Qadin.NET / O.Balzak "Qorio ata"-9

O.Balzak "Qorio ata"-9

 

O.Balzak "Qorio ata"-9

 

Votren madam Vokeni gördü:

– Xo! Xo! Xoş gördük, Voke cici.

O, bu sözləri deyib oynaq bir hərəkətlə sahibəni bağrına basdı.

– Yaxşı, buraxınız...

– Mənə “sırtıq” deyin, hə, deyin! Axı, siz bunu demək istəyirsiniz!.. Yaxşı, eybi yoxdur, süfrəni düzəltmək üçün sizə kömək edərəm. Mən sizin xoşunuza gəlmirəmmi?

Məni məftun edir hər zaman, hər an...

...Sarışın gözəllər...

Mən bu saat qəribə bir şey görmüşəm...

...qara saçlılar...

Dul arvad soruşdu:

– Nə görübsünüz?

– Qorio ata saat doqquzun yarısında Dofina küçəsində zərgər yanında idi. Həmin zərgər adətən, köhnə gümüş qablar və güləbətin alıb satar. Qorio ona xeyli pula qızıllanmış gümüş qab-qacaq satırdı. Qab-qacağı ürəyin istədiyi kimi əzib yumrulamışdı. Görünür, bu işdə təcrübəsi var.

– Eləmi, doğrudanmı?

– Bəli, bəli. Dostlarımdan biri Fransanı həmişəlik tərk edərək “Poçt yolları” kompaniyası xətti ilə yola düşürdü. Mən onu ötürməyə getmişdim. Qorio atanı görüb nə edəcəyinə baxmaq üçün gözləməyə qərar verdim. Elə-belə, məsxərə üçün. O, bizim məhəllədəki de-Qre küçəsinə gəldi. Qobsek adlı məşhur sələmçinin evinə girdi. Qobsek kimi hiyləgər adam az-az tapılar. O, atasının sümüyündən domino daşı bilər. O, yəhudidir, ərəbdir, yunandır, qaraçıdır, onun evini qarət etmək çətin məsələdir. Həmişə öz pullarını bankda saxlayır.

– Bəs Qorio ata nə ilə məşğuldur?

– İflas olması ilə məşğuldur, – Votren cavab verdi, – Bu sarsaq adam o qədər əbləhdir ki, pullarını qızlara xərcləyir, qızlar isə...

Silviya:

– Qorio ata gəlir! – dedi.

Qorio ata:

– Kristof, – deyə bağırdı, – mənim yanıma qalxarsan!

Kristof cənab Qorionun arxasınca yuxarı mərtəbəyə qalxdı. Bir az sonra yenə aşağı endi.

Madam Voke xidmətçidən soruşdu:

– Sən hara?

– Cənab Qorio tapşırıq vermişdir.

Votren Kristofun əlindən məktubu alaraq:

– Bəs bu nədir? – dedi. Məktubun üstündə Qrafinya Anastazi de Restonun adı yazılmışdı. Votren məktubu yenə Kristofa qaytararaq:

– Hara gedirsən? – deyə soruşdu.

– Elder küçəsinə. Mənə tapşırılmışdır ki, bu məktubu şəxsən qrafinyanın özünə verim.

Votren məktubu işığa tutub:

– Bəs bunun içindəki nədir? – dedi. – Bank vərəqəsi? Yox, ayrı şeydir! – Zərfi bir qədər açaraq: – Ödənilmiş veksel! – deyə bağırdı. – Çox qəribə! Bu qoca sarsaq çox nəzakətli imiş.

Votren Kristofun başını fırfıra kimi tərpədərək:

– Get, qoçağım, get, – dedi, – Sənə yaxşı araq pulu verərlər.

Süfrə salınmışdı. Silviya südü qaynadırdı. Madam Voke sobada odu alışdırırdı. Votren oxuya-oxuya sahibəyə kömək edirdi.

Vaxta ki dolaşdım bütün dünyanı,

Hamı agah oldu bu sirli işdən...

Hər şey hazır olanda madam Kutürlə madmazel Tayfer göründü.

Madam Voke madam Kutürdən soruşdu:

– Mənim əzizim, səhər tezdən haradan belə gəlirsiniz?

– Biz müqəddəs Etyen dü-Mon kilsəsində ibadət edirdik. Axı bu gün biz cənab Tayferin yanına getmək fikrindəyik. Zavallı qızcığaz yarpaq kimi titrəyir.

