Qadin.NET / O.Balzak "Qorio ata"-26

O.Balzak "Qorio ata"-26

 

O.Balzak "Qorio ata"-26

 

Byanşon at muşqurlayırmış kimi ağzını marçıldatdı.

Madam Voke:

– Lap anadangəlmə per və hersoqdur! – dedi.

Madmazel Mişono soruşdu:

– Siz qəlbləri fəth etməyəmi gedirsiniz?

Rəssam çığırdı:

– Quqquluqu!

Muzey məmuru dedi:

– Zövcənizə salamlar yetirin!

Puare soruşdu:

– Məgər cənab Rastinyakın zövcəsi var?

Votren məzhəkəli bir yanıltmac kimi, bazar alverçisinin tonu ilə bağırdı:

– Zövcə nə zövcə, lap əntiqəsi, dənə-dənə satılır, suda batmaz, rəngi getməz, qiyməti iyirmi beşdən qırxa kimi, dama-dama, son , yuyular yırtılmaz, yarısı ipək, yarısı kətan, ay alan, ay satan, diş ağrısı, baş ağrısı, hər şeyin dərmanı Kral ibb kademiyası tərəfindən bəyənilmişdir. Uşaq üçün ən yaxşı dərman, başın ağrıyır, iç, mədən xarab oldu, iç, ayağın bağlıdır, iç, qulağın, gözün ağrıdı, iç! Sual edirsiniz ki, bu necə dərmandır, qiyməti iki su? Yox, lap havayı. Pulsuz satıram. Böyük Moğolun* sifarişlərindən artıq qalıb, bütün Avropa hökmdarları, Baden hersoqu hələ bunun tamaşasına gəlmişdir! Buyurun, yol açıqdır. Yolda kassaya dəyərsiniz! Çalğıçılar gəlsin! Brum-lya-lya, trin-lya-lya, bum-bum! – Sonra isə xırıltılı səslə əlavə etdi: – Ey, klarnet, düz çalsana! Yoxsa atanı yandıraram!

Voke məmnun halda:

– Vallah, bu, qiyamət adamdır, ömrün boyu onunla darıxmazsan.

Votrenin bu əyləncəli çıxışından sonra, sanki, bir işarə ilə gurlayan qəhqəhələr və zarafatlar arasından, Ejen madmazel Tayferin madam Kutürə tərəf əyilib nə isə pıçıldayarkən, ona tərəf oğrun-oğrun baxdığını hiss etdi.

Birdən Silviya:

– Kabriolet gəldi, – dedi.

Byanşon soruşdu:

– Görəsən, o, harada nahar edir?

Ejen:

– Cənab Qorionun qızı baronessa de Nusingenin evində.

Bu adı eşidər-eşitməz hamı vermişel fabrikantına tərəf baxdı, o isə qibtə ilə Rastinyaka baxırdı.

Ejen Sen-Lazar küçəsində zərif üslubda tikilmiş, incə sütunlu, sadə dəhlizli, Parisdə “sevimli” adlanan evlərdən birinə yaxınlaşdı: bu, tipik bankir evi idi. Ev çox bahalı şeylərlə dolu idi. Pilləkənlərin mozaik mərmər meydançaları, gipsdən tökülmə naxışları var idi. Madam de Nusingen italyan zövqündə işlənmiş və qəhvəxana stilinə bənzəyən üslubda döşənmiş kiçik salonda idi. Baronessa məyus görünürdü. Onun öz məyusluğunu hiss etdirməyə çalışması o qədər səmimi idi ki, Ejen mütəəssir olmaya bilməzdi. Ejen bu gözəl qadını öz gəlişi ilə sevindirmək ümidində olduğu halda, onu qüssə içində gördü. Bu qəribə hal Ejenin mənliyinə toxunurdu.

Pərişan halı haqqında zarafatla bir-iki kəlmə söylədikdən sonra Ejen ciddiyyətlə:

– Sizin etimadınızı qazanmaq üçün mənim haqqım azdır, baronessa, – dedi. – Ancaq mən sizin səmimiyyətinizə inanıram: əgər sizi darıxdırıramsa, bunu mənə açıq söyləyə bilərsiniz.

