Qadin.NET / O.Balzak "Qorio ata"-29

O.Balzak "Qorio ata"-29

Ejen bədənindəki titrəməni büruzə verməməyə çalışaraq Votrenə dedi:

– Cənab Votren, siz anlamalısınız ki, mənə etdiyiniz təklifdən sonra sizdən heç bir iltifat qəbul edə bilmərəm.

İblis dedi:

– Çox gözəl! Siz mənə başqa bir cavab ver , məni məyus edərdiniz. Siz cavansınız, qanacaqlısınız, şir kimi məğrursunuz, gənc qız kimi zərifsiniz. Şeytan üçün siz ən ləziz xörəksiniz. Mən cavanların bu cəhətini çox sevirəm. Yüksək siyasət aləmindən bir-iki fikir daha söyləsəm, dünyanın həqiqi mənzərəsini görmüş olarsınız. Bu dünyada bəzi kiçik qəhrəmanlıq səhnələrini oynamaq lazım gəlir, o zaman yüksəklərdə qanad çalanlar parterdə əyləşən axmaqların gurultulu alqışları altında bütün şıltaqlarını təmin edə bilərlər. Daha bir neçə gün keçər, siz bizə yoldaş olarsınız. Ah, əgər siz mənim şagirdim olmaq istəsəydiniz, hər şey əldə edə bilərdiniz. Ürəyinizdən hansı arzu keçərdisə, ona dərhal artıqlaması ilə əməl olunardı: şərəf istəsəniz, şərəf, pul istəsəniz, pul, qadın istəsəniz, qadın. Bütün mədəniyyət meyvələrindən biz sizə hazırlardıq. Siz bizim nazlı balamız, bizim üçün Veniamin1 olardınız, sizin

arzunuzu yerinə yetirmək üçün biz məmnuniyyətlə özümüzü parçalamağa belə razı olardıq. Yolunuzdakı bütün maneələri yox edər, hər şeyi göylərə püskürdərdik. Əgər siz məndən pul aldıqda vicdan əzabı çəkirsinizsə, demək, siz məni cinayətkar sayırsınız? Görürsünüzmü, sizin kimi özünü namuslu sayan cənab de Türen* quldurlarla xırda-xırda sazişlərə girir və bundan ləkələnə biləcəyini qətiyyən nəzərə almır. Siz mənə borclu qalmaq istəmirsiniz, eləmi? – Votren irişdi və yenə sözünə davam edərək: – Nə eybi var, – dedi. – Bu kağız parçasını götürün (Votren Rastinyaka gerbli bir kağız uzatdı). Bu kağızın kənarında yaza bilərsiniz ki: “Üç min beş yüz frank alınmış və bir ildən sonra qaytarılmalıdır”. Tarixini də qoyun! Faizi kifayət qədər çox olduğundan vicdan əzabı çəkməyə bilərsiniz; sizin məni sələmçi adlandırmağa haqqınız var, mənə qətiyyən minnətdar olmaya bilərsiniz. Bu gündən etibarən mənə nifrət belə etməyə icazə verirəm, mən əminəm ki, sonralar siz məni sevəcəksiniz. Siz mənim qəlbimdə dərin uçurumlar, bir yerə cəmləşmiş böyük hisslər görə bilərsiniz ki, axmaqlar bunu qəbahət adlandırır, lakin siz heç vaxt məndə naşükürlük və xəyanət görməzsiniz. Xülasə, əziz balam, mən nə fil, nə də piyadayam, mən şahmatdakı topam.

Ejen əsəbi halda dedi:

– Siz kimsiniz, necə adamsınız? Siz mənim qəlbimi parçalamaq üçün yaranmışsınız!

– Qətiyyən. Mən ancaq xeyirxah adamam, sizi çirkabdan ömrünüzün sonuna qədər xilas etmək üçün sizin əvəzinizdə çirkaba girməyə hazır olan bir adam. Siz, yəqin fikirləşirsiniz ki, mənim bu sədaqətimə səbəb nə ola bilər? Eybi yoxdur, bir zaman gələr, mən bunun cavabını verərəm, ancaq yavaşca, qulağınıza söylərəm. Mən əvvəlcə ictimai quruluş mexanizmini və bu maşının mühərrikini göstərib, sizi qorxuya saldım. Lakin döyüş meydanında siz başa düşəcəksiniz ki, insanlar öz başlarına kral tacı qoyanları səadəti uğrunda ölməyə məhkum olan başqa bir şey deyillər. Zəmanə çox dəyişmişdir. Bir zamanlar bir qoçağa deyə bilərdilər ki, “al bu yüz qızılı, filankəsi öldür!” – Heç bir səbəb olmadan, günahsız bir adamı cəhənnəmə vasil edib, rahatca şam edərdilər. İndi isə mən sizə yalnız başınızla işarə etmək üçün böyük sərvət təklif edirəm, bu işarə sizi heç də alçaltmaz, siz isə hələ tərəddüd də edirsiniz. Əprimiş əsrdir!

Ejen vekselə imza atdı və pulları götürdü.

