Düşünmək qabiliyyətindən məhrum olan, lakin heç şübhəsz, meşşan xasiyyətləri ilə aşılanmış sabiq bir məmurun, yəni Puarenin polis sözünü işlətməklə tərbiyəli bir adam maskası altında Beytül-müqəddəs küçəsindəki* idarənin agenti olduğunu büruzə verdikdən sonra belə, özünü Buffon küçəsində yaşayan saxta rantye kimi təqdim edən şəxsin sözlərinə yenə qulaq asacağına kim inana bilər? Bununla belə, burada qeyri-təbii heç nə yoxdur. Saysız-hesabsız sadəlövhlər ailəsində Puarenin necə xüsusi bir cins təşkil etdiyini, bəzi alimlərin hələ nəşr edilməmiş, lakin şöhrət qazanmış müşahidələri sayəsində tamamilə aydın görünə bilər: Dövlət büdcəsinin min iki yüz frank maaş alanlarının nüfuz etdiyi birinci en dairəsi ilə (bu, bir növ, inzibati Qrenlandiyadır) üç minlə altı min arasında maaşı olan isti yerlərin başladığı, mükafatların yaxşı bitdiyi, hətta bəslənməsinin çətinliyinə baxmayaraq, çiçək açdığı üçüncü dərəcə arasında (mülayim iqlimli bir sahədir), köçücü bir tayfa yaşayır. Bu kütbeyin xidmətçilərə xas olan cəhətlərdən biri də budur ki, onlar hər hansı bir nazirliyin dalay-lamasına* mexaniki, instinktiv, biixtiyar ehtiram bəslərlər, halbuki bu dalay-lamanı məmurlar ancaq aydın oxunulmayan imzasına görə və “nazir həzrətləri” adı ilə tanıyırlar. Bu iki söz onların nəzərində “Bağdad xəlifəsi”* əsərindəki II Bondo cani mislində bir şeydir, həm də bu miskin məxluq üçün etiraz qəbul etməyən müqəddəs bir hakimiyyətin timsalıdır: xristianların nəzərində papa, məmurların nəzərində isə nazir həzrətləri xətasıdır. Nazir həzrətlərinin dəbdəbəsi onun hərəkətlərində, sözlərində, hətta onun adından danışılan sözlərdə belə özünü göstərir, onun əmri ilə görülən bütün işləri onun zərbaftalı mundiri pərdələyir, qanun şəklinə salır. Nazir həzrətlərinin mənsəbi onun niyyətlərinin saf, göstərişlərinin müqəddəs, ən yaramaz ideyalar üçün bir vasitə olduğunu sübut edir. İnsan adlanın bu zavallılar “nazir həzrətləri”nin adı çəkiləndə öz şəxsi mənfəətlərindən ən artıq səy göstərirlər. Orduda olduğu kimi, dəftərxanalarda da passiv itaətkarlıq hökm sürür. Bu sistem vicdanları boğur, insan qəlbini xarabazara döndərir, insanı dövlət idarəsi maşınının balaca bir vintinə çevirir. Göründüyü kimi, insanları tanıyan Qondüro, dərhal Puarenin səfeh bir bürokrat olduğunu anlamış və batareyalarını ortalığa çıxarıb, agentin fikrinə görə, Mişono Puarenin məşuqəsi olduğu kimi, Mişononun məşuqu vəziyyətində olan Puareni heyrətləndirmək vaxtı çatanda, öz Deus ex machina,* yəni ecazkar “nazir həzrətləri”ni işə salmışdı.
Puare dedi:
– İndi ki nazir həzrətləri, şəxsən, bəli, nazir həzrətləri... Bu lap başqa şeydir, buna heç söz ola bilməz.
Saxta rantye isə Mişonoya xitabən davam edirdi:
– Bu cənabın dediklərini eşidirsinizmi? Siz ki, yanılmıramsa, ona etibar edirsiniz. Bəli, belədir ki var. Nazir həzrətləri bu fikirdədir ki, “Vokenin evi”ndə yaşayan və Votren adlanan şəxs Tulon katorqasından qaçmış və “Ölüm-yalan” adı ilə məşhur olan bir məhbusdur.
Puare təkrar etdi:
– Belə de! “Ölüm-yalan!” Görünür, işi rast gətirir ki, belə ad qazanıb...
Agent dedi:
– Əlbəttə. Ona bu adı həmişə bəxti gətirdiyinə görə veriblər: o, ən cəsarətli təşəbbüslərindən sağ-salamat çıxarmış. Onun necə qorxulu adam olduğunu görürsünüz! Bəzi qabiliyyətlərinə görə bu, fövqəladə şəxsdir. Onun katorqaya göndərilməsi böyük hadisə idi. Bunun sayəsində o, doğrudan da, böyük hörmət qazanmışdı...
Puare soruşdu:
– Demək, o, hörmət sahibidir?
– Bəli, bir növ... O, könüllü olaraq başqasının cinayətini öz üstünə götürmüşdü. Onun sevdiyi olduqca gözəl bir gənc saxtakarlıq etmişdi. Bu gənc italyan dəhşətli qumarbaz idi. Sonralar hərbi qulluğa girmişdi, həm də özünü yaxşı aparırdı.