Madam Kutür bu sözləri deyib sobanıın qarşısında əyləşdi və üzərindən buxar qalxan çəkməli ayaqlarını oda tərəf uzatdı.

 

O.Balzak "Qorio ata"-9

 

 

Madam Voke:

– Viktorina, siz də qızının, – deyə təklif etdi.

Votren stulu yetim qıza təklif edərək:

– Atanızın qəlbində mərhəmət hissi oyatmaq üçün Allaha yalvarmaq yaxşı işdir, – dedi, – Lakin bu azdır. Sizin bu köpəkbalığına söylənildiyinə görə, üç milyona sahib olan və sizə cehiz belə verməyən bu vəhşiyə bütün həqiqəti söyləyəcək bir dostunuz olmalıdır. İndiki zamana görə gözəl qızların da cehizi olmalıdır.

– Zavallı uşaq, – deyə Voke ona acıdı, – Mənə qulaq asın göyərçin, sizin dəhşətli atanız öz başına çox bəlalar açacaqdır.

Bu sözləri eşitdikdə Viktorinanın gözləri yaşardı, dul arvad isə madam Kutürün işarəsini duyaraq sözünü kəsdi. Kriqs-komissarın dul arvadı yenidən sözə başlayıb dedi:

– Heç olmasa, bir dəfə onu görə bilsəydik heç olmasa, mən onunla danışa bilsəydim və arvadının son məktubunun məzmununu ona yetirə bilsəydim, yaxşı olardı. Mən məktubu poçtla göndərməyə cəsarət etmədim. O, mənim xəttimi tanıyır.

Votren madam Vokenin sözünü yarımçıq qoyaraq:

– Ah, ey məsum, bədbəxt səfil qadınlar, – dedi, – siz nə hala qaldınız! Bir neçə gündən sonra mən sizin işlərinizlə məşğul olacağam; hər şey düzələr.

Viktorina yaşarmış və hərarətli gözlərini ona doğru çevirərək:

– Ah, cənab Votren, – dedi, lakin onun bu baxışı Votrenin sakitliyinə qətiyyən təsir etmədi, – Əgər siz mənim atamla görüşməyə imkan tapa bilsəniz, ona söylərsiniz ki, yer üzündə mənim üçün ən qiymətli şey atamın məhəbbəti ilə anamın namus və şərəfidir. Əgər siz onun sərt qəlbini yumşalda bilsəydiniz, mən sizin üçün daim dua edərdim. Mənim minnətdarlığıma əmin ola bilərsiniz...

Votren istehzalı bir əda ilə oxudu:

Vaxta ki dolaşdım bütün dünyanı...

Bu zaman Puare, madmazel Mişono və Qorio ehtimal ki, dünəndən qalmış qoyun əti üçün Silviyanın hazırladığı sousun iyini duyduqlarından aşağı mərtəbəyə endilər. Kirayənişinlər bir-birini salamlayıb stolun ətrafında oturduqları zaman saat onu vurdu, küçədən tələbənin ayaq səsləri eşidildi.

Silviya:

– Lap yaxşı oldu, cənab Ejen, – dedi, – Bu gün siz hamı ilə birlikdə səhər yeyərsiniz.

Tələbə hamı ilə salamlaşıb Qorio atanın yanında əyləşdi. Qoyun ətindən iri bir parça götürdü və çörəkdən kəsərək:

– Başıma qəribə bir sərgüzəşt gəlibdir, – dedi.

Ejen çörəyi kəsdiyi zaman Voke adəti üzrə gözləri ilə çörək parçasının çəkisini təyin edirdi.

Puare heyrətlə:

– Sərgüzəştmi!? – dedi.

Votren isə Puareyə xitabən:

– Siz niyə təəccüb edirsiniz, qoca ? – dedi, – Cənab Ejen sərgüzəştlər üçün yaranmışdır.

Madmazel Tayfer ehtiyatla gənc tələbənin üzünə baxdı.

– Sərgüzəştinizi bizə nağıl ediniz, – deyə madam Voke xahiş etdi.

– Mən dünən kuzinalarımdan birisi olan Vikontessa de Boseanın verdiyi balda idim – taqları ipəklə döşənmiş ehtişamlı mülkündə. Müxtəsər o, bizim üçün gözəl bir bayram düzəltmişdi. Mən lap kral kimi şənlənirdim...

Votren Ejenin sözünü kəsərək:

– Kral kimi yox, çalıquşu kimi... – dedi.

Ejen qızışdı:

– Siz bununla nə demək istəyirsiniz?

