Qadin.NET / O.Balzak "Qorio ata"-5

O.Balzak "Qorio ata"-5

 

 

Qrafinya alicənablıq hissi ilə madam Vokeyə dul arvadın tələblərinə o qədər də uyğun olmayan geyim və bəzəyi haqqında bəzi göstərişləri belə verdi: “Siz döyüşə hazır vəziyyətdə olmalısınız”, – dedi. Bir çox haqq-hesabdan sonra dul arvadların ikisi də Pale-Royala gedərək Taxta qalereyada lələkli şlyapa və cutqu aldı. Qrafinya öz rəfiqəsini həvəsləndirərək “Balaca Janeta” mağazasına apardı. Burada onlar şərf və paltar seçib götürdülər. Bu döyüş ləvazimatı işə salındıqdan və dulcığaz başdan-başa silahlandıqdan sonra madam Voke tamamilə “Bef a lya mod” restoranının lövhəsinə bənzədi. Buna baxmayaraq o, yenə də yaxşılığa doğru xeyli dəyişmiş olduğunu zənn edərək qrafinyaya minnətdar olduğunu duyub əliaçıq olmasa da, yadigar olsun deyə iyirmi franklıq bir şlyapa bağışladı. Sözün doğrusu? o, qrafinyadan ancaq bir xidmətkarlıq tələb etmək niyyətində idi: qrafinya Qorionu danışdırmalı və Vokeni yaxşı bir şəkildə ona nümayiş etdirməli idi. Qrafinya de l’Ambermenil bu işdən dostcasına yapışaraq qoca vermişel fabrikantının başına fır-fır fırlanırdı. Nəhayət, onunla söhbət etməyə müvəffəq oldu. Bu işdə onun yeganə arzusu vermişel fabrikantını yalnız özü üçün ələ keçirmək idi. Fəqət bütün sui-qəsdlərinin Qorio atanın utancaqlığına, bəlkə də, müqavimətinə rast gəldiyini gördüyü zaman qrafinya qocanın yontalanmamış olduğuna hiddətlənərək otaqdan çıxdı.

O, öz rəfiqəsinə dedi:

– Bu adamdan heç şey qopara bilməyəcəksiniz, mənim mələyim. Onun heç şeyə inamı yoxdur, lap gülüncdür, axmaq adamdır, lap heyvan kimidir, xəsisdir, əziyyətdən başqa ondan heç bir şey gözləmək olmaz.

Qrafinya de l’Ambermenillə cənab Qorio arasında baş verən bu hadisədən sonra qrafinya artıq onunla bir evdə belə yaşamaq istəmədi. Ertəsi gün qrafinya pansionda qaldığı altı ayın haqqını belə verməyi unudaraq beş frankdan artıq qiymətə getməyəcək zir-zibilini qoyub evi tərk etdi. Madam Voke onu axtarıb tapmaq üçün çox əlləşdisə də Parisdə qrafinya de l’Ambermenil haqqında heç bir məlumat ala bilmədi. O, tez-tez bu kədərli hadisədən danışar, pişikdən belə inamsız olmasına baxmayaraq, həddən artıq insanlara etimad göstərdiyinə görə göz yaşı tökərdi. Madam Voke bu cəhətdən öz yaxın adamlarına inanmayan, lakin ilk təsadüf etdiyi adama aldanan bir çox insanlara bənzəyirdi. Bu, son dərəcə qəribə bir əxlaqi xüsusiyyətdir, lakin hər halda elə bir həqiqətdir ki, onun köklərini insan qəlbində axtarıb tapmaq o qədər də çətin deyildir. Bəlkə də bəzi insanlar birlikdə yaşadıqları şəxslərin hüsn-rəğbətini heç bir şeylə qazanmaq iqtidarında olmadıqlarından onların qarşısında qəlblərindəki boşluğu göstərdikdən sonra ətrafında dolaşan şəxslərin haqlı olaraq gizlicə ciddi bir hökm verdiklərini hiss etməyə başlayırlar. Lakin bu cür insanlar eyni zamanda öz haqlarında tərif eşitməyə dərin ehtiyac duyurlar. Bu tərifi isə kimsə söyləmir yaxud onlar həqiqətdə mövcud olmayan fəzilətlərini göstərmək üçün ehtiraslı arzularla çırpınır, can atırlar və bunun yad adamların gözündən düşmək təhlükəsinə baxmayaraq onların məhəbbətini, yaxud hörmətini qazanmağa çalışırlar. Nəhayət, öz təbiətləri etibarilə xudpəsənd şəxsiyyətlər də var: onlar nə öz yaxın adamlarına, nə öz dostlarına heç bir yaxşılıq etməzlər, çünki bu yaxşılıq yalnız onların borcudur: əgər onlar tanımadıqları adamlara yaxşılıq edirlərsə, bununla yalnız öz qiymətlərini yüksəltmiş olurlar; buna görə yaxın adamlar dairəsi daha yaxın olduqca, onları az sevirlər. Öz adamlarından nə qədər uzaq olarlarsa, o qədər də onlara artıq xidmət göstərməyə çalışarlar. Mahiyyətcə xırdacıl, yalançı və mənfur olan bu insan təbiətləri, heç şübhəsiz, madam Vokenin simasında birləşmişdi.