Delfina:

– Rica edirəm, qalın, – dedi. – Cənab Nusingen evdə nahar etməyəcək, siz isə getsəniz, mən lap tək qalaram, halbuki qətiyyən yalqız qalmaq istəmirəm, pərişanlığımı dağıtmalıyam.

– Bəs sizə nə olmuşdur?

– Mən bunun səbəbini hər kəsə söyləsəm də, sizə söyləmərəm.

– Mənsə bilmək istəyirəm. Belə məlum olur ki, bu sirdə mənim də bir rolum var.

– Bəlkə də! Amma yox, ailə davalarıdır, onları qəlbimdə gizlətməkdən başqa çarəm yoxdur. Məgər mən sizə o dəfə söyləmədimmi? Mən heç də xoşbəxt qadın deyiləm. Qızıl zəncirlər ən ağır zəncirlərdir.

Bir qadın bir gəncə bədbəxt olduğunu söylədiyi zaman, bu gənc ağıllı isə, yaxşı geyinmişsə, cibində min beş yüz frankı varsa, o, Ejenin düşündüyünü düşünməli və özündən məmnun qalan lovğa adam olmalı idi.

Ejen:

– Sizə bundan artıq nə lazımdır? – dedi. – Siz gəncsiniz, gözəlsiniz, zənginsiniz, sevilirsiniz.

Delfina başını yırğalayaraq, kədərli səslə:

– Mənim barəmdə danışmaya da bilərik, – dedi. – Bir yerdə nahar edərik, sonra isə gözəl musiqiyə qulaq asmağa gedərik. – Sonda o, ayağa durub, nadir təsadüf edilən zərif İran naxışlı ağ k şmir paltarını göstərərək: – Məni bəyənirsinizmi? – deyə soruşdu.

Ejen cavab verdi:

– Mən istərdim ki, siz bütün varlığınızla mənim olasınız. Siz cazibədarsınız.

O, acı təbəssümlə:

– Bu, sizin üçün kədərli qazanc olardı, – dedi. – Burada heç bir şey sizə bədbəxtliyi xəbər vermir, halbuki zahiri sakit görkəmə baxmayaraq, mən dərin məyusluq içindəyəm. Bu dərd məni yatmağa belə qoymur, mən gözəlliyimi də itirəcəyəm.

Ejen etiraz etdi:

– Yox, yox, bu ola bilməz! Mən sadiq məhəbbətin belə unutdura bilmədiyi kədərlərin nədən ibarət olduğunu bilmək istərdim.

– Mən öz kədərimi sizə etibar edib lap danışsaydım, siz məndən qaçardınız. Sizin mənə bəslədiyiniz məhəbbət yalnız adi bir kişi eşqbazlığıdır. Əgər məni həqiqətən sevsəydiniz, siz də mənim kimi naümid olardınız. Mənim sükut etməyə məcbur olduğumu görürsünüz. Yalvarıram, başqa şeylərdən söhbət edək. Gedək, otaqlarımı sizə göstərmək istəyirəm.

Rastinyak buxarının yanındakı balaca divanda madam de Nusingenin yanında əyləşərək:

– Xeyr, – dedi, – burada oturaq.

Ejen cəsarətlə onun əlindən tutdu. Delfina müqavimət göstərmədi, hətta Ejenin əlini həyəcanla, qüvvətlə sıxdı: onun dərin həyəcan içində olduğu görünürdü.

Ejen:

– Sözlərimə qulaq asın, – dedi. – Əgər sizin bir dərdiniz varsa, mütləq mənə söyləməlisiniz. Mən siz , yalnız sizi üçün sevirəm. Söhbətimizə davam edək, dərdinizi mənə açmalısınız, bir düjün adam

öldürmək belə lazım gələrsə, mən sizin dərdinizi dağıtmalıyam. Əks təqdirdə mən buradan çıxıb gedər, bir daha qayıtmaram.

