Qadin.NET / O.Balzak "Qorio ata"-15

O.Balzak "Qorio ata"-15

O.Balzak "Qorio ata"-15

Ejenin gözlərində yaş işıldadı: o, hələ həyatının saf və müqəddəs havası ilə nəfəs alırdı, hələ gənclik həsrətlərinin təsiri ilə yaşayırdı. O yalnız burada ilk dəfə Paris mədəniyyəti ilə döyüş meydanında qarşı-qarşıya gəlmişdi. Səmimi hisslərin təsiri o qədər qüvvətli oldu ki, onlar sükut içində bir müddət bir-birinin üzünə baxa-baxa qaldılar.

Hersoginya sükutu pozaraq:

– Aman, yarəb! – dedi. – Əlbəttə, bu, dəhşətli şeydir, halbuki biz hər gün belə hadisələrə rast gəlirik. Məgər bunun bir səbəbi yoxdurmu? Bir dəfə belə, əzizim, siz kürəkən nə olduğunu fikirləşmisinizmi? Kürəkən elə bir kişiyə deyirlər ki, biz on yeddi il müddətində ailənin ümidi , Lamartinin sözü ilə desək, ailənin ləkəsiz qəlbini, gələcəkdə isə vəba xəstəliyinə çevrilən və min bir bağla bizə bağlı olan əziz bir xilqəti onun üçün bəsləyirik. Kişi isə bu xilqəti bizdən ayırdığı zaman, o, hər şeydən əvvəl, onun məhəbbətindən bir balta kimi istifadə edir, bu mələyin qəlbində, canlı ürəyində ailəsi ilə onu bağlayan bütün hissləri kəsib-doğrayır. Qızımız hələ dünən bizim üçün hər şey idi, biz də onun üçün hər şey idik. Səhər isə o, bizə düşmən kəsilir. Məgər hər gün biz bu cür faciələri öz gözlərimizlə görmürükmü? Gah gəlin qayınataya həqarətlə baxır, halbuki qayınata hər şeyini oğluna qurban vermişdir; əzən də, görürsən, kürəkən öz qayınatasını evdən qovmuşdur. Mən belə suallara rast gəlmişəm: müasir cəmiyyətimizdə ən faciəli şey nədir? Kürəkən faciə deməkdir, həm də dəhşətli bir faciə. İzdivaclarımıza gəlincə, başdan-başa rəzalətdir. Mən bu biçarə vermişel fabrikantının başına nələr gəldiyini yaxşıca təsəvvür edirəm. Yaxşı yadımdadır, həmin bu Forio...

– Madam, yəqin, siz Qorio demək istəyirsiniz...

– Yaxşı, Morio olsun. Həmin bu Morio inqilab dövründə seksiya* rəhbərlərindən biri idi. O, məşhur aclığın gizli səbəblərini bilirdi. Həmin bu zamanlar o, unu aldığından on qat artığa satmaqla öz sərvətinin binasını qoymuş oldu. Çoxlu un tədarük etmişdi. Nənəmin mülkünü idarə edən ona böyük məbləğdə un satardı. Norio, əlbəttə, öz qazanclarını ictimai qurtuluş komitəsi* ilə bölüşdürərdi. Yadımdadır, nənəmin mülkünü idarə edən onun öz Qranvilye mülkündə tamamilə rahat yaşaya biləcəyini söylərdi: taxıl onun etibarlı adam olduğunu gözəlcəsinə sübut edirdi. Həmin bu Lorio başkəsənlərə taxıl satarkən ancaq bir şey düşünürdü: deyildiyinə görə, o, öz qızlarına pərəstiş edir. Bir qızını qraf de Restoya arvad eləmiş, o birini baron Nusingenə ötürmüşdü. Nusingen hələ o zaman varlı bir bankir idi, özünü royalist kimi qələmə verirdi. Təbii şeydir ki, imperiya dövründə kürəkənlər üçün doxsan üçüncü il nümunəsi olan qayınatalarını öz evlərinə buraxmaq o qədər də mənfəətli deyildi. B on partenin vaxtında bu hələ

