Rastinyakı dinlədikcə aydın bir gündüzün günəşi kimi üzü gülən Qorio ata Votrenin acı sözlərini eşidər-eşitməz dərhal məyus oldu.
Madam Voke:
– Bəs sizin sərgüzəştiniz hanı? – deyə soruşdu. – Siz onunla söhbət etdinizmi? Hüquq elmini öyrənmək niyyətində olub-olmadığını soruşdunuzmu?
Ejen cavab verdi:
– O, məni görmədi, lakin gecə saat ikidə baldan qayıdan Paris qadınlarının ən gözəllərindən birinə səhər saat doqquzda de-Qre küçəsində rast gəlmək qəribə deyilmi? Bu cür sərgüzəştlərə ancaq Parisdə rast gəlmək mümkündür!
Votren:
– Yox, canım! Bundan da əyləncəli sərgüzəştlər var! – dedi.
Madmazel Tayfer atası ilə görüşəcəyi fikrinə daldığından söhbətə çox az qulaq asırdı. Madam Kutür işarə elədi ki, süfrədən durub, paltarını geyinməyə getsin. Xanımlar çıxdıqdan sonra Qorio ata da onları təqib etdi.
Voke Votrenə və başqa kirayənişinlərə xitabən:
– Gördünüzmü? Gördünüzmü? – dedi. – Onun bu cür qadınların sayəsində müflis olduğu aydın məsələdir.
– Mən heç zaman qrafinya de Resto kimi bir gözəlin Qorio ata ilə yaşamasına inanmaram! – dedi.
Votren Ejenin sözünü kəsərək:
– Biz sizi qətiyyən inandırmaq niyyətində deyilik, – dedi. – Parisi yaxşı tanımaq üçün siz hələ çox cavansınız. Bir az da keçər və siz başa düşərsiniz ki, Parisdə ehtiras düşkünü dediyimiz qadınlar da var.
Madmazel Mişono bu sözləri eşidər-eşitməz diqqətlə qulaq asmağa başladı və mənalı bir şəkildə Votrenə tərəf baxdı. O lap boru səsi eşidən atına bənzəyirdi.
Votren diqqətlə Mişonoya baxaraq öz sözünü kəsdi və:
– Belə- işlər, – dedi. – Bəlkə bizdə də bu cür bəzi ehtiraslara təsadüf etmək olar?
Qoca bakirə, çılpaq heykəlləri görən bir rahibə kimi başını aşağı saldı.
Votren isə davam edərək:
– Budur, – dedi, – bu adamlar beyinlərindəki fikirdən elə bərk yapışırlar ki, onları bundan qopara bilməzsən. Onlar müəyyən su üçün susamışlar, müəyyən bir quyudan, bəzən iylənmiş bir quyudan su içməyə can atırlar və bu quyunun suyunu içmək üçün arvadlarını, uşaqlarını belə satmağa, ruhlarını da şeytana satmağa hazırdırlar. Bəzən adamlar üçün bu quyu – qumar, birja, şəkil, yaxud həşərat toplamaqdan, musiqidən ibarətdir. Bəziləri üçün də bu ağızlarını şirinlədə biləcək bir qadındır. Bu cür adamlara dünyanın bütün qadınlarını təklif etsəniz, hamısını rədd edərlər; onlara ancaq ehtiraslarını təmin edə bilən həmin qadın lazımdır. Çox vaxt bu qadın qətiyyən onları sevməz, onlarla qaba rəftar edər və nəşə tör-töküntülərini çox baha qiymətə satar, bununla belə mənim dəcəl kişilərimə bu təsir etməz: onlar həmin qadına son ekülərini vermək üçün son yorğanlarını lombarda apararlar. Qorio ata da o cür kişilərdəndir. O, hər şeyini gizli saxladığından, qrafinya da onu ələ keçirmişdir. Yüksək zadəgan həyatı belədir! O, əcaib, zavallı bir adamdır, o yalnız qrafinyanı düşünür. Ehtiraslarının xaricində isə özünüz yaxşı görürsünüz ki, o, vəhşi heyvandan başqa bir şey deyildir. Siz