Qadin.NET / O.Balzak "Qorio ata"-11

O.Balzak "Qorio ata"-11

O.Balzak "Qorio ata"-11

Ertəsi gün, saat üçə yaxın, Rastinyak zərif, qəşəng geyimdə qrafinya de Restonun yanına yola düşdü. O, yolda gənclərin həyatına zinət verən, onları həyəcanlandıran çılğın ümidlərə dalmışdı. Belə dəqiqələrdə gənclər heç bir maneə, heç bir təhlükə ilə hesablaşmır, hər şeydə müvəffəqiyyət qazanacaqlarına inanır, öz həyatlarına xəyalatla bəzək verir, cilovsuz arzulara əsaslanan planları pozulduqdan sonra isə dərhal iztirab çəkməyə başlayır və özlərini bədbəxt zənn edirlər. Onlar bu qədər təcrübəsiz və cəsarətsiz olmasaydılar, cəmiyyətdə intizam qeyri-mümkün olardı. Ejen ehtiyatla yeriyirdi ki, geyimi toza batmasın. Həm də o, qrafinya de Resto ilə nə danışacağını düşünür, ağıllı cümlələr axtarır, xəyalında yaratdığı söhbətdə cavablar fikirləşib tapırdı. Taleyran* üslubunda necə ifadələr və cümlələr hazırlayır, öz gələcəyini əsaslandırmaq istədiyi eşq etirafı üçün münasib olan müxtəlif xırda hadisələrə ümid bəsləyirdi. Bununla belə, zavallı tələbənin üst-başı toza bulaşdı. Pale-Royalda şalvarını və çəkmələrini təmizləməyə məcbur oldu.

Ehtiyat üçün götürdüyü yüz suluq pulu xırdalayaraq fikirləşirdi:

– Əgər varlı olsaydım, karet minib gedər və sərbəst fikirləşə bilərdim.

Nəhayət, Rastinyak Elder küçəsinə çatdı, qrafinya de Restonun harada yaşadığını soruşdu. Ejen, son nöqtədə qalibiyyət qazanacağına inanan bir adam kimi, onun həyətdən piyada keçdiyini görən və darvazanın yanında belə ekipaj gurultusunu eşitməyən nökərlərin nifrətlə dolu baxışlarına dilsiz bir hiddətlə dözməyə məcbur oldu. Bu baxışların təsirli olmasına səbəb var idi. Ejen vəziyyətinin miskinliyini hələ həyətə daxil olmamışdan əvvəl duymuşdu. Həyətdə varlı bir həyatdan xəbər verən və Parisin bütün nemətlərindən zövq almağa öyrənmiş bir həyatı andıran bəzəkli kabrioletə qoşulmuş və qiymətli qoşqu ləvazimatı olan gözəl bir at ayaqlarını yerə döyürdü. Ejen tamamilə yalqız olduğunu hiss etdiyindən kədərləndi. Beynində açılan və fikirlə dolu olduğunu zənn etdiyi qutular bağlandı – axmaqlığını hiss etdi. Lakey gələn qonağı qrafinyaya xəbər verməyə getdiyi zaman, Ejen dəhlizdəki pəncərənin yanında bir ayağının üstündə dayanıb, rəzəyə söykənmiş halda cavab gözləyir və biixtiyar həyəti seyr edirdi. Vaxt çox uzandı, cənublulara məxsus inadı olmasaydı, bəlkə də, çıxıb gedərdi. Bu inad, qorxmadan hərəkət etdiyi zaman, xariqələr yarada bilərdi.

O.Balzak "Qorio ata"-11

Lakey qayıdıb gəldi.

– Cənab, – dedi, – qrafinya buduardadır və çox məşğuldur, o, mənə bir cavab vermədi. Əgər arzu edirsinizsə, qonaq salonuna keçə bilərsiniz: orada artıq başqa bir qonaq da var.

Rastinyak öz sahiblərini ancaq bir sözlə mühakimə etməyə qadir olan bu nökərlərin dəhşətli hökmünə heyrətlənərək, ehtimal ki, evin quruluşuna bələd olduğunu bu arsız lakeylərə göstərmək niyyəti ilə, lakeyin yenicə çıx qapını cəsarətlə açdı, lakin yanılaraq, içərisində çıraq, bufet olan və hamam mələfələrini qurudan cihazın qoyulduğu otağa keçdi. Bu otaqdan qaranlıq bir dəhlizə və içəri pilləkənə yol gedirdi. Ejen arxasında boğuq qəhqəhə səsi eşitdi; o, özünü lap itirmişdi.

