Qadin.NET / O.Balzak "Qorio ata"-28

O.Balzak "Qorio ata"-28

O.Balzak "Qorio ata"-28

Bir neçə gün idi ki, Rastinyak dağınıq həyat sürürdü. O, demək olar, hər gün baronessa Nusingenin yanında nahar edir, onunla birlikdə qonaq gedirdi. O, evə ancaq səhər saat üçdə, ya dörddə qayıdır, saat on ikidə oyanır, geyinib, Delfina ilə Bulon meşəsinə gəzməyə gedir, qiymətli vaxtını əbəs yerə sərf edirdi. Xurma ağacının çiçək kasası erkək cinsiyyət hüceyrələrinin intizarında olduğu kimi, Ejen də ehtişamlı həyatın bütün cazibələrini böyük bir ehtirasla canına çəkirdi. Rastinyak qumar oynayır, uduzur, böyük məbləğlər udurdu. Bu surətlə o, Paris gənclərinin firavan həyatına öyrəşdi. Qumarda udduğu ilk pullarından anası ilə bacılarının min beş yüz frankını, qəşəng hədiyyələrlə birlikdə geri qaytardı. Artıq “Voke evi”ni tərk etmək niyyətində olduğunu hamıya söylədikdən sonra oradan tez qurtulmaq üçün can atsa da, yanvar ayının son günlərində hələ yenə də orada yaşamaqda idi. Bütün gənclər, bəlkə də, izah edilməyəcək bir qanuna tabedirlər, bu qanunun əsasını təşkil edən şey də onların gəncliyi və nəşədə göstərdikləri şiddətdir. Nə qədər yoxsul, ya varlı olsalar da, heç zaman bu gənclərin gündəlik həyat ehtiyacları üçün pulları tapılmaz, halbuki əyləncə üçün pulları həmişə çox olar. Bir şeyin pulunu dərhal vermək lazım gəldikdə xəsislik göstərərlər, lakin borc almaq mümkün olsa, bədxərclik ərlər. Sanki, bu s rətlə əlləri çatma şeyin əvəzini çıxarar, əlləri çat nı isə yelə sovurardılar. Bu qanunu izah etmək üçün bir

misal gətirə bilərik: tələbə həmişə paltarından artıq şlyapasını qoruyar. Dərzi, qazancı nə qədər çox olsa da, paltarı borc tikməyə məcburdur, halbuki şlyapa ucuz olduğu üçün, tələbələrin işi düşdüyü adamlar arasında papaqçı güzəştə getmə adam sayılır. Teatrda əyləşmiş bir gəncin əntiqə jileti gənc xanımların lornetlərini özünə cəlb edirsə, bu gəncin ayağında corab olduğuna şübhə etmək olar: corabçı da dibini yırtan taxıl biti cinsinə mənsubdur. Rastinyakın həyatı da belə idi. Onun madam Voke üçün hər zaman boş, şöhrətpərəstlik əyləncələri üçün hər zaman dolu kisəsi ən adi və zəruri xərclərdən asılı olmayaraq gah dolar, gah da boşalardı. O, yüksək cəmiyyət mövqeləri üçün bir həqarət olan bu üfunətli və mənfur pansiondan həqiqətən ayrılmaq istəyirdisə, madam Vokenin bir aylığını verdikdən sonra azad, şıq gəncə məxsus mənzil tutub, ev avadanlığı ala bilməzdimi? Məsələ də burasındadır ki, belə şeylər üçün onun cibində pul tapılmazdı. Rastinyak qumar üçün hər zaman pulu olsun deyə, udduğu zamanlar zərgərdən qiymətli qızıl zəncirlər və cib saatı alar, ehtiyacı olanda isə bu şeyləri gəncliyin ən kədərli və gizli dostlarından olan lombarda aparardı. Lakin mənzil pulunu, yemək pulunu vermək, yaxud yüksək cəmiyyət mədənlərini qazmaq üçün lazımi alətlər almaq məsələsinə gələndə, o, tərəddüd ed r və heç nə icad edə bilməzdi. Gündəlik ehtiyaclar, adi tələbləri təmin etmək üçün borc almaq zərurəti ona ilham verməzdi. Təsadüflə dolu həyatın dadını görmüş insanların əksəriyyəti kimi, o da, meşşanların nəzərində müqəddəs sayılan adətə rəğmən, öz borclarını ödəməyi son dəqiqəyə qədər təxirə salardı. Mirabo* da aldığı çörəyin pulunu, yalnız bu çörək məhkəməyə verilən bir veksel surətində bütün dəhşəti ilə zühur etdiyi zaman verərdi. Nəhayət, Rastinyak var-yoxunu qumara uduzdu, borca düşməyə məcbur oldu. O, müəyyən gəlir mənbəyi olmadan, artıq bu cür həyat sürməyin mümkün olmadığını anladı. Lakin Rastinyak bu qeyri-sabit həyatın nəticəsində yediyi kötəklərin ağrısından ufuldasa da, bu əyyaş həyatdan çəkilmək iqtidarında olmadığını hiss edir və olursa olsun, bunu davam etdirmək istəyirdi. Varlanmağa ümid bəslədiyi xoşbəxt təsadüflər boş xəyala çevrilir, həqiqi maneələr isə getdikcə artırdı. Baron və baronessa Nusingenin ailə sirlərinə vaqif olduqdan sonra Ejen başa düşdü ki, məhəbbəti sərvət qazanmaq alətinə çevirərsə, rüsvayçılıq badəsini son damlaya qədər içməyə, gənclik günahlarına bəraət qazandıran alicənab ideyaları belə atmağa məcbur olacaqdır. O, zahirən parlaq görünən, lakin natəmiz bir vicdanın töhmətləri ilə zəhərlənmiş və əbədi iztirabların, qorxuların bahasına alınmış kiçik nəşələrlə müşayiət edilən bu həyatın burulğanına düşmüşdü: o, Labrüyerin* küçə arxında “Pərişan adam” kimi özünə yataq yeri düzəltmişdi, lakin o da “Pərişan adam” kimi hələlik ancaq paltarını palçığa bulaşdırmışdı.

