Ertəsi gün Rastinyak öz məktublarını yola salmaq üçün poçta getdi. O, axırıncı dəqiqəyədək tərəddüd keçirirdi. Lakin axırda məktubları poçt qutusuna salıb dedi: “Mənim bəxtim gətirəcəkdir!” Onun sifətində oyunçunun, böyük bir sərkərdənin ifadəsi vardı. Lakin bu ifadə qəzavü-qədərlə bağlıdır: o, çox zaman insanı qurtuluşa deyil, fəlakətə sürükləyir.
Bir neçə gündən sonra Ejen qrafinya de Restonun yanına getdisə də, onu qəbul etmədilər. O, üç dəfə oraya getdi, lakin hər dəfə, Maksim de Trayın orada olmadığı saatlarda getsə belə, qapını onun üçün açmadılar. Vikontessa haqlı idi. Tələbə oxumağı atdı. O, mühazirələrə ancaq adını siyahıda qeyd etdirmək üçün gəlir, sonra isə çıxıb gedirdi. Başqa tələbələr kimi o da özünə yalnız bir şeylə təsəlli verirdi. O da öz məşğələlərini başqa tələbələr kimi imtahan verəcəyi vaxta qədər təxirə saldı. Ejen ikinci və üçüncü kursun mühazirələrinə qeyd olunaraq, axırda dərslə ciddi məşğul olmağa və hüquq fakültəsinin bütün kursunu keçməyə qərar verdi. Bunun sayəsində onun ixtiyarında on beş ay vardı ki, bu müddət ərzində Paris dənizində sərbəst üzə bilər, qadınları ovlamaqla, yaxud sərvət üçün qarmaq atmaqla məşğul ola bilərdi.
Ejen son həftə ərzində iki dəfə madam de Boseanı ziyarət etdi; lakin o, həmişə markiz d’A udanın karet həyətdən çıxdıqdan sonra gələrdi. Bütün Sen-Jermen qəsəbəsində ən şairanə və məşhur qadın sayılan vikontessa, d’A uda-Pinto ilə madmazel Roşfidin adaxlanmasını təxirə salmağa müvəffəq olmaqla, hələ az bir müddətə döyüş meydanından çəkilmişdi. Lakin səadəti itirmək qorxusunun yaratdığı çox acı hisslərlə dolu olan bu günlər fəlakəti daha da sürətləndirməli idi. Markiz d’A uda-Pinto və Roşfid ailəsi vikontessa ilə aralarında yaranan nifaq və sülhə başqa bir məna və əhəmiyyət verirdilər. Onlar madam de Boseanın bu adaxlanma fikrini öyrənəcəyinə və öz səhər məclislərini insan həyatında fitrən təyin edilmiş bir hadisəyə qurban verəcəyinə ümid bəsləyirdilər. Bu surətlə d’A uda hər gün ən müqəddəs vədlər verərək məzhəkə oynayır, vikontessa isə həvəslə bu yalana tabe olurdu. Ən yaxşı rəfiqəsi hersoginya de Lanje belə demişdi ki: “O, şərəflə pəncərədən özünü atmaq əvəzinə, sadəcə, pilləkəndən yuvarlanmışdır”. Hər necə olur-olsun, günəşin son şüaları hələ sönməmişdi, vikontessa hələ Parisdə yaşayırdı, kuzeninə mövhum bir məhəbbət bəsləyərək, ona vacib xidmətlər göstərə bilmişdi. Ejen isə qadının heç kəsin gözlərində nə mərhəmət, nə də həqiqi təsəlli görmədiyi bir zamanda vikontessaya böyük sədaqət və hüsntəvəccöh göstərmişdi. Kişi belə bir zamanda mehriban sözlər söylərsə, bunu ancaq müəyyən məqsədlə edər.
Rastinyak Nusingenin evində yaşamazdan qabaq öz şahmat taxtasındakı vəziyyəti diqqətlə öyrənmək istəyirdi. O, bu məqsədlə Qorio atanın əvvəlki həyatını aydınlaşdırmağa çalışmış və aşağıdakı dəqiq məlumatı toplamışdı.
