Qadin.NET / O.Balzak "Qorio ata"-19

O.Balzak "Qorio ata"-19

 

O.Balzak "Qorio ata"-19

 

Rastinyak ona təşəkkür etməyə məcbur oldu. Halbuki Ejen, madam de Boseanın yanından gəldiyi gün Votrenlə toqquşduqdan sonra artıq bu adamdan zəhləsi gedirdi. Votrenlə Rastinyak bir həftə bir-birinə rast gələndə salamlaşmaz, ancaq bir-birinin hərəkətlərini izləyirdilər. Ejen nahaq yerə özlüyündə bunun səbəbini aydınlaşdırmaq istəyirdi. Şübhəsiz, düşüncələr, onları doğuran qüvvəyə uyğun məsafədə təsir göstərir və mortiradan çıxan bir mərmini idarə edən qüvvə kimi riyaziyyat elminin müəyyən qanuna əsasən beyinin göndərdiyi hədəfə vurur. Bunların təsiri müxtəlif ola bilər. Bəzi yumşaq təbiətli insanlarda yad fikirlər dərinləşdikdən sonra təxribat başlayır. Bununla belə yaxşıca silahlanmış təbiətlərə, bürünclə zirehlənmiş kəllələrə rast gəlmək mümkündür ki, başqa bir adamın iradəsi onlara toxunduğu zaman əzilib məhv olur, daş divara dəyən güllə kimi yerə düşür. Bundan başqa zəif və xəmir kimi yumşaq təbiətlər də var: yad fikirlər xəndəyin yumşaq torpağına girən mərmilər kimi taqətdən düşmüş halda bu təbiətlərə sancılır. Rastinyakın başı içi barıtla dolu və bir qığılcımdan belə partlayacaq başlardan idi. Onun qəlbində gənclik çılğınlığı həddən çox idi; iradəmizdən asılı olmadan, bizi öz təsiri altına alan qəribə hadisələrlə qaynadığı halda fikirlərin və hisslərin təsiri altına düşməmək qeyri-mümkün görünürdü. Rastinyakın mənalı gözləri vardı. Ağıl və hissin qüvvəsi ilə aldığı ikiqat təəssüratında, hər hansı bir zirehin zəif nöqtələrini bir an içində tapmaq iqtidarında olan mahir şpaqa döyüşçüləri kimi xüsusi qabiliyyət sahibi olan insanlarda bizi heyrətləndirən çeviklik, genişlik duyulurdu. Son ay müddətində Rastinyak məziyyətlərlə bərabər bir çox nöqsanlar da mənimsəmişdi. Nöqsanların artmağına səbəb cəmiyyətin tələbləri və getdikcə artan arzuları təmin etmək ehtiyacı idi. Cənub qızğınlığı, hər halda, onun məziyyətlərindən sayılırdı. Bu qızğınlıq onu Luara çayının o tayından gəlməyə, maneəni dəf etmək üçün mübarizəyə atılmağa, bir yerdə mütərəddid dayanmamağa vadar edirdi. Şimal əhalisi, adətən, bu xüsusiyyətə bir nöqsan kimi baxar. Şimallıların fikrinə görə, qızğınlıq Müratınyüksəlişinə səbəb olsa da, onun məhvinə də səbəb olmuşdu. Buradan belə bir nəticə çıxarmaq mümkündür: cənublu şimallıların zirəkliyini və Luaranın o tayında yaşayan əhalinin cəsarətini özündə birləşdirdiyi zaman bir növ kamillik dərəcəsinə yüksəlir və bu zaman o, öz mövqeyini heç kəsə etməz.

Bu surətlə Ejen Votrenin dost, ya düşmən olduğunu aydınlaşdırmadan Votrenin top atəşi qarşısında uzun müddət dayana bilməzdi. Bəzən Ejen bu xariqüladə şəxsiyyətin onun qəlbini oxuduğunu, ehtiraslarını duyduğunu zənn edirdi. Halbuki, Votren möhkəm qapalı idi, sanki, o, hər şeyi görən, hər şeyi bilən, lakin heç bir şey danışmayan sfinksin sarsılmaz nüfuzuna malik idi. İndi isə cibi dolu olduğundan Ejen artıq cəsarətləndi.

 

O.Balzak "Qorio ata"-19

 

Votrenin ayağa durduğunu və qəhvəsini içib getmək istədiyini görüb dedi:

– Lütfən, bir az dayanın.

