə həyata keçirilməyən xeyirli işlərdə belə baş verə biləcək müsibətli nəticələrlə barışmağa məcburdur. Başa düşünüz, Paris öz Parisliyində qalır. Bu da mənim həyatımın mənası. Sizə uğur olsun, madmazel. Kristofu Büffon küçəsinə Qondüronun yanına, məni gördüyünüz evə göndərərsiniz. Qulluğunuzda hər zaman hazıram, cənab. Əgər təsadüfən evinizi qarət edərlərsə, mənim yanıma buyurarsınız, bütün şeylərinizi qaytararlar: hər zaman qulluğunuzda varam.

Puare madmazel Mişonoya dedi ki:

– Hələ “polis” sözünü eşidəndə özündən çıxan səfehlər də varmış. Bu cənab çox nəzakətlidir, onun sizdən tələb etdiyi isə çox sadə bir şeydir.

Ertəsi gün “Voke evi” tarixinin fövqəladə səhifələrindən birini təşkil edən günlərdən idi. O günə qədər pansionun sakit həyatında ən mühüm hadisə meteor kimi görünüb yox olan qrafinya d ’Ambermenilin zühuru idi. Lakin o böyük günün qarşısında bütün hadisələr solğun görünürdü. Sonralar madam Vokenin

bütün söhbətləri bu hadisə ilə nəticələnirdi. Hər şeydən əvvəl məlum olsun ki, Ejenlə Qorio düz saat on birə kimi yatmışdılar. Madam Vokenin özü Gete teatrından gecəyarısı qayıtdı, saat on birin yarısına qədər yatağından durmadı. Votrenin geri qaytardığı şüşədəki şərabı içən Kristof da çox yatdığından pansiondakı adi intizam gec başlamışdı. Puare ilə madmazel Mişono üçün səhər yeməyinin gecikdirilməsi əlverişli idi. Viktorina ilə madam Kutür də çox gec oyandılar. Votren səhər səkkizdən əvvəl evdən çıxmış və yalnız nahara qayıtmışdı. Buna görə də Silviya ilə Kristof bütün qapıları döyə-döyə, səhər yeməyinin hazır olduğunu on ikiyə on beş dəqiqə işləyəndə xəbər verdikləri zaman kimsə bundan narazı qalmadı. Madmazel Mişono, Silviya ilə Kristof yemək otağından çıxdıqları zaman, aşağı enib, dərmanı Votrenin gümüş stəkanındakı qaymağın içinə tökdü. Bu qəhvə qaymağı başqa kirayənişinlərin qaymağı ilə birlikdə qaynar suda qızdırılırdı. Mişono öz işini görmək üçün pansiondakı bu qaydadan istifadə etdi. Yeddi pansioner yemək otağına birdən-birə toplaşmadı. Ejen hamıdan sonra əsnəyə-əsnəyə aşağı enərkən qasid ona madam de Nusingenin məktubunu verdi. Məktubda bu sözlər yazılmışdı:

“Əziz dostum, mən sizdən inciməmişəm, kin də saxlamıram. Mən sizi gecə saat ikiyə qədər gözlədim. Sevdiyin bir adamın intizarı! Bu əzabı çəkənlər bu cəfanı heç kəsə rəva görməzlər. Görünür, siz birinci dəfə sevirsiniz. Nə olmuşdur? Mən təlaş içindəyəm. Qəlbimin sirrini verməkdən qorxmasaydım, sizə nə olduğunu öyrənmək üçün özüm gələrdim. Xeyirdir , şərdir ? Mən ora gəlsəydim, yaxud gecənin bu vaxtında evdən çıxsaydım, özümü məhv edərdim. Mən qadın olmağın müsibət olduğunu anladım. Məni sakit edin, atam sizə söylədiyi sözlərdən sonra nə üçün gəlmədiyinizi mənə izah edin. Mən hirslənsəm də, yenə də sizi bağışlaram. Bəlkə, xəstələnmisiniz? Siz nə üçün bu qədər uzaqda yaşayırsınız? Allah eşqinə, bircə kəlmə. Tezliklə görüşərik, deyilmi? Əgər siz məşğulsunuzsa, mənə bir kəlmə də kifayətdir. Sadəcə, yazarsınız ki, “gəlirəm”, yaxud “xəstəyəm”. Lakin siz xəstə olsaydınız, atam gəlib mənə xəbər verərdi. Bəs nə olmuşdur?..”

Ejen:

– Doğrudan da, nə olmuşdur? – deyə bağırdı. Məktubun son sətirlərini oxumadan əlində əzdi və yemək otağına qaçdı. – Saat neçədir?

Votren qəhvəsinə şəkər salaraq:

– On ikinin yarısıdır, – dedi.

Qaçaq katorqalı Ejenə soyuq, sehrli bir nəzərlə baxdı: bu cür nəzərlə ancaq ovsunlama qüdrətinə malik olanlar baxır. Deyirlər ki, bu baxış dəlixanadakı ən müdhiş dəliləri sakit edir. Ejenin bütün varlığı sarsıldı. Küçədən təkərlərinin səsi eşidildi, içəriyə sürətlə bir lakey daxil oldu. Madam Kutür dərhal cənab Tayferin lakeyini tanıdı. Onun üzündə qorxu vardı. Viktorinaya:

– Atanız sizi yanına çağırır, – dedi. – Böyük müsibət baş vermişdir. Cənab Frederik dueldə vuruşmuş, şpaqa ilə onun alnından vurmuşlar, həkimlər ondan ümidlərini kəsiblər. Qardaşınız huşunu itirib, siz onunla ancaq vidalaşa biləcəksiniz.

Votren ucadan dedi:

– Zavallı gənc! İldə otuz min mədaxili olan bir şəxs də heç savaşarmı? Gənclər qətiyyən özlərini idarə edə bilmirlər.

Ejen ona tərəf qışqırdı:

– Cənab!

– Nə olub, ay yekə uşaq! Məgər Parisdə hər gün duel olmurmu?

Votren qətiyyən pozmadan, qəhvəsini içə-içə bu sualı verdi. Mişono isə elə gərgin diqqətlə onun qəhvə içməyinə baxırdı ki, hamını sarsıdan bu hadisə ona heç təsir etmədi.

Madam Kutür:

– Viktorina, mən də sizinlə gedəcəyəm, – dedi.

Onlar şlyapasız, şalsız götürüldülər. Viktorina otaqdan çıxmazdan əvvəl gözü yaşlı, Ejenə baxdı. Sanki o: “Səadətimizi göz yaşlarım bahasına qazanacağımı güman etməzdim!” demək istəyirdi.

Madam Voke dedi:

– İşə bax! Cənab Votren, görünür, siz peyğəmbərsiniz.

Jak Ko len cavab verdi:

– Mən hər şeyəm.

Madam Voke bu hadisə haqqında söylədiyi mənasız sözləri bir-birinin ına düzərək, davam edirdi:

– Qəribə şeydir! Ölüm, bizim arzumuzu soruşmadan yaxamızdan yapışır. Çox vaxt gənclər qocalardan əvvəl ölürlər. Dueldə vuruşmamaq biz qadınların xoşbəxtliyidir. Ancaq bizim də özümüzə məxsus əzablarımız var, kişilər bundan azaddır. Biz uşaq doğuruq, analıq iztirabları isə çox uzun sürür! Amma Viktorinanın bəxti nə gətirdi! İndi atası onu tanımağa məcbur olacaq.

Votren Ejenə baxaraq:

– Bə-ə-li! – dedi. – İnsan taleyi belədir. Dünən onun bir qəpiyi yox idi, bu gün isə bir neçə milyonu var.

Madam Voke isə çığırdı:

– Görürsünüzmü, cənab Rastinyak, əliniz yüngüldür!!

Bu sözləri eşidən Qorio ata tələbənin üzünə baxdı və əlində bükülmüş məktubu görüb Rastinyakdan soruşdu:

– Siz məktubu oxuyub qurtarmadınız! Bu nə deməkdir? Məgər siz də başqaları kimisiniz?

Ejen hamını heyrətdə buraxan bir nifrət və dəhşətlə:

– Madam Voke, – dedi, – mən heç vaxt madmazel Viktorina ilə evlənməyəcəyəm.

Qorio ata tələbənin əlini tutub sıxdı. O, Ejenin əlini öpməyə hazırdı.

Votren dedi:

– Oho! İtalyanların gözəl bir sözü var: Col tempo1.

Madam de Nusingenin qasidi:

– Mən məktubun cavabını gözləyirəm, – dedi.

– Deyin ki, gəlirəm.

Qasid getdi. Ejen dərin həyəcan içində idi. Ehtiyatı belə unudaraq, ucadan öz-özü ilə danışa-danışa:

– Nə etməli? Heç bir sübut yoxdur! – dedi.

Votren gülümsədi. Bu dərman mədəyə yayılaraq, təsir etməyə başladı. Lakin katorqa məhbusu o qədər qüvvətli və möhkəm idi ki, ayağa durdu və Rastinyaka baxaraq, boğuq səslə:

– Cavan oğlan, – dedi, – səadət bəzən biz yuxuda olduğumuz zaman gəlir.

Votren bu sözləri söylər-söyləməz, ölü kimi yerə yıxıldı.

Ejen bağırdı:

– Allahın ədalətinə inandım!

– Bizim sevimli, yazıq cənab Votrenimizə nə oldu?

Madmazel Mişono çığırdı:

– Qan beyninə vurmuşdur.

Madam Voke tapşırdı:

– Silviya, qadan alım, tez həkim çağır. Cənab Rastinyak, siz də yüyürün Byanşonu çağırın, Silviya bizim həkim cənab Qr preli tapmaya da bilər.

Rastinyak bu cinayət ocağından qaçmaq üçün bəhanə tapdığına sevinərək götürüldü.

– Kristof, tez aptekə qaç, dərmandan-zaddan bir şey istə.

Kristof da çıxdı.

– Qorio ata, kömək edin, onu yuxarı mərtəbəyə qaldıraq.

Votreni götürdülər, bir pilləkəndən qaldırıb, çarpayısına uzatdılar.

Qorio dedi:

– Məndən sizə bir fayda olmaz. Gedim qızımı görüm.

Voke çığırdı:

– Qoca xudbin! Get, rədd ol! Səni görüm boynun sınsın!

Madmazel Mişono Votrenin üst paltarını Puarenin köməyi ilə çıxarıb:

– Gedin görün sizdə efir tapılarmı, – deyə madam Vokedən xahiş etdi.

Madam Voke tez aşağı cumdu. Mişono döyüş meydanında tək qaldı. Puareyə əmr etdi.

– Tez, tez olun, tez onun köynəyini çıxarın, arxasını çevirin! Heç olmasa, mənə bir xeyriniz dəysin, çılpaq kişi görməkdən məni xilas edin! Kötük kimi nə dayanmısınız?

Votreni üzü üstə çevirdilər. Madmazel Mişono xəstənin çiyninə bərk bir şapalaq vurdu. Qızaran yerdə iki məşum hərf ağarırdı.

Madmazel Mişono Votrenin köynəyini geyindirərkən ona kömək edən Puare:

– Amma, – dedi, – üç min frankı nə asan qazandınız!

Puare Votreni yenə yerinə uzatdı.

– Uf, – dedi. – Nə yaman da ağırmış!

Mişono, divarları yarıb keçmək istəyirmiş kimi, həris nəzərlərlə otaqdakı şeylərə göz gəzdirərək, qırıq səslə:

– Bir bəhanə ilə bu sekreteri aça bilsəydik, bəd olmazdı.

Puare cavab verdi:

– Məncə, bu, o qədər də yaxşı olmaz.

– Niyə? Bu, oğurluq puldur, hamının pulu idi, indi isə sahibi yoxdur. Heyif, macal tapmadıq, Voke gəlir.

Voke dedi:

– Budur efir, bu gün, doğrudan da, hadisələr günüdür. Aman Allah! Bu adam heç xəsətəyə oxşamır, o, cücə kimi ağappaqdır.

– Cücə kimi? – deyə Puare təkrar etdi.

Voke əlini Votrenin ürəyinin üstünə qoyaraq:

– Ürəyi düz vurur, – dedi.

– Düz vurur? – deyə Puare təəccüb etdi.

– O sağlamdır.

Puare soruşdu:

– Siz elə zənn edirsiniz?

– Doğrusu, o, yatan adama oxşayır. Silviya həkimin nca getmişdir. Bir baxın, madmazel Mişono, o, efiri nəfəsinə çəkir. Görünür, ancaq bihuş olmuşdur. Nəbzi yaxşıdır. Möhkəm kişidir. Döşünün tükünü görürsünüzmü? Belələri yüz il yaşar. Pariki heç yerindən tərpənmir. Başına yapışdırılmışdır. Saçları qondarmadır, kürənliyini gizlətmək istəyir. Deyirlər ki, kürən adamlar ya lap yaxşı olar, ya lap pis. Amma deyəsən, bu, yaxşı adamdır!

Puare:

– Asılmaq üçün yaxşı olar, – dedi.

Madmazel Mişono tez Puarenin sözünü kəsdi:

– Siz, yəqin, qəşəng bir qadının boynundan asılmağı demək istəyirsiniz, – dedi. – Çıxın gedin, cənab Puare. Siz kişilər xəstələnəndə sizə baxmaq biz arvadların borcudur. Gedin bir az gəzinin, burada bir işiniz yoxdur. Biz madam Voke ilə bizim sevimli cənab Votrenimizə yaxşı qulluq edərik.

Puare ağasının təpiyini yemiş köpək kimi yavaşca və itaətlə otaqdan çıxdı.

Ardı var...

27 oktyabr 2015
GO BACK