Bir dəfə Byanşon, süfrədən qalxdığı zaman, Rastinyakdan soruşdu:

– Hə, işlər nə yerdədir? Mandarini öldürdünüzmü?

Rastinyak cavab verdi:

– Hələ ölməyib, ancaq xırıldayır.

Byanşon bu cavabı zarafat kimi qəbul etsə də, zarafat deyildi. Uzun müddətdən sonra evdə ilk dəfə nahar edən Ejen dinməz-söyləməz xörəyini yeyir və nə isə fikirləşirdi. Şirnini yedikdən sonra öz otağına çəkilmək əvəzinə, yemək otağında madmazel Tayferin yanında əyləşdi. Hərdən bir ona mənalı nəzər salırdı. Kirayənişinlərin bəziləri də hələ süfrədən durmamışdı: kimi qoz sındırıb yeyir, kimi də ot - başladığı mübahisəni davam etdirirdi. Axşamlar, adətən, hər kəs kefi istədiyi zaman öz otağına çəkilərdi:

hər şey söhbətin şirinliyindən, yaxud mədənin pis-yaxşı həzm etməsindən asılı idi. Qışda yemək otağı az-az hallarda saat səkkizdən əvvəl boşalardı; odur ki kişilərin çoxluğu sayəsində sükut etməyə məcbur olan dörd qadın bir tərəfə çəkilib yalqız əyləşərdi. O axşam Votren hara isə getməyə tələsirdi, lakin tələbənin məyusluğu onu çaşdırdığından getmədi, qaldı, ancaq Ejen onun getdiyini zənn etsin deyə, tələbənin gözünə görünməməyə çalışdı. Votren kirayənişinlər gedəndən sonra da getmədi, qonşuluqdakı salonun bir tərəfində gizləndi. O, tələbənin ürəyindəkini kitab kimi oxumuşdu və qəti dönüş yaranacağını gözləyirdi.

