Ejen İtalyan bulvarından Nev-Sent-Jenevyev küçəsinə qədər piyada getdi. O, gözəl xəyallar içində çırpınırdı. O, vikontessa və madam de Nusingenin lojalarında oturduğu zaman qrafinya de Restonun ona diqqətlə baxdığını aydın görürdü. Bundan belə bir nəticə çıxarmaq olardı ki, qrafinyanın qapıları onun üçün bağlı qalmayacaqdır. Ejen marşal Karilyanonun arvadına xoş gələcəyinə ümid bəsləyirdi. Bu surətlə yüksək Paris cəmiyyətinin zirvələrində o, dörd mühüm tanışlıq qazanmış olacaqdı. O, ümumi maddi mənafelərin mürəkkəb mexanizmində bir çarxdan yapışaraq, maşının üst qatına çıxmaq lazım gəldiyini anlayırdı. Nə vasitə ilə bunu əldə etmək mümkün olduğunu dumanlı şəkildə düşünsə də, əsas çarxın bir hissəsi ola bilmək üçün özünü kifayət qədər qüvvətli hiss edirdi. “Əgər baronessa Nusingen mənimlə maraqlanarsa, ərini necə idarə etməyi mən ona öyrədərəm. Onun əri qızıl dağlarını yerindən tərpətmişdir, o, mənim birdən-birə varlanmağıma kömək edə bilər”. Ejen bunu özünə açıq söyləmirdi, o, hələ hər bir şeyi nəzərə almaq və hesaba götürmək, hər bir vəziyyəti rəqəmlərə keçirmək üçün siyasətçi
ola bilməmişdi. Onun fikirləri hələ pənbə buludlar kimi üfüqdə üzürdü və Votrenin ideyaları kimi kobud deyildi, lakin bunlar vicdan ocağında yandırılmış olsaydı, qalığı da təmiz olmazdı... İnsanlar öz vicdanları ilə bu cür sazişlərə girdiklərindən nəslimizin açıqdan-açığa qəbul etdiyi bir mənəvi səfalətə düçar olurlar. Nəslimizin arasında isə şər işlərə güzəştə getməyən və doğru xətdən azacıq əyilməyə cinayət kimi baxan açıqürəkli möhkəm iradəli insanlara, Molyerin Alsesti* və bir az bundan əvvəl V lter Skottun romanında təsvir edilmiş Cenni Dins* ilə atası kimi sənətkaranə xilqətləri vermiş gözəl sədaqət nümunələrinə az-az hallarda təsadüf edilir. Lakin kim bilir, bəlkə də, tamamilə başqa məzmunlu bir əsər də bu dərəcədə dramatik və gözəl əsər ola bilər: bu da yüksək cəmiyyətdə dolaşan bir şöhrətpərəstin, bir tərəfdən xarici ədəb qaydalarına riayət etmək, o biri tərəfdən, eyni zamanda, öz məqsədinə nail olmaq üçün şərdən yaxa qurtarmaq məqsədi ilə öz vicdanını dola bac yollarla aparmasının bədii təsviridir. Ejen pansiona çatana qədər artıq madam de Nusingenə məhəbbət bağladı: o, Ejenin nəzərində, qaranquş kimi zərif və yaraşıqlı görünürdü. Gözlərindəki nəvaziş, ipək kimi yumşaq olduğunu andıran və altında qan axdığı görünən incə dərisi, insanı valeh edən səsi, sarı saçları yadına düşdü. Bəlkə də, tez-tez yeridiyi üçün iti hərəkət edən qan dövranı başladığından, məftunluğu da daha şiddətlənmişdi. Tələbə Qorio atanın qapısını döydü:
– Əziz qonşum, mən madam Delfina ilə görüşdüm.
– Harada?
– İtalyan operasında.
– O, vaxtını yaxşımı keçirdi? İçəri girin.
Qoca, əynində köynək ayağa durdu, qapını açıb yenə tələsik yatağına uzandı. Sözünə davam edərək:
– Danışın, danışın görüm, – deyə xahiş etdi.