Bu qırx yaşlı kişi geniş kənarlı şlyapasını qoydu və dörd nəfər oğrunun belə hücumundan qorxmadığını isbat etmək üçün tez-tez şpaqa döyüşünün “dəyirman” üsulunu göstərdiyi dəmir əsasını götürərək soruşdu:

– Nə üçün?

Rastinyak kisələrdən birini tələsik açıb ev sahibi üçün yüz qırx frank ayıraraq:

– Mən öz borcumu qaytarmaq istəyirəm, – deyə cavab verdi. Vokeyə müraciətlə: – Kisəsini açmayan dostunu itirər, – dedi. – Biz Silvestr gününə qədər sizinlə haqq-hesabı çürütdük. Bu yüz sunu mənim üçün xırdalayın.

Puare dostuna baxdı və:

– Dostuna acıyan kisəsini itirər, – dedi.

Rastinyak parikli sfinksə pul uzadaraq:

– İyirmi sunu ala bilərsiniz, – dedi.

Votren hər şeyi görən baxışı ilə gəncin qəlbinə nüfuz edərək dəfələrlə Rastinyakın hirslənməyinə səbəb olan istehzalı Diogen gülüşü ilə:

– Elə zənn etmək olar ki, – dedi, – siz mənə borclu qalmaqdan qorxursunuz.

Tələbə kisələrini əlində tutaraq öz otağına çəkilmək üçün ayağa durdu:

– Siz... haqlısınız, – dedi.

– Bilirsinizmi, markiz de Rastinyakorama, sizin bu saat söylədiyiniz sözlər o qədər də nəzakətli sözlər deyil!

Rastinyak yemək otağının qapısını örtdü və Votrenlə birlikdə yemək otağı ilə mətbəx arasındakı pilləkən sahəsinə çıxdı. Buradan bağçaya qapı açılırdı. Qapının üstündə isə dəmir şəbəkəli uzunsov, alçaq bir pəncərə vardı. Bu zaman Silviya mətbəxdən çıxdı və tələbənin Votrenə bu sözləri söylədiyini eşitdi: “Cənab Votren, əvvəla, mən markiz deyiləm, ikinci, mənim adım Rastinyakorama deyil”.

Madmazel Mişono soyuqqanlıqla:

– Onlar vuruşacaqlar, – dedi.

Puare təkrar etdi:

– Vuruşacaqlar.

Voke əli ilə bir yığın qızıl pulun üstünə sığal çəkərək:

– Xeyr, xeyr, – deyə cavab verdi.

Madmazel Viktorina bağçaya nəzər salmaq niyyəti ilə yerindən duraraq:

– Bəs onların cökə ağaclarına doğru getdiklərini görmürsünüzmü? – dedi. – Zavallı gənc, o tamamilə haqlıdır.

Madam Kutür Viktorinaya müraciətlə:

– Gedək, əzizim, gedək yuxarı, – dedi, – bu, bizə aid deyil.

Madam Kutürlə Viktorina getmək üçün ayağa durdular, lakin qapının ağzında yoğun Silviya qabaqlarını kəsdi. Silviya:

– Elə bir bu qalmışdı! – Dedi.

Cənab Votren cənab Ejenə dedi:

– Məsələni aydınlaşdırarıq!

Sonra onun qolundan tutub ənginara doğru getdilər. Bu zaman Votren göründü. Gülümsəyərək:

– Voke cici, – dedi, – heç qorxuya düşməyin, bu saat cökə ağaclarının altında mən tapançamı yoxlayacağam.

Viktorina yalvarırmış kimi əllərini çarpazlayaraq:

– Amandır, cənab Votren, – dedi, – siz Ejeni nə üçün öldürmək istəyirsiniz?

Vorten iki addım geri çəkildi və bir müddət Viktorinanın üzünə baxdı. İstehzalı bir əda ilə:

– Çox qəribə məsələdir, – dedi.

Onun bu sözlərindən, zavallı qız qıpqırmızı qızardı. Sonra əlavə etdi:

– Amma bu gənc çox sevimli gəncə oxşayır, deyilmi? Mən ikinizi də xoşbəxt edəcəyəm.

Madam Kutür talibəsinin qolundan tutub yan tərəfə çəkdi və qulağına pıçıldadı ki:

– Viktorina, mən bu gün səni tanıya bilmirəm, sən çox dəyişmisən.