Rastinyakın vəziyyəti, doğrudan da, getdikcə ağırlaşırdı. Ehtimal ki, bu vəziyyətdən bir çox gənc xəbərdardır. Məhəbbətdənmi, işvəkarlıqdanmı, hər halda, madam de Nusingen Paris qadın diplomatiyasının bütün vasitələrindən istifadə edərək, Ejeni həqiqi ehtirasın bütün həsrətlərini çəkməyə məcbur etmişdi. Vikontessa de Boseanın kuzenini mühafizə etmək üçün özünü cəmiyyət qabağında rüsvay etdikdən sonra Delfina yenə də öz ixtiyarını həqiqətən Ejenə verməkdə tərəddüd göstərirdi. Halbuki hamı bu ixtiyarın çoxdan onun əlində olduğunu zənn edirdi. Delfina bir ay uzunu Rastinyakın şəhvətini qızışdırdıqdan sonra artıq onun qəlbinə də təsir etmişdi. Bu dostluğun ilk günlərində Ejen özünü üstün zənn etsə də, bir az sonra madam de Nusingen, Paris gənclərinin hər birində iki, ya üç kişiyə kifayət edəcək bütün xeyirli və pis hissləri qızışdırmaqda xüsusi qabiliyyəti olması sayəsində qalib gəlmişdi. Bəlkə, o, bunu qəsdən edirdi? Xeyr, qadınlar ən həyasız yalanlarında belə təbii hissə qapıldıqlarından həmişə səmimi olurlar. Kim bilir, bəlkə də, Delfina əvvəlcə Ejenin üstün gəlməsinə imkan verdikdən və ona qarşı böyük hiss bəslədiyini büruzə verdikdən sonra, artıq öz vüqarını alçaltmamaq fikrinə tabe olaraq, onları bir müddət təxirə salmalı idi. Ehtiras odunda yanarkən belə öz süqut dəqiqəsini uzatmaq, öz gələcəyini təslim etdiyi kişinin qəlbini bir daha imtahandan keçirmək Paris qadınları üçün təbii haldır. Birinci dəfə madam de Nusingenin ümidləri puça çıxmışdı: gənc və xudbin Marseyə bəslədiyi hiss təhqir edilmişdi. Onun etibar etməməyə əsası vardı. Sürətli müvəffəqiyyət Ejeni ədabaza döndərmişdi. Çox ola bilsin ki, hər birinin vəziyyətindən asılı olaraq onun hərəkətlərində duyulan hörmətsizlik Delfinanın da diqqətini cəlb etmişdi. Onu atan məşuq qarşısında uzun müddət alçaldıqdan sonra o, təbii olaraq gənc pərəstişkarının gözlərində yüksəlmək və özünə qarşı hörmət oyatmaq istəyirdi. Ejen də Marse ilə onun arasındakı əlaqədən xəbərdardı. Buna görə Delfina istəmirdi ki, Ejen onun üzərində asanlıqla qələbə çala biləcəyini düşünsün. Bir sözlə, bir gənc əxlaqsızdan, dəhşətli bir məşuqdan, onun hərarətli şəhvətpərəstliyindən qurtulduqdan sonra Delfina məhəbbətin çiçəklənən bağçalarında gəzməkdən böyük həzz alır və təsəlli tapırdı; o, təbiət mənzərələrini heyran-heyran seyr edir, ehtizazına uzun-uzadı qulaq asır, bəkarətli küləyin nəvazişlərinə özünü təslim edirdi. Saxta məhəbbət intiqamını həqiqi məhəbbətdən alırdı. Təəssüf ki, ilk yalan addımlarının gənc qadın qəlbində bir çox ətirli çiçəklər tapdadığını kişilər anlamayınca, bu cür mənasız işlər davam edəcəkdir. Lakin Delfinanın niyyəti nə olur-olsun, o, hər halda; Rastinyakla oyun oynayırdı, həm də sevildiyinə şübhə etmədiyindən və qadınlıq əzəməti könlü istədiyi zaman öz məşuqunun kədərlərinə son qoyacaq dərmanı əlində saxladığından həzz alırdı. Rastinyak isə özünə hörmət bəslədiyindən, ilk döyüşünün Delfinanın qələbəsi ilə nəticələnməsini istəmir və ovçu ov mövsümünün açılışı günündə mütləq kəkliyi vurmaq istədiyi kimi, o da inadla öz ovunu təqib edirdi. Mənliyinin təhqir edilməsi, qorxu, məyusluq, səmimi, yaxud uydurma ümidsizlik Rastinyakı bu qadına daha da bağlayırdı. Parisin yüksək cəmiyyəti madam de Nusingeni ona təslim etdiyi halda, onun müvəffəqiyyətləri tanışlığının birinci günündə müvəffəq olduğundan irəli getmirdi. Bəzən qadının işvələrində məhəbbətindəki nəşələrdən daha çox sevinc

olduğunu anlamayan Ejen axmaqcasına hiddətlənirdi. Qadının məhəbbətlə çarpışdığı dəqiqələr Rastinyaka ilk səmərəsini vermişdi: bu meyvə hələ göy və turş idi, baha qiymətə otursa belə, dadı çox xoş və ləziz idi. Bəzən Ejen cibinin pulsuz, gələcəyinin isə dumanlı olduğunu gördükdə, vicdanına rəğmən, Votrenin təlqin etdiyi varlanmaq imkanını, yəni madmazel Tayferlə evlənməyi düşünürdü. İndi artıq elə bir zaman gəlmişdi ki, pulsuzluq gur səslə bağırırdı; odur ki Ejen bəzən Votrenin nüfuzlu baxışlarına təslim olaraq, istər-istəməz dəhşətli sfinksin hiylələrinin təsiri altına düşməyə başlayırdı.