bu barədə onunla söhbətə başlasanız, üzü almaz daşı kimi parlayacaqdır. Onun sirrini anlamaq çox da çətin məsələ deyil. O, bu səhər gümüş şeylərini yenidən tökdürməyə aparmışdı. Mən onun de-Qre küçəsində Qobsek dayının yanına girdiyini öz gözlərimlə gördüm. Yaxşı diqqət edin! O, Qobsekin yanından gəldikdən sonra bu axmaq Kristofu qrafinya de Restonun yanına göndərdi, Kristof isə məktubun ünvanını bizə göstərmişdi: məktubun içində ödənilmiş bir veksel vardı. Aydın şeydir ki, qrafinyanın da qoca sələmçinin yanına
getməsi işin çox təcili olduğunu sübut edir. Qorio ata iltifat göstərib qrafinyanın borcunu özü ödəmişdir. Bu işi başa düşmək üçün çox da böyük ağıla ehtiyac yoxdur. Mənim gənc dostum, bu onu göstərir ki, qrafinya gülüb-oynadığı, nazlandığı, şaftalı çiçəkləri ilə fərəhləndiyi və barmaqcığazları ilə paltarının ətəklərini yığışdırdığı zaman özünün, yaxud oynaşının vaxtı ötmüş veksellərini yada saldıqca ürəyi tir-tir əsirmiş.
Tələbə:
– Siz məndə həqiqəti öyrənmək üçün qüvvətli bir arzu oyadırsınız, – dedi, – mən lap sabah qrafinya de Restonun yanına getməliyəm!
– Çox ola bilsin ki, siz orada öz iltifatının əvəzini almaq üçün gəlmiş olan Qorio ataya rast gələcəksiniz.
Ejen nifrətlə dedi:
– Demək, sizin Paris iyrənc bir bataqlıqdır.
– Həm də əyləncəli bir bataqlıq, – deyə Votren əlavə etdi. – Ekipajlarda gəzə-gəzə bu bataqlığa bulaşanlar abırlı adamlardır, piyada gəzə-gəzə bulaşanlar isə fırıldaqçılardır. Əgər bədbəxtlikdən, cüzi bir şeyi oğurlamış olsanız, sizi görünməmiş bir şey kimi Ədalət sarayının meydanına çıxararlar. Lakin bir milyon oğurlamış olsanız, sizin yaxşı adam olduğunuzu bütün məclislərdə danışarlar. Bu əxlaqı davam etdirmək üçün biz jandarmlara və məhkəməyə ildə otuz milyon pul veririk. Bəd deyil!
Madam Voke:
– Necə? Qorio ata qızıllanmış gümüş fincanını yenidən tökdürmək üçün satmışdır? – deyə bağırdı.
Ejen soruşdu:
– O qabın qapağında iki qumru quşu yox idi ki?
– Elədir ki var.
Ejen dedi:
– Demək, o, bu gümüş nəlbəki ilə fincanı çox sevərmiş, çünki onları əzdiyi zaman ağlamışdı. Mən bunu təsadüfən gördüm.
Voke cavab verdi:
– Qorio ata onları həyatından da artıq sevirdi.
Votren:
– Görürsünüzmü, bizim bu əcaib Qorionun ehtirası nə qədər qüvvətlidir! Bu qadın onu necə qızışdırmaq lazım gəldiyini bilir.
Tələbə üst mərtəbədəki otağına qalxdı. Votren evdən çıxıb getdi. Bir neçə dəqiqə sonra madam Kutürlə Viktorina Silviyanın çağırdığı ekipaja mindilər. Puare qolunu madmazel Mişonoya tərəf uzatdı. Mişono onun qoluna girib gün batmamış iki saat gəzmək üçün Botanika bağına getdi.
Yoğun Silviya:
– Lap elə bil evlənmişlər, – dedi. – Onlar birinci dəfədir ki, bu gün evdən birlikdə çıxırlar. Qupquru quruyublar, adama elə gəlir ki, çaxmaq daşı kimi bir-birinə toxunsalar, qığılcım çıxar.
Voke gülə-gülə:
– Elə olsa, – dedi, – madmazel Mişono şalından əlini üzə bilər: şal qov kimi yanıb puç olar.
