Qadin.NET / O.Balzak "Qorio ata"-6

O.Balzak "Qorio ata"-6

 

O.Balzak "Qorio ata"-6

 

Ev sahibəsinin hesabına yarım il yaşamağa müvəffəq olan müflis qrafinya gedəndən bir neçə ay sonra bir dəfə səhər tezdən hələ yatağından durmamışdan, Voke ipək paltar xışıltısı eşitdi. Gənc bir qadın yumşaq qədəmlər və yüngül yerişlə Vokenin otağının yanından keçərək, Qorionun qəsdən açıq qoyulmuş qapısından içəri girdi. Dərhal yoğun Silviya sahibəsinin yanına gələrək, həddən artıq gözəl olduğuna görə namuslu olmadığı sezilən ilahə kimi geyinmiş, toza belə batmamış prünel çəkməli bir qızın ilanbalığı kimi küçədən mətbəxə sürüşdüyünü və cənab Qorionun harada yaşadığını soruşduğunu xəbər verdi. Madam Voke qara aşı ilə birlikdə qapının yanından qulaq asmağa başladı. Onlar xeyli uzunsürən görüş əsnasında bəzi mehriban sözlər söyləndiyini duymuşdular. Qorio ata öz xanımını ötürmək üçün çıxdığı zaman yoğun Silviya bu iki aşiqin nə etdiklərini izləmək məqsədi ilə guya bazara getdiyini göstərmək üçün səbəti qolundan asdı, sonra isə geri dönərək:

– Xanım, – dedi, – yəqin bu cənab Qorio çox varlı adamdır ki, qadını belə bir mərtəbəyə qaldırıb. Bilirsinizmi, Estrapadanın tinində dəbdəbəli bir ekipaj dayanmışdı, həmin ekipaja mindi.

Nahar vaxtı madam Voke gözünə düşən günəşin Qorionu narahat etməməsi üçün pəncərənin pərdəsini çəkərkən həmin qıza işarə ilə:

– Cənab Qorio, – dedi, – sizi qəşəng qızlar sevirlər, günəş sizin üzərinizə nur saçır. Vallah, sizin qiyamət zövqünüz var: o çox gözəldir.

Qorio, kirayənişinlərin ədəbə riayət edən bir qocanın sadə bədgümanlığı zənn etdikləri qürurla:

– O, mənim qızımdır, – dedi.

Qorionu ziyarət edən bu qız bir aydan sonra yenə gəldi. Birinci dəfə səhər geyimində gələn bu qız indi nahardan sonra gəlmiş və bəzəkli yol paltarı geymişdi. Qonaq otağında laqqırtı vuran kirayənişinlər bu incəbelli, zərif və sarışın gözəli görmək səadətinə nail olmuşdular. O, Qorio ata kimi bir şəxsin qızından daha çox incə, kübar qadına bənzəyirdi.

Yoğun Silviya qızı tanımayaraq:

– Bunlar iki nəfərmiş, – deyə çığırdı.

Bir neçə gün sonra ucaboylu, gözəl vücudlu, canlı baxışlı başqa bir qız cənab Qorionu xəbər almışdı.

Silviya bu dəfə:

– Bunlar üç nəfərmiş! – deyə səslənmişdi.

Qorionun ikinci qızı atasını səhər ziyarət etdi, bir neçə gün sonra isə axşamüstü karet, bal paltarında gəldi. Bu vüqarlı xanımla birinci dəfə səhər gəlmiş olan sadə geyimli qızın arasında heç bir bənzəyiş görməyən madam Voke yoğun Silviya ilə birlikdə:

– Bunlar dörd nəfərmiş! – dedi.