Nəhayət, Puare ilə madmazel Mişono madam Vokeni və madam Kutürü yalqız qoyaraq, üst qata qalxdılar. Madam Kutür sobanın yanında mürgüləyə-mürgüləyə yun əlcəklər hörürdü. Rastinyak bu otaqda arvadlardan başqa kimsə olmadığını zənn edərək, madmazel Tayferə mehriban nəzərlə baxdı. Qız başını aşağı saldı.

Viktorina az sükutdan sonra soruşdu:

– Nədənsə, qəmgin görünürsünüz, cənab Ejen?

Rastinyak cavab verdi:

– Qəmgin olmayan adam tapılarmı? Biz gənclər, hər zaman hazır olduğumuz fədakarlıqlar qarşısında güclü, sadiq məhəbbətlə sevildiyimizi bilsəydik, çox mümkündür ki, qəmgin olmazdıq.

Madmazel Tayfer mənalı nəzərlə Ejenə baxdı.

– Məsələn, sizi götürək, madmazel Viktorina. Siz bu gün öz hisslərinizə əmin görünə bilərsiniz, lakin heç zaman dəyişməyəcəyinizə məsul ola bilərsinizmi?

Zavallı qızın dodaqlarında incə təbəssüm göründü. Sanki qəlbindən doğan bir nur şəfəq kimi onun üzünü işıqlandırdı. Rastinyakın özü belə qızın qəlbində tüğyan edən hisslərin şiddətindən qorxuya düşdü.

– Bəlkə, siz sabah varlı və xoşbəxt bir qadın oldunuz, bəlkə, göylər sizə böyük sərvət bağışladı, siz hələ yoxsulluqda bəyəndiyiniz bir gənci yenə əvvəlki kimi sevə bilərdinizmi?

O, sevimli bir əda ilə başını aşağı saldı.

– Çox yoxsul bir gənci?

Viktorina yenə başını aşağı saldı.

Madam Voke bağırdı:

– Orada nə boş-boş danışırsınız?

Ejen dedi:

– Bizi rahat qoyun, bizim öz işimiz var.

Yemək otağının qapısında görünən Votren:

– Əgər məsələ bu yerdə isə kavaler Ejen de Rastinyakla madmazel Tayferi adaxlandırmaq lazım gəlməzmi? – dedi.

Madam Kutürlə madam Voke bir səslə çığırdılar:

– Ah, siz məni lap qorxutdunuz!

Votrenin səsi heç zaman duymadığı dəhşətli bir həyəcana səbəb olsa da, Rastinyak gülə-gülə cavab verdi:

– Zənnimcə, mən ondan yaxşısını tapa bilməyəcəyəm.

Madam Kutür onlara xitabən:

– Münasibətsiz zarafatların yeri deyil! – dedi. – Viktorina, gedək otağımıza.

Voke öz otağında şam və odun yandırmamaq üçün axşamını keçirmək məqsədi ilə qadınlarla bərabər yuxarı qalxdı. Ejen Votrenlə tək qaldı.

Votren sarsılmaz soyuqqanlılıqla:

– Sizin bu nəticəyə gələcəyinizi bilirdim, – dedi. – Lakin sözümə qulaq asın. Mənim də başqaları kimi qanacağım var. Siz bu saat heç bir qərara gəlməməlisiniz, siz pərişan görünürsünüz. Sizin borca düşdüyünüzü bilirəm. Mən arzu edərdim ki, sizi mənim dərgahıma gətirən nə ehtiras, nə də ümidsizlik deyil, ağıl olsun. Bəlkə, sizin bir neçə minə ehtiyacınız var? İstəsəniz, buyur bilərsiniz.

İblis pul kisəsini cibindən çıxartdı, bir neçə min franklıq götürüb Rastinyakın gözləri qabağında oynatmağa başladı. Ejenin vəziyyəti dəhşətli idi. O, markiz d’A udaya və qraf de Traya beş yüz frank uduzmuşdu. Cibi boş olduğundan qrafinya de Restonun müsamirəsinə getməyə cürət etmirdi. Halbuki gələcəyini vəd etmişdi. Qrafinya sadə bir müsamirə düzəltmişdi, yəni orada çaydan və peçenyedən başqa bir şey olmasa da, vist oyununda altıca min frank uduzmaq mümkün şeydi.

Ardı var...

17 oktyabr 2015
GO BACK