Qadin.NET / O.Balzak "Qorio ata"-25

O.Balzak "Qorio ata"-25

 

O.Balzak "Qorio ata"-25

 

O birisi gün, səhər naharı zamanı Qorio atanın Rastinyakın yanında əyləşib gərgin diqqətlə ona baxması və Ejenə söylədiyi bir neçə kəlmə, həm də qocanın, adətən, gips maskasına oxşayan simasındakı dəyişiklik bütün kirayənişinlərin heyrətinə səbəb olmuşdu. Bu söhbətdən sonra Ejeni birinci dəfə görən Votren, sanki, onun ürəyindən nələr keçdiyini öyrənmək istəyirdi. Ejen bu gecə, yatağına uzanmazdan əvvəl, gözləri qarşısında açılan həyat üfüqlərinin enişliyini ölçdü, indi isə Votrenə rast gəldikdə onun təklifini yada salıb, özünü saxlaya bilmədi və varlı bir adaxlıya baxan xeyirxah gənc kimi, Viktorinaya nəzər saldı. Təsadüfən Ejenin və qızın gözləri rastlaşdı. Zavallı qız Rastinyakın təzə paltarda cazibədar olduğunu etiraf etməli idi. Qızla mənalı nəzərlərlə baxışdıqdan sonra Ejen bu nəticəyə gəldi ki, bütün gənc qızları həyəcana gətirən və ilk rast gəldikləri yaraşıqlı kişiyə onlarda meyil oyadan dumanlı eşq hissləri Viktorinaya da sirayət etmişdir. Daxili bir səs deyirdi: “Səkkiz yüz min frank”. Bununla belə, Ejen özünü yenə dünənki günün hadisələrinə qaytarıb, madam de Nusingenə bəslədiyi uydurma məhəbbətin onu pis fikirlərdən uzaqlaşdıra biləcəyinə qərar verdi:

Rastinyak dedi:

– Dünən italyan operasında Rossininin “Sevilya bərbəri”ni göstərirdilər. Mən ömrümdə belə gözəl musiqi eşitməmişəm. Yarəbbi, italyan operasında loja sahibi olmaq nə böyük səadətdir!

Qorio ata ağasının hərəkətlərini duyan bir köpək kimi dərhal ənin mənasını başa düşdü.

Voke dedi:

– Siz kişilər yağ içində üzürsünüz, kefiniz istədiyinizi edirsiniz.

Votren soruşdu:

– Siz evə nə ilə qayıtdınız?

– Piyada qayıtdım, – deyə Rastinyak cavab verdi.

Rastinyakı yolundan azdırmaq istəyən Votren sözün davam edərək:

– Bax belə yarımçıq nəşələr mənim xoşuma gəlməz: mən öz karet minmək, öz lojamda oturmaq və evimə karet qayıtmaq istərdim, – dedi. – Ya hər şey, ya da heç bir şey – budur mənim şüarım.

Voke təsdiqlə:

– Yaxşı şüardır, – dedi.

Ejen Qorio ataya pıçıldadı:

– Siz madam de Nusingeni ziyarət etmək istəmirsinizmi? O, sizi fərəhlə qəbul edər, o, mənim barəmdə təfsilatı öyrənmək istəyəcək. Mənə məlumdur ki, o, mənim kuzinam madam de Boseanın evini görmək üçün hər şeyə hazırdır. Mənim onu çox sevdiyimi və bu arzu əməl etmək üçün düşündüyümü ona söyləməyi unutmazsınız.

Rastinyak tələsik Hüquqşünaslıq məktəbinə getdi. O, bu miskin evdə mümkün dərəcədə az qalmaq istəyirdi. Bütün günü şəhəri dolaşdı. Başı qızdırma içində yanırdı: həddən artıq cəsarətli ümidlərlə yaşayan bütün gənclər bu vəziyyətə yaxşı bələddirlər. Ejen Votrenin gətirdiyi dəlillərin təsiri altında cəmiyyət həyatının ziddiyyətlərinə dalmışdı ki, bu halda Lüksemburq bağının* qapısında dostu Byanşona təsadüf etdi.

tələbə soruşdu:

– Nə olub belə, çox ciddi görünürsən?

– Axmaq fikirlər mənə rahatlıq vermir.

– Necə yəni axmaq fikirlər? Fikirlər üçün dərman var.

– Nə dərmanı?

– Onları icra etmək... dərmanı.

– Sən zarafat eləyirsən, çünki bilmirsən məsələ nə yerdədir. Russonu oxumusanmı?

– .

– Yadındadırmı, Russoda belə bir yer var: o, oxucuya bir sual verir, soruşur ki, əgər Parisdən kənara çıxmadan, yalnız bir arzu ilə Çində qoca bir mandarini1 öldürmək və bunun sayəsində varlanmaq mümkün olsaydı, oxucu nə edərdi?