Votren deyirdi ki:

– Əgər mən o zaman burada olsaydım, sizin başınıza bu fəlakət gəlməzdi. Mən onun fırıldağının üstünü açardım. Bu cür oyunları mən çox yaxşı bilirəm.

 

O.Balzak "Qorio ata"-5

 

 

Madam Voke bütün məhdud təbiətli insanlar kimi, adətən, hadisələrin dairəsindən xaricə çıxmır və bunların səbəblərini araşdırmaq üçün özünə əziyyət vermirdi. O, məmnuniyyətlə öz səhvlərini başqalarının boynuna atardı. O, bu ziyana düşdüyü zaman bu macəranın əsas günahını namuslu vermişel fabrikantında gördü. Söylənildiyinə görə bu hadisədən sonra onun gözləri açılmışdı, Qorionu tanımışdı. Naz-qəmzə satmaq və qəşənglik üçün etdiyi xərclərin bihudə olduğunu anladıqdan sonra madam Voke çox da düşünmədən bu müvəffəqiyyətsizliyin səbəbini kəşf etdi. Madam Voke başa düşdü ki, onun ifadəsi ilə , Qorionun özünə məxsus pis adətləri var. Bir sözlə, məhəbbətə bəslədiyi ümidlərinin puç bir əsas üzərində qurulduğunu və bu cür işlərə vaqif olduğu görünən qrafinyanın bu qədər canlı şəkildə söylədiyi kimi Qoriodan qazanc götürmək mümkün olmadığını dərk etmişdi. Madam Voke təbii olaraq ədavətdə dostluqdan daha şiddətli oldu. Onun nifrətindəki qüvvət keçmiş məhəbbətə deyil, aldanmış ümidlərə müvafiq gəlirdi.

İnsan qəlbi könül münasibətlərinin zirvələrinə yüksəldiyi zaman, adətən, ara-sıra yorğunluğunu alır, lakin kinli hisslərin ağır enişi ilə enərkən gec-gec dincəlir. Bununla belə Qorio hər halda onun kirayənişini idi və buna görə də dul arvad təhqir edilmiş mənliyinin odunu söndürməyə, məyusluqdan doğan ahlarını azaltmağa və iqumenin təhqirlərinə dözməyə məcbur olan bir rahib kimi öz intiqam ehtiraslarını söndürməyə məcbur olurdu. Kiçik qəlbli insanlar öz pis yaxud yaxşı ehtiraslarını xırdaçılıqla təmin etməyə çalışarlar. Dul arvad öz düşməninə gizli zərbələr vurmaq üçün bütün qadın hiyləgərliyini səfərbərliyə aldı. O, başlanğıc olaraq ümumi süfrə üçün təyin etdiyi bütün artıq şeyləri kəsməyə qərar verdi. Madam Voke yenə əvvəlki proqramına qayıtmağa qərar verdiyi səhər Silviyaya dedi ki: “Süfrəyə daha nə şoraba xiyarı, nə də çağla balığı qoyulmasın. Başdan-başa ziyandır”.

Qorio ata öz ehtiyacları etibarilə təvazökar adam idi və öz sərvətini özü yaradan bütün insanlar kimi qənaətcillik artıq onun üçün bir vərdiş olmuşdu. Onun ən çox sevdiyi xörək şorba, soyutma mal əti, göy-göyərti idi. Odur ki, bu cür kirayənişini qızışdırmaq, onun zövqünə toxunmaq Voke üçün asan iş olmadı. Heç kəsin dişi bata bilmədiyi bir adamla toqquşmağa məcbur olduğunu anlayan Voke çarəsiz qalaraq Qorionu nüfuzdan salmağa başladı. Bununla Qorioya qarşı olan ədavətini başqa pansionerlərə də aşılayır, onlar isə əyləncə xatirinə onun intiqamına kömək edirdilər.

Birinci ilin sonlarında madam Vokenin şübhəsi o dərəcə artdı ki, