Qadin.NET / O.Balzak "Qorio ata"-31

O.Balzak "Qorio ata"-31

 

O.Balzak "Qorio ata"-31

 

Bu zaman Küvyenin mühazirəsindən qayıdan Byanşon buradan keçirdi. “Ölüm-yalan” adının qəribəliyi tələbənin diqqətini cəlb etdi. O, bunun sayəsində, gizli polis idarəsinin məşhur rəisinin dediyi “çox gözəl” sözlərini də eşitmişdi.

Puare madmazel Mişonodan soruşdu:

– Siz nə üçün məsələni elə bu saat qurtarmadınız? Bu üç yüz frank ömürlük pensiya deməkdir.

– Nə üçünmü? Bu məsələni hələ fikirləşmək lazımdır. Əgər Votren, doğrudan da, “Ölüm-yalan”sa, bəlkə də, onunla sazişə girmək daha mənfəətlidir. Ancaq ondan pul tələb etsək, məsələdən hali olar, əlimizdən sivişib çıxar. Fürsəti fövtə vermiş olarıq.

Puare dedi:

– O, məsələdən hali olsa belə, bu cənabın söylədiyi kimi, yenə də onu nəzarət altında saxlayacaqlar, deyilmi? Doğrudan da, siz fürsəti fövtə verərdiniz.

Madmazel Mişono düşünürdü: “Bir də bu adam mənim heç xoşuma gəlmir. O, mənə ancaq acı sözlər deyir”.

Puare davam etdi:

– Lakin siz daha yaxşı hərəkət edə bilərdiniz. Məncə, bu cənab qanacaqlı adama oxşayır. O, belə bir söz dedi: caninin ləyaqəti nə qədər yüksək olsa da, qanunlara itaət cəmiyyəti canidən xilas olmağı tələb edir. Sərxoş sərxoşluğundan əl çəkməz. Bəlkə, birdən o, bizim hamımızı qırmaq fikrinə düşdü? Biz bütün bu cinayətlərə müqəssir ola bilərik. Hələ hamıdan əvvəl bizim özümüzü öldürə bilər!

Madmazel Mişononun fikrə dalmağı, möhkəm burulmamış krandan damcılayan su kimi Puarenin ağzından axan sözlərə qulaq asmağına mane olurdu. Bu qocanın ağzının qaytanı açılanda və Mişono ona mane olmayanda, o, işə salınmış avtomat kimi aramsız danışardı. Bir məsələdən danışandan sonra heç bir nəticə çıxarmayıb, müxtəlif giriş cümlələrindən sonra tamam başqa bir mövzuya keçərdi. “Vokenin evi”nə yaxınlaşanda Puare söz yığınlarının bataqlığında dolaşıb, nəhayət, cənab Raqulo ilə madam Morenin məhkəməsində müdafiə tərəfində bir şahid kimi çıxış etdiyini nağıl etməyə başladı. İçəriyə girəndə onun rəfiqəsi Ejenlə madmazel Viktorinanı gördü. Onların başı səmimi söhbətə qarışdığından, yemək otağından keçən bu iki kirayənişinə zərrə qədər əhəmiyyət vermədilər.

Madmazel Mişono Puareyə dedi ki:

– Elə bunun axırı belə olmalı idi. Son həftə ikisi də bir-birinə xumar-xumar baxırdı.

Puare dedi:

– Bəli, bəli. Elə buna görə də ona cəza kəsdilər.

– Kimə?

– Madam Morenə.

Madmazel Mişono huşsuzluğundan Puarenin otağına girərkən:

– Mən sizə madmazel Tayferdən danışıram, – dedi, – siz isə mənə Morendən danışırsınız. Madam Moren kimdir?

– Bəs madmazel Viktorinanın təqsiri nədir?

– Onun təqsiri budur ki, Ejen de Rastinyakı sevir. Zavallı, sadəlövhlüyündən başına nə iş gələcəyini belə bilmir.

Səhər madam de Nusingen Ejenin bütün ümidlərini qırdı. Ejen qəlbinin dərinliklərində artıq tamamilə Votrenə təslim olmuşdu, ancaq nə bu xariqüladə adamın nə üçün ona dostluq hissləri bəsləməsinin səbəblərini, nə də bu ittifaqın gələcək nəticələrini şüurlu olaraq düşünmürdü. Bir saat bundan əvvəl madmazel Tayferlə bir-birinə ən mehriban məhəbbət vəd verdikdən sonra az qala düşmək istədiyi uçurumdan onu ancaq fövqəladə bir hadisə çıxara bilərdi. Viktorina mələklərin səsinə qulaq asdığını zənn edir, göylərin seyrinə dalırdı. Artıq “Vokenin evi” belə rəssamın fırçası ilə canlanan teatr sarayları kimi fantastik boyalara bürünürdü: o sevir, o sevilirdi, hər halda, sevildiyinə inanırdı! Məgər bir az bundan əvvəl Rastinyakın üzünə baxaraq pansion arquslarından* gizli onun sözlərinə qulaq asan hər hansı qadın buna inanmaya bilərdimi?

Hərəkətinin alçaqlığını, həm də bunu tamamilə şüurlu etdiyini dərindən düşünən Ejen, bir qadını xoşbəxt etməklə öz günahını yuya biləcəyini fikirləşir, özünü buna inandırmağa çalışırdı. O, bu vicdan mübarizələrində öz ümidsizliyindən hətta qəşəngləşmiş kimi görünürdü: gözləri qəlbində yanan cəhənnəm odları kimi parlayırdı. Onun xoşbəxtliyindən, belə bir fövqəladə hadisə baş verdi: Votren şad halda içəri girdi, iblis zəkasının hiyləgərlik toruna salıb nişanladığı bu iki gəncin qəlbində gizlənən fikirləri oxudu. O, yoğun səslə istehzalı bir tərzdə:

Fanşettam bir ulduzdur,

Nə qədər sadə qızdır...

sözlərini oxuyan kimi hər şey dəyişdi. Ejenlə Viktorianın ürəklərində doğan sevinc duman kimi dağıldı.

Viktorina yox oldu. O, qəlbində indiyə kimi sürdüyü həyatın müsibətləri qədər böyük bir səadət aparırdı. Yazıq qız! Bir-birlərinin əllərini sıxmaları, Ejenin saçlarının yanaqlarına toxunması, sevdiyi gəncin dodaqlarındakı hərarəti duya-duya, qulağına söylənilən bir kəlmə, belini qucaqlayan əlin titrəyişi, boynunda hiss etdiyi busə müqəddəs məhəbbət vədləri idi. Bu nur içində qərq olan yemək otağına kök Silviyanın birdən-birə girə biləcəyi qorxusu isə bu məhəbbəti daha da alovlandırır, canlandırır, ən məşhur məhəbbət dastanlarında tərənnüm edilən sədaqət hisslərindən belə daha cazibədar bir məhəbbət kimi sehr saçırdı. Babalarımızın sevimli bir ifadəsinə görə, bu həyalı məhəbbət nişanələri hər iki həftədən bir etiraf üçün kilsəyə gedən gənc, dindar bir qıza cinayət kimi görünürdü! O, sonralar, zəngin və xoşbəxt qadın olduğu zaman, bütün varlığını təslim etdiyi kişiyə bəxş edə bildiyindən də artıq, öz könül c vahirlərini bir saat ərzində Ejenə bəxş etmişdi.

Votren Ejenə dedi:

– İşlər düzəldi. Bizim ədabazlar savaşdı. Hər şey öz qaydasında oldu. Bizim göyərçin mənim şahinimi təhqir etdi. Sabah Klinyankur redutunda* görüşəcəklər. Saat onun yarısında, madmazel Tayfer şirin qoğalı sakitcə qəhvənin içində isladıb yediyi zaman, atasının məhəbbətinə və sərvətinə varis olacaq. Qəribədir, deyilmi? Cavan Tayfer şpaqa döyüşündə mahirdir, özünə çox əmindir, lakin mənim icad

etdiyim bir zərbə ilə o, məhv olacaq – şpaqanın yuxarı qalxması və alnından vurulması kifayətdir. Mən bu döyüş üsulunu sizə göstərəcəyəm, çünki çox gərəkli şeydir.

Rastinyak küt nəzərlə Votrenə baxır və qulaq asırdı. O, cavab verə bilmirdi. Bu zaman Qorio ata, Byanşon, bir də kirayənişinlərdən bəziləri otağa daxil oldular.

Votren dedi:

– Mən sizi hər zaman belə cəsur görmək istərdim. Siz nə etdiyinizi bilirsiniz. Qoçağım, mənim qartal balam! Siz insanlara hökm edəcəksiniz, siz qüvvətlisiniz, dəmir kimi möhkəmsiniz, mübarizsiniz, mən sizə hörmət edirəm.

Votren onun əlini sıxmaq istədi, lakin Ejen kəskin hərəkətlə əlini çəkdi və sapsarı saralıb stulun üstünə düşdü: ona elə gəldi ki, ayaqlarının altında qan görür, Votren yavaş səslə ona dedi:

– Belə! Bizim üstümüzdə hələ xeyirxahlığa bulaşmış bir-iki əs i qalmışdır. Doliban atanın üç milyonu var, mən onun sərvətinə bələdəm. Cehiz sayəsində siz öz nəzərinizdə belə gəlin paltarından daha təmiz görünəcəksiniz.

Rastinyak artıq tərəddüd etmirdi. Axşam gedib Tayferləri, atasını da, oğlunu da xəbərdar etməyə qərar verdi. Votren ondan uzaqlaşdı, Qorio ata isə qulağına pıçıldadı ki:

– Oğlum, siz qəmgin görünürsünüz! Bu saat mən sizi şad edərəm. Gedək!

Qoca fabrikant burma şamını çırağın odu ilə yandırdı. Ejen dərin maraq içində qocanın ınca getdi.

Qoca, tələbənin açarını Silviyadan alıb:

– Sizin otağınıza gedək, – dedi. – Bu səhər siz elə güman etmisiniz ki, o, sizi sevmir. O sizi qovmağa məcbur olub, siz isə hirslənib getmişsiniz, məyus olmusunuz. Şıltaq! O, məni gözləyirdi. Başa düşdünüzmü? Biz gözəl bir mənzil düzəltmək üçün getməli idik, üç gündən sonra siz o mənzildə yaşayacaqsınız. Bu sirri sizə açdığımı ona söyləməzsiniz. O, sizə sürpriz hazırlayır, lakin mən artıq bu sirri sizdən gizlətməyə səbəb görmürəm. Mənzil d’Artua küçəsində, Sen-Lazar küçəsinin yaxınlığındadır. Siz orada lap knyaz kimi yaşayacaqsınız. Biz sizin üçün mebel düzəltmişik, elə bil təzə gəlin mebelidir. Son ay ərzində biz çox işlərlə məşğul olduq, ancaq sizə bir söz demirdik. Mənim vəkilim qızımın otuz altı min frank illik gəliri olacaqdır, bu, cehizinin faizləridir. Onun səkkiz yüz min frankının gəlirli əmlaka çevrilməsini tələb edəcəyəm.

Ardı var...

21 oktyabr 2015
GO BACK