– Mən “çalıquşu kimi şənlənirdiniz” deyirəm, çünki çalıquşu krallara nisbətən daha şən yaşayır.

Hər şeyə “bəli-bəli” deyən Puare:

– Doğru buyurursunuz, – dedi, – mən qayğısız bir quş olmağı kral olmaqdan üstün tuturam, çünki...

Tələbə, Puarenin sözünü kəsərək:

– Həmin balda, – deyə davam etdi, – mən birinci gözəllərdən olan füsunkar bir qrafinya ilə rəqs edirdim. Mən ömrümdə onun qədər gözəl qadına rast gəlməmişəm. Saçlarını şaftalı çiçəyi ilə bəzəmiş, belinə bir dəstə təzə, rayihədar çiçək sancmışdı. Hələ bu harasıdır! Rəqsdən ilham alan bir qadını təsvir etmək mümkün deyil, onu öz gözlərinlə görməlisən. Bu gün səhər doqquzda mən bu ilahə qrafinyanı bir daha gördüm. O, piyada de-Qre küçəsi ilə gedirdi. Ürəyim döyünməyə başladı, mən elə zənn etdim ki...

Votren burada tələbəni dərin baxışla süzərək davam etdi:

– ... , buraya gəlir... Daha doğrusunu istəsəniz, sələmçi Qobsek dayının yanına gedirdi. Əgər siz təsadüfən Paris qadınlarının qəlbinə girəcək olsanız, orada əvvəlcə sələmçiyə, sonra isə oynaşa rast gələcəksiniz. Qrafinyanızın adı Anastazi de Resto, yaşadığı küçə isə Elder küçəsidir.

Tələbə de Restonun adını eşitdiyi zaman diqqətlə Votrenə baxdı. Qorio ata kəskin bir hərəkətlə başını yuxarı qaldırdı və hamını heyrətdə buraxan aydın, lakin təlaşlı bir nəzərlə söhbət edənlərə baxdı.

Qorio kədərli səslə:

– Kristof çox gec gəldi: o artıq oraya getmişdir! – dedi.

Votren Voke cicinin qulağına tərəf əyilərək:

– Mən doğru tapmışam, – deyə pıçıldadı.

Qorio xörəyini könülsüz yeyir, yediyinə əhəmiyyət belə vermirdi. O heç vaxt bu qədər dalğın, laqeyd olmamışdı. Ejen soruşdu:

– Cənab Votren, hansı məlun onun adını sizə söyləmişdir?

– Aha! Belə oldu! Qorio ata o adamı çox yaxşı tanıyır. Bəs mən niyə tanımayım?

Tələbə:

– Cənab Qorio! – deyə çığırdı.

Zavallı qoca:

– A? Nə? Demək o, dünən çox gözəl görünürdü?

– Kim?

– Madam de Resto.

Madam Voke Votrenə dönərək:

– Bircə baxın, qoca simicin gözləri od kimi necə alışdı, – dedi.

Madmazel Mişono tələbəyə pıçıldadı:

– Yoxsa onun saxladığı bu qadındır?

– Bəli, bəli! O nə qədər gözəl, nə qədər gözəldir! – deyə Ejen davam edir. Qorio ata isə susamış bir nəzərlə ona baxırdı\ə – Madam de Boseanın özü olmasaydı, mənim ilahə qrafinyam balın sultanı ola bilərdi: gənclər yalnız onun üzünə baxırdı. Onun kavalerləri siyahısında mən ancaq on ikinci yeri tutdum. Onu bütün kadrillərə dəvət edirdilər. Bütün başqa qadınlar paxıllıqdan ona hiddətlənirdilər. Dünənki balda xoşbəxt qadın vardısa, o da yalnız o idi. Tamamilə doğru demişlər ki, yelkənlərini açmış freqatdan, dördnala çapan atdan və rəqs edən qadından gözəl heç nə yoxdur.

Votren:

– Dünən səadətin zirvələrində, hersoginyanın yanında olan qadın bu gün səhər, səfalətin son pilləsində, sələmçi yanında! Paris qadını belədir, – dedi, – Ərləri onların cilovsuz zinətlərini təmin edə bilmədikdə arvadlar öz bədənlərini satmağa başlayırlar. Özlərini sata bilmədikdə isə onlar ancaq parlamaq üçün öz doğma analarını belə soyub qarət edirlər. Bir sözlə, onlar hər bir şeyə, hər bir cinayətə hazırdırlar. Bu, qoca dünyanın köhnə adətidir.

Ardı var...

7 sentyabr 2015
GO BACK