Madam Voke:

– Mən evimdə tapança atılmağını istəmirəm, – dedi. – Belə vaxtda güllə atmaqla qonşuların hamısını ayağa qaldırarsınız, polis tökülər gələr.

Vorten:

– Yavaş, Voke cici, – dedi, – hər şey düzələr. Biz tirə gedirik.

O, Rastinyakın yanına qayıtdı və saymazyana onun qolundan tutaraq:

– Əgər mən otuz beş addımlıqda beş dəfə dalbadal güllə ilə qaratoxmaq vurduğumu sizə isbat etsəm, odunuz yenə yatmayacaq? Mənə elə gəlir ki, siz bir qədər dəlisovsunuz, sizi axmaq kimi öldürməyə məcbur olacağam.

Ejen cavab verdi:

– Siz artıq sözünüzdən dönürsünüz!

Vorten hədə ilə:

– Məni hirsləndirməyin, – dedi. Yaşıl rəngli skamyaları göstərərək: – Bu gün soyuq deyil, gedək orada oturaq, heç kəs bizim söhbətimizi eşitməz. Mən sizinlə bəzi şeyləri aydınlaşdırmalıyam. Siz yaxşı oğlansınız, mən sizə pislik etmək fikrində deyiləm, and olsun yala... (lənət şeytana) Votrenin namusu haqqı, mən sizi sevirəm. Nə üçün sevdiyimi isə sonra sizə deyərəm. Mən sizi beş barmağım kimi tanıyıram və bunu bu saat sizə sübut edərəm. – Sonra dəyirmi stol işarə edərək: – Kisələrinizi buraya qoya bilərsiniz! – Dedi.

Rastinyak bir az əvvəl onu öldürmək istəyən, indi isə himayə göstərmək niyyətində olduğunu söyləyən bu adamın rəftarındakı dəyişikliyə heyrət edərək dərin maraqla pulu stolun üstünə qoydu.

Votren sözə başlayaraq:

 

O.Balzak "Qorio ata"-19

 

