Qadin.NET / O.Balzak "Qorio ata"-21

O.Balzak "Qorio ata"-21

 

O.Balzak "Qorio ata"-21

 

Rastinyak, əsasını qoltuğuna vurub sakit addımlarla gedən Votrenin ınca baxaraq: “Bu adamın dəmir kimi möhkəm məntiqi var! – deyə düşünürdü. – O, madam de Boseanın ədəblə dediklərini açıqdan-açığa, kobud şəkildə mənim üçün təkrar etdi. O, polad caynaqları ilə bağrımı yardı. Mən Delfina Nusingenin yanına nə üçün getmək istəyirəm? O, mənim niyyətlərimi hələ yenicə doğulduğu zaman duya bilmişdir. Bu quldur iki kəlmə ilə yaxşılığın nə olduğunu mənə başa saldı, halbuki mən bunu kitablardan və

insanlardan hələ öyrənə bilməmişdim. Əgər xoş əməl vicdanla sazişə girməyə yol vermirsə, demək, mən, doğrudan da, öz bacılarımı qarət etmişəm?”

Rastinyak pul kisəsini stolun üstünə atdı. Oturub, başgicəlləndirən fikirlərə daldı.

“Xoş əmələ sadiq qalmaq ülvi bir iztirabdır! Bəli! Hamı xoş əmələ inanır, lakin buna riayət edənlər çox azdır! Xalqlar azadlığa pərəstiş edirlər, lakin yer üzündə azad xalq varmı? Mənim gəncliyim hələ buludsuz səma kimi təmizdir, lakin sən böyük bir şəxs, yaxud varlı bir adam olmaq fikrindəsən, halbuki bu, şüurlu olaraq yalan satmaq, əyilmək, surünmək, yenə ayağa durmaq, yaltaqlıq etmək, saxtakarlıq göstərmək demək deyildir ? Məgər bu, vaxtilə əyilən, sürünən, yalan satanların qarşısında könüllü surətdə lakey olmaq demək deyildir ? Onlara yoldaş olmaq üçün əvvəlcə onlara xidmət göstərmək lazımdır. Yox, yox! Mən namusla, inamla çalışmaq istəyirəm. Mən gecəni gündüzə qatıb işləməyə hazıram, mən öz sərvətimlə yalnız öz zəhmətimə borclu olmaq istəyirəm. Bu yol varlanmaq üçün ən uzun yol olsa da, hər axşam başımı yastığa sakit qoyacağam, heç bir pis niyyətlə beynimi yükləməyəcəyəm. Öz həyatına baxdığın zaman, onu zanbaq çiçəyi kimi təmiz və pak görməkdən də gözəl şey ola bilərmi?! Həyat – nişanlım, mən də onun adaxlısıyam. Votren on il ailə həyatından sonra nələr baş verdiyini mənə göstərdi. Lənət şeytana! Başım gicəllənir. Mən heç nə düşünmək istəmirəm. Mənim ən ağıllı rəhbərim qəlbimdir”.

Ejenin dalğınlığını dərzinin gəldiyini xəbər verən yoğun Silviyanın səsi pozdu. Rastinyak, əlinlbə iki pul kisəsi, dərzinin qabağına çıxdı, o, bu hadisəyə heç də təəssüf etmirdi. Axşam paltarını bədəninə ölçdükdən sonra təzə gündüz paltarını geyindi, görünüşü tamam dəyiş .

Öz-özünə:

– Mən qraf de Traydan geri qalmayacağam, – dedi, – nəhayət, mən də oxşadım!

Bu Qorio ata Ejenin otağına daxil olaraq:

– Cənab Ejen, – dedi, – siz madam Nusingenin hansı evlərdə olduğunu bilib-bilmədiyimi məndən soruşurdunuz.

– Bəli!

– Elə isə sizə söyləyə bilərəm: gələ bazar ertəsi günü o, marşal Karilyanonun evində təşkil edilən balda iştirak edəcək. Əgər siz oraya getməyə imkan tapa bilsəniz, qızlarımın necə şənləndiklərini, necə geyindiklərini, bir sözlə, hamısını mənə söylərsiniz.