Qorio hələ də pansion üçün min yüz frank haqq verirdi. Madam Vokenin nəzərində varlı bir kişinin dörd, ya beş məşuqə saxlaması tamamilə təbii görünürdü, onun öz məşuqələrini doğma qızları kimi təqdim etməsi isə hiyləgərlikdən başqa bir şey deyildi. Madam Voke Qorionun bu qızları “Vokenin evi”-də qəbul etməsinə qətiyyən etiraz eləmirdi. Lakin bu ziyarətlər kirayənişinin Vokenin şəxsiyyətinə qarşı laqeyd olduğunu sübut etdiyindən dul arvad ikinci ilin başlanğıcında Qorioya “qoca pişik” ləqəbini verdi. Qorio pansion haqqını doqquz yüzə düşürdükdə isə Voke bu xanımlardan birinin pilləkəndən endiyini gördüyü zaman olduqca həyasız bir tövrlə Qorioya

xitab edərək onun evini nəyə çevirmək istədiyini soruşdu. Qorio ata cavabında bu xanımın onun böyük qızı olduğunu söyləmişdi.

Madam Voke istehza ilə:

– Sizin neçə düjün qızınız var? – deyə soruşmuşdu.

Qorio iflas edən və böyük ehtiyac içinə düşən bir adamın itaətkarlığı ilə cavab verdi:

– Mənim ancaq iki qızım var.

Üçüncü ilin sonlarında Qorio ata öz xərcini daha çox ixtisara salaraq dördüncü mərtəbəyə köçdü. O, indi ayda ancaq qırx beş frank xərcləyirdi. Artıq burunotu belə iyləməzdi, dəlləyini buraxmışdı, saçlarına pudra vurmazdı. Qorio ata ilk dəfə pudrasız göründüyü zaman ev sahibəsi mat qaldı: Qorionun çirkli, boz, yaşıla çalan saçları vardı. Onun gizli iztirablardan getdikcə daha məyus görünən üzü nahar süfrəsi ətrafında toplaşan sifətlər arasında ən məyus və ümidsiz bir üzə oxşayırdı. Artıq heç bir şübhə qalmamışdı; Qorio ata öz gözlərini xaincəsinə təsirindən ancaq həkimin ustalığı sayəsində mühafizə etmiş qoca bir əxlaqsızdır, saçlarının mənfur rəngi isə həddən artıq aşiqanə macəralara qapılmasının və bu macəraları davam etdirmək üçün içdiyi dərmanların nəticəsidir. Zavallının cismani və mənəvi vəziyyəti sanki bu boş sözlərə haqq qazandırırdı. Qorionun qəşəng alt paltarı köhnəldikdən sonra o, dirsəyi on dörd suya alınmış kolenkordan özünə köynək tikdirmişdi. Brilyantlar, qızıl tütün qabı, qızıl zəncir, cəvahirlər – hamısı bir-birinin ardınca yox olurdu. O, bənövşəyi frakından, bütün əvvəlki görünüşündən ayrıldı, qışda da, yayda da, şabalıd rəngli kobud mahuddan tikilmiş sürtuk, keçi dərisindən jilet, qalın buksindən boz şalvar geyməyə başladı. Qorio getdikcə sınıxırdı: baldırları zəifləmiş, meşşan rahatlığı və bolluğu içində iriləşmiş sifəti qırış-qırış olmuş, çənəsi sivriləşmiş, alnında qırışlar əmələ gəlmişdi. Nev-Sent-Jenevyev küçəsində yaşadığı dördüncü ilin sonlarında Qorionu artıq tanımaq belə mümkün deyildi. Altmış iki yaşlı sevimli vermişel fabrikantı ucaboylu, çox cavan görünən, gənclik təbəssümü ilə gülən, şənliyi ilə hamını sevindirən, dolğun vücudlu burjua artıq yetmiş yaşlı küt, əldən düşmüş qocaya bənzəyirdi. Onun mavi gözlərində vaxtilə həyat nuru parlayırdı, artıq indi o gözlər də sönmüş, işıqdan düşmüş, rəngini itirmişdi. Artıq bu gözlər yaşarmazdı, dövrəsi qızarmış gözlərə indi elə bil qan sağılmışdı. Qorionun bu vəziyyəti bəzilərində ikrah, bəzilərində isə mərhəmət hissi oyadırdı. Alt dodağının sallandığını görən təbib tələbələr Qorio atanın üzünün yaratdığı bucağı ölçdükdən sonra uzun müddət onu hərəkətə gətirmək üçün çalışırdılarsa da müvəffəq ola bilməyib, kretinizm xəstəliyinə tutulduğunu təyin etdilər.

