Qadin.NET / O.Balzak "Qorio ata"-12

O.Balzak "Qorio ata"-12

O.Balzak "Qorio ata"-12

Gənc qraf buxarının yanındakı dərin kresloda əyləşərək, elə bir hiddət və təəssüflə maşanı götürüb kömürü qarışdırmağa başladı ki, Anastazinin gözəl üzünü dərhal duman bürüdü. Gənc qadın üzünü Ejenə çevirib, təəccüb dolu soyuq nəzərlə ona baxdı. Bu baxış tamamilə aydın şəkildə yalnız bunu ifadə edirdi: “Bəs siz nə üçün çıxıb getmirsiniz?” Bu baxışın mənası o qədər aydın idi ki, yaxşı tərbiyə görmüş adamlar dərhal vidalaşmaq üçün söylənilə biləcək ləri düşünməyə vadar olardı.

Ejen xoş təbəssümlə gülümsəyərək, cavab verdi:

– Madam, mən sizi görmək arzusunda idim, çünki...

Onun sözləri yarımçıq qaldı. Qapı açıldı. Birdən-birə içəri tilbürini sürən şlyapasız cənab daxil oldu. O, qrafinyaya salam belə vermədən, qəmli nəzərlə tələbəyə baxdı və əlini Maksimə uzadaraq, Rastinyakı heyrətləndirən bir qardaşlıq ədası ilə “ Sabahınız xeyir!” dedi. Əyalət gəncləri üçlük həyatının bütün gözəlliklərindən bixəbərdirlər.

Qrafinya ərini Ejenə təqdim edərək:

– Müsyö de Resto, – dedi.

Ejen ehtiramlı bir təzimlə ona cavab verdi.

Qrafinya, Ejeni qraf de Restoya təqdimlə, sözünə davam edərək:

– Müsyö de Rastinyak, – dedi. – O, Marsi yaklar vasitəsilə vikontessa de Boseanın qohumlarından sayılır. Mən onunla son balda görüşmək şərəfinə nail oldum.

Qrafinya bu sözləri yalnız seçmə adamları qəbul etdiyini sübut etmək istəyən ev sahibinə məxsus bir vüqarla, demək olar ki, təmtəraqla söyləmişdi. “Marsi yaklar vasitəsilə vikontessa Boseanın qohumu” sözləri sehrkar təsir göstərdi: qraf rəsmi, soyuq ədasını tərk edərək, Ejeni salamladı və:

– Sizinlə tanış oldum , – dedi.

Qraf Maksim de Tray belə təşvişli bir nəzərlə Rastinyaka baxdı və dərhal həyasız görünüşü dəyişdi. Amiranə bir şəxsin adının çəkilməsi sayəsində sehrbaz əlinin təması ilə cənublu gəncin beynindəki otuz qutunun hamısı birdən-birə açılaraq, hazırlanmış mahiranə sözləri yenə Ejenə qaytardı. Onun üçün hələ məchul olan yüksək Paris cəmiyyətinin havasını sanki birdən-birə günəş işıqlandırdı. “Vokenin evi”, Qorio ata onun fikirlərindən çəkilərək, uzaqlarda gözdən itdi.

Qraf de Resto:

– Mən Marsi yaklar nəslinin sona çatdığını zənn edirdim, – dedi.

Ejen:

– Bəli, – deyə cavab verdi. – Mənim babamın qardaşı şevalye de Rastinyak, de Marsi yak nəslinin son nümayəndəsi ilə evlənmişdi. Onun ancaq bir qızı olmuşdu ki, o da madam de Boseanın ana tərəfindən babası sayılan marşal de Kleramboya ərə getmişdi. Biz bu nəslin kiçik xəttindən, yoxsul xəttindənik, çünki babamın qardaşı olan vitse-admiral kral qulluğunda hər şeyini itirmiş oldu. İnqilabi hökumət, Şərqi Hindistan kompaniyasını* ləğv etdiyi zaman, bizim bu kompaniyadan alacağımız borcları tanımaq istəməmişdi.

– Babanızın qardaşı 1789-cu ilə qədər “İntiqamçı” gəmisində komandanlıq etmirdi ki?

– Tamamilə doğru buyurursunuz

– Elə isə o, mənim babamı tanıyarmış: babam “Varvik” gəmisinə komandanlıq edərdi.

Maksim qrafinya de Restonun üzünə baxdı və xəfifcə çiyinlərini çəkərək, sanki, bu sözləri söyləmək istədi: “O, bu cənabla donanmadan söhbət açarsa, bizim üçün hər şey məhv olar”. Anastazi onun baxışındakı mənanı sezdi. Öz qüvvəsini bilən bir qadın hökmü ilə gülümsəyərək söylədi:

– Biz gedək, Maksim, mənim sizdən bir xahişim var. Ağalar, biz sizi “İntiqamçı” və “Varvik” gəmilərində sərbəst üzə bilmək üçün buraxıb getməyə məcburuq.