– Yadımdadır.

– Bəs bu barədə fikrin nədir?

– Boş şeydir. Mən bu saat otuz üçüncü mandarini öldürməklə məşğulam.

– Zarafat eləmə. Sözümə qulaq as, əgər belə bir şeyin mümkünlüyünü sənə sübut etsələr və buna nail olmaq üçün yalnız başınla bir işarə etmək kifayət olduğunu söyləsələr, neylərdin?

– Sənin mandarinin çox qocadırmı? Sözün doğrusunu axtarsan, sənin mandarinin qoca, ya cavan, sağlam, ya iflic olmasının... yox, yox, lənət şeytana.

– Sən yaxşı oğlansan, Byanşon. Bəlkə, iş belə oldu: sən bir qadına aşiq olmusan, bütün varlığını onun yolunda verməyə hazırsan, onun bərbəzəyi, karet , arzu etdiyi şeylər üçün ona çoxlu pul lazımdır, onda nə edərdin?

– Heç dəxli var? Sən əvvəlcə mənim ağlımı əlimdən alırsan, sonra da təklif edirsən ki fikirləşim.

– Ah, Byanşon, mən dəli oluram, mənə əlac tap. Mənim iki bacım var, hər biri gözəllik və bəkarət məlakəsidir. Mən istəyirəm ki, onlar xoşbəxt olsunlar. Onlara cehiz vermək üçün beş il ərzində mən iki yüz min frankı haradan tapa bilərəm? İnsan həyatında elə hadisələr olur ki, xırda-xırda udmaqdansa, iri qumar oynamaq lazım gəlir.

– Sən həyata yenicə qədəm basan hər kəsin qarşısında duran sualı mənə təklif edirsən; sən Qordi düyününü* bir qılınc zərbəsi ilə istəyirsən. Əzizim, bunun üçün olmaq lazımdır, yoxsa katorqaya sürülərsən. Mən şəxsən atamdan miras aldığım mövqeyi tutaraq, əyalətdə özüm üçün yaratmaq istədiyim sadə həyatla da xoşbəxt ola bilərəm. İnsan meyilləri böyük ərazidə olduğu kimi, kiçik bir sahədə də tamamilə təmin edilə bilər. Napoleon gündə bir dəfə nahar edərdi, hətta kapusinlər1 xəstəxanası yanında yaşayan təbib tələbənin saxladığından çox məşuqə saxlamazdı. Əzizim, bizim xoşbəxtliyimiz hər vaxt ayaqlarımızın altı ilə təpəmiz arasındakı hüdudda olacaqdır və bu xoşbəxtliyin qiyməti ildə bir milyon, yaxud yüz luidor olsa belə, ondan eyni daxili bir hiss duyacağıq. Mən sənin çinlinin həyatına səs verirəm.

– Sağ ol, Byanşon, sən mənim ürəyimi sakitləşdirdin! Biz səninlə həmişəlik dost olaraq qalacağıq.

Tələbə isə sözünə davam edərək:

– Sözümə qulaq as, – dedi. – Mən bu saat Küvyenin* mühazirəsindən gəlirəm. Oradan çıxıb Botanika bağına getdiyim zaman Puare ilə Mişononu gördüm; skamyada əyləşib, keçənilki qarışıqlıqlar vaxtında eputatlar palatasının yanında gördüyüm bir şəxslə söhbət edirdilər. Mənə elə gəldi ki, bu adam adi, özünü nəcib rantye kimi göstərən polis nəfəridir. Gəl bu bir cüt şəxsin işlərinə bələd olaq; bunun səbəbini mən sənə sonra başa salaram. Hələlik, salamat qal, saat dörddə yoxlamada olmalıyam.

Ejen evə qayıtdığı zaman Qorio ata onu qapının ağzında gözləyirdi. Qoca:

– Buyura bilərsiniz, bu məktub ondandır, – dedi. – Amma nə gözəl xətti var!

Ejen məktubu açıb oxudu:

“Hörmətli cənab, atam mənə sizin italyan musiqisini sevdiyinizi söylədi. Lojamda əyləşməklə məni məmnun edəcəyinizdən çox şad olaram. Şənbə günü Fodor ilə Pelleqrini* oxuyacaqlar, – xahişimi rədd etməyəcəyinizə əminəm. Cənab Nusingen də mənim xahişimə şərikdir və sadəcə, nahara bizə gəlməyinizi rica edir. Sizin buna razılıq verməyiniz onu çox məmnun edər, məni ötürmək kimi ağır bir ailə vəzifəsini daşımaqdan azad edə bilər. Cavab verməyə də bilərsiniz, eləcə gəlin. Mənim minnətdarlığımı qəbul edin.

D.de N.”