Ejen Qorionun otağına birinci dəfə idi ki girirdi. Odur ki qızının calalına valeh olduqdan sonra atasının yaşadığı mağaranı gördüyü zaman heyrətləndi. Pəncərələr pərdəsiz, rütubət basmış, divarların kağızları soyulmuş və bükülmüşdü, bəzi yerlərdə tüstüdən saralmış suvaq görünürdü. Qoca, miskin bir çarpayıda uzanmışdı. Üstündə nazik yorğan, ayaq tərəfində isə Vokenin köhnə paltarlarından tikilmiş içi pambıqlı örtük vardı. Döşəmədən rütubət iyi gəlirdi, otağı toz basmışdı. Pəncərənin qarşısında qırmızı ağacdan köhnə, yekəqarın bir görünürdü. üzüm meynəsi kimi əyri, budaqlı və yarpaqlı mis dəstələri vardı. Taxta lövhəli köhnə bir əlüzyuyanın üstündəki ləyənin içində bir su qabı, yanında isə üz qırxmaq alətləri görünürdü. Otağın bir küncünə ayaqqabılar atılmış, baş tərəfində qapısız, mərmər lövhəsiz kiçik gecə stolu qoyulmuşdu. Buxarının içində küldən əsər belə görünmürdü. Yan tərəfdə qoz ağacından , aşağı tərəfi arakəsməli düzbucaq bir stol görünürdü. Qorio ata gümüş qablarını həmin bu stolun üstündə əzmişdi. Yöndəmsiz yazı stolunun üstünə Qorionun şlyapası qoyulmuşdu. Oturacağına saman doldurulmuş kreslo və iki stul bu səfalət yuvasının mənzərəsini tamamlayırdı. Çarpayı örtüyü əs i parçası ilə tavana bağlanmışdı. Pərdə əvəzinə ucuz, dama-dama ağ və qırmızı çit parçaları sallanmışdı. Ən yoxsul bir qasid belə Qorio atanın madam Vokenin evində yaşadığı kimi səfil həyat sürməzdi. Bu otağın təkcə görünüşü insanı üşütməyə salır, ürəyini sıxırdı. O, bir dustaqxana kamerasına, həm də ən pis kameraya
bənzəyirdi. Xoşbəxtlikdən, Qorio ata şamı kiçik şkafın üstünə qoyduğu zaman tələbənin üzündəki ifadəni görməmişdi. Yorğanı çənəsinə qədər çəkmiş qoca üzünü Ejenə doğru çevirdi.
– Yaxşı, bir deyin görüm, hansı qızımı daha çox bəyəndiniz: madam de Restonu, yoxsa madam de Nusingeni?
Tələbə dedi:
– Mən madam Delfinanı öz atasını daha çox sevdiyinə görə üstün tuturam.
Qorio Ejenin bu hərarətli sözləri müqabilində minnətdarlıq hissi ilə əlini yorğanın altından çıxardı və tələbənin əlini sıxdı. Mütəəssir olan qoca:
– Sağ olun, sağ olun, – deyə təkrar edirdi. – Bəs o, mənim barəmdə bir söz demədi?
Rastinyak baronessanın atası haqqında söylədiklərini bəzəkli bir şəkildə nəql etdi. Qorio ona Allahın səsi kimi qulaq asırdı.
– Mənim əziz balam! Bəli, bəli, o, məni çox sevir. Lakin siz onun Anastazi haqqında söylədiklərinə inanmayın. Bilirsinizmi, iki bacı məni bir-birinə qısqanır. Bu da onların necə mehriban olduğunu sübut etmirmi? Madam de Resto da məni çox sevir. Mən bunu bilirəm. Ürəyimizi dərindən görən və niyyətlərimizə görə bizə qiymət verən Allah hər birimizi yaxşı tanıdığı kimi, mən də uşaqlarımın qəlbinə yaxşı bələdəm. Qızlarımın hər ikisi mehribandır. Mənim yaxşı kürəkənlərim olsaydı, tamamilə xoşbəxt olardım! Yer üzündə tam xoşbəxtlik, əlbəttə, yoxdur. Ah, mən onlarla birlikdə yaşaya bilsəydim, yalnız onların səsini eşidə bilsəydim, bir yerdə yaşadığımız zamanlar onları hər gün gördüyüm kimi yenə həmişə öz yanımda görsəydim, gəlib-getdiklərini bilsəydim, ürəyim şadlığından oynardı! Onlar qəşəngmi geyinmişdilər?