– Siz mənim kim olduğumu, keçmişdə nə ilə məşğul olduğumu, indi nə etdiyimi bilmək istəyirsiniz, – dedi. – Siz hər şeylə maraqlanırsınız, oğlum. Yaxşı, yaxşı, sakit olun, hələ çox şeylər eşidəcəksiniz. Mənim bəxtim gətirmədi. Əvvəlcə mənə qulaq asın, sonra siz danışarsınız. Mən keçmiş həyatımı üç kəlmə ilə başa sala bilərəm. Mən kiməm? Votren. Nə ilə məşğulam? Xoşuma gələn işlə. Vəssalam. Xasiyyətimi bilmək istəyirsinizmi? Kim mənimlə yaxşı rəftar edərsə, yaxud xoşuma gələrsə, mən də ona yaxşılıq edərəm. Mən ona hər şeyə icazə verərəm, ayağımı bassa belə, dinmərəm. Lənət şeytana! Zəhləmi tökənlərlə, yaxud xoşuma gəlməyənlərlə mən iblis kimi kinli oluram. Etiraf etməliyəm: mənim üçün adam öldürmək tüpürmək kimi bir şeydir. Lakin mən ancaq məcburiyyət qarşısında adam öldürərəm, havayı yerə öldürmərəm, həm də öldürəndə işimi tərtəmiz başa çatdıraram. Mən də artist kimi bir şeyəm. Mən Benvenuto “Çellininin xatirələri”-ni oxumuşam, özü də italyanca! Çellini başkəsən, yolkəsən bir adam idi, mən ondan dərs almışam, hər addımda fələk kimi adam öldürməyi ondan öyrənmişəm. Lakin bundan başqa, o mənə hər yerdə gözəlliyi sevməyi öyrətmişdir. Bundan da gözəl rol ola bilərmi? Hamı bir tərəfdə, sən də bir tərəfdə, amma yenə müvəffəqiyyət qazanmağa şansın var! Mən ictimai intizamsızlığınızın müasir quruluşu ətrafında çox fikirləşmişəm. Duel, oğlum, uşaq oyunudur, sarsaqlıqdır. Əgər iki nəfər canlı adamın biri məhv olmalıdırsa, təsadüfə qurban getmək üçün, doğrudan da, axmaq olmaq lazımdır. Bəs duel nədir? Bəxtəbəxt şeydir. Vəssalam. Mən beş gülləni dalbadal qaratoxmaq vuraram, həm də otuz beş addımdan! Belə bir istedad sahibi, düşməni yerə sərə biləcəyinə əmin ola bilər. Buna baxmayaraq, mən bir dəfə iyirmi addımdan birinə güllə atmışdım, dəymədi. Halbuki, bu oyunbaz ömründə bir dəfə belə əlinə tapança götürməmişdi. Əlinizdə yoxlayın! – deyə bu xariqüladə adam jiletini açdı və ayı beli kimi qıllı, iyrənc tünd-sarı tüklərlə örtülü döşünü Rastinyaka göstərdi. Sonra Rastinyakın barmağını döşündəki dəliyin içinə qoyaraq, əlavə etdi: – Mənim xəzimi həmin südəmər uşaq dəlmişdi, lakin mən o zaman sizin kimi iyirmi bir yaşlı uşaq idim. Hələ bəzi şeylərə, qadın məhəbbətinə, hələ sizin inandığınız bir çox axmaq şeylərə inanırdım. Çox ola bilsin ki, mən sizinlə döyüşəcəkdim, ola bilər! Çox mümkündür ki, siz məni öldürəydiniz. Belə fərz edək ki, mən qəbirdə yatmışam, bəs siz hara qaçacaqdınız? Əlbəttə, İsveçrəyə qaçmağa məcbur olacaqdınız, atanızın pullarını yeyib dolanacaqsınız. Halbuki, atanızın pulu da yoxdur! Mən sizin vəziyyətinizi, dayandığım təpənin yüksəkliyindən bu saat sizin üçün aydın edə bilərəm, çünki mən dünya işlərinə bələdəm və dünyada ancaq iki yol bilirəm: küt bir itaət, yaxud üsyan. Mən şəxsən heç bir şeyə tabe olmaq istəmirəm, aydındırmı? Bəs sizə, bugünkü həvəsinizə görə nə qədər pul lazım olduğunu bilirsinizmi? Bir milyon, özü də lap bu saat, lakin bu olmasa, Allahın varlığına inanmaq üçün öz başımızla Sen-Klu torlarına qədər səyahət etməyə məcbur olardıq. Bir milyonu sizə mən verəcəyəm. – Votren sükut etdi, Ejenə baxdı. – Aha! Siz Votren əmiyə daha mehriban nəzərlə baxırsınız. “Milyon” sözünü eşitcək siz “bu axşam” sözünü eşidib pişiyin ağzı südə sulanan kimi, özünə zinət verməyə başlayan gənc qıza oxşadınız. Çox gözəl. Onda gəlin açıq danışaq. Əlinizi əlimə verin! Bu saat sizin var-yoxunuzu bir-bir yoxlayaq. Əyalətdə sizin atanız, ananız, qoca xalanız, on səkkiz və on yeddi yaşlı iki bacınız, on beş və on yaşlı iki qardaşınız var. Bütün komandanın siyahısı bundan ibarətdir. Xalanız bacılarınıza tərbiyə verir. Küre qardaşlarınıza latın dərsi verir. Ailəniz ağ çörəkdən, şabalıd qovurması yeyir, atanız şalvarı dağılmasın deyə, onu ehtiyatla geyir, ananızın isə olsa-olsa bir yay paltarı, bir də qış paltarı var, bacılarınıza gəlincə, əllərinə düşəni geyinirlər. Mən hər şeyi bilirəm; mən cənubda yaşamışam. Mən sizin vəziyyətinizin də belə olduğunu bilirəm. Əgər sizə ildə min iki yüz frank pul göndərirlərsə, demək, torpağınızın mədaxili üç mindən artıq deyildir. Aşpaz da lazımdır, nökər də lazımdır, hər halda, atanız barondur, ədəb-qaydanı pozmaq olmaz. Özümüzə gəlincə, bizim də şöhrətpərəstliyimiz var, Bosean adlı qohumumuz var: amma həmişə piyada gəzərik; sərvət arzusunda olarıq, cibimizdə isə bir su pul tapılmaz; Voke cicinin biş-düşünü yeyərik, amma sevdiyimiz Sen-Jermen qəsəbəsindəki gözəl xörəklərdir; cındır yatağın üstündə yatırıq, amma mülk sahibi olmağı arzu edirik! Sizin meyillərinizi mən inkar etmirəm. Şöhrətpərəstlik, dostum, hər kəsin işi deyil. Qadınların hansı kişilərdən xoşlandıqlarını soruşsanız, görərsiniz ki, ən çox şöhrətpərəstləri sevirlər. Şöhrətpərəstin bel sümüyü möhkəm olar, qanında dəmir çox olar, ürəyi başqa kişilərin ürəyindən qızğın olar. Yetişmiş bir qadın isə xoşbəxt olar, gözəl olar; odur ki qüvvətli kişiləri üstün tutar, belini sındıra biləcəyindən qorxmaz. Sizin arzularınızı bir-bir saymaqda məqsədim sizə bir sual verməkdir. Sualım budur: iştahımız qurd iştahı, dişimiz də iti, bəs indi biz nə edək ki, qazanımız boş olmasın? Hər şeydən əvvəl, biz gərək “Qanun məcəlləsi”-ni həzm edək. Bu, o qədər də ləzzətli şey deyil, adama heç bir şey öyrətməz, ancaq yenə də lazımdır. Tutaq ki, belədir. Nəhayət, biz məhkəmə üzvü oluruq, sonra cinayət məhkəməsinin sədri oluruq, – bizdən daha yaxşı adam olan bədbəxtlərin çiyinlərinə S.K.1 damğasını basmağa başlayırıq, varlıların sakit yata bilməsi üçün bu adamları katorqaya göndəririk. Bu, o qədər də əyləncəli bir şey deyil, lakin çox gözləmək lazım gəlir. Bunun üçün bir-iki il Parisdə sürünməli, nə qədər çox xoşumuza gəlsə də, şeylərə əl vurmadan tamaşa etməklə kifayətlənməliyik. Hər şey arzu etmək və heç şeyə nail olmaqdan da ağır hal ola bilərmi? Əgər vücudunuz zəif, təbiətiniz soxulcan təbiəti olsaydı, siz heç nədən qorxmaya bilərdiniz.

Allahın yaratdığı cəhənnəmdəki məşəqqətlərin ən dəhşətlisi budur ki, siz bu məşəqqətə dözə bilməzsiniz. Fərz edək ki, siz ağlınızı itirmisiniz, süd içib elegiya yazırsınız. O zaman iti belə hiddətləndirəcək məhrumiyyətdən və uğursuzluqdan sonra siz uzaq qəsəbələrin birində alçaq bir prokurorun müavini vəzifəsinə təyin ediləcəksiniz. Hökumətin üzərinizə çilədiyi ildə min franklıq bir maaşla dolanacaqsınız, bu isə qəssabın itinə atılan sümük kimi bir şeydir. Oğruların üzərinə hür, varlıları müdafiə et, cəsur adamları gilyotinə göndər. Çox sağ olun! Sizə himayə göstərən bir şəxs tapılmasa, əyalət tribunalarında çürüyüb məhv olacaqsınız. Otuz yaşına çatdığınız zaman hələ hakim mantiyasını cəhənnəmə atmamış olsanız, sizi min yüz frank maaşla hakim vəzifəsinə təyin edəcəklər. Qırx yaşında bir dəyirmançının qızını alacaqsınız, özünüzü altı min livr maaşla təmin edəcəksiniz. Çox sağ olun, bəd deyil! Halbuki, himayəçiniz olsaydı, otuz yaşında əyalət prokuroru olub min ekü maaş alardınız, şəhər bələdiyyə rəisinin qızı ilə evlənərdiniz. Səsvermə vərəqəsində Vil el əvəzində Man el oxumaq kimi xırda-xırda siyasi alçaqlıqlara yol versəniz (bu iki familiya həmqafiyədir, odur ki vicdan əzabı çəkməyə bilərsiniz), qırx yaşında general-prokuror olarsınız, sizi deputat seçə bilərlər. Mehriban oğlum, bir şeyi unutmayın, biz artıq vicdanımıza rəxnə vurmuşuq, iyirmi il ərzində çox əziyyətlər çəkmişik, gizli ehtiyaclara dözmüşük, bacılarımız isə evdə qalmışlar. Bir də sizin diqqətinizi bir şeyə də cəlb etmək şərəfindəyəm: bütün Fransada ancaq iyirmi general-prokuror yeri var, halbuki, bu yeri tutmaq istəyənlərin sayı iyirmi min nəfərdir, bunların içərisində isə bir pillə belə qalxmaq üçün öz ata-anasını sata biləcək cibgirlər də var. Bu peşə sizin xoşunuza gəlməyə bilər, başqa bir peşə axtaraq. Bəlkə, baron de Rastinyak olmaq niyyətindədir? Çox gözəl, çox gözəl! Lakin Parisdə iş tapmaq üçün on il gözləməli, ayda min frank xərcləməli, kitabxana, qəbul otağı saxlamalı, cəmiyyətdə dolaşmalı, boşboğazlıq etməli, vəkillərin ətəklərini öpməlidir. Bu peşə sizə yaraşırsa, mən də etiraz etmirəm, ancaq bütün Parisi axtarsanız, əlli yaşından yuxarı ildə əlli min qazancı olan beş nəfər tapa bilməzsiniz. Yox, yox! Qəlbi çirkabla doldurmaqdansa, dəniz qulduru olmaq daha yaxşıdır. Bundan başqa siz pulu haradan tapacaqsınız! Bu, o qədər də əyləncəli iş deyildir. Bizim yeganə bir imkanımız var ki, o da arvadımızın cehizidir. Evlənmək istəyirsinizmi? Evlənməkdənsə, boynunuza daş salıb özünüzü suya atmağınız yaxşıdır. Bir də pul xatirinə evlənsəniz, bəs sizin namusunuz, şərəfli adınız harada qalacaq? Bunun əvəzində yaxşı olar ki, elə bu gündən insan əxlaqının məşrut qanunlarına qarşı üsyan qaldırasınız. Pul üçün evlənmək, arvadın qarşısında sürünmək, anasının ayaqlarını yalamaq, donuzları belə iyrəndirəcək əclaflıqlara yol vermək deməkdir. Tfu! Hələ xoşbəxt ola bilsəniz, yenə dərd yarıdır. Lakin belə izdivac sizi nəcis borusuna çevirəcəkdir. Öz arvadınla güləşməkdənsə, kişilərlə vuruşmaq yaxşıdır. Budur, gənc dostum, siz yolayrıcındasınız: istədiyiniz yolu seçə bilərsiniz! Siz artıq bir yol seçmisiniz: siz kuzinanız de Boseanı ziyarət etdiniz, zinət və sərvət qoxusunu duydunuz! Qorio atanın qızı qrafinya de Restonu ziyarət etdiniz – bir Paris xanımının rayihəsini duydunuz. Siz onun yanından evə qayıtdığınız gün alnınızda yalnız bir söz yazılmışdı. O sözü mən asanca oxudum: yarıb keçmək! Nə olur-olsun, yarıb keçmək! Mən öz-özümə dedim ki, afərin bu oğlana, lap mənə yaraşan oğlandır. Sizə pul lazım oldu. Pulu haradan tapa bilərdiniz? Siz bacılarınızın qanını içib pul tapdınız. Bütün qardaşlar həmişə öz bacılarını qarət