Qadin.NET / O.Balzak "Qorio ata"-18

O.Balzak "Qorio ata"-18

 

O.Balzak "Qorio ata"-18

 

Ejen məktubu oxuyub qurtardığı zaman yanaqlarından göz yaşı axırdı. O, Qorio atanın öz qızının vekselini ödəmək üçün gümüş qabları əzdiyini və aparıb zərgərə satmağını düşünürdü. O, öz-özünə: “Sənin anan da öz c vahiratını sənin üçün “əzib” satmışdır, – deyirdi. – Xalan da, ehtimal, öz ailə yadigarlarını satarkən çox ağlamışdır! Bəs sənin Anastazini töhmət etməyə nə haqqın var? O, öz məşuqu üçün etdiyini sən də öz xudbin gələcəyin üçün etmədinmi? İndi söylə, hansınız daha yaxşısınız: sən, yoxsa o?” Tələbə, ürəyinin od içində yanıb kül olduğunu hiss edirdi. O, cəmiyyət həyatından belə əl çəkmək, bu pulları geri qaytarmaq istəyirdi. O, gizli vicdan əzabları, namuslu və gözəl hisslər duyurdu. Bu hissləri öz yaxın adamları haqqında rəy yürüdən insanlar təqdir etmək iqtidarında deyillər. Halbuki onların xatiri üçün yer üzündəki ədalət məhkəməsinin məhkum etdiyi canilərə belə göylərdəki mələklər bəraət qazandırmağa hazırdır. Rastinyak bacısının məktubunu açdı. Məktub məsum və lətif cümlələrlə yazılmışdı. Rastinyakın ürəyi açıldı.

“Əziz qardaşım, sənin məktubun lap yerinə düşdü. Mən də, Aqata da öz pullarımızı xərcləmək niyyətində idik, ancaq nə almaq barəsində münaqişəmiz oldu, nə alacağımıza qərar verə bilmədik. Sən də öz ağasının saatlarını yerə salan İspaniya kralı xidmətçisi kimi öz məqsədinə nail oldun: sən bizim aramızda saziş yaratdın. Biz həqiqətən hansı arzumuzu yerinə yetirmək üstündə savaşırdıq, lakin hər ikimizin arzumuzu birləşdirəcək bir şey ağlımıza belə gəlmirdi, əzizim Ejen. Aqata sevincindən atılıb-düşməyə başladı. Bir sözlə, biz bütün günü başımızı itirmişdik, xalamızın dili ilə desək, bu o qədər gözə çarpırdı ki, nəhayət, anam ciddi bir halla bizdən soruşdu: “Qızlar, sizə nə olub?” Əgər anam bizi azacıq danlamış olsaydı, zənnimcə, biz daha məmnun olardıq. Sevdikləri adamın yolunda əziyyət çəkmək qadınlar üçün böyük fərəhdir. Yalnız mən, fərəhlənməyimə baxmayaraq, bir az fikrə daldım, məyus oldum. Görünür, mən yaxşı arvad olmayacağam – çox bədxərcəm. Mən bir az bundan əvvəl özüm üçün iki kəmər, bir də korsetimizdəki dəlikləri almaq üçün qəşəng bir burğu almışdım, bunun da nəticəsində mənim pulum şişman Aqatanın pulundan az oldu. Aqata qənaəti sevir, sağsağan kimi pulları yığıb təpə düzəldir, odur ki onun iki yüz frankı vardı! Mənim isə, yazıq dostum, ancaq yüz əlli frankım qalmışdır. Mən haqlı olaraq cəzamı aldım, kəmərimi quyuya atmaq belə istəyirdim, bu kəməri taxmaq artıq mənim üçün mümkün deyildir. Mən sənin pulunu oğurlamışdım. Amma Aqata çox yaxşı qızdır, o, mənə dedi ki: “Bu üç yüz əlli frankı ikimizin adından göndərərik!” Mən sənə əhvalatın gedişini təfsilatı ilə söyləmədim, amma sənin sifarişini yerinə yetirmək üçün bilirsənmi nə etdik? İkimiz də pulumuzu götürüb gəzməyə çıxdıq, lakin böyük yola çıxar-çıxmaz, yüyürə-yüyürə Rüfekə getdik, pulları “Kral poçt idarəsi”nin müdiri cənab Qrimbertə verdik. Geriyə döndüyümüz zaman qaranquş kimi qanad çalıb uçurduq. Aqata mənə dedi ki: “Bəlkə, xoşbəxtliyimizdən belə quş kimi uçuruq?” Biz bir-birimizə çox şeylər söylədik, ancaq bu sözləri, cənab parisli, mən sizə təkrar etməyəcəyəm, çünki bizim söhbətimizdə siz son dərəcə böyük rol oynayırdınız. Ah, mənim əziz qardaşım, biz səni çox sevirik, vəssalam. Qaldı ki, sirrin açılmağından heç qorxma, çünki xalanın dediyinə görə, bizim kimi saman altından su hər şeyi, hətta sükut etməyi belə bacarar. Anamla xalam sirli şəkildə Anqulemə yola düşdülər, səfərlərinin yüksək siyasi qayələrindən bir kəlmə belə bizə danışmadılar. Onlar getmə dən əvvəl uzun müddət məşvərət etdilər, bu məşvərətə nə biz, nə də cənab baron buraxılmışdı. Rastinyak məmləkətində başlarda böyük fikirlər dolaşır. İnfantlar yenə əvvəlki kimi kraliça üçün muslindən hörmə çiçəkli paltar tikməklə məşğuldur. Paltar çox gizli tikilir. Yalnız iki ətəyini tikmək qalmışdır. Ve tey tərəfdə divar çəkməmək üçün qərar çıxarılmışdır, orada ancaq balaca bir hasar olacaqdır. Qara camaat bunun sayəsində meyvədən və üzüm salxımlarından məhrum edilsə də, xaricilər üçün gözəl bir mənzərə yaradılacaqdır.

 

O.Balzak "Qorio ata"-18

 

Vəliəhdin cib yaylığına ehtiyacı vardırsa, məlumu olsun ki, dul kraliça de Marsi yak Pompeya və Kerkulanum* adı ilə şöhrət qazanan xəzinələrini araşdırdıqdan sonra çoxdan unutmuş olduğu əla bir holland kətanı tapmışdır. Şahzadə xanımlar Lora və Aqata, həmişəki kimi, qəşəng əllərini, iynələrini və saplarını onun ixtiyarına vermişlər. Gənc şahzadə – don Anri ilə don Qabriel yenə də köhnə pis vərdişlərindən əl çəkməyib: çoxlu üzüm mürəbbəsi yeyir, bacılarını hirsləndirir, heç şey oxumur, quş yuvalarını dağıdır, səs-küy salır, dövlətin qanun-qaydalarını pozaraq, cavan söyüd budaqlarını kəsib-doğrayırlar. Roma papasının nunsisi, başqa təbirlə, bizim keşiş, imla dərsi əvəzinə yenə əvvəlki kimi boş-boşuna dolaşacaqlarsa, kilsədən məhrum edəcəyini onlara bildirmişdir. Xudahafiz, mehriban qardaşım, heç bir məktub bu məktub kimi başdan-başa sənin səadətin üçün dualar və məmnun bir məhəbbətlə dolu olmamışdır. Buraya yolun düşərsə, bizə çox söhbətlər etməli olacaqsan. Mən sənin böyük bacınam. Mənə hər şeyi danışarsan! Xalam sənin yüksək cəmiyyətdə müvəffəqiyyət qazandığına işarə edir.

Hamı xanım haqqında danışır, başqalarını yada salan yoxdur.

Öz aramızda qalsın, Ejen! Əgər istəyirsənsə, biz özümüzə cib yaylığı tikmərik, sənin üçün köynək tikərik. Bu barədə bizə tez cavab yaz. Əgər sən yaxşı tikilmiş, qəşəng köynək istəyirsənsə, biz dərhal əyləşib, köynəkləri tikməyə başlamalıyıq. Əgər Parisdə bizə məlum olmayan fasonlar varsa, tez bizə göndər, xüsusilə manjet fasonu bizi çox maraqlandırır. Əlvida, əlvida, əzizim! Səni, alnının sol tərəfindən – yalnız mənə aid olan yerindən öpürəm. Mən Aqataya təmiz kağız vərəqi vermişəm, mənim sənə yazdığımı oxumamağı vəd etmişdir. Lakin mənim məktubumu oxumayacağına əmin olmaq üçün, yanında dayanıb məktubu yazıb qurtarmağını gözləyəcəyəm. Səni sevən bacın.

L ra de Rastinyak”.

Ejen öz-özünə: “Bəli, bəli, – deyirdi, – sərvət, nə olur-olsun, sərvət! Heç bir c vahirat bu vəfalı məhəbbəti əvəz edə bilməz. Ah, mən onlara bütün dünyanın səadətini birdəfəlik vermək istərdim!”

Bir az sükutdan sonra yenə dedi:

“Min beş yüz frank! Bu pulun hər biri hədəfə dəyməlidir! Laura haqlıdır. Doğrudan da, köynəklərimin hamısı sadə kətandan tikilmişdir. Başqasına səadət bəxş etmək üçün qız oğru kimi hiyləgər olur. Safürəkli bacım mənim qayğımı çəkir. O, bu dünyadakı günahları anlamayan, lakin bağışlayan bir mələkdir”.

Artıq yüksək cəmiyyətə onun yolu açılmışdı. Dərhal dərzi çağırılmış, danışdırılmış, tabe edilmişdi. Rastinyak Maksim de Trayı görər-görməz gənclərin həyatında dərzinin necə böyük təsiri olduğunu anlamışdı. Əfsus! Dərzi haqqındakı məfhumların arasında orta hədd yoxdur. Dərzinin işindən məlum olur ki, o ya sənin dostundur, ya da qatı düşmənin. Ejenin tapdığı dərzi öz sənətinin qanun-qaydalarını bildiyindən, başa düşürdü ki, özünə, gənclərin bugünkü həyatı ilə gələcək həyatı arasında bir həlqə kimi baxmalıdır. Minnətdar Rastinyak, sonralar məzəli sözlər söyləməkdə mahir olduğundan, bu dərzi haqqında söylədiyi sözlə onun karyerasını təmin etmişdi; Rastinyak demişdi:

– Onun tikdiyi iki şalvar ildə iyirmi min mədaxil verən nişanlı tapmağa imkan vermişdi.

Min beş yüz frank və ürəyin istədiyi qədər paltar! Bu dəqiqədə yoxsul cənublu heç nəyə şübhə etmirdi. Nahar etmək üçün aşağıya düşərkən, bir az pulu olan gənclərə məxsus görünüşü vardı. Tələbənin cibinə pul düşər-düşməz, dərhal kefi fantastik bir zirvəyə qalxar: ərhal yerişi yaxşılaşar, o, öz hərəkətləri üçün bir istinadgah tapar, hər şeyə açıq gözlə baxar, hərəkətlərində sürət əmələ gələr. Dünən o, qorxaq, miskin, hər təhqirə dözən bir gənc idi, bu gün isə lap baş naziri döyməyə qadirdir. O, artıq fövqəladə hal keçirir: o, hər şeyi arzu edir və hər şeyi etmək iqtidarındadır; arzuları bir-birinə qarışır, şad, səxavətli, həyəcanlı görünür. Bir sözlə, qanadsız bir quş qanadlanıb fəzalarda uçurdu. Pulsuz tələbə, min bir təhlükədən keçərək sümük oğurlayan, gəmirə-gəmirə sümüyün iliyini soran və yenə yoluna davam edən bir it kimi, nəşədən bir zərrə götürüb, atüstü istifadə edər. Lakin cibində içi dolu kisəsi cingildəyən bir gənc nəşəni uzadar, özündən məmnun qalar, göylərdə uçar, “yoxsulluq” sözünü belə unudar. Bütün Paris onun ixtiyarındadır. Bu elə bir dövrdür ki, bu dövrdə hər şey parlayır, qığılcım və alov saçır. Kişilərin və arvadların bihudə sərf etdikləri coşqun bir qüvvənin cövlan etdiyi dövr! Həyatın zövqlərini yalnız qat-qat

artıran borclar, təhlükələr! Senanın Sen-Jak küçəsi ilə Sen-Pyer küçəsi arasındakı sol sahilini tanımayanlar insan həyatında heç şey başa düşməzlər.

Rastinyak hərəsi bir liara olan bişmiş armudları Vokenin pansionunda yediyi zaman düşünürdü:

– Ah! Paris xanımları bilsəydilər, məhəbbət axtarmaq üçün buraya gələrdilər!

Bu zaman “Kral poçt idarəsi”nin qasidi şəbəkəli bağ qapısının zəngini çalıb, yemək otağına daxil oldu. O, cənab Ejen de Rastinyakı xəbər aldı, ona iki kisə verərək, imza atmaq üçün qəbz təqdim etdi. Votrenin gözləri parladı: Rastinyaka elə baxdı ki, elə bil, onu qamçı ilə vurdu.

Votren:

– İndi sizin şpaqa döyüşü və güllə atmaq dərslərinin haqqını vermək üçün pulunuz var, – dedi.

Madam Voke, kisələri nəzərdən keçirib:

– Qalionlar* gəlib çıxdı! – dedi.

Madmazel Mişono, hərisliyini büruzə verməmək üçün pula tərəf baxmaqdan ehtiyat edirdi.

Madam Kutür:

– Ananız səxavətlidir, – dedi.

Puare təkrar etdi:

– Ananız səxavətlidir.

Votren dedi:

– Bəli, anacığaz öz qanını vermişdir. İndi atınızı çapa bilərsiniz, cəmiyyətdə dolaşa bilərsiniz, qarmaqla varlı nişanlı tapa bilərsiniz, saçları şaftalı çiçəkləri ilə bəzənmiş qrafinyalarla rəqs edə bilərsiniz. Lakin mənim məsləhətimi unutmayın, cavan oğlan: güllə atmağa tez-tez gedin.

Votren düşməni hədəfə alan adam kimi hərəkət etdi. Rastinyak qasidə bəxşiş vermək istədisə də, cibində bir şey tapmadı. Votren cibini yoxlayıb qasidə iyirmi su atdı. Tələbəyə baxaraq:

– Siz hər vaxt kredit götürə bilərsiniz, – dedi.

Ardı var...

16 sentyabr 2015
GO BACK