mümkün şey idi, lakin Burbonlar hakimiyyətə qayıtdıqdan sonra Resto üçün və xüsusilə bankir üçün artıq bu qoca bir yük olmuşdu. Bəlkə də, qızlar öz atalarını hələ də sevirmişlər, hər halda, istəyirdilər ki, qurdların da qarnı doysun, quzular da sağ-salamat qalsın, yəni onlar həm ərlərini, həm də atalarını sakit etmək fikrində idilər. Onlar, evlərində heç kəs olmayanda Qorionu qəbul edərdilər. Onlar atalarını məhəbbət bəhanəsi ilə qəbul edərdilər. “Atacan, evdə heç kəs olmayacaq, gələrsiniz, vaxtımızı yaxşı keçirərik” kimi bəhanələr gətirərdilər. Məncə, əzizim, həqiqi hisslərin öz ağlı, öz gözləri var, odur ki zavallı qocanın ürəyindən qara qanlar axırdı. O, öz qızlarının ondan utandığını görür, qızları öz ərlərini sevdikləri üçün o, kürəkənlərinə əngəl olduğunu hiss edirdi. Nəhayət, fədakarlıq göstərmək vaxtı gəlib çatdı: o, öz-özünü qızlarının evindən sürgün etdi, qızları isə onun bu işindən razı qaldılar. Bunu görən ata doğru hərəkət etdiyini anlamışdı. Bu surətlə atanın və qızların iştirakı ilə ailə cinayətinin əsası qoyulmuş oldu. Bu cür hadisələrə biz hər addımda rast gəlirik. Məgər bu Dorio ata qızlarının salonunda bir yağ ləkəsinə bənzəməzdimi? Zatən onun özü vəziyyətindən darıxacaq və xiffət çəkəcəkdi. Atanın başına gələn bu fəlakət bütün varlığı ilə bir kişini sevən qadının da başına gələ bilər: qadın öz məhəbbəti ilə kişini bezikdir , kişi yaxasını qurtarmaq üçün onu tərk edir, alçaq işlərə əl atır. Bütün hisslərin taleyi belədir. Qəlblərimiz xəzinədir: onu birdən-birə xərcləsəniz, dilənçi qalarsınız. Biz bütün varlığını açıb göstərmiş olan hisslərə də, bir su pulu belə qalmayan kişilərə də rəhm etmərik. Bu ata bütün varlığını öz qızlarının yolunda qoydu. O, iyirmi il ərzində öz qəlbini, məhəbbətini verdiyi halda, bütün sərvətini bir günün ərzində verdi. Qızları l m nu sıxıb qabığını çölə atdılar.

Vikontessa gözlərini qaldırmadan, şalının saçaqlarını əsəbiliklə dartaraq:

– Cəmiyyət nə qədər rəzildir, – dedi. Onun ağrıyan yerinə toxunmuşdular, hersoginyanın son sözlərinin ona aid olduğunu duydu.

 

Hersoginya:

– Rəzilmi deyirsiniz?.. Xeyr... – deyə cavab verdi. – Cəmiyyət öz yoluna davam edir. Bununla mən ancaq onu demək istəyirəm ki, mən qətiyyən cəmiyyət haqqında fikrimdə aldanmıram. – Sonra vikontessanın əlini sıxaraq: – Mən də elə sizin fikrinizə şərikəm, – dedi. – Cəmiyyət – uçurumdur. Biz yüksək yerlərdə dayanmağa çalışmalıyıq.

Hersoginya ayağa durdu və madam de Boseanın alnından öpərək:

– Əzizim, – dedi, – siz bu gün çox gözəl görünürsünüz. Mən sizin üzünüzün rənginə heyranam, buna bənzər heç şey görməmişəm.

Hersoginya Rastinyaka baxdı, başını xəfifcə əyib, otaqdan çıxdı.

Ejen gecə qocanın gümüş qabı əzdiyini xatırlayaraq:

– Qorio ata gözəl adamdır! – dedi.

Madam de Bosean fikrə daldığından onun bu sözlərini eşitmədi. Bir neçə dəqiqə sükut içində keçdi. Zavallı tələbə həya edərək susurdu: bilmirdi danışsın, ya çıxıb getsin.

Nəhayət, vikontessa dilləndi:

– Kübar cəmiyyət kinli və rəzildir, – dedi. – Başınıza bir müsibət gələrsə, dərhal dostlarınızdan biri bu xəbəri hər tərəfə yaymağa, qəlbinizi xəncərlə ovmağa hazırdır, siz də bu xəncərin gözəl dəstəyini seyr etməyə məcbursunuz. Acı sözlər, istehzalar, kinayələr! Yox, mən özümü müdafiə edəcəyəm!

O, kübar xanım vüqarı ilə başını qaldırdı, onun məğrur baxışından ildırım çaxdı.

Ejeni görərək:

– Ah, siz buradasınız! – dedi.

Ejen zavallı səslə:

 – Bəli, hələ buradayam! – deyə cavab verdi.

