Qadin.NET / O.Balzak "Qorio ata"-16

O.Balzak "Qorio ata"-16

Ejen Nev-Sent-Jenevyev küçəsinə çatdıqdan sonra tez yuxarı mərtəbəyə qalxdı, arabaçıya on frank vermək üçün yenə geri döndü, ürəkbulandıran yemək otağına daxil oldu, tövlədə otyeyən heyvanlar kimi xörəklərini yeyən kirayənişinləri gördü. Bu səfalət, yemək otağının bu mənzərəsi onda ikrah hissi oyatdı.

O.Balzak "Qorio ata"-16

Bu həddən artıq kəskin keçid, bu son dərəcə kəskin təzad onun şöhrətpərəstlik meyillərinə daha da qüvvət verməli idi. Bir tərəfdə – ən zərif bir ictimai mühitin yaratdığı parlaq, cazibədar surətlər, gözəl sənət əsərlərinin və zinətli şeylərin çərçivəsi içində görünən canlı gənc simalar, ehtiraslı, şairanə şəxsiyyətlər, o biri tərəfdə isə – çirkab və səfalət içində canlanan məşum lövhələr, ehtiraslardan yalnız oyunbaz kəndirlərini və mexanizmlərini saxlamış insanlar görünürdü. Aldanmış bir qadının hiddəti sayəsində madam de Boseanın verdiyi məsləhətlər və kuzinasının cazibədar təklifləri yenə Ejenin hafizəsində canlandı, ehtiyac isə buna başqa bir məna verdi: sərvət qazanmaq üçün Ejen iki yanaşı xəndək qazmağı qət etdi; o həm məhəbbətə, həm də elmə əsaslanmaq, həm kübar bir adam, həm də hüquq elmləri doktoru olmaq istəyirdi. O, yenə də böyük uşağa bənzəyirdi. Bu iki xətt asimptot olduğuna görə heç vaxt bir-birinə qovuşmayacaqdı.

Votren insan qəlbinin ən sirli guşələrinə nüfuz edən bir nəzərlə Rastinyaka baxaraq:

– Siz çox məyus görünürsünüz, cənab markiz, – dedi.

Rastinyak:

– Mən məni “cənab markiz” adlandıran şəxslərin zarafatlarına dözmək niyyətində deyiləm, – dedi. – Parisdə həqiqətən markiz olmaq üçün əldə yüz min livr mədaxilin olmalıdır, “Vokenin evi”-ndə yaşayanlar isə ehtimal ki, bəxti gətirənlər sırasında deyildirlər.

Votren Rastinyaka ata saymazyanalığı ilə baxdı, sanki o bunu demək istəyirdi: “Küçük! Mən sənin aşının suyunu verə bilərəm!” Bir az sonra Votren belə cavab verdi:

– Qanınız qaradır, ehtimal ki, buna səbəb gözəl qrafinya de Restonun yanında müvəffəqiyyət qazana bilməməyinizdir.

Rastinyak bağırdı:

– Mən ona atasının bizimlə bir süfrə başında əyləşdiyini söylədiyimə görə məni qəbul etməmək üçün əmr vermişdir!

Kirayənişinlər bir-birinin üzünə baxdılar. Qorio ata başını aşağı saldı və göz yaşlarını gizlicə sildi.

Qonşusuna müraciətlə:

– Tütününüz gözümə düşdü, – dedi.

Ejen vermişel fabrikantının yanında əyləşənə baxaraq:

– Qorio atanın xətrinə kim dəysə, əvəzini məndən alacağına əmin ola bilər, – dedi. – O, bizim hamımızdan yaxşı adamdır. – Sonra madmazel Tayferə doğru dönərək: – Mən xanımları nəzərə almıram, – deyə əlavə etdi.

Bu sözlər hər şeyə yekun vurdu: Ejen bu sözləri elə ruhda söyləmişdi ki, hamı səsini kəsdi. Yalnız Votren istehza ilə dedi:

– Qorio atanı himayə altına almaq və onun məsul vəkili olmaq üçün şpaqa ilə yaxşı vuruş və yaxşı güllə atmağı bacarmaqdır. 

O.Balzak "Qorio ata"-16

Ejen:

– Elə mən də bu niyyətdəyəm, – deyə cavab verdi.