Votren sözünə davam edərək:

– Afərin! – dedi. – İndi ciddi danışa bilərik. Mən bir neçə aydan sonra Amerikaya, tütün əkməyə gedirəm. Dostluq naminə sizə siqar göndərəcəyəm. Varlanarsam, sizə kömək edərəm. Əgər uşağım olmazsa (bu çox mümkündür, mən kök salmaq fikrində deyiləm), bütün sərvətimi sizə vəsiyyət edəcəyəm. Məgər bu, dostluq deyildir ? Mən sizi sevirəm. Mən özümü bir başqasının yolunda qurban verməyə hazıram. Bu, mənim adətimdir. Məsələ burasındadır ki, əziz balam, mən başqa insanların yaşadığı fəzalardan daha yüksəklərdə dolaşıram. Mənim üçün hərəkət bir vasitədir, mənim gözlərimin qarşısındakı, ancaq hədəfimdir. İnsan mənim üçün nədir? Bax bu! – Votren baş barmağının dırnağını dişlərinə şıqqıldatdı. – İnsan ya hər şeydir, ya heç. Əgər onun adı Puare isə o, heçdən də balacadır, yastıdır, iy verir, taxtabiti kimi əzərsən, qanı da çıxmaz. Lakin insan sizə bənzərsə, o, Allahdır: o, artıq dəri ilə örtülmüş mexanizm deyil, bir teatrdır, burada ən gözəl hisslər oyun oynayır, mən isə ancaq hisslərimlə yaşayıram. Hissiyyat! Məgər bu, bir məqsəd üçün cəmləşmiş böyük bir aləm deyilmi? Elə bu Qorio ataya nəzər yetirin, onun üçün iki qızı böyük bir kainat, varlığın mehvəridir. Mən həyatı dərindən seyr etmişəm, mənim tanıdığım

həqiqi bir hiss varsa, o da ancaq iki kişinin dostluğudur. Mənim ehtirasım Pyer və Jafye dir. Mən “Xilas edilən Venesiya”nı* əzbər bilirəm. Bu qədər möhkəm adamlar tapa bilərsinizmi ki, yoldaşı “gedək meyiti basdırmağa!” dediyi zaman, dinməz-söyləməz, zəhlətökən nəsihətlər vermədən, yoldaşının ca düşüb getsin? Mən həmişə belə etmişəm. Mən hər kəslə bu cür söhbətlər etmirəm, lakin siz yüksək təbiətli insanlardansınız. Sizə hər şeyi söyləmək olar, siz hər şeyi başa düşə bilərsiniz. Siz qurbağa törəmələrinin yaşadığı bataqlıqda uzun müddət çırpınmayacaqsınız. Yanılmıramsa, şərtimiz aydındır? Siz evlənməlisiniz. Şpaqalarımız qınından çıxdı – döyüş meydanıdır! Mənim qılıncım poladdandır, heç zaman əyilməz, hə-hə-hə!

Votren mənfi cavab almamaq və Ejenə özünə gəlməyə imkan vermək üçün dərhal otaqdan çıxdı. Görünür, bütün bu zəif müqavimətlərin, bütün bu mübahisələrin insan üçün öz pis hərəkətlərinə bəraət qazandırmaq cəhdlərindən başqa bir şey olmadığı Votrenə məlum idi.

Ejen isə öz-özünə dedi:

“Nə istəyir eləsin, ancaq mən, əlbəttə, madmazel Tayferi almayacağam!”

Qəlbində dəhşət oyadan, lakin məhz fikirlərinin həyasızlığı və cəmiyyətin mahiyyətini anlamaqda göstərdiyi cəsarət sayəsində gözləri qarşısında böyüyən bu şəxslə yalnız sazişə girmək qorxusundan onun bütün mənəviyyatı sarsılsa da, yenə buna davam gətirdi. Rastinyak geyinib, karet çağırtdırdı və madam de Restonun müsamirəsinə getdi. Bu xanım, hər addımı ilə yüksək cəmiyyətdə irəli gedən və gələcəkdə təhlükəli nüfuz qazana biləcək bu oğlana son günlər diqqətini ikiqat artırmışdı. Rastinyak markiz d’A uda və qraf de Trayla haqq-hesabını çürütdü, bütün gecəni vist oynadı və uduzduğunu geri qaytardı. Özünə yalqızca yol açan insanların əksəriyyəti adətən, az-çox fatalist olar; odur ki Rastinyak da mövhumatçı idi: o, bu uduşa, yaxşı əməl yolunda möhkəm dayanmağa qərar verdiyi üçün göylərin mükafatı kimi baxdı. Səhər tezdən o, hər şeydən əvvəl, vekselinin necə olduğunu Vortendən soruşdu. Ejen təbii bir məmnuniyyətlə Votrenə üç min frank qaytardı.

Votren:

– Hər şey öz yerindədir, – dedi.

Ejen:

– Ancaq mən sizə yoldaş deyiləm, – deyə cavab verdi.

Votren Ejenin sözünü kəsərək:

– Bilirəm, bilirəm, – dedi, – siz hələ uşaqlıq edirsiniz və sarsaq şeylərdə tərəddüd göstərirsiniz.

İki gün sonra Puare ilə madmazel Mişono Botanika bağının xəlvət bir , günəşin düşdüyü skamyada əyləşib, Byanşona haqlı olaraq şübhəli görünən bir cənabla söhbət edirdilər.

Qondüro deyirdi:

– Madmazel, mən sizin vicdanınızı narahat edəcək bir şey görmüşəm. Dövlət polis naziri həzrətləri...

Puare:

– Belə! Demək, dövlət polis naziri həzrətləri... – deyə təkrar etdi.

Qondüro cavab verdi:

– Bəli, bəli, nazir həzrətləri bu işlə maraqlanır.

Ardı var...

17 oktyabr 2014
GO BACK