Lakey yeni istehza kimi səslənən qondarma bir ehtiramla...

– Cənab, – dedi, – qonaq otağı bu tərəfdədir, buyura bilərsiniz.

Ejen tez geri döndükdə ayağı vannaya xoşbəxtlikdən, şlyapasını suya düşməyə qoymadı. Bu halda kiçicik çıraqla işıqlandırılmış dəhlizin sonunda bir qapı açıldı. Rastinyak qrafinya de Resto ilə Qorio atanın səsini və eyni zamanda öpüş marçıltısını eşitdi. Ejen yemək otağına daxil olaraq lakeylə birlikdə bu otaqdan keçdi və birinci qonaq salonuna çatdı. Bu otaqdan həyətin göründüyünü duyub, pəncərənin yanında dayandı. O, Qorio ataya baxmaq istəyirdi; doğrudanmı o, həmin Qorio ata idi? O, Votrenin dəhşətli mülahizələrini yadına saldı. Ejenin ürəyi şiddətlə döyünürdü. Lakey Rastinyakı ikinci qonaq salonunun qapısında gözləməkdə idi. Birdən salondan qəşəng geyimli bir gənc çıxaraq, səbirsizliklə dedi:

– Moris, mən gedirəm, qrafinyaya deyərsiniz ki, mən onu yarım saatdan artıq gözləməyə məcbur oldum.

Həyasız olmağa, şübhəsiz, haqqı olan bu arsız adam, astadan bir italyan ruladasını oxuya-oxuya, tələbənin kimliyini aydınlaşdırmaq və həyətə baxmaq üçün Ejenin dayandığı yerə doğru irəlilədi.

Moris yenə dəhlizə qayıdaraq:

– Xeyr, cənab qraf, – dedi, – bir dəqiqə də gözləsəniz, yaxşı olardı, qrafinya işlərini qurtarmışdır.

Elə bu Qorio ata həyət pilləkəni ilə darvazaya doğru endi. Qoca darvaza qapılarının taybatay açıq olduğunu sezmədən, çətirini düzəldib, yenicə açmaq istəyirdi ki, birdən içəriyə bir tilbüri daxil oldu. Tilbürini sürən yaxası ordenli bir gənc idi. Qorio ata atın altında qalmamaq üçün tez kənara çəkildi. At çətirdən ürkərək, yan tərəfə atıldı və alaqapıya doğru çapdı. Tilbüridəki gənc boylanıb Qorio atanı gördü, gərəkli sələmçilərə bəslənilən məcburi hörmət, yaxud ləkəli bir adama hadisələrin məcburiyyəti altında göstərilən, lakin sonra qızarmağa səbəb olan bir ehtiramla Qorio atanı salamladı. Qorio ata xeyirxahlıqla dolu dostanə bir tövrlə onun salamına cavab verdi. Bütün bu hadisə ildırım sürəti ilə baş vermişdi. Bütün diqqəti bu hadisədə olan Ejen salonda tək olmadığını belə unutmuşdu. Birdən qrafinya de Restonun səsi eşidildi.

O.Balzak "Qorio ata"-11

Qrafinya məzəmmət və yüngül bir narazılıq ifadə edən tövrlə:

– Maksim, necə, siz gedirsiniz? – dedi.

Qrafinya tilbürinin gəldiyini görməmişdi. Rastinyak kəskin bir hərəkətlə dönərək, qrafinyanı gördü: o, əyninə ağ kəşmir şaldan tikilmiş, açıq-qırmızı rəngli bantları olan bir penüar geymiş halda, səhərlər Paris qadınlarına məxsus bir ehtiyatsızlıqla daranmış saçları ilə Rastinyakın qarşısında dayanmışdı. Onun vücudundan ətir yayılırdı. Yenicə vanna qəbul etmiş olduğu görünürdü. Onun, sanki, yumşalmış gözəlliyində daha həssas bir təbiət duyulurdu. Gözləri nəm görünürdü. Gənclərin gözləri hər şeyi görməyə qadirdir, bir bitki özünə lazım olan dirilik maddələrini havadan çəkdiyi kimi, gənclərin hissləri də qadının saçdığı nurla birləşir. Odur ki Ejen bu qadının əllərinə toxunmasa da, bu əllərin gənclik təravətini hiss edə bilərdi. K şmir penüarın arasından açıq-cəhrayı döşünün gözəlliyi hiss olunurdu. Penüar xəfifcə açıldığı zaman döşü də açıq görünürdü. Ejen sərsəm baxışlarla bunu bir an seyr etdi. Qrafinyanın korsetə ehtiyacı yox idi: onun belinin incəliyini kəmərin taxılmasından anlamaq olurdu. Boynu məhəbbətə

