Qadin.NET / O.Balzak "Qorio ata"-23

O.Balzak "Qorio ata"-23

O.Balzak "Qorio ata"-23

Vikontessanın üzündəki nurani sevinc, Ejenə həqiqi məhəbbətin ifadələri ilə Paris işvəkarlığının ədaları arasındakı fərqi aydın göstərdi. Ejen kuzinasına məftun nəzərlə baxa-baxa susdu və ah çəkərək öz yerini markiz d’A udaya verdi. Ejen öz-özünə: “Belə məhəbbətlə sevən bu qadın nə qədər nəcib, nə qədər ülvi xilqətdir! – deyirdi. – Hələ bu adam bir oyuncaq xatirinə ona xəyanət edir də! Ona xəyanət etmək mümkündürmü?” Ejenin qəlbində uşaq hiddəti qaynayırdı. O, kuzinasının ayaqları altına düşmək istəyir, bir şahin, dərədə ovladığı ağ bir çəpişi qanad çalaraq göylərə qaldırdığı kimi, o da kuzinasını iblisanə bir qüdrətlə qəlbində gəzdirmək xəyalı ilə çırpınırdı. Öz məşuqəsini bir şəkil kimi sərgiyə qoymadan bu gözəllik muzeyində qalmaq ona həqarət kimi görünürdü. “Məşuqə və kral kimi bir mövqedə olmaq qüdrət əlamətləridir”. Ejen təhqir edilmiş adam kimi madam de Nusingenə doğru baxdı. Vikontessa boylandı və ancaq göz qapaqlarının ehtizası ilə onun bu təvazökarlığına qarşı öz minnətdarlığını bildirdi. Birinci pərdə qurtardı.

Vikontessa markiz d’A udadan soruşdu:

– Siz madam de Nusingenlə kifayət qədər tanışsınızmı? Rastinyakı ona təqdim edə bilərsinizmi?

Markiz cavab verdi:

– Cənab de Rastinyakı öz lojasında görmək madam de Nusingeni çox şad edər.

Qəşəng portuqaliyalı ayağa durdu, tələbənin qoluna girdi. Bir an sonra Ejen artıq madam de Nusingenə təqdim olunurdu.

D’A uda ona xitabən:

– Baronessa, – deyirdi, – vikontessa de Boseanın kuzeni şevalye Ejen de Rastinyakı sizə təqdim etməyi özümə şərəf sayıram. Siz onu o qədər məftun etmişsiniz ki, mən ona öz məbuduna şəxsən yaxınlaşmaq səadətini bəxş etməyə qərar verdim.

Bu sözlər, kobud mənasını yumşaltmaq üçün zarafat söylənmişdi. Çünki bu, yaxşı bir şəklə salındıqda, qadınlarda narazılıq oyatmaz. Madam de Nusingen təbəssümlə cavab verdi və bir az bundan əvvəl lojanı tərk etmiş ərinin kreslosunu əyləşmək üçün Rastinyaka göstərdi.

– Mən sizə mənimlə qalmağı təklif etməyə cəsarət etmirəm. Madam de Boseanın məclisində oturmaq səadətinə nail olanlar heç zaman oradan getməzlər.

Ejen pıçıltı ilə:

– Lakin, – dedi, – bəlkə də, mən kuzinamı məmnun etmək istəsəm, sizinlə qalmağım daha məsləhətdir, – sonra isə ucadan əlavə etdi: – Markizin gəlişindən əvvəl biz sizdən, sizin hər cəhətdən qəşəng olmağınızdan danışırdıq.

D’A uda təzim edərək lojadan çıxdı.

Baronessa soruşdu:

– Siz doğrudanmı mənimlə qalmağı arzu edirsiniz? Elə isə bir-birimizlə daha yaxından tanış ola bilərik. Qrafinya de Resto məndə sizi görmək arzusu oyatmışdır.

– Elə isə qrafinya səmimi deyil: o, məni qəbul etməyi qadağan etmişdir.

– Nə üçün?