Qrafinya ayağa qalxdı, irişərək Maksimə hiyləgər bir işarə elədi, ikisi də durub buduara doğru getdi. Fransız dilində münasib qarşılığı olmayan gözəl bir alman ifadəsi ilə söyləsək, bu bir cüt morqanatik adam qapıya çatar-çatmaz, qraf, Ejenlə söhbətini kəsərək, qeyri-məmnun halda:

– Anastazi! – dedi. – Əzizim, burada qalsanız yaxşı olardı. Siz özünüz bilirsiniz ki...

Qrafinya onun sözünü yarımçıq qoyaraq:

– Bu saat qayıdıram, – deyə cavab verdi. – Mənim ancaq bir dəqiqəlik işim var: Maksimə bir tapşırıq vermək niyyətindəyəm.

Qrafinya doğrudan da tez qayıtdı. Arzu etdikləri kimi yaşamaq üçün ərlərinin xasiyyətləri ilə hesablaşmağa məcbur olan bütün qadınlar, ərlərinin qiymətli etimadını itirmədən hansı hüduda qədər getmək mümkün olduğunu yaxşıca bilirlər və ona görə də heç zaman həyatın cüzi məsələləri üstündə ərləri ilə toqquşmaq istəmirlər. Qrafinya da qraf de Restonun səsini dəyişməsindən buduarda çox qalmağın təhlükəsiz olmadığını başa düşmüşdü. Bu maneələrin yaranmasına müqəssir Ejen idi. İstər görünüşü və istərsə hərəkətləri və acıqlı olduğunu göstərən qrafinya, Maksimə tələbəni işarə etdi, qraf de Tray isə qrafa, onun arvadına və Rastinyaka üz tutaraq kinayə ilə dedi:

– Siz ciddi işlərlə məşğulsunuz, mən sizə mane olmaq istəmirəm, əlvida.

O, bu sözləri tələsik deyib çıxdı.

Qraf onun arxasınca bağırdı:

– Maksim, qalınız!

Qrafinya isə əlavə etdi:

– Nahar yeməyə gələrsiniz.

O.Balzak "Qorio ata"-12

Qrafinya Ejenlə qrafı ikinci dəfə tərk edərək, Maksimin ardınca birinci qonaq otağına keçdi. O, bu otaqda xeyli qaldı; o, de Restonun Ejeni başından rədd edə biləcəyi ümidində idi.

Rastinyak qrafinya ilə Maksimin gah qəhqəhə çəkib güldüyünü, gah danışdığını, gah da susduğunu eşidirdi. Lakin hiyləgər tələbə qraf de Resto ilə şirin söhbət açaraq, ona mədhlər söyləyir və qrafinyanı yenə görmək və onun Qorio ata ilə münasibətini aydınlaşdırmaq məqsədi ilə qrafla mübahisəyə girişirdi. Açıqdan-açığa Maksimə vurulmuş olan bu qadın, ərinin başını tovlayan və qoca vermişel fabrikantı ilə

gizli əlaqə saxlayan bu arvad, Rastinyakın nəzərində olduqca əsrarəngiz görünürdü. O, qrafinyanın sirrini açmaq və bu surətlə təpədən dırnağa qədər parisli olduğu görünən bu qadının üzərində tam hökmranlıq qazanmaq ümidində idi.

Qraf yenə arvadını çağırdı:

– Anastazi!

Qrafinya gənc qrafa xitabla:

– Ah, mənim yazıq Maksimim, – dedi. – İtaət etməkdən başqa çarə görmürəm. Axşama qədər.

Maksim onun qulağına pıçıldadı:

– Nazi, penüarınız açıldığı zaman bu sarsağın gözləri köz kimi alışıb-yanırdı, mən onu bir daha evinizə buraxmayacağınıza ümidvaram. O, sizə eşq elan edəcək, sizi biabır edəcək və sizin xatirinizə mən onu öldürməyə məcbur olacağam.

Qrafinya:

– Siz dəlimi olmusunuz, Maksim! Əksinə, bu cür tələbələr çox gözəl ildırım sipəri ola bilərlər. Mən, əlbəttə, çalışaram ki, o, qraf de Restonun xoşuna gəlməsin.

Maksim qəhqəhə çəkdi və qrafinyanın müşayiəti ilə otaqdan çıxdı. Qrafinya pəncərənin yanında dayanıb onun ekipaja əyləşməyinə, atı həvəsləndirməyinə və qamçını yelləməyinə tamaşa edirdi. Qrafinya de Resto ancaq darvaza qapıları bağlandıqdan sonra geri qayıtmışdı.

O, içəri girər-girməz, qraf ona xitabla:

– Bilirsinizmi, əzizim, – dedi, – cənab de Rastinyakın ailəsinin yaşadığı mülk Şarantedə Verteyyanın yaxınlığında imiş. Qraf de Rastinyakın babası ilə mənim doğma babam tanış imişlər.