Delfina naümid və birdən-birə onu bürümüş bir fikrin təsiri altında əlini alnına vuraraq:

– Yaxşı! – dedi. – Mən bu saat sizi imtahandan keçirərəm.

O, öz-özünə: “Bəli, başqa çarə yoxdur!” – deyə düşündü. Zəngi çaldı. İəri girən lakeydən:

– Baronun karet hazırdırmı? – deyə soruşdu.

– Bəli, xanım.

– Mən karetə gedəcəyəm. Baronun ınca mənim ekipajımı göndərərsiniz. Saat yeddidə nahar edəcəyik.

Sonra Ejenə əmr etdi:

– Gedək.

De Nusingenin karet və bu qadınla yanaşı oturması tələbəyə yuxu kimi göründü.

Baronessa əmr etdi:

– Pale-Royala, fransız teatrına tərəf sürün.

Yolda, ehtimal ki, həyəcan keçirdiyindən, baronessa Rastinyakın suallarına cavab verməkdən çəkinirdi. Rastinyak bu dilsiz inadlı, dalğın müqavimətin mənasını başa düşməkdə acizdi.

Öz-özünə düşünürdü: “Mən bir an içində onu əlimdən çıxartdım”.

Karet dayandı, baronessa onun həvəslənib söylədiyi çılğın sözlərini bir baxışla kəsərək:

– Siz məni sevirsinizmi? – soruşdu.

Ejen getdikcə artan təlaşını göstərmədən:

– Bəli, – dedi.

– Mən sizdən nə tələb edərsəm, mənim barəmdə pis fikrə düşməzsiniz ki?

– Qətiyyən.

– Siz mənə itaət etməyə hazırsınızmı?

– Gözlərim üstə.

Sonra Delfina titrək səslə soruşdu:

– Siz heç qumarxanada olmusunuzmu?

– Qətiyyən.

– Ah, mən azad nəfəs ala bilərəm. Siz mütləq udacaqsınız. Mənim kisəmi götürün, – dedi. – Götürün! Orada yüz frank var – xoşbəxt qadının ixtiyarında olan ancaq budur. Qumarxanalardan birinə girərsiniz. Harada olduğunu bilmirəm, ancaq Pale-Royalda qumarxana olduğundan xəbərim var. Bu frankı ruletkaya qoyarsınız: ya hamısını uduzarsınız, ya da mənə altı min frank gətirərsiniz. Qayıdandan sonra mən dərdimi sizə açıb söylərəm.

Ejen fərəhlə:

– Əgər nə edəcəyimi başa düşürəmsə, lənətə gəlim! Ancaq yenə də sizə itaət etməyə hazıram, – dedi. Eyni zamanda düşündü ki: “O, mənim iştirakımla özünü rüsvay edir, ona görə mənim heç bir xahişimi rədd edə bilməyəcək”.

Ejen qəşəng kisəni götürdü və hazır paltar tacirlərindən qumarxananın yerini soruşub, cəld 9 nömrəli qapıya doğru cumdu. Pilləkənlə yuxarı çıxdı, şlyapasını verdi, içəri girib ruletkanın harada olduğunu soruşdu. Müştərilər təəccüblə ona baxırdılar, salondakı lakey isə onu uzun stola tərəf apardı. Tamaşaçılarla əhatə olunmuş Ejen, heç şeydən utanmadan, pulu hara qoymaq lazım gəldiyini soruşdu.

Ağsaçlı kişi Ejenə dedi ki:

– Bu otuz altı rəqəmdən birisinin üzərinə bir luidor qoysanız və sizin nömrənizə düşsə, otuz altı luidor apararsınız.

Rastinyak yüz frankın hamısını öz yaşının sayı olan iyirmi bir rəqəminin üstünə atdı. O, hələ özünə gəlməmiş, birdən ətrafı heyrət səsləri bürüdü. Ejen özü bilmədən udmuşdu.

Ağsaçlı kişi:

– Pullarınızı götürün, – dedi. – İki dəfə dalbadal bu cür udmaq mümkün deyil.