Ejen:
– Bəli, – dedi. – Lakin cənab Qorio, bu necə ola bilər: qızlarınız calal içində, siz isə daxmada yaşayırsınız?
Qorio, sanki, qayğısız halda:
– Doğrusunu bilmək istəsəniz, – dedi, – yaxşı otaq mənim nəyimə lazımdır? Bunu sizə izah etməkdə çətinlik çəkirəm, iki sözü bir-birinə bağlaya bilmirəm. – Sonra əlini sinəsinə vuraraq: – Mənim nəyim varsa bur dadır, – dedi. – Bütün varlığım qızlarıma bağlıdır. Əgər onların güzəranı xoş keçirsə, əgər onlar xoşbəxtdirlərsə, bəzəkli paltarlarda gəzirlərsə, evləri xalçalarla döşənmişsə, mənim paltarımın hansı mahuddan tikilməsinin və mənim harada yatmağımın nə mənası var? Qoy onların yeri isti olsun, o vaxt mənə də soyuq olmaz, qoy onların ürəyi şad olsun, mənim də ürəyim darıxmaz. Onların dərdindən başqa mənim heç bir dərdim yoxdur. Siz ata olduqdan sonra uşaqlarınızın danışığını eşitdiyiniz zaman özünüzə: “Bu mənim balamdır!” deyəcəksiniz, bu balaların əti sizin ətinizdən, qanı sizin qanınızdan olduğunu, bu uşaqların qanınızın gülü olduğunu hiss edəcəksiniz, o zaman siz onların vücudunda kök saldığınızı, onlar yeridiyi zaman siz də hərəkət etdiyinizi zənn edəcəksiniz. Hər yerdə mən ancaq qızlarımın səsini eşidirəm. Onların bir məyus baxışını görsəm, qanım donar. Bir zaman siz də görəcəksiniz ki, uşaqların
səadəti ata üçün öz səadətindən yüksəkdir. Mən sizə bunu izah etmək iqtidarında deyiləm: bu, qəlbin daxili ehtizazlarıdır, insan könlündəki fərəh də bu ehtizazlardan doğur. Bir sözlə, mən üçqatlı həyat sürürəm. İstəsəniz sizə maraqlı bir şey söyləyə bilərəm. Bilirsinizmi, mən Allahı ata olduqdan sonra tanıdım. Bütün varlıq ondan əmələ gəlmişdir; o, hər yerdədir, hər an mövcuddur. Mənimlə qızlarımın münasibəti də belədir. Allahla mənim aramda yalnız bir fərq vardır ki, o da budur: Allah-taalanın yaratdığı dünya özü qədər gözəl deyil, mənim qızlarım isə məndən gözəldir; odur ki mənim məhəbbətim Allahın dünyaya olan məhəbbətindən böyükdür. Onlar mənim qəlbimə o qədər yaxındır ki, mən sizin onları axşam görəcəyinizi düşünürdüm. Yarəb! Əgər bir kişi mənim Delfinama səadət versəydi, – qadın isə hərarətlə sevildiyi zaman məsud olur, – mən onun ayaqqabılarını təmizləməkdən, ona nökərçilik etməkdən feyz alardım. Qulluqçulardan öyrəndiyimə görə, bu de Marse ağa alçaq bir köpəkdir. Onun başını əzmək üçün mənim daim əllərim geyişir. Belə bir qadını, belə bir c vahiri, belə bir bülbül səsini, heykəl kimi yaraşıqlı bir qadını sevməmək mümkündürmü? Mən təəccüb edirəm. Bu Elzas çuvalına ərə getdiyi zaman qızımın gözü kormu idi? Hər ikisi gözəl, nəzakətli gənclərə ərə getməli idi. Çarəm nəydi, onlar öz istədiklərini edirdilər.