Qrafinya pərişan halda:

– Mən ümumi tanışlarımız olduğuna şadam, – dedi.

Tələbə yavaşca:

– Sizin zənn etdiyinizdən də daha çox ümumi tanışlığımız var, – dedi.

Qrafinya maraqlanaraq:

– Necə yəni? – deyə soruşdu.

Tələbə sözünə davam edərək:

– Mən bir az bundan əvvəl, – dedi, – sizin yanınızdan bir cənabın çıxdığını gördüm. Mən o cənabla bir pansionda, qapı-qapıya yaşayıram. Mənim dediyim şəxs Qorio atadır.

“Ata” təbiri ilə bəzənmiş bu adı eşidər-eşitməz, buxarıda odu qarışdıran qraf, əllərini odda yandırmış kimi, dərhal maşanı daşın üstünə fırlatdı:

– Hörmətli cənab, – dedi, – siz, heç olmasa, “Müsyö Qorio” deyə bilərdiniz.

Qrafinya ərinin əsəbiləşdiyini görüb, əvvəlcə saraldı və özünü itirmiş kimi göründü. Sözlərinə təbii ahəng verməyə səy edərək, qondarma bir saymazlıqla:

– Onu sevdiyimiz qədər heç bir kəsi sevmək mümkün deyildir, – deyə cavab verdi.

O, sözünü qurtarmadı, dayanıb biixtiyar fortepianoya baxdı və Rastinyakdan soruşdu:

– Siz musiqini sevirsinizmi?

Ejen:

– Çox sevirəm, – dedi və axmaq bir hərəkət göstərdiyini dumanlı şəkildə anladığından, qıpqırmızı qızardı.

Qrafinya fortepianoya doğru yeriyərək, titrək səslə soruşdu:

– Siz oxuyursunuzmu?

Qrafinya əllərini qüvvətlə klavişlərin üstünə vuraraq, pəs “ut”-dən başlamış zil “fa”ya qədər əlini gəzdirdi.

– Xeyr, madam.

Qraf de Resto oyan-buyana gəzinirdi.

Qrafinya:

– Təəssüf olsun, – dedi, – siz özünüzü müvəffəqiyyətin qüvvətli bir vasitəsindən məhrum etmişsiniz. – Sonra isə oxudu: – a-a- o, a-a- o, a-a-a-a- o, dubitare!..1

Ejen Qorio atanın adını çəkməklə də bir sehrbaz kimi hərəkət etmişdi, lakin bu adın təsiri “vikontessa de Boseanın qohum ” sözlərinin təsirindən tamamilə fərqlənirdi. O, nəzakət göstərərək, nadir şeylər həvəskarının otağına yol açmış, lakin ehtiyatsızlıq göstərərək heykəlcikli şkafa toxunduğu üçün bir neçə yaxşı yapışdırılmamış başın yerə düşməyinə səbəb olan adamın vəziyyətində idi. Ejen utandığından məmnuniyyətlə yerə girə bilərdi. Qrafinya de Restonun üzündə bir soyuqluq duyulur, artıq laqeyd nəzərlərlə baxan gözləri bu fəlakətli tələbənin gözlərindən qaçırdı.

Ejen:

– Madam, – deyə sözə başladı, – sizin qraf de Resto ilə danışmaq istədiyinizi görürəm, icazənizlə...

Qrafinya Ejeni işarə ilə saxlayaraq, tələsmiş kimi:

– Siz arzu etdiyiniz zaman gələ bilərsiniz, – dedi, – əmin ola bilərsiniz ki, ziyarətiniz mənə də, qraf de Restoya da çox xoşdur.

Ejen hər ikisinə hörmətlə təzim edərək çıxdı. Qraf de Resto onun yanına gəldi və Ejenin etirazına baxmayaraq, onu dəhlizə qədər ötürdü.

Qraf Morisə dedi ki:

– Cənab Rastinyak nə zaman gəlir-gəlsin, nə qrafinyanın, nə də mənim evdə olduğumu söyləmə.

Ejen artırmaya çıxdığı zaman gördü ki, yağış yağır. Öz-özünə:

– Mən bu saat axmaq iş gördüm, – dedi, – lakin nə bunun səbəbini bilirəm, na də əhəmiyyətini başa düşürəm. Hələ üstəlik, kostyumumu da, şlyapamı da yağışın altında isladacağam. Öz guşəmdə oturub hüquq elmini əzbərləsəydim və ancaq çalışqan məhkəmə məmuru olmağı düşünsəydim, daha yaxşı olardı. Mən hara, yüksək cəmiyyət hara! Bu cəmiyyətdə dolaşmaq üçün kabriolet, par-par parlayan çəkmələr, qızıl zəncirlər, səhərlər isə altı frank qiymətində ağ zamş əlcəklər, axşamlar da mütləq sarı əlcəklər lazımdır. Ah, Qorio ata, qoca hiyləgər!

Ardı var...

10 sentyabr 2015
GO BACK