Jan-Joaş Qorio inqilabdan əvvəl vermişel fabrikində fəhlə imiş. Qənaətcil, təşəbbüskar adam olduğundan 1789-cu ildə birinci üsyanın təsadüfən qurbanı olan sahibkarının müəssisəsini tamamilə öz əlinə keçirir. Qorio Jüsyen küçəsində, taxıl bazarının yaxınlığında yerləşərək, böyük bir məharətlə seksiya sədrliyini öz əlinə keçirməklə, bu təhlükəli dövrdə ən nüfuzlu adamların himayəsi altında öz ticarətini təmin edir. Onun sərvətinin əsasını da bu hiyləgər siyasət qoymuşdu: onun varlanmağı həqiqətən, yaxud qəsdən yaradılmış aclıq dövründə, Parisdə çörəyin qiyməti çox yuxarı qalxdığı bir zamanda başlamışdı. İnsanlar çörəkçi dükanlarının qarşısında döyüşdüyü, bir-birini öldürdüyü zamanda, bəzi adamlar səs-küy salmadan baqqaliyyə dükanlarındakı makaronları satın alırdılar. Vətəndaş Qorio bir ilin ərzində alverçiyə iri sərmayənin verdiyi imtiyazlardan istifadə edərək, ticarətlə məşğul olmağa imkan yaradan bir kapital qazanmışdı. Onun taleyi yalnız nisbətən qabiliyyətli adamların taleyinə bənzəyirdi. Onun həyatını xilas edən də elə adi adam olması idi. Bundan başqa, onun varlanmağı artıq sərvətin heç kəsdə paxıllıq oyatmadığı və varlı şöhrəti qazanmaq təhlükəli olmadığı bir zamanda aydınlaşmışdı. Anlaşıldığına görə, o, bütün ağlını, istedadını taxıl alverinə vermişdi. Taxıl, un, yarma söhbəti düşəndə, bunların keyfiyyəti, haradan gətirilməsi, saxlanılması, qabaqcadan qiymətinin təyin edilməsi, quraqlıq, yaxud məhsullu il olacağının təyin edilməsi, taxılın ucuz alınması, Siciliyada, Ukraynada tədarük görülməsi məsələsi gələndə heç kəs onunla rəqabət bilməzdi. Onun öz işlərini necə idarə etməsini, taxıl idxalı və ixracı qanunlarına necə məna verməsini, bu qanunları öyrənməsini, nöqsanlarını görməsini bilənlər Qorionun nazir olmağa layiq olduğunu zənn edərdilər. Məqsədinə çatmaqda səbirli, fəal, mətin, möhkəm və cəld Qorio alıcı quş kimi ayıq idi: hər şeyi qabaqlar, hər şeyi əvvəlcədən bilər, hər şeyi gizlədərdi. O, niyyətlərində diplomat, səfərlərində bir əsgər idi. Lakin Qorio bu xüsusi sahədən, boş vaxtlarında astanada əyləşib qapısına söykəndiyi sadə və qaranlıq dükanından xarici aləmə çıxdığı zamanlar yenə dönüb küt və yonulmamış bir fəhlə olar, sadə şeyləri belə başa duşə bilməz, mənəvi zövqlərə yabançı qalar, teatrda mürgülər, yalnız öz kütlüyü ilə qüvvətli olan Paris Dolibanlarına* bənzərdi. Bu növ adamların hamısı bir-birinə oxşar. Lakin onların qəlbində çox zaman ülvi hisslərə təsadüf etmək mümkündür. Vermişel fabrikantının qəlbində də iki hiss hökm sürürdü. Beynini taxıl ticarəti məşğul etdiyi kimi, qəlbinin bütün hərarətini də bu iki hiss ələ keçirmişdi. Arvadı Bridə yaşayan varlı bir fermerin yeganə qızı idi. Qorio bu qadını nəhayətsiz məhəbbətlə, dini bir pərəstişkarlıqla sevərdi. O, öz təbiəti ilə təzad təşkil edən bu incə və qüvvətli, həssas və sevimli qadına heyran və məftun idi. Kişilərə məxsus bir hiss varsa, o da hər saat zəif bir xilqətə göstərdiyi himayədən doğan qürur hissidir. Bütün namuslu insanların feyz aldığı bir qadına bəslədiyi məhəbbəti və səmimi minnətdarlığı da nəzərə alsanız, insan mənəviyyatında baş verən bir çox qəribə hadisələri anlarsınız. Yeddi il xoşbəxt yaşadıqdan sonra vermişel fabrikantı bədbəxtlikdən öz arvadını itirdi: o artıq Qorioya yalnız hissiyyat aləmində deyil, başqa sahələrdə də hökmranlıq etməyə başlayırdı. Bəlkə də, o, Qorionun bu mühafizəkar təbiətini inkişaf etdirə biləcək, onda varlıq və həyatı anlamaq qabiliyyəti oyada biləcəkdi. Arvadı öləndən sonra Qorionun atalıq hissi bütün sədləri aşmış oldu. O, ölümün səfil qoyduğu məhəbbətini qızlarına verdi, qızlar da ilk zamanlar onun bu atalıq məhəbbətini tamamilə təmin edirdilər. Tacirlər də, fermerlər də öz qızlarını ona ərə vermək üçün can atırdılar, lakin o, əlverişli təklifləri belə rədd edərək, dul qalmağı qərara aldı. Qorionun etimad bəslədiyi yeganə bir şəxs vardısa, o da qayınatası idi. Qayınatasının dediyinə görə, Qorio, mərhum arvadına öz vəfa və sədaqətini saxlamağa and içmişdi. Taxıl bazarındakı alverçilər vermişel fabrikantının bu ülvi qızğınlığını başa düşməz, onu yalnız məsxərəyə qoyardılar, hətta ona gülməli bir ad belə qoymuşdular.
Lakin bir dəfə alverçilərdən biri, dükanda bir az içdikdən sonra bu gülməli adı ucadan ona söylədiyi zaman vermişel fabrikantı ona elə bir yumruq ilişdirmişdi ki, o, Oblen küçəsindəki tumbanın üstünə yuvarlanmışdı. Qorionun öz qızlarına bəslədiyi sonsuz, təlaşlı və həssas məhəbbət hər yerdə şöhrət qazanmışdı. Bir dəfə Qorionun rəqiblərindən biri, onu bazardan uzaqlaşdırmaq və tək qalıb qiymətlərə təsir etmək məqsədi ilə, Qorioya Delfinanın kabriolet altında qaldığını söyləmişdi. Ölü kimi sapsarı saralan vermişel fabrikantı dərhal bazarı tərk etmişdi. Bu yalançı təlaşın onda yaratdığı zidd hisslər çarpışmasından Qorio bir neçə gün yatağından dura bilmədi. Qorio bu adamı yumruqla öldürməsə də, yalançının böhranlı vəziyyətindən istifadə edərək, onu iflasa uğratmış və bazardan həmişəlik qovmuşdu.
Təbiidir ki, hər iki qızın tərbiyəsi mənasız şəkildə inkişaf edirdi. İldə altmış min frankdan artıq mədaxili olan Qorio, özünə min yüz frank belə sərf etməzdi, lakin qızlarının hər arzusunu yerinə yetirməyi özü üçün səadət sayardı: ən yaxşı müəllimlər gözəl tərbiyənin tələb etdiyi bütün qabiliyyətləri Qorionun qızlarına aşılamağ borclu idilər. Qızların bir mürəbbiyəsi vardı; xoşbəxtlikdən, ağıllı və sağlam zövqlü bir qadın idi. Üçü də bir yerdə at sürər, karet gəzər, varlı bir kübarın məşuqələri kimi yaşardı. Onlar nə arzulasaydılar, nə qədər bahalı olur-olsun, dərhal ataları bu arzunu yerinə yetirərdi. O, öz səxavəti qarşısında qızlarından yalnız mehribanlıq və nəvaziş gözləyirdi. Zavallı öz qızlarını mələk kimi bəsləməklə, onları öz fövqünə qaldırdı. O, qızlarının verdiyi iztirab və əziyyəti belə sevərdi. Öz gözəlliyi ilə qraf de Restonu məftun edən Anastazi aristokrat dairələrinə can atırdı. Yüksək cəmiyyətlərdə dolaşmaq məqsədi ilə öz ata evini tərk etmişdi. Delfina isə pul sevirdi. O, alman nəslindən, “Müqəddəs Roma imperiyası”* baronlarından olan bankir Nusingenə ərə getdi. Qorio isə vermişel fabrikantlığında qalmışdı. Ancaq bir az sonra istər kürəkənləri, istərsə də qızları Qorionun yenə də ticarətlə məşğul olmasına həqarət kimi baxmağa başladılar, halbuki ticarət Qorionun canı, həyatının mənası idi. Onlar Qoriodan ticarəti atmağı tələb etsələr də, qoca beş il onlara təslim olmadı. Nəhayət, güzəştə gedib, alveri atdı, müəssisəni satdı və onun pulu ilə, bir də son illərin mədaxili ilə gələcək məişətini təmin etdi. Madam Vokenin hesabına görə, Qorionun kapitalı ildə səkkiz min – on min livr gəlir verə bilərdi. Qızları ərlərinin tələbi ilə atalarını öz evlərindən qovdular, onu açıqdan-açığa qəbul etməkdən belə çəkindilər. Bunu görən Qorio, dərdin şiddətindən baş götürüb pansiona qaçmışdı.
Rastinyakın Qorio ata haqqında toplaya bildiyi məlumat ancaq bu idi. Bu məlumatı ona verən, vaxtilə Qorionun müəssisəsini satın almış cənab Müre adlı bir şəxs idi. Beləliklə, hersoginya de Lanjenin Rastinyakın yanında söylədiyi fərziyyələr təsdiq edilirdi. Biz bununla Paris həyatının məchul, lakin dəhşətli bir faciəsinin hekayətini tamamlamağı lazım bilirik.
Dekabr ayının birinci həftəsinin sonlarında Rastinyak iki məktub aldı. Məktublardan biri anasından, o biri isə böyük bacısı Loradan idi. O, yaxşıca tanıdığı bu xətləri gördüyü zaman ürəyi həm sevincindən, həm də qorxudan çırpındı. Xəfif kağız vərəqlərində onun bütün ümidlərinə hökm verilirdi: ya həyat, ya ölüm. Anasının və bacılarının yoxsulluğunu xatırladıqda, o, dəhşətə gəlirdi; lakin onların müstəsna bir məhəbbətlə sevdiklərini qabaqcadan bildiyindən, son damla qanlarını sormaqdan qorxmaya da bilərdi. Anası məktubunda yazırdı ki:
“Mənim əziz oğlum, mən sənə xahiş etdiyini göndərirəm. Bu pulları qənaətlə xərclə, çünki mən səni ölümdən xilas etmək üçün belə, atana bu sirri açmadan bu qədər pulu göndərmək iqtidarında deyiləm. Sirri atana açmaq isə ailə həyatımızı tamamilə pozmaq deməkdir. Yenidən pul tapmaq üçün biz mülkümüzü girov qoymağa məcbur olardıq. Sənin məqsədlərini bilmədiyimdən, heç bir rəy söyləmək
iqtidarında deyiləm. Lakin bu necə bir məqsəddir ki, sən anana belə xəbər verməkdən qorxursan? Bunun üçün cild-cild kitablar yazmağa ehtiyac yoxdur, analara bir söz belə kifayətdir, bir söz belə məni məchuliyyət iztirabından xilas edə bilərdi. Məktubun mənə ağır təsir bağışladığını səndən gizlədə bilmərəm. Mehriban oğlum, mənim qəlbimə bu qorxu hissini salmağa səni nə vadar etdi? Görünür sən bu məktubu yazdıqca çox iztirablar keçirmisən, çünki mən də sənin məktubunu oxuduqca iztirab içində çırpınırdım. Sən özün üçün nə kimi bir məslək seçmək fikrindəsən? Sənin həyatın, sənin səadətin həqiqətdə olduğu kimi deyil. Başqa bir donda görünmək zəruriyyətindən asılı olmazmı, qüvvətindən artıq pul sərf etmədən və dərslərin üçün qiymətli olan vaxtını puç etmədən, məclislərində iştirak etmək mümkün olmayan insanlarla oturub-durmağa məcbur olmazsanmı? Mənim mehriban Ejenim, inan ana ürəyinə: əyri yol xeyrə çıxarmaz. Sənin vəziyyətində olan gənclərin yeganə bir yolu varsa, o da səbir və tərki-dünyadır. Mən səni qətiyyən danlamaq fikrində deyiləm, mən öz hədiyyəmizə heç bir acı şey qarışdırmaq istəmirəm. Mənim sözlərim inanan və hər bir şeyi nəzərə alan ananın ürək sözləridir. Əgər sən öz vəzifəni bilirsənsə, sənin saf qəlbini, gözəl məqsədlərini anandan başqa kim yaxşı bilər? Ona görə, oğlum, mən sənə qorxmadan ancaq bunu deyə bilərəm: get, mənim əzizim, yolun uğurlu olsun! Mən yalnız ana olduğum üçün qorxuram, lakin hər addımını bizim xeyir-duamız izləyəcəkdir. Ehtiyatlı ol, mənim mehriban oğlum. Sən mərd adamlar kimi ağıllı olmalısan, çünki beş nəfərin taleyi sənin əlindədir, sənin səadətin isə bizim səadətimizdir. Təşəbbüslərində sənə kömək etmək üçün biz Allaha yalvarırıq. Marsi yak xalan bu məsələdə fövqəladə mərhəmət göstərdi. Sənin mənə əlcək haqqında yazdığını o özü başa düşmüşdü. O, şadlıqla deyirdi ki: “Bəli, bacıoğlu mənim zəif damarımdır!” Ejen, xalanı həmişə sevmək sənin borcundur: onun sənin xatirinə nələr etdiyini yalnız sən müvəffəqiyyət qazandıqdan sonra eşidərsən, müvəffəqiyyət qazana bilmədikdə isə onun verdiyi pullar daim sənin əllərini yandıracaqdır. Siz uşaqlar yadigar olan şeylərdən məhrum olmağın nə demək olduğunu başa düşməzsiniz! Lakin sizin xatiriniz üçün biz nələr fəda etmirik?! Xalan sənin alnından öpür və arzu edir ki, sən bu busə ilə həmişə müvəffəqiyyət qazanmaq iqtidarında olasan. Mərhəmətli, gözəl xalan, revmatizmi olmasaydı, bu sözləri özü sənə yazardı. Atan sağ və salamatdır. Bacılarından daha danışmıram: Lora özü sənə məktub yazır. Qoy o, ailəmizdəki xırda hadisələri sənə xəbər verməkdən zövq alsın. Tanrı sənə müvəffəqiyyət versin! Ah, Ejen, sən mütləq müvəffəqiyyət qazanmalısan! Mən sənin dərdindən özümü o qədər həlak etmişəm ki, müvəffəqiyyət qazana bilməsən, artıq dözə bilməyəcəyəm. Mən, oğluna verə biləcəyi sərvətin həsrətini çəkən yoxsul anaların dərdini duydum. Əlvida, oğlum! Bizi nigaran qoyma, hərarətli ana busəsini qəbul et”.
Ardı var...