– İndi mənim sözümə qulaq asın, cənab de Rastinyak. Siz bu cəmiyyətlə istədiyiniz kimi rəftar edə bilərsiniz. Siz müvəffəqiyyət qazanmaq niyyətindəsiniz, mən sizə kömək edərəm. Qadın rəzalətinin bütün dərinliyini öyrənin, kişilərin rəzil şöhrətpərəstliyinin nə qədər geniş olduğunu dərk edin. Mən şəxsən kübar cəmiyyət kitabını diqqətlə mütaliə etmişəm, bununla belə, bəzi səhifələrindən bixəbər olduğum anlaşılır. Artıq mən hər şeyi bilirəm: siz nə qədər soyuqqanlı hərəkət etsəniz, bir o qədər qabağa gedərsiniz. Zərbələrinizi amansızcasına vurun, o zaman hamı sizin qarşınızda titrəyəcəkdir. Kişilərə və qadınlara poçt atı nəzəri ilə baxın, rəhm etmədən bu atları qovun, qan-tər içində ölənlərə əhəmiyyət verməyin, – o zaman siz bütün arzularınıza nail olarsınız. Unutmayın ki, sizin taleyinizdə iştirak edən bir qadın olmazsa, siz cəmiyyətdə heç nəyə müvəffəq ola bilməyəcəksiniz. Siz elə bir qadın tapmalısınız ki, o həm gözəl, həm gənc, həm də zəngin olsun. Sizdə səmimi məhəbbət hissi oyanarsa, onu bir zinət kimi elə gizlədiniz ki, heç kəsin fikrinə belə gəlməsin, yoxsa məhv olarsınız. Əgər siz cəllad ola bilməsəniz, qurbanlığa çevrilərsiniz. Əgər qəlbinizdə bir məhəbbət doğarsa, bu sirri ən müqəddəs şey kimi qoruyun! Qəlbinizi açmaq istədiyiniz adamı bütün varlığı ilə tanımadan bu sirri ona açmayın. Sizdə hələ belə bir məhəbbət oyanmamışdır, lakin qabaqcadan onu qorumaq lazımdır, cəmiyyətə inanmamaq sizin üçün dərs olsun. Yaxşı qulaq asın, Miquel (o, səmimi olaraq Ejenin adını yanlış söylədiyini sezmədi), iki qızın öz atalarını atmaqdan, bəlkə də, ölümünü arzu etməkdən daha dəhşətli bir şey var ki, o da iki bacının rəqabətidir. Resto kübar ailədəndir, onun arvadını yüksək cəmiyyətdə qəbul edirlər, onu saraya belə təqdim etmişlər. Bax buna görə də onun bacısı – gözəl və zəngin Delfina, maliyyə canbazı de Nusingenin arvadı Delfina hirsindən özünü yırtır: axıllıq onu rahat yatmağa qoymur. Qrafinya de Resto bacısından on qat yuxarı qalxmışdır. Artıq onlar bacı deyillər, atalarını rədd etdikləri kimi, bir-birini də rədd etmişlər. Buna görədir ki, madam de Nusingen mənim evimə daxil olmaq üçün Sen-Lazar küçəsindən Qrenel küçəsinə qədər bütün palçığı yalamağa hazırdır. O, ümidini de Marseyə bağlamışdı: onun vasitəsilə məqsədinə nail olmaq fikrində idi; o, de Marseyə qul oldu, onu rahat qoymadı. De Marse isə onunla maraqlanmır. Əgər siz Delfinanı mənə təqdim etsəniz, onun məbudu siz olacaqsınız, o, sizə ibadət edəcəkdir. Sonra mümkün olarsa, onu sevə bilərsiniz, sevməsəniz də, məqsədiniz üçün Delfinadan istifadə edin. Mən onu bir-iki dəfə böyük müsamirədə qonaqlarla birlikdə qəbul edə bilərəm, lakin gündüz qəbul etmək mümkün deyil. Mənim onunla salamlaşmağım kifayətdir. Qrafinyanın qapısını isə siz Qorio atanın adını çəkməklə, öz əlinizlə qapamışsınız. Bəli, mənim əzizim, siz qrafinya de Restonun

yanına iyirmi dəfə gedə bilərsiniz, lakin iyirmi dəfə onun evdə olmadığını sizə söyləyəcəklər. Sizi qəbul etməmək üçün əmr verilmişdir. Qoy Qorio ata sizi Delfina de Nusingenlə tanış eləsin. Gözəl Delfina sizin üçün bir pərdə olar. Qoy o, sevmək üçün sizi intixab etsin, bütün qadınlar sizi çılğıncasına sevəcəklər. Onun rəqibləri də, ən yaxın rəfiqələri də sizi onun əlindən almaq üçün can atacaqlar.