– Demək, siz bu gündən etibarən müharibə elan edirsiniz?

Rastinyak cavab verdi:

– Mümkündür. Lakin mən başqalarının gecələr nə ilə məşğul olduqlarını araşdırmaq niyyətində olmadığıma görə heç kəsə haqq-hesab verməyə borclu deyiləm.

Votren kəc bir nəzərlə Rastinyaka baxdı.

– Əziz oğlan, canbazların oyununa aldanmaq istəməyənlər canbazxananın içinə girməlidir, yoxsa kətan divarın yırtıqlarından baxmaqla kifayətlənməyin mənası yoxdur. – Sonra Ejenin yenə qızışdığını görüb əlavə etdi: – Bu söhbəti kəsək. Bu barədə başqa bir zaman, nə vaxt istəsəniz söhbət edə bilərik.

Nahar uzanır və məyus keçirdi. Rastinyakın sözlərindən tamam pərişan olan Qorio ata hamıda ona qarşı münasibətin dəyişdiyini, onu məsxərəyə qoyanların ağzını yumacaq bir cavan müdafiəçisi olduğunu anlamamışdı.

Voke pıçıldadı:

– Belə çıxır ki, Qorio ata qrafinyanın atası imiş?

Rastinyak cavab verdi:

– O həm qrafinyanın, həm də baronessanın atasıdır.

Byanşon Ejenə dedi:

– O yalnız atalığa yarayar, mən onun başını yoxlamışam; başında ancaq bir şiş vardır ki, o da atalıq şişidir. Qorio əsl atalardandır.

Ejen olduqca ciddi görünürdü, Byanşonun zarafatı onu güldürmədi. O, madam de Boseanın məsləhətlərindən istifadə etmək niyyətində idi. Haradan pul tapmaq mümkün olduğunu düşünürdü. Onun gözləri qarşısında səhra kimi boş, həm də bolluq vəd edən həyat üfüqləri açılırdı. Bu tamaşa onun qəlbində təlaş və qayğı oyatmışdı. Nahardan sonra hamı yavaş-yavaş dağıldı, yemək otağında Ejen yalqız qaldı.

Qorio həyəcanlı səslə ona dedi:

– Demək, siz mənim qızımla görüşmüşsünüz?

Qocanın bu sözləri tələbəni ayıltdı. Ejen Qorio atanın qolundan tutdu və dərin bir riqqətlə ona baxaraq:

– Siz, – dedi, – çox yaxşı, ləyaqətli adamsınız. Qızlarınız haqqında sonra danışarıq.

Rastinyak Qorio atanı daha dinləmək istəmədiyindən ayağa durdu və otağına çəkilərək, anasına bu məktubu yazdı:

“Əziz ana! Mən sizdən yeni bir məhəbbət fədakarlığı xahiş etmək niyyətindəyəm. Hadisələrin gedişindən belə məlum olur ki, mən tezliklə özümə yaxşı bir vəziyyət yarada bilərəm. Mənə min iki yüz frank pul lazımdır, hər necə olur-olsun, mən bu pulu əldə etməliyəm. Atama bu xahişim haqqında heç bir söz söyləməzsən, – o, mane ola bilər, halbuki mən bu pulu tapmasam, tamamilə məyus olub, intihar belə edə bilərəm. Görüşdüyümüz zaman məsələnin nə yerdə olduğunu sənə söylərəm: mənim busaatkı vəziyyətimi başa salmaq üçün cild-cild kitablar yazmaq lazımdır. Mehriban ana, mən qumarda uduzmamışam, heç kəsə borcum da yoxdur, lakin sənin mənə bəxş etdiyin bu həyat sənin üçün qiymətlidirsə, bu pulu mənim üçün tapmalısan. Bir sözlə, mən vikontessa de Boseanın evinə gedib-gəlirəm, o, məni öz himayəsi altına almışdır. Mən cəmiyyətdə görünməliyəm, halbuki təmiz əlcək almaq üçün belə bir su da pulum yoxdur. Mən yalnız çörəklə dolana bilərəm, sudan başqa heç bir şey içməyə də bilərəm, lazım gələrsə, ac da qala bilərəm, lakin bu məmləkətdə əkin əkmək üçün lazım olan alətlər olmasa, yaşamaq mümkün deyildir. Ya mən özümə bir yol açmalıyam, ya da çirkab içində çırpınmağa məcburam. Sizin mənə necə böyük ümidlər bəslədiyinizi bilirəm, mən də az bir zamanda bu ümidləri doğrultmaq fikrindəyəm. Mehriban ana, babadanqalma bəzi qiymətli şeylərini sat; mən tez bir zamanda bunun əvəzini sənə qaytararam. Ailəmizin vəziyyəti mənə yaxşıca məlumdur, hər halda, mən sənin bu fədakarlığını layiqincə təqdir edəcəyəm. İnan ki, mən nahaq yerə xahiş etmirəm, əgər belə olsaydı, mən insan deyil, eybəcər bir div olardım. Mənim xahişlərimi hər bir şeyə hökm edən bir ehtiyacın naləsi kimi qəbul et. Bizim bütün gələcəyimiz bu köməkdən asılıdır: mən bu pulla müharibə meydanına girmək niyyətindəyəm, çünki Parisdə yaşayanların həyatı daimi müharibədir. Əgər tək sənin üçün bu məbləği toplamaq mümkün olmasa, xalanın da krujevalarını satmaq lazım gələrsə, ona söyləyərsən ki, mən sonra daha yaxşı krujevalar göndərərəm...” və sairə.

Ejen bacılarının ikisinə də məktub yazaraq, əmanətlərini ona göndərməyi xahiş etdi. Məqsədinə nail olmaq və eyni zamanda, bacılarının böyük məmnuniyyətlə göstərə biləcəkləri bu fədakarlığın ailə içində müzakirə edilməməsi üçün Ejen gənc qəlbində hər zaman möhkəm və ahəngdar olan namus tellərinə, bacılarının həssaslığına belə toxundu. Bununla belə, məktubları yazıb qurtardıqdan sonra Ejen təlatüm içində idi: o həyəcanlanır, uçunurdu. Gənc şöhrətpərəst səhrada itib gedən bu ruhların ləkəsiz alicənablığını yaxşı bilirdi; odur ki bacılarının üzərinə nə qədər ağır yük qoyduğunu anlayırdı. Onlar öz sevimli qardaşlarına bu fədakarlığı göstərməkdən həzz alacaq, kaşanənin sakit bir guşəsində gizli söhbətlər edəcəklər. Ejenin düşüncəsi birdən işıqlandı və bacıları cüzi sərvətlərini gizlicə hesabladıqları halda gözünə göründü. O, bacılarının pulu inkoqnito göndərmək üçün qız hiyləsi işlətdiklərini və geniş ürək sahibi olduqlarını göstərmək üçün ilk dəfə hiyləgərlik etdiklərini görürdü. Öz-özünə: “Bacı könlü təmiz almaz daşı, sonsuz mehribanlıqdır!” – deyirdi. O, yazdığından həya etməyə başlayırdı. Ah, onlar vəcdlə dualar cək, pak bir qəlb, təmiz məhəbbətlə əllərini göylərə qaldıracaqlar! Əgər anası pulun hamısını göndərə bilməsə, necə dərd çəkəcəkdi! Bütün bu gözəl hisslər, bütün fədakarlıqlar Delfina de Nusingenə müvəffəq olmaq üçün yalnız bir pillə idi. Ejenin gözlərindən bir neçə damcı göz yaşı axdı; bu, müqəddəs ailə mehrabına atılan son müşk toxumları idi. O, dərin ümidsizlik içində otağı dolaşırdı. Qorio ata qapının arasından onun otaqda gəzişdiyini görüb içəri girdi.

– Sizə nə olmuşdur? – deyə soruşdu.

– Ah, əziz qonşum, siz ata olduğunuz kimi, mən də hələ həm oğul, həm də qardaşam. Siz qrafinya Anastazi üçün qorxmaqda haqlısınız: o, Maksim de Tray adlı bir şəxsin əlində oyuncaqdır; de Tray qızınızı məhv edəcəkdir.

Qorio ata nə isə mırıldanaraq çıxdı, lakin Ejen bu sözlərin mənasını anlaya bilmədi.

Ardı var...

14 sentyabr 2015
GO BACK