Madmazel Mişono soruşdu:
– Bəs polis naziri həzrətləri Votrenin “Ölüm-yalan” olduğunu bilirsə, mənə nə ehtiyac var?
Puare dedi:
– Bəli, bəli, doğrudan da. Əgər, siz buyurduğunuz kimi, cənab nazir müəyyən dərəcədə yəqinlik hasil edirsə...
– “Yəqinlik” sözü o qədər də düz deyil: buna daha çox şübhə demək olar. Bu saat mən sizi başa salaram. “Ölüm-yalan” adı ilə şöhrət qazanan Jak Ko len üç katorqanın möhkəm etibarını qazanmışdır. Bu katorqalar onu agent və bankir seçmişlər. O, bu cür şeylərdən böyük pullar qazanır. Belə adamların xüsusi damğası var.
– Ha-ha! Madmazel, bu cinası başa düşdünüzmü? – deyə Puare soruşdu. – Cənab Qondüro deyir ki, bu cür adamların xüsusi damğası var, yəni o, damğalı adamdır.
Agent isə sözünə davam edərək:
– Saxta Votren, – dedi, – katorqalıların kapitalını qəbul edir, ticarət işlərinə qoyur, katorqadan qaçan məhbusların özlərinə qaytarmaq, yaxud bu barədə vəsiyyətnamə yazmışsa, ailələrinə vermək üçün əmanət saxlayır, ya da saxta Votren adına yazılmış veksellər üzrə onların məşuqələrinə verir.
Puare soruşdu:
– Məşuqələrinə? Bəlkə, siz arvadlarına demək istəyirsiniz?
– Xeyr, katorqalılar, adətən, qeyri-qanuni arvadlar saxlayırlar ki, bizdə buna nikahsız deyirlər.
– Demək, onlar nikahsız yaş yırlar?
– Tamamilə doğrudur.
– Bu cür çirkin işlərə dözmək cənab nazirə yaraşmaz. Siz tez-tez nazir həzrətləri ilə görüşürsünüz, həm də siz, mənim rəyimcə, insanpərvər adamsınız, bu cür adamların əxlaqsızlığını nazirə başa salmaq sizin borcunuzdur, hər halda, cəmiyyət üçün bu, yaxşı nümunə deyildir.
– Lakin hökumətin onları zindana salmaqda məqsədi əxlaq və xeyirxahlığın nümunəsini nümayiş etdirmək deyildir.
– Haqlısınız. Ancaq müsaidənizlə...
Madmazel Mişono söhbətə qarışaraq:
– Dostum, – dedi, – qoysanız cənab Qondüro danışsın...
Qondüro davam etdi:
– Bilirsinizmi, madmazel, hökumət, şayiələrə görə, böyük məbləğ təşkil edən bu xəzinəni zəbt etməklə çox şey qazana bilər. “Ölüm-yalan”ın ixtiyarında bir çox qiymətli şeylər var. O yalnız bəzi yoldaşlarının deyil, hətta “On minlər şirkəti”nin də pullarını özündə saxlayır.
Puare dəhşətlə bağırdı:
– On min oğrumu?
– Xeyr, “On minlər şirkəti” geniş dairədə fəaliyyət göstərən yüksəkmarkalı oğruların təşkilatıdır. Onlar on min frankdan əskik işlərə əllərini bulaşdırmazlar. Bu şirkətə daxil olanların hamısı seçmə adamlardır: belələrini biz Ali cinayət məhkəməsinin ixtiyarına göndəririk. Onlar “Qanun məcəlləsi”ni yaxşıca öyrənmişlər, cinayət üstə tutulsalar belə, heç vaxt edam cəzası maddəsinə düşməzlər. Kol en onların vəkili, məsləhətçisidir. O, ixtiyarında olan böyük sərvət sayəsində özünə məxsus bir polis idarəsi təşkil edib, geniş əlaqələr yaradıb və hər şeyi duman, sirr içində saxlayır. Artıq bir ildir biz onu casuslarla əhatə etsək də, yenə oyunlarını aça bilmirik. Bu surətlə, istər bu xəzinə, istərsə onun istedadı daim cinayətlərə qida verir, canilərin artmağına səbəb olur, silah altında o, bir ordu quldur saxlayır, bunlar da daim cəmiyyətlə müharibə edlirlər. “Ölüm-yalan”ı həbs etmək və onun bütün dəstəsini ələ keçirmək cinayətin kökünü kəsmək deməkdir. Buna görə də bu, təxirəsalınmaz işdir, dövlət işidir, siyasi işdir. Bu işin müvəffəqiyyət qazanmağına kömək etmək böyük şərəfdir. Bunun sayəsində siz yenə hökumət qulluğuna girə bilər, polis komissarının katibi ola bilər və eyni zamanda pensiyanızı ala bilərsiniz.
Madmazel Mişono soruşdu:
– Bəs nə üçün “Ölüm-yalan” xəzinəni götürüb qaçmır?