etmişlər. Şabalıdı qızıl puldan daha çox olan bir əyalətdə bu min beş yüz frankın necə əldə edildiyini Allah bilir! Bu pullar qarətçi kimi hərəsi bir yana dağılacaq. Bəs onda siz nə edəcəksiniz? Bəlkə, işləmək fikrindəsiniz? Lakin sizin düşündüyünüz iş Puare kimi adamlara Voke cicinin otağından başqa bir şey verməz. Bu saat sizin vəziyyətinizdə əlli min gənc vardır ki, tez varlanmaq məsələsini həll etmək üçün çırpınır, siz də bunların arasında ancaq bir vahidsiniz. Taleyinizi özünüz edə bilərsiniz: siz dəhşətli döyüşlərdən keçməli, çox çalışmalısınız. Əlli min gəlirli yer tapmaq mümkün deyil, siz bir-birinizi bankaya qoyulmuş hörümçəklər kimi gəmirməyə məcbursunuz. Burada insanların özlərinə necə yol açdıqlarını bilirsinizmi? Bunun üçün parlaq bir düha, yaxud satın ala bilmək qabiliyyəti lazımdır. Bu insan yığınına ya bir top mərmisi kimi girməli, ya da taun kimi arasından keçməli; namuslu yolla heç bir şey əldə etmək mümkün deyildir. İnsanlar dahinin qüdrəti qarşısında səcdə edir və eyni zamanda dahi hər bir şeyi tək özünə götürür deyə ona iftira ataraq nifrət bəsləyirlər. Lakin o, hələ möhkəm durduqca onun qarşısında səcdə etməyə məcburdurlar. Müxtəsər, dahini çirkaba bulaşdırmaq mümkün olmadığı zaman diz çöküb ona pərəstiş edirlər. Hər yerdə satqına rast gələcəksiniz, halbuki, istedad nadir şeylərdəndir. Buna görə də satqınlıq hər şeyi özünə tabe edən adi insanların əlində bir silah olmuşdur: bu silahın təsirini siz hər yerdə hiss edəcəksiniz. Siz ərləri vur-tut altı min frank alan arvadların bəzəkli paltarlara on min frankdan artıq xərclədiklərini görəcəksiniz. Min iki yüz frank maaşı olan məmurların mülk aldıqlarını görəcəksiniz. Siz Fransa perinin oğlunun kare gəzmək üçün qadınların özlərini satdıqlarını görəcəksiniz, çünki bu karet Lonşanın orta xiyabanından keçmək mümkündür. Siz bu əbləh Qorio atanın qızının imza etdiyi vekseli ödəməyə məcbur olduğunu öz gözünüzlə görmüsünüz, halbuki, onun ərinin ildə əlli min gəliri var. Sizinlə mərc gələ bilərəm ki, Parisdə iki addım atar-atmaz dərhal iblis fırıldaqlarına rast gələcəksiniz. Mən öz başımı bu kahı dəstəsinin qabagında mərcə qoyaram ki, sizin bəyəndiyiniz ilk qadın gənc, gözəl və zəngin olarsa, mütləq sizi bir arı pətəyinə sürükləyəcəkdir. Qadınlar qanunlarla daim münaqişədədirlər və hər bir bəhanədən istifadə edərək ərləri ilə müharibə edirlər. Paltar, məşuq, uşaq, ev şeyləri, yaxud şöhrət üçün qadınların nə kimi sazişlərə girdiyini sizə nağıl etməyə başlasam, çox uzun çəkər. Hər halda buna əmin ola bilərsiniz ki, xeyirxahlıq qadınlar arasında nadir şeylərdəndir. Bax buna görədir ki, namuslu insan hamıya düşməndir. Ancaq sizcə, namuslu adam kimə deyirlər? Parisdə namuslu adam – dinməyən adam, xeyrini, şərini hər kəsə söyləməyən adam deməkdir. Hələ mən zavallı ilotlardan bəhs etmirəm: onların qisməti daim əziyyət çəkmək, heç bir zaman öz zəhmətlərinin haqqını almamaqdır. Onlara mən miskin böcəklərin şirkəti deyirəm. Orada yaxşılıq axmaqcasına olur, lakin orada hər zaman ehtiyac da var. Allah qiyamət günü zarafat xatirinə onların hüzuruna gəlməsə, bu mömin adamların halını mən bu saat təsəvvür edə bilərəm. Demək, əgər siz birdən-birə varlanmaq istəyirsinizsə, ya doğrudan da, zəngin olmalı, ya zəngin bir adam kimi görünməlisiniz. Varlanmaq üçün qumar oynamalı, yoxsa xırda qumarla heç yə nail olmazsınız. Sizin bacara biləcəyiniz yüz peşə sahiblərindən on nəfəri sürətlə müvəffəqiyyət qazanmış olarsa, camaat dərhal onları oğru adlandıracaqdır. Buradan özünüz nəticə çıxara bilərsiniz. Həyat budur, budur həyatın həqiqətləri! Həyat mətbəx iyi verir, əgər bir şey bişirmək fikrinə düşsən, əllərini bulaşdırmalısan, ancaq sonra əllərinin çirkini