 

Bir dəfə axşama yaxın, şamdan sonra madam Voke istehza ilə Qoriodan soruşdu ki: “Nə oldu, sizin qızlarınız artıq sizi ziyarət etmirlər?” O, bu sualı ilə Qorionun atalığına şübhə etdiyini anlatmaq istəyirdi. Qorio ata cida ilə sancılmış kimi diksindi:

– Bəzən gəlirlər, – deyə cavab verdi.

Tələbələr bir səslə:

– Doğrudanmı? – deyə bağırdılar, – Siz hələ bəzən onlarla görüşürsünüz? Afərin, Qorio ata, afərin!

Qoca artıq cavabının doğurduğu istehzalara qulaq asmırdı; o, yenə fikrə dalırdı, fəqət ona səthi bir nəzərlə baxanlar bu dalğınlığı ağlın yoxsulluğundan əmələ gələn bir qocalıq kütlüyü zənn edirdilər. Əgər onlar Qorionu yaxından tanımış olsaydılar, bəlkə də, onun mənəvi və cismani vəziyyəti ilə maraqlanardılar, lakin qoca onlar üçün həlledilməz bir şey idi. Əlbəttə, Qorionun doğrudanmı un ticarəti ilə məşğul olduğunu və sərvəti barədə məlumat toplamaq o qədər də çətin iş deyildi, lakin onunla maraqlana biləcək qoca adamlar yaşadıqları məhəllənin xaricinə çıxmaz, qayaya yapışmış kimi daim pansionda yaşayardılar. Yerdə qalan kirayənişinlərə gəlincə onlar Nev-Sent-Jenevyev küçəsindən uzaqlaşan kimi dərhal Paris həyatının cərəyanına düşərək məsxərəyə qoyduqları bu zavallı qocanı tamam unudurdular. Qayğısız gənclərin və bu məhdud insanların təsəvvüründə Qorionun bu ehtiyacı, bu kütlüyü qətiyyən heç bir sərvət, heç bir fəaliyyətlə uzlaşa bilmirdi. Öz qızları kimi təqdim etdiyi qadınlar haqqında hər kəs Vokenin rəyinə şərik olurdu. Qoca qarıların sərt məntiqinə əsasən axşamçağı boşboğazlıq edərək hər cür fərziyyələr uyduran Voke isə deyirdi:

– Qorio atanın qızları onun yanına gələn xanımlar kimi zahirən varlı olsaydılar o, mənim evimdə, dördüncü mərtəbədə, ayda qırx beş franka yaşardımı, dilənçi kimi dolanardımı?

Vokenin gətirdiyi bu cür dəlilləri heç bir şeylə rədd etmək mümkün deyildi. Beləliklə, 1819-cu il noyabr ayının axırlarında bu faciə baş verdiyi zaman pansionda yaşayan hər bir kirayənişində zavallı qoca haqqında tamamilə müəyyən rəy əmələ gəlmişdi. Onun heç bir zaman heç bir arvadı olmamışdır, heç bir qızı da yoxdur. O, kef və nəşədən sui-istifadə etdiyi üçün təbiət-tarix muzeyi məmuru olan həmişəlik kirayənişinlərdən birinin söylədiyi kimi papaqlılar dəstəsinə mənsub olan antropomorf bir ilbisə çevrilmişdir... Bəs Puare? O, Qorioya nisbətdə centlmen idi. Puare danışar, mülahizələr yürüdər, cavablar verərdi. Doğrudur,adətən, başqalarının söylədiyi sözləri təkrar etdiyinə görə öz danışıqlarında, mülahizələrində, cavablarında heç bir şey ifadə etməzdi, lakin hər halda söhbətin qızışmağına səbəb olardı. Onda həyat qaynayır, bəzi hisslər görünürdü, halbuki, Qorio yenə muzey məmurunun ifadəsi ilə söyləməli olsaq, hər zaman donma nöqtəsində dururdu.

Ardı var...

4 sentyabr 2015
GO BACK