 

O.Balzak "Qorio ata"-15

 

Şlyapalarımızın fasonlarını mənimsəməklə bizim ədalarımızı qəbul edəcəklərini zənn edən meşşan qadınlar kimi, onlar da başqalarının sevgililərini üstün tuturlar. Siz müvəffəqiyyət qazanacaqsınız. Parisdə isə müvəffəqiyyət hər şeydir, müvəffəqiyyət hakimiyyətin açarıdır. Qadınlar sizin ağıl və istedadınıza qiymət qoyduqdan sonra kişilərdə, məyus doğurmasanız, buna mütləq inanacaqlar. O zaman siz hər şeyə müvəffəq olacaqsınız: bütün qaplıar üzünüzə açılacaqdır. O zaman siz özünüz anlayacaqsınız ki, bu kübar cəmiyyətdə yaşayanlar ancaq yalançılar və axmaqlardır. Nə axmaqlara, nə də yalançılara meyil etməyin. Bu tilsimli dünyaya daxil olmaq üçün Ariadnanın sapı* əvəzində mən öz adımı sizə verirəm. – Sonra başını qaldırıb şahanə bir nəzərlə Rastinyaka baxaraq: – Bu adı ləkələməyin, – dedi, – onu ləkəsiz qaytararsınız. Artıq gedin, məni yalqız buraxın! Biz qadınlar da bəzən döyüş meydanında vuruşuruq.

Ejen onun sözlərini kəsərək:

– Əgər sizin üçün sizin xatirinizə barıt anbarını partladacaq bir şəxsə ehtiyac olarsa...

Vikontessa soruşdu:

– O zaman nə ola bilər?

Ejen əlini döşünə qoydu. Kuzinasının təbəssümünə təbəssümlə cavab verərək otaqdan çıxdı. Saat beş olardı. Ejen acmışdı, nahara gecikəcəyindən təlaşa düşdü. Bu təlaşın təsiri altında Paris küçələrindən quş kimi uçmaq ona ləzzət verirdi. Lakin bu cismani ləzzət qətiyyən onun fikirlərə dalmasına mane olmurdu. O yaşda olan gənclər nifrətlə təhqir edildiyi zaman qızışmağa, hiddətlənməyə, bütün cəmiyyətə yumruq qaldırıb “intiqam” deyə bağırmağa başlasalar da, özlərinə inanmazlar, şübhə edərlər. Bu saat Ejenin qəlbini qrafinyanın bu sözləri əzir, çeynəyirdi: “Siz qrafinyanın qapısını öz əlinizlə bağladınız”. Ejen öz-özünə: “Mən onun yanına gedəcəyəm, – dedi. – Madam de Bosean haqlı çıxarsa, məni qəbul etməmək üçün doğrudan da əmr verilmişsə... o zaman... o zaman qrafinya de Resto hər yerdə, bütün salonlarda mənə rast gələcəkdir. Mən şpaqa ilə döyüşməyi, güllə atmağı öyrənəcəyəm, onun Maksimini öldürəcəyəm!..” Şüuru isə hayqırırdı: “Bəs sənin pulun varmı? Sən haradan pul tapacaqsan?” Birdən qrafinya de Restonun göz qapağında səpələnmiş sərvəti onun nəzərləri qarşısında bərq vurdu. O, Qorionun qızının, şübhəsiz, sevdiyi zinəti, hər yerdə parlayan qızılı, gözləri qamaşdıran qiymətli şeylərini, bir sözlə, ağıldankəm bir şəxsin zinətini, zəngin bir məşuqənin bədxərcliyini görürdü. Bu gözqamaşdıran xəyal de Boseanın əzəmətli mülkü qarşısında sönüb gedirdi. Ejenin Paris cəmiyyətinin yüksək dairələrinə uçan xəyalı onun ağıl və vicdanını buxovlardan qurtararaq, ona çirkin fikirlər təlqin edirdi. Artıq dünya onun gözləri qarşısında olduğu kimi görünürdü. Əxlaq və qanunun sərvət qarşısında aciz olduğunu, yəni tima ratio mundi1 yalnız pulun qüdrətində olduğunu görürdü. Votren haqlı idi. Öz-özünə: “Sərvət fəzilətdir!” – dedi.

Ardı var...

13 sentyabr 2015
GO BACK