Ejen Qorionu buxarının yanında əyləşdirərək:

– Siz bunu haradan öyrəndiniz, əzizim Qorio ata? – deyə soruşdu.

Qorio şad halda:

– Bunu mənə qulluqçusu söylədi. Qızlarımın nə etdiklərini mən Konstansa ilə Terezadan öyrənirəm, – dedi.

Qoca, heç bir şubhə doğurmadan, öz məşuqəsinin həyatına daxil olmaq üçün mahir bir vasitə tapan gənc aşiqə bənzəyirdi. Sadədilliklə:

– Siz onları görəcəksiniz! – dedi. Onun sözlərində kədərli qibtə hiss olunurdu.

Ejen cavab verdi:

– Bilirəm. Mən bu saat madam de Boseanın yanına getmək istəyirəm. Məni marşalın arvadına təqdim etməsini xahiş edəcəyəm.

Ejen vikontessanın yanına hər zaman geyəcəyi paltarda getməyi daxili bir fərəhlə arzulayırdı. Moralistlərin “insan qəlbinin uçurumları” adlandırdığı şey həqiqətdə aldadıcı fkirlərdən, biixtiyar şəxsi mənfəət meyillərindən başqa bir şey deyildi. Bir çox cümləpərdaz mülahizələrə səbəb olan bu ürək sərgüzəştləri, insan qəlbində baş verən bu gözlənilməz dəyişikliklərin əsas məqsədi daha çox nəşələnmək, həzz almaqdır. Əynində yaxşı paltar, əllərində modalı əlcək, ayağında qəşəng çəkmələri görən Ejen yaxşılıq niyyətində olduğunu unutdu. Həqiqətə arxasını çevirən gənclər vicdan güzgüsündə özünə baxmağa cəsarət etməz, halbuki yetkin yaşlarında artıq bu güzgüyə baxarlar. İnsan həyatının bu iki dövrü arasındakı fərq də ancaq bundan ibarətdir.

İki qonşu – Ejen və Qorio ata son bir neçə günün ərzində dostlaşmışdı. Bu gizli dostluğun psixoloji səbəbləri Votrenlə Ejen arasında doğan ədavətin psixoloji səbəblərinin eyni idi. Cəsur bir filosof hisslərimizin fiziki aləmə təsirini təyin etmək fikrinə düşərsə, o, əlbəttə, heyvanlarla insanlar arasındakı münasibətlərdə maddi quvvə təsirini sübut etmək üçün bir çox əsaslar tapa bilər. Bir it, tanımadığı bir adamı gördüyü zaman onun dost, ya düşmən olduğunu tez təyin etdiyi halda, heç bir fizionomist* insan təbiətini tez anlaya bilməz. Zərb məsəl kimi hamının dilində dolaşan caynaqlı atomlar ifadəsi danışıq dilində işlənən və qədim sözləri kül kimi göyə sovurmaq istəyən adamların fəlsəfi sayıqlamalarını rədd edən dil hadisələrindən biridir. Məhəbbət insandan insana keçə bilər. Hisslər hər bir şeyə öz damğasını basar, məsafələrin uzaqlığına baxmaz, hər yerdə yayılar. Məktubların da qəlbi var: məktublar – yazan adamın əks-sədasıdır; incəqəlbli insanların nəzərində məktub ən zəngin məhəbbət xəzinələrindən biridir. Qorio bir it həssaslığı ilə, tələbənin qəlbində doğan qəribə mərhəmət hissini, gənclik simpatiyasını ona bəslədiyi hüsn-rəğbəti duymuşdu. Bununla belə, yaranan yaxınlıq hələ ürəkləri açmamışdı. Ejen madam de Nusingenlə göruşməyi arzuladığını qocaya söyləsə də, o, gözəl parisli xanımın evinə qocanın vasitəsilə daxil olmaq niyyətində deyildi; o, yalnız Qorionun ağzından söz qaçıra biləcəyinə və bununla ona xidmət göstərə biləcəyinə ümid edirdi.

O birisi gün Qorio Ejenə dedi ki:

– Əzizim, siz nə üçün belə güman etmisiniz ki, mənim adımı çəkdiyiniz üçün madam de Restonun sizə qəzəbi tutmuşdur? Qızlarımın ikisi də məni çox sevir. Mən bir ata kimi xoşbəxtəm. Ancaq mənim kürəkənlərim mənimlə yaxşı rəftar etmədilər. Mən isə sevimli qızlarımın öz ərləri ilə mənim üstümdə yola getmədiklərini gördüyüm zaman qızlarımı xəlvətcə ziyarət etməyə qərar verdim. Bu xəlvət görüşlər mənə böyük həzz verir, mənim bu sevinclərimi hər gün qızlarım ilə görüşən atalar heç vaxt başa düşə bilməzlər. Mən öz qızlarımla açıqdan-açığa görüşə bilmirəm, anlayırsınızmı? Odur ki qızlarımın gəzməyə çıxıb-çıxmayacaqlarını qulluqçulardan öyrənib, xoş havalı günlərdə Yelisey düzlərinə çıxıram. Qızlarımın

keçəcəyi yolda dayanıb, karet gözləyirəm. Karatl r isə mənim yanımdan keçdiyi zaman ürəyim şiddətlə döyünür, qızlarımın bərbəzəyini seyr edirəm, onlar məni təbəssümlə salamlayır, o zaman mənim üçün bütün dünya dəyişir, təbiət parlaq günəşin şüalarından qızıl nura boyanır. Mən yerimdən tərpənməyib onların qayıtmasını gözləyirəm. Onları bir daha görürəm. Hava onlar üçün xeyirlidir, yanaqları gül kimi açılır! Ətrafda gedən söhbətləri eşidirəm: “Nə qəşəngdir, nə gözəldir!” Bu sözləri eşitdikcə mənim də ürəyim şad olur. Məgər onların qanı mənim qanımdan deyilmi? Mən onları daşıyan atları belə sevirəm, dizlərinin üstündə oxşadıqları balaca bir tula olmaq istəyirəm. Məni yaşadan onların zövqü, onların nəşəsidir. Hər kəsin özünə görə məhəbbəti var. Mənim məhəbbətim kimə ziyan verir? Nə üçün insanlar məni təngə gətirirlər? Mən də özümə görə xoşbəxtəm. Axşamlar qızlarım bala getmək üçün öz evlərindən çıxdıqları zaman mən onlara tamaşa etməyə gedirəm. Məgər burada bir cinayətmi var? Gecikdiyim zaman, “madam getdi” sözlərini eşidərkən nə qədər məyus olduğumu bilsəydiniz... Bir dəfə mən Nazini düz iki gün görməmişdim, yalnız onu görmək üçün axşamdan saat üçə qədər qapının ağzında gözlədim. Onu gördüyüm zaman şadlığımdan ürəyim uçurdu. Xahiş edirəm, mənim barəmdə söhbət düşərsə, ancaq qızlarımın nə qədər mərhəmətli olduğundan danışın. Qızlarım mənə hədiyyələr vermək istədikləri halda, mən buna yol vermirəm, deyirəm ki: “Pullarınızı özünüz üçün saxlayın! Mənim hədiyyəyə ehtiyacım yoxdur. Mənə heç şey lazım deyil”. Doğrudan da, mən nəyəm? Mən ancaq bir cənazəyəm, ruhum isə daim qızlarımın yanındadır. Sonra qoca, Ejenin getmək istədiyini görüb, bir az sükut etdi və dedi: – Əgər siz madam de Nusingeni görə bilsəniz, hansı qızımı daha çox bəyəndiyinizi mənə söyləyərsiniz.

Ardı var...

3 oktyabr 2015
GO BACK