Qorio ata saat dörddə qayıtdıqdan sonra hislənən çıraqların işığında gözləri ağlamaqdan qızarmış Viktorinanı gördü. Madam Voke cənab Tayferin yanına səhərki müvəffəqiyyətsiz səfərin hekayətinə qulaq asırdı. Qızı ilə bu qoca arvadın ziyarətləri Tayferi təngə gətirdiyindən, məsələni aydınlaşdırmaq üçün bunların hər kisini qəbul etmişdi.
Madam Kutür Vokeyə şikayətlənərək deyirdi:
– Təsəvvür edin, əzizim. O, Viktorinaya əyləşməyi belə təklif etmədi, qız ayaq üstə qaldı. O, mənə əsəbiləşmədən tamamilə soyuq bir əda ilə söylədi ki, nahaq yerə zəhmət çəkirik, madmazel (o, bir dəfə “qızım” demədi) onun gözündən düşmüşdür, nahaq yerə onun zəhləsini tökür (ildə bir dəfə! Onun nə qədər dəhşətli adam olduğunu görürsünüzmü!). Sözlərindən belə məlum oldu ki, Viktorinanın heç bir şey tələb etməyə haqqı yoxdur, çünki anası ərə getdiyi zaman yoxsul idi. Bir sözlə, o qədər acı sözlər söylədi ki, biçarə uşaq hönkür-hönkür ağlamağa başladı. Qız atasının ayaqlarına düşüb mərd-mərdanə söylədi ki, onun bu qədər israr etməyinə səbəb ancaq anasının xatirəsidir, indi isə o, atasının əmrinə sözsüz itaət edəcəkdir. O ancaq mərhum anasının vəsiyyətnaməsini oxumağı ondan xahiş etdi, məktubu çıxarıb ən təsirli, gözəl sözlərlə ona verdi. Doğrusu, onun bu sözləri haradan öyrəndiyini bilmirəm, görünür, Allah ona bu sözləri təlqin etmişdir. Zavallı uşaq lap ilhamla danışırdı. Mən ona qulaq asdıqca, dəli kimi ağlayırdım. Bilirsinizmi, bu dəhşətli adam, qızı danışdıqca nə ilə məşğul idi? O, dırnaqlarını təmizləyirdi, yazıq madam Tayferin göz yaşları ilə islanmış məktubu isə buxarıya atıb dedi ki: “Yaxşı!” O, qızını yerdən qaldırmaq istədi, lakin Viktorina onun əllərindən yapışaraq öpürdü, o isə əllərini çəkirdi. Bu qədər də zülm olarmı? Elə bu zaman onun sarsaq oğlu içəri girdi, bacısına salam belə vermədi.
Qorio ata:
– Nə dəhşətli adamdır! – dedi.
Madam Kutür qocanın sözlərinə əhəmiyyət vermədən sözünə davam edərək:
– Sonra, – dedi, – ata ilə oğul tələsik işləri olduğunu bəhanə edərək bizdən üzr istədilər və vidalaşıb getdilər. Bu da bizim ziyarətimiz! O, heç olmasa, öz qızını gördü. Onun öz qızını necə rədd edə bildiyini mən qətiyyən başa düşə bilmirəm. Onlar iki damcı su kimi bir-birinə oxşayırlar.
Pansionda yaşayan kirayənişinlər və kənardan gələnlər bir-bir gəlir, salamlaşır, Paris cəmiyyətinin müəyyən təbəqələrində şən, tutarlı söz kimi qəbul edilən boşboğazlığa başlayırdılar: bu boşboğazlığın əsasını mənasız bir şey təşkil edirdisə, bunun məğzi, duzu söylənişində və hərəkətlərdə idi. Bu cür pozuq dil hər zaman dəyişir. Bunun binasını təşkil edən zarafat bir aydan artıq ömür sürməz. Siyasi hadisə, məhkəmədə baxılan bir cinayət işi, küçə nəğməsi, aktyorların şıltaqlığı, bir sözlə, hər şey bu müsahiblərin sözü, yaxud fikri atmacaları üçün şərait yaradırdı. Panorama nisbətən optik illüziyanın daha yüksək dərəcəsinə müvəffəq olan dioramanın bu yaxın zamanlarda ixtira edilməsindən sonra bəzi rəssamlıq emalatxanalarında mənasız bir əda ilə sözlərin sonuna “rama” əlavə etməyə başlamışdılar və pansionerlərdən olan gənc bir rəssam bunu meyvə gətirən calaq kimi “Vokenin evi”nə calamışdı.