Qorio atanın əzəmətli görünüşü vardı. Ejen onu ilk dəfə alovlu ata məhəbbətinin şəfəqləri içində görürdü. Qüdrətli hisslərin insandan insana keçmək qabiliyyəti var. Ən nadan bir vücud belə həqiqi, qüvvətli məhəbbətlə alışdığı zaman dərhal şölə saçmağa başlayır, siması dəyişir, hərəkətləri canlanır, səsi ahəngdar olur. Ehtirasın təsiri altında küt adamlar belə dil açar, nitqlə olmasa da, fikir etibarilə parlar, sanki, nur içində hərəkət edərlər. İndi də belə idi: qocanın hərəkətlərində böyük aktyorlara məxsus təsirli bir qüvvə hiss olunurdu. Bəli, məgər bizim ən yaxşı hisslərimiz iradəmizin şairanə ifadələri deyilmi?
Ejen Qorio atadan soruşdu:
– Demək, onun mütləq de Marsedən ayrılacağını sizə söyləsəm, məyus olmazsınız? Bu lovğa onu atmış və knyaginya Qalatyonun yanında yuva salmışdır. Mənə gəlincə, mən bu axşam madam Delfinaya dəlicəsinə aşiq olmuşam.
Qorio ata bağırdı:
– Belə deyin?!
– Bəli. Deyəsən, mən də onun xoşuna gəlmişəm. Biz bir saat məhəbbətdən danışdıq, birisi gün, yəni şənbə günü isə mən onun yanına getmək fikrindəyəm.
– Ah, o, sizi bəyənmiş olsaydı, əzizim, mənim sizi nə qədər sevəcəyimi bilsəydiniz! Siz mərhəmətli adamsınız, siz ona əzab verməzdiniz. Əgər siz ona xəyanət etsəniz, sizin boğazınızı mən özüm üzəcəyəm. Başa düşürsünüzmü, qadın ancaq bir dəfə sevər. Aman, yarəb! Cənab Ejen, mən nə alçaq sözlər danışıram! Siz burada üşüyürsünüz. Aman, yarəb! Demək, siz onunla söhbət etdiniz. O, mənə bir şey söyləməyi xahiş etmədi?
Ejen “heç bir şey” düşündüsə də:
– O, – dedi, – sizə hərarətli qızlıq busəsini yetirməyi xahiş etdi.
– Sağ olun, qonşu, gecəniz xeyrə qalsın, sizə şirin yuxular arzu edirəm, mənim isə bu saat söylədiklərinizin sayəsində şirin yuxu görəcəyimə şübhə yoxdur. Allah sizə hər işdə kömək olsun! Bu axşam siz mənim üçün mələk yerində idiniz, sizdə qızımın rayihəsini duydum.
Ejen isə yatağına uzanaraq düşünürdü:
– Yazıq! Bu, daşürəkli adamlara da təsir edərdi. Qızı öz atasının dərdini Türkiyə sultanının dərdini çəkdiyi qədər çəkirdi.
Bu söhbətdən sonra Qorio ata öz qonşusuna sirdaş, dost nəzəri ilə baxmağa başladı. Onların arasında qocanı başqa bir şəxsə bağlaya biləcək yeganə bir tel yaranmışdı. Ehtiras heç vaxt aldadıcı olmaz. Qorio ata belə təsəvvür edirdi ki, Ejen Delfinanın xoşuna gələrsə, o, öz qızına daha yaxın olar, onunla tez-tez görüşə bilər. Bundan başqa, qoca çəkdiyi iztirablarının səbəblərindən birini açıb Ejenə söyləmişdi. O, gündə yüz dəfə madam de Nusingenə xoşbəxtlik arzu edərdi, halbuki Delfina indiyə qədər məhəbbət sevinclərini duya bilməmişdi. Əlbəttə, Ejen Qorio atanın gözlərinə sevimli gənc kimi göründüyündəndir ki, qızının məhrum olduğu bütün nəşələri Rastinyakın ona verə biləcəyini düşünürdü. Bu surətlə Qorio ata öz qonşusu ilə dost oldu, bu dostluq getdikcə daha da möhkəmləndi; bu dostluğu nəzərə almasaydıq, hekayətimizin nəticəsi də aydın olmazdı.
Ardı var...