yaxşı yumalısan. Dövrümüzün əxlaqı budur. Mənim insan cəmiyyətinə belə bir nəzərlə baxmağa hüququm var, çünki mən bu cəmiyyətə yaxşı bələdəm. Siz elə güman edirsiniz ki, mən bu cəmiyyəti söyürəm? Zərrə qədər yox. O, həmişə belə olmuşdur. Moralistlər də onu heç zaman dəyişə bilməyəcəklər. İnsan hələ kamillik dərəcəsinə çatmaqdan uzaqdır. İnsan bəzən az, bəzən çox riyakarlıq edər, axmaqlar isə birinin əxlaqlı, o birinin əxlaqsız olduğunu söylərlər. Mən sadə xalqı tərifləməklə varlıları qınamaq fikrində deyiləm: insan hər yerdə bir cürdür, aşağıda, ya yuxarıda, ya da ortada olmağının heç bir fərqi yoxdur. İnsan sürüsünün hər milyon nəfəri arasında özünü hər şeydən, qanunlardan belə yüksək tutan beş-on nəfər tapıla bilər, mən də o nadir adamlardanam. Siz isə ali əxlaqlı adamsınızsa, birbaşa cəsarətlə gedin. Lakin siz sadəlik, paxıllıq və iftira ilə daim vuruşmağa, bütün cəmiyyətin əleyhinə getməyə məcbur olacaqsınız. Napoleon Obri adlı bir hərbiyyə naziri ilə toqquşduğundan nazir az qalmışdı ki, onu müstəmləkəyə sürgün etsin. Özünüzü yoxlayın, hər gün səhər tezdən oyandığınız zaman iradənizin dünənkinə nisbətən daha qüvvətli olub-olmadığına diqqət edin. Bütün bü söylədiklərimi nəzərə aldıqdan sonra mən sizə elə bir iş təklif edəcəyəm ki, heç kəs onu rədd etməz. Diqqətlə sözlərimə qulaq asın. Müsaidənizlə söyləməliyəm ki, mənim də özümə məxsus planım var. Birləşmiş Ştatların cənub tərəfində, yüz arpanlıq bir malikanədə patriarxal həyat qurmaq fikrindəyəm. Mən plantator olmaq, qul sahibi olmaq, tütün, öküz, ağac satışından bir neçə milyoncuğaz qazanmaq istəyirəm. Mən hökm etmək, istədiyimi yerinə yetirmək, bu malalanmış siçan yuvasında anlaşılmayacaq həyat sürmək istəyirəm. Mən böyük şairəm. Lakin mənim yazdığım şeir deyil: mənim şerim hərəkət və hissdir. Bu saat mənim əlli min frankım var, bu pulla isə ancaq qırx zənci almaq olar, halbuki, məqsədimə çatmaq üçün mənə iki yüz zənci lazımdır, iki yüz zəncinin qiyməti isə iki yüz min frankdır. Soruşa bilərsiniz ki, nə üçün zənci? Məsələ burasındadır ki, zəncilər mənim üçün daha munasibdir: onlarla nə istəyirsən elə, heç bir diqqətli prokuror səni məsuliyyətə bilməz. Bu qara kapitala malik olduqdan sonra mən on il ərzində üç-dörd milyon pul qazanacağam. Varlandıqdan sonra isə heç kəs məndən soruşmayacaq ki, sən kimsən. Mən cənab Dörd Milyon, Birləşmiş Ştatlar vətəndaşı olacağam. Yaşım əlliyə çatacaq, ancaq hələ ovulub tökülməyəcəyəm. Kefimi çəkəcəyəm. Xülasə, mən sizin üçün bir milyon manatlıq cehiz tapsam, mənə iki yüz min verərsinizmi? İyirmi faiz komissiya haqqı necədir? Məgər çox istəyirəm? Bir qızı özünüzə bənd edərsiniz, evləndikdən sonra özünüzü elə göstərərsiniz ki, guya dərdiniz var, vicdan əzabı çəkirsiniz. İki həftə bikef gəzərsiniz. Sonra bir gecə, bir az nazlandıqdan sonra arvadınızı öpə-öpə deyərsiniz ki, iki yüz min borcunuz var, bir də “mənim sevgilim” sözləri əlavə edərsiniz. Hər gün kübar gənclər bu cür məzhəkə oynayırlar. Gənc qadın tərəddüd göstərmədən kisəsini dərhal sevgilisinə verəcəkdir. Bəlkə, siz ziyan çəkəcəyinizi zənn edirsiniz? Yox. Siz hər halda bir təşəbbüs göstərib bu iki yüz mini qaytarmağı bacararsınız. Sizdəki pulla, sizdəki ağılla, istəsəniz, böyük sərvət qazana bilərsiniz. Eh, siz yarım il ərzində öz səadətinizi, əziz arvadınızın səadətini və biçarə Votrenin səadətini təmin etmiş olarsınız. Hələ mən qış gecələrində odun  tapmadıqlarından barmaqlarını nəfəsləri ilə qızdıran ailənizin səadətindən danışmıram. Siz nə mənim bu təklifimə, nə də şərtlərimə heyrət etməyin! Parisdə bağlanmış izdivacdan qırx yeddisi bu cür sazişlər üzərində qurulmuşdur. Notarius palatası, cənab...

Ardı var...

25 sentyabr 2015
GO BACK