Muzey məmuru Puareyə xitabla:
– Hə, cənab Puare, – dedi, – sağlıqramanız necədir? – Sonra verdiyi sualın cavabını belə gözləmədən, madam Kutürlə Viktorinaya tərəf dönərək: – Sevimli xanımlar, – dedi, – siz dərdli görünürsünüz.
Rastinyakın dostu, təbib tələbə Oras Byanşon:
– Bəs biz nahar etməyəcəyik? Mənim mədəm isqie ad talones1 səmtinə düşmüşdür.
Votren də səsləndi:
– Bugünkü tələbəramamız qiyamətdir! – dedi. – Yaxşı, Qorio ata, bir az yerinizdən tərpənin. Belə də iş olar! Siz öz ayağınızla sobanın bütün məcrasını tutmusunuz.
Byanşon dedi:
– Adlı-sanlı cənab Votren, siz nə üçün “tələbərama” deyirsiniz? Bu, düz deyil, “tələmərama” deyilməlidir.
Muzey məmuru etiraz edərək:
– Yox, – dedi, – elə doğrudan da “tələbərama” deməlidir. Axı adətən “tələ” deyərlər.
– a! a!
Byanşon Ejenin boynundan tutub, onu boğmağa hazırlaşır kimi sıxaraq:
– Nəhayət, əlahəzrət markiz de Rastinyak yalan-palan doktoru da gəldi! – deyə bağırdı. – Ey, tez olun, köməyə gəlin!
Madmazel Mişono yavaşca içəri daxil oldu, yavaşca salam verdi, bir söz söyləmədən üç arvadın yanında əyləşdi.
Byanşon Votrenə pıçıldadı:
– Bu qoca yarasanı görəndə ətim ürpəşir. Mən Qall sistemini* öyrənirəm, onda Yəhudanın şişlərinə rast gəlirəm.
Votren soruşdu:
– Siz onunla tanış idiniz?
Byanşon cavab verdi:
– Ona rast gəlməyən adam tapılarmı? Namusuma and içirəm, bu rəngi sarı-boz qoca bakirə mənə lap iri şalbanı çürüdən uzun qurdların təsirini bağışlayır.
Votren bakenbardlarına sığal verə-verə:
– Bunun mənasını bilirsinizmi, oğlan?
Bir gül kimi yaşadı o gül ancaq bir səhər:
Güllərin qisməti bu*...
Puare xörəyi təmkinlə gətirən Kristofun içəri girdiyini görərək:
– Aha, – dedi, – nəhayət, şorbarama gəlib çıxdı!
Voke cavab verdi:
– Bağışlayın, bu, kələm şorbasıdır.
Gənclər qəhqəhə çəkib güldülər.
– Puare yaxşıca kötək yedi!
– Puare kələyə düşdü!
Votren dedi:
– Voke ciciyə əla qiymət verilməlidir.
Muzey məmuru:
– Bu səhərki dumana diqqət verdinizmi?
Byanşon dedi:
– Bu, qəzəbli və görünməmiş bir duman idi: Qorio kimi boğucu, malxulyalı, yaşıl, qalın bir duman.
Rəssam izah etdi:
– Buna Qoriorama deyərlər, çünki onun arasından heç bir şey görmək mümkün deyil.
– Ey, milord Qo riott, bu, sizin haqqınızdadır.
Stolun axırında, xidmətçilərin girib-çıxdığı qapının yanında əyləşmiş Qorio ata başını qaldırdı və bəzən büruzə verdiyi köhnə alverçi adəti üzrə, salfetin altındakı çörək parçasını iylədi.
Voke öz bağırtısı ilə süfrə ətrafında əyləşənlərin, boşqabların və qaşıqların səsini batıraraq, qəzəblə dedi:
– Yoxsa, sizcə, çörək yaxşı çörək deyil?