– Bu mümkün deyil. O, hara qaçsa, nca onu öldürmək üçün adam göndərəcəklər. Bundan başqa, katorqanın xəzinəsini oğurlamaq yaxşı bir ailədən qızı qaçırmaq kimi deyildir. Həm də Kolen qoçaq adamdır: belə zarafatları bacarmaz, rüsvayçılığa yol verməz.
Puare dedi:
– Doğru buyurursunuz. O lap rüsvay ola bilərdi...
Madmazel Mişono:
– Biz yenə də nə üçün onu, sadəcə, həbs etmək mümkün olmadığını başa düşmədik, – dedi.
– Çox gözəl, mən bu saat başa salaram... (O, Mişonoya doğru əyilərək qulağına pıçıldadı: – Ancaq bir şərtlə. Kavalerinizi sözümü kəsməyə qoymayın, yoxsa biz heç vaxt söhbətimizi qurtarmayacağıq. Bu qoca çox varlı olmasa, heç kəs onu dinləməz.) “Ölüm-yalan” bura gəldiyi zaman abırlı adam cildinə girmiş, hörmətli bir Paris vətəndaşı olmuş, diqqəti cəlb etməyən bir pansionda yerləşmişdir. O, çox həssas adamdır, onu birdən yaxalamaq mümkün deyil. Bir sözlə, Votren böyük adamdır, böyük işlərlə məşğuldur.
Puare öz-özünə:
– Əlbəttə, əlbəttə, – dedi.
– Əgər birdən səhvə yol verilsəydi və əsl Votren həbs edilsəydi, heç bilirsiniz nə olardı? Parisin bütün ticarət aləmi və əfkar -ümumi nazirə qarşı üsyan edərdi. Polis prefektinin də düşmənləri var, vəziyyəti möhkəm deyildir. İş baş tutmasa, onun yerinə keçmək istəyənlər onu bayıra atmaq üçün, dərhal liberalların mırıltısından, nəriltisindən istifadə edəcəklər. Bu işdə, özünü qraf de Sent-Elen elan edən Kuanyarın* işində olduğu kimi hərəkət etmək lazımdır. Əgər o, əsl qraf de Sent-Elen olsaydı, bizim dərimizi soyardılar. Bax buna görə hər şeyi yoxlamaq lazımdır.
Madmazel Mişono cəld:
– Demək, sizə qəşəng bir xanım lazımdır?
– Xeyr, o, qadınları özünə yaxın qoymaz. Sizə bir sirri də aça bilərəm: “Ölüm-yalan”ın qadınlarla arası yoxdur.
– Elə isə, fərz edək ki, mən buna iki minə razı ola bilərəm, lakin mən yenə də bu yoxlamada nə fayda verəcəyimi başa düşə bilmirəm.
Məchul adam dedi:
– Bu lap sadə şeydir. Mən sizə içi mayeli balaca bir şüşə verəcəyəm: bu dərmanı içəndə qan beyinə vurur; bu, qan gəlməsi kimi bir şeydir, ancaq heç bir təhlükəsi yoxdur. Dərmanı qəhvə ilə, yaxud şərabla qarışdırmaq olar. Dərman öz təsirini göstərdikdən sonra xəstəni çarpayısının üstünə uzadarsınız, guya, ölüm təhlükəsi olub-olmadığını yoxlamaq üçün paltarını soyundurarsınız. Onun yanında yalqız qaldıqdan sonra ovcunuzun içi ilə çiyninə bir şapalaq vurarsınız. O zaman damğanın görünüb-görünmədiyi məlum olar.
Puare:
– Bu lap boş şeydir ki... – dedi.
Qondüro qoca bakirəyə doğru dönərək:
– Hə, necə, razısınızmı?
– Bəs damğa tapılmasa, mən yenə də iki min frankımı alacağammı?
– Xeyr.
– Bəs mənim mükafatım?
– Siz beş yüz alacaqsınız.
– Heç adam da bundan ötrü belə işlərə əl atarmı? Hələ mən nə qədər vicdan əzabı çəkəcəyəm, hələ vicdanımı sakit etməyə məcburam.
Puare söhbətə qarışaraq:
– Sizi inandıra bilərəm ki, – dedi, – madmazel çox vicdanlıdır. Bundan başqa, o çox nəzakətli və dərrakəlidir.
Mişono qərar verdi.
– Yaxşı, razıyam. Əgər bu adam “Ölüm-yalan” olarsa, siz mənə üç min frank verəcəksiniz, başqa adam olarsa, heç şey verməzsiniz.
Qondüro cavab verdi:
– Çox gözəl, ancaq bir şərtlə: bu işi sabahdan o yana qoymayasınız.
– Bu qədər tez mümkün deyildir, əzizim, mən hələ ruhanimlə məsləhətləşməliyəm.
Agent yerindən durdu:
– Amma yaman hiyləgərsiniz! – dedi. – Demək, sabah görüşürük. Əgər mənimlə təcili görüşmək lazım gələrsə, Sent-Şapelin tərəfindəki kilsə həyətinə, Sent-Ann döngəsinə gələrsiniz. Orada tağ altında ancaq bir qapı var. Qondüronu soruşarsınız.
Ardl var...