çağırırdı, ayaqqabılı ayaqlarında ayrı gözəllik vardı. Maksim onun əlini öpmək istədiyi zaman, Ejen Maksimi, qrafinya isə Ejeni görmüş oldu.

Qrafinya ağıllı adamların ibrət aldıqları bir tövrlə:

– Sizmisiniz, müsyö de Rastinyak, – dedi, – mən sizi gördüyümə çox şadam.

De Tray çağırılmamış qonağı getməyə məcbur edə biləcək mənalı bir nəzərlə gah Ejenə, gah da qrafinyaya baxırdı.

“Bu nədir! Əzizim, mən ümidvaram ki, sən bu həyasızı bayıra atacaqsan!” Bu qrafinya Anastazinin Maksim adlandırdığı məğrur və arsız gəncin baxışındakı mənanı aydın, dəqiq ifadə edirdi. Qrafinya Maksimə, qadının bütün sirlərini özündən asılı olmadan üzə çıxaran bir itaətkarlıqla baxırdı.

Rastinyakın qəlbində bu gəncə qarşı dərin nifrət hissi oyandı. Hər şeydən əvvəl, Maksimin sarışın, qəşəng qıvırcıq saçlarından Rastinyak başa düşdü ki, öz saçları nə qədər iyrənc şəkildə daranmışdır. Maksimin ayaqlarında zərif, təmiz çəkmələri vardı, halbuki Ejenin çəkmələrində, bütün səyinə baxmayaraq, nazik toz təbəqəsi görünürdü. Bundan başqa, bu şıq gəncin əynindəki sürtuk vücudunu zərif şəkildə sarıyaraq, onu gözəl qadına oxşatdığı halda, Ejenin əynində gündüz , saat üçün yarısında, qara frak vardı. Şaranta* sahillərindən gəlmiş olan bu ağıllı gənc, yetimləri belə soya biləcək insanların mühitinə mənsub olan bu ucaboylu, nazik bədənli, aydın baxışlı, solğun bənizli şıq gəncin kostyumunun nə qədər böyük üstünlük yaratdığını təsəvvürünə gətirə bilərdi.

Qrafinya de Resto Rastinyakın cavabını gözləmədən, penüarının ətəklərini sallaya-sallaya, quş kimi ikinci qonaq otağına uçdu. Penüarın ətəkləri büzülür, dalğalanır, qrafinyanı kəpənəyə oxşadırdı. Maksim də onun ardınca getdi. Hiddətlənən Ejen Maksimlə qrafinyadan ayrılmadı, onları təqib etdi... Hər üçü böyük qonaq salonunun ortasında toplaşdı. Tələbə nifrət bəslədiyi Maksimə maneə olduğunu gözəlcəsinə başa düşürdü. Bununla belə, qrafinyanın məmnun qalmamasına səbəb olmaqdan qorxmayaraq, bu şıq gəncə mane olmağa qərar verdi. Ejen bu gənci madam de Boseanın balında gördüyünü xatırlayaraq, bir an içində, Maksimin qrafinya de Restonun yanında nə rol oynadığını dərhal duymuşdu. O, böyük axmaqlıqlara, yaxud böyük müvəffəqiyyətlərə səbəb olan bir gənclik cəsarəti ilə özünə dedi ki: bax bu, mənim rəqibimdir, mən onun üzərində qələbə çalmaq istəyirəm!

Düşüncəsiz gənc! O, qraf Maksim de Trayın, təhqir edildiyi zaman, birinci atəş açdığını və düşmənini öldürdüyünü bilmirdi. Ejen təcrübəli ovçu olsa da, hələ tirdəki iyirmi iki hədəfdən iyirmisini vurmaq iqtidarında deyildi.

Ardı var...

9 sentyabr 2015
GO BACK