– Əksinə, xanım, – Qorio cavab verdi. – Bu çörək əla Etamp unundan bişirilmişdir.
Ejen soruşdu:
– Siz bunu necə təyin etdiniz?
– Ağlığına, təminə görə.
Madam Voke dedi:
– Burnun təminə görəmi? Siz ki çörəyi burnunuzla iyləyirdiniz. Siz o qədər qənaətli olmağa başlamışsınız ki, axırda mətbəxin iyi ilə dolanmaq üçün çarə tapacaqsınız.
Muzey məmuru bağırdı.
– Onda bu ixtira üçün patent tələb edərsiniz, öyük sərvət qazanarsınız.
Rəssam:
– Kifayətdir, – dedi, – o, bunu vermişel fabrikantı olduğunu sübut etmək üçün eləyir.
Muzey məmuru yenə soruşdu:
– Demək, sizin burnunuz burun deyil, kolbadır?
Byanşon:
– Necə? Kol?.. – .
– Kol-bax...
– Kol-paq...
– Kolbasa.
– Kol-rama.
Bu cavablar yaylım atəşinin sürəti ilə bütün salona yayıldı və əcnəbi dilini başa düşməyə çalışan bir adam kimi, zavallı Qorio ata da mənasız bir nəzərlə qonşularına baxdıqca, daha çox gülüşməyə səbəb oldu.
Qorio yanında əyləşdiyi Votrendən soruşdu:
– Kol?..
Votren:
– Kol-paq, qoca, kolpaq, – deyə cavab verdi və Qorionun başına elə bir qapaz ilişdirdi ki, onun papağı gözlərinin üstünə düşdü. Bu gözlənilməz hücumdan özünü itirən zavallı qoca bir müddət hərəkətsiz donub qaldı.
Kristof, Qorio atanın şorbanı yeyib qurtardığını zənn edərək, boşqabını yığışdırdı; odur ki Qorio papağını qaldırıb, qaşığını götürdüyü zaman qaşığı boşqaba deyil, boş yerə dəydi. Yenə qəhqəhə gürladı.
Qoca:
– Cənab Votren, – dedi, – bu, axmaq zarafatdır, siz bir də belə şeyə yol versəniz...
Votren onun sözünü kəsərək:
– Onda bu, sizə baha oturar.
Rəssam:
– Cəhənnəmdəmi? – deyə soruşdu. – Cəza alan yaramaz uşaqların oturduğu qaranlıq bir guşədə!
Votren Viktorinaya xitabla:
– Madmazel, – dedi, – siz nə üçün xörək yemirsiniz? Görünür, atanız çox tərs adam imiş.
Madam Kutür cavab verdi:
– O, dəhşətli bir şeydir.
Votren dedi:
– Madmazel Viktorina xörək haqqının qaytarılmasını tələb edə bilər: o qətiyyən xörək yemir. Ehe, diqqət edin: Qorio atanın madmazel Viktorinaya necə baxdığını görürsünüzmü?
Qoca artıq yemirdi, ancaq gözlərini zavallı qızın üzünə dikmişdi: qızın üzündə atası tərəfindən rədd edilsə də, yenə atasını sevən bir qızın iztirabı duyulurdu.
Ejen, Byanşona tərəf dönərək, pıçıltı ilə:
– Əzizim, – dedi, – biz Qorio ata haqqında səhv etmişik. Qall sistemini ona tətbiq et, sonra nəticəsini mənə söylərsən. Mən bu gecə onun qızıllanmış gümüş qabını mum kimi əzdiyini öz gözlərimlə gördüm. O zaman onun gözlərində xariqüladə hisslər görünürdü. Məncə, onun taleyi çox əsrarəngizdir, hər halda, öyrənməyə dəyər. Bəli, Byanşon, sən nahaq yerə gülürsən, mən qətiyyən zarafat etmirəm.
Byanşon cavab verdi:
– Mən də etiraf edirəm ki, bu şəxs təbabətə aid bir hadisədir. Əgər o, arzu edərsə, mən onun bədənini yara da bilərəm.
– Yox, yox, sən onun başını yoxla.
– Bu mümkün deyil, onun axmaqlığı, bəlkə, sirayətedicidir.
Ardı var...