Qoca, pəri ona doğru uzatdı, Ejen üç min altı yüz frankı özünə tərəf çəkdi və sonra oyundan qətiyyən başı çıxmayaraq, pulların hamısını qırmızı rəqəmin üstünə qoydu. Onun yenə də oynadığını görənlər qibtə ilə ona baxırdılar. Çarx fırlandı, o, yenə uddu, bankqoyan ona tərəf daha üç min altı yüz frank tulladı.

Qoca, Ejenə pıçıldadı:

– Sizin yeddi min iki yüz frankınız var. Mənim məsləhətimə qulaq asın – çıxıb gedin: səkkiz dəfədir qırmızıya düşür. Əgər ürəyiniz təmizdirsə, özünüz sonra mənim bu məsləhətim üçün təşəkkür edəcəksiniz. Bir də, dərin ehtiyac içində olan sabiq Napoleon prefektinə bir şey bağışlarsınız.

Ejen pərişan halda ağsaçlı kişiyə on luidor verdi, oyunun mənasını belə başa düşmədən bəxtinin gətirməyinə mat halda yeddi min frankı götürüb aşağı düşdü.

Karet qapısı örtülən kimi, Ejen yeddi min frankı madam de Nusingenə göstərərək:

– Budur! – dedi. – İndi siz məni hara aparacaqsınız?

Delfina çılğın bir hərəkətlə onu bağrına basdı, ehtirassız olsa da, onu bərk öpə-öpə:

– Siz məni xilas etdiniz! – dedi.

Yanaqlarından fərəhli göz yaşları axdı.

– Dostum, mən hamısını sizə danışacağam. Siz mənim dostum olacaqsınız, deyilmi? Siz elə zənn edirsiniz ki, mən varlıyam, həm də çox varlıyam, mənim hər şeyim var, hər halda, guya, hər şeyim var kimidir. İndi bilin ki, cənab de Nusingen mənə bir su belə xərcləməyə icazə vermir: o, evin bütün xərclərini ödəyir, mənim lojalarımı, ekipajlarımı təmin edir, bəzək üçün mənə cüzi pul verməklə şüurlu olaraq məni gizli bir səfalət içində saxlayır. Məğrur olduğum üçün mən ondan pul istəmirəm. Əgər mən onun pullarının əvəzini məndən tələb etdiyi şeylərlə versəydim, ən düşkün qadın olardım. Bu necə oldu ki, yeddi yüz min frankım olduğu halda, mən özümü qarət etməyə yol verdim? Hamısı qürurun çoxluğundan, hiddətimdən. Biz yenicə ailə həyatına başladığımız zaman çox gənc, sadədil oluruq. Ərimdən pul istəmək lazım gəldikdə dilim tutulardı, mən heç zaman ondan xahiş etməyə cəsarət etməzdim, öz pullarımı xərclərdim, atamdan borc aldığım pulları. İzdivac mənim həyatımda ən dəhşətli peşmançılıq oldu, mən bu barədə sizinlə danışmaq iqtidarında deyiləm. Sizin üçün yalnız bu kifayətdir ki, əgər mən Nusingenlə evin müxtəlif tərəflərində yaşamasaydım, özümü mütləq pəncərədən atardım. Gənc bir qadının bahalı bəzəklər, cürbəcür xırda-xuruş üçün borca düşdüyünü (atamız heç zaman bizi korluq çəkməyə qoymazdı), borc içində olduğumu söyləmək lazım gələndə mən, doğrudan da, cəhənnəm əzabı çəkirdim. Nəhayət, ürəklənib, borca düşdüyümü ona söylədim. Mənim öz mülküm, sərvətim vardı, deyilmi? Nusingen özündən çıxdı, onu talan etdiyimi söylədi, ağzına gələni danışdı. Mən utandığımdan az qala yerə girdim. Mənim bütün cehizimi öz əlinə keçirdiyindən, borclarımı verməyə məcbur oldu, lakin o dəqiqədən sonra mənim şəxsi xərclərim üçün ayda müəyyən miqdarda pul ayırdı. Mən rahat yaşamaq üçün ona itaət etdim. Bundan sonra iş belə gətirdi ki, mən sizin tanıdığınız bir şəxsin mənliyini oxşamaq istədim. O, məni aldatsa da, onun alicənablığına haqq verməsəm, pis hərəkət etmiş olaram. Bununla belə, o, məndən nalayiq şəkildə ayrıldı. Əgər bir kişi bir qadının ayaqları altına ehtiyacı olduğu zaman bir ətək qızıl tökürsə, belə bir qadını onun atmağa heç bir haqqı yoxdur: o, bu qadını əbədi sevməlidir. Sizin iyirmi bir yaşınız var, hələ qəlbiniz safdır, gəncsiniz, siz qadının kişidən necə pul ala bildiyini soruşa bilərsiniz. Aman yarəb, bizə səadət verən bir insanla hər bir şeyi bölüşdürmək təbii deyilmi? Pul yalnız hiss yox olduğu zaman rol oynamağa başlayır. Öz taleyini bir başqasının taleyi ilə bağladığın zaman məgər bunu ömürlük etmirsənmi? Həqiqətən, sevildiyinə inanan bir qadın heç gələcək ayrılığı düşünərmi? Axı sizlər bizi əbədi sevdiyinizə and içirsiniz, məgər bundan sonra başqa, xüsusi marağınız ola bilərmi? Ərim bu gün qəti şəkildə mənə altı min frank verməkdən boyun qaçırdığı zaman mənim duyduğum iztirabları təsəvvürünüzə gətirə bilərsinizmi? Halbuki o, hər ay bu pulları öz məşuqəsi – opera rəqqasəsinə verir! Mən özümü öldürmək istəyirdim. Başımdan axmaq fikirlər keçirdi. Bəzən öz qulluqçumun taleyinə qibtə edirdim. Mən nə edə bilərdim? Atamın yanınamı getmək? Bu, divanəlik olardı. Biz Anastazi ilə onu tamam qarət etmişik: altı min frank versəydilər, o, özünü belə satardı. Mən onu əbəs yerə məyus edərdim. Dərdimin şiddətindən ağlımı itirmişdim. Siz məni ölümdən və rüsvayçılıqdan xilas etdiniz. Bunu sizə izah etmək mənim borcum oldu: mən özümü sizinlə yüngül və ehtiyatsız apardım. Siz məndən ayrılıb gözdən itdikdən sonra mən qaçmaq istədim... Hara qaça bilərdim? Bilmirəm. Paris qadınlarının yarısının həyatı budur: zahirdə cah-calallı göründüyü halda, içərisi dəhşətli qayğılarla doludur. Mən şəxsən məndən də bədbəxt olan qadınlar tanıyıram. Bu qadınların bəziləri öz

tədarükçülərinə yalvarırlar ki, saxta hesab yazsınlar, bəziləri də ərlərindən oğurlamağa məcbur olurlar. Bəzi kişilər belə fikirləşirlər ki, beş yüz franklıq şalın qiyməti iki mindir, bəziləri də iki min franklıq şalın qiymətinin yalnız beş yüz olduğunu zənn edir. Elə qadınlar da vardır ki, təzə paltar almaq üçün bir az pul qırpmaq məqsədi ilə öz uşaqlarını acından öldürürlər. Mən özümü belə alçaq yalanlarla ləkələmədim. Artıq əzablarıma son verildi. Qoy başqa qadınlar ağalıq etmək üçün öz ərlərinə satılsınlar, mən ki azadam! Mən istəsəydim, Nusingen başımdan qızıl tökərdi, lakin mənim üçün hörmət bəslədiyim bir kişinin qoynuna qısılıb ağlamaq daha yaxşıdır. Ah, bu axşam de Marsenin mənə satın aldığı bir qadın nəzəri ilə baxmağa haqqı olmayacaqdır.

Ardı var...

13 oktyabr 2015
GO BACK