– Bunun səbəbini söyləmək üçün mən vicdan əzabı çəkirəm. Lakin bu sirri sizə etibar etməklə, öz mərhəmətinizi əsirgəməyəcəyinizə ümidvaram. Sizin atanızla biz qapı-qapıya qonşuyuq. Lakin qrafinya de Restonun onun qızı olduğu mənə məlum deyildi. Heç kəsin x trinə dəymək istəmədiyim halda, ehtiyatsızlıq edərək mən atanızın söhbətini açdım, bununla da bacınızla ərinin hiddətlənməyinə səbəb oldum. Mən başıma gələn sərgüzəşti kuzinama və hersoginyaya danışdım, gülməkdən uğunub getdilər. Elə o zaman madam de Bosean, sizinlə bacınızı müqayisə edərək, ən hərarətli sözlərlə sizdən danışır və mənim qonşum cənab Qorio ilə gözəl rəftar etdiyinizi deyirdi. Necə ola bilər ki, siz onu sevməyəsiniz? O, sizə o qədər pərəstiş edir ki, hətta mən qısqanmağa başladım. Bu səhər mən onunla sizin barənizdə iki saat söhbət etdim. Axşam isə atanızın söylədiyi sözlərin təsiri altında, kuzinamın yanında nahar zamanı ondan soruşdum: “Sizin gözəlliyiniz atanıza qarşı bəslədiyiniz məhəbbətin dərəcəsində ola bilərmi?” Görünür, madam de Bosean bu atəşin məftunluğa qüvvət vermək üçün məni bura gətirmişdir. O hətta qabaqcadan, ona məxsus bir lütfkarlıqla sizi görəcəyimi söyləmişdi.

Bankirin arvadı:

– Mənim sizə necə minnətdar olduğumu bilsəydiniz! Biz bir az da söhbət etsək, lap köhnə dost olarıq.

– Əlbəttə, sizinlə dostluq etmək o qədər adi şey deyil, lakin mən heç zaman sizin dostunuz olmaq istəməzdim.

Yalnız birinci dəfə məclisə çıxan adamlara yaraşan bu cümlələr soyuq-soyuq zaman bayağı görünsə də, qadınlar üçün bunun ayrıca gözəlliyi var: bir gəncin ədası, səsinin ahəngi, baxışı bu mənasız sözlərə başqa ruh, başqa rəng verir. Madam de Nusingen bu qərara gəldi ki, Rastinyak cazibədar gəncdir. Bu qədər cəsarətlə verilən suala bütün qadınlar kimi cavab verməkdə aciz olan xanım, onun başladığı başqa bir mətləbə cavab verdi:

– Bəli, bacım zavallı atamıza yaxşı münasibət bəsləmədiyinə görə çox məzəmmətlər alır. Halbuki atamız bizim üçün həqiqətən allah olmuşdur. Yalnız cənab de Nusingenin atamla ancaq səhərlər görüşmək haqqında qəti əmr verməsi məni bu məsələdə güzəştə getməyə vadar etmişdi. Lakin sonralar mən uzun müddət özümü bədbəxt hiss edirdim. Çox göz yaşı tökürdüm. Kobud izdivac toqquşmalarının nəticəsi olan bu zorakılıq ailə həyatımı bulandıran əsas səbəblərdəndir. Əlbəttə, cəmiyyət nəzərində mən Parisin ən xoşbəxt qadını kimi görünürəm, halbuki həqiqətdə mən ən bədbəxt qadınam. Sizinlə belə danışdığım üçün məni ağılsız zənn edə bilərsiniz. Lakin siz mənim atamla tanışsınız, ona görə də mənim üçün yad adam deyilsiniz.

Ejen cavab verdi:

– Siz heç zaman mənim kimi sizə olmağı arzulayan bir şəxsə rast gəlməyəcəksiniz. Siz qadınlar nə axtarırsınız? – Rastinyak təsirli səslə əlavə etdi: – Səadət! Əgər bir qadın səadəti üçün sevilmək, pərəstiş edilmək, bütün həsrətlərinə, arzularına, xəyallarına, sevinclərinə, dərdlərinə şərik olan bir dosta malik olmaq, könlünü bütün sevimli nöqsanları və gözəl məziyyətləri ilə, xəyanətdən qorxmadan açmaq və təslim etmək üçün bir dost tapmaq zərurətsə, mənə inana bilərsiniz ki, belə atəşin və vəfalı qəlbi siz ancaq sizin bir işarənizlə ölümə getməyə hazır olan, onun üçün bütün dünya yalnız sizdən ibarət olduğuna görə cəmiyyəti tanımayan və tanımaq belə istəməyən, xəyalət içində yaşayan bir gəncdə tapa bilərsiniz. Şəxsən özümə gəlincə, mənim sadəlövhlüyümə gülsəniz də, etiraf etməliyəm: mən uzaq bir əyalətdən gəlmişəm, çox şeylərə bələd deyiləm, hər vaxt təmizürəkli insanların içində gəzib-dolaşmışam. Burada məhəbbət tapa bilməyəcəyimə əmin idim. Mən təsadüfən kuzinama rast gəldim; o, məni böyük səmimiyyətlə qəbul etdi. Onun sayəsində qızğın məhəbbətin böyük sərvət olduğunu anladım. Gerubino* kimi mən də bütün qadınlara məftunam, bütün qəlbimi bu qadınlardan birinə vermək intizarı ilə yaşayıram. Teatra girdikdə sizi gördüyüm zaman sel sanki məni qaldırıb sizə doğru apardı. Mənim sizi nə qədər düşündüyümü bilsəydiniz... Lakin öz xəyalımda mən sizi bu qədər gözəl təsəvvür etməzdim. Madam de Bosean sizə uzun-uzadı, valeh nəzərlə baxmağı mənə qadağan etmişdir. O, sizin qəşəng al dodaqlarınıza, qar kimi ağappaq üzünüzə, mərhəmətli gözlərinizə tamaşa etməyin nə qədər ləzzətli olduğunu bilmir. Mən sizə ağlını itirmiş bir adam kimi görünə bilərəm, ancaq bir xahişim var: bu sözləri söyləməyi mənə qadağan etməyin!

Qadınlar üçün ən xoş hiss şirin məhəbbət sözlərinə qulaq asmaqdır. Ən ciddi rahibə də bu məhəbbətə cavab vermək iqtidarında olmasa belə, dinləməkdən həzz alar. Rastinyak bu başlanğıcdan sonra boğuq səslə ürəyini açmaqda davam etdi. Madam de Nusingen ona təbəssümləri ilə ürək verir, knyaginya Qalatyonun lojasından çıxma an de Marseyə ara-sıra nəzər salırdı. Rastinyak, baronun öz arvadını evə aparmaq üçün gəldiyi dəqiqəyə qədər, madam de Nusingenin lojasında qaldı.

Ejen baronessaya müraciətlə:

– Madam, – dedi, – mən hersoginya Karilyanonun balından əvvəl sizin hüzurunuza gəlmək şərəfinə ümidvaram.

Girdə üzündən xatalı hiyləgərlik yağan yoğun elzaslı alman ləhcəsi ilə cavab verdi.

– Madam ki baronessa sizi dəvət etmişdir, əziz bir qonaq olacağınıza əmin ola bilərsiniz.

Madam de Bosean artıq yerindən qalxmışdı və d’A uda ilə birlikdə getməyə hazırlaşırdı. Ejen kuzinası ilə vidalaşmaq üçün madam de Boseanın lojasına doğru gedərkən düşünürdü: “İşlərim yağ kimi gedir. O: “Siz məni sevə bilərsinizmi?” sualımdan o qədər də qorxmadı. Artıq atım şahə qalxmışdır, yəhərin üstünə sıçrayıb çapa bilərəm”.

Zavallı tələbə baronessanın başqa bir şeylə maraqlandığından bixəbər idi: baronessa de Marsedən ürəkləri parçalayan son və qəti bir məktub intizarında idi. Öz uydurma müvəffəqiyyətinə valeh olan Ejen vikontessanı hamının ekipaj gözlədiyi bayır kolonnadasına qədər ötürdü.

Ejen ayrıldıqdan sonra portuqaliyalı gülə-gülə madam de Boseana dedi ki:

– Sizin kuzeni tanımaq mümkün deyil. O mütləq bankı acaqdır. Bu gənc, ilanbalığı kimi qıvraq tərpənir. Zənnimcə, . Təsəlliyə ehtiyacı olan qadını onun üçün tapmağı yalnız siz bacara bilərdiniz.

Madam de Bosean:

– Ancaq, – dedi, – bu qadının ondan ayrılan şəxsi hələ də sevib-sevmədiyini bilmək lazımdır.

Ardı var...

7 oktyabr 2015
GO BACK