Ejen məktubu oxuyub qurtardıqdan sonra qoca dedi:

– Məktubu mənə göstərin. – Sonra məktubu iyləyə-iyləyə: – Siz, əlbəttə, gedəcəksiniz, deyilmi? – deyə soruşdu. – Məktubun nə gözəl ətri var! Ona qızımın barmaqları toxunmuşdur.

Rastinyak düşündü: “Qadın kişinin boynuna belə asanlıqla atılmaz. O, de Marseni qaytarmaq üçün məndən istifadə etmək niyyətindədir. Qadın yalnız hirsindən belə addım ata bilər”.

Qorio ata soruşdu:

– Nə fikirləşirsiniz, fikirləşməyə nə var ki?

Ejen o dövrdə bir çox qadının şöhrətpərəstlik həvəsinə düşdüyündən xəbərsizdi. O, madam de Nusingenin Sen-Jermen civarına yol açmaq üçün hər fədakarlığa hazır olduğunu bilmirdi. Bu dövrdə Sen-Jermen civarı məclislərində, yəni Kiçik sarayın stats-damaları* arasında qəbul edilmək hər bir qadın üçün böyük şərəf sayılırdı. Bu sarayda madam de Bosean, onun dostları hersoginya Morfinyez və de Lanje birinci yerdə əyləşmişlər. Yalnız Rast nyak Şosse d’Anten xanımlarının kəhkəşan kimi parlayan bu bir neçə qadının yüksək dairəsinə düşmək üçün can atdıqlarını, çılğın ehtirasla çırpındıqlarını bilmirdi. Lakin Ejenin inamsızlığı ona xeyir verdi. Bu inamsızlıq sayəsində o, hər şeyə soyuqqanlı baxırdı. Madam de Nusingen ona başqalarının şərtini qəbul etmək deyil, özü şərt qoymaq kimi soyuqqanlılıq qabiliyyəti qazandırmışdı.

Rastinyak Qorio ataya cavab verdi:

– Bəli, gedəcəyəm.

Bu surətlə sadə bir maraq Ejeni madam de Nusingenə doğru sövq edirdi, lakin o, Ejenə etinasızlıq göstər , bəlkə də, Ejen ona ehtirasla meyil edərdi. Hər halda, Ejen sabahkı günü və özünün dəvət saatını səbirsizliklə gözləyirdi. İlk intriqa bir gənc üçün ilk məhəbbətdən az cazibədar deyildir. Müvəffəqiyyət qazanacağına əmin olması onun qəlbində fərəhli hisslərin doğmasına səbəb olur, ancaq kişilər bunu etiraf etməzlər, halbuki bəzi qadınların bütün sehrkarlığı və cazibəsi də bundadır. Qələbənin çətin, yaxud asan əldə edilməsindən asılı olmayaraq, ehtiraslı arzular od kimi alışıb-yanmağa başlayır. Bütün insan ehtirasları, əlbəttə, məhəbbətin səltənətini iki müxtəlif aləmə ayıran bu iki təməl üzərində yaranır. Bəlkə də, bu təqsimat temperamentlərin mürəkkəb olmasından irəli gəlir, hər halda, nə deyirlərsə desinlər, temperament məsələsi bəşər cəmiyyətində əsas rol oynayır. Əgər melanxoliklərin vəcd dərəcəsinə

çatması üçün müxtəlif işvəkarlıqlara ehtiyac vardısa, çılğın, həssas yaxud sanqviniklər* həddən artıq inadlı müqavimətə rast gəldikləri zaman dava meydanından qaça da bilərlər. Başqa sözlə, elegiya limfadan, difiramb isə öd kisəsindən asılıdır.

Ejen paltarını dəyişdikcə, gənclərin istehzadan qorxduqları üçün bu barədə bəhs etməyi sevmədiyinə baxmayaraq, onların mənliyini oxşayan xırda, lakin xoş hisslər keçirirdi. Ejen, gənc qadının onun tellərinə oğrun nəzərlə baxacağını düşünə-düşünə, saçlarına sığal verdi. O da, bal üçün bəzəkli paltarlarını geyinən gənc qız kimi, uşaqcasına hərəkətlə bir az əzilib-büzüldü və frakını düzəltdiyi zaman məftun nəzərlə incə belini süzdü. Öz-özünə: “Əlbəttə, vücudları daha yaraşıqsız olan gənclər də var!” – dedi. Sonra aşağı düşdü. Artıq hamı süfrənin ətrafında əyləşmişdi. İçəri girəndə zərif görünüşü haqqında söylənilən axmaq zarafatlar dolu kimi yağsa da, Ejen tab gətirdi. Ailə pansionlarında hökm sürən adətlərdən biri də budur ki, səliqə ilə geyinmiş şəxsə baxdıqda təəccüb edirlər. Orada təzə paltar geyəndə hər kəs bu barədə bir söz deməyi özünə borc bilir.

Ardı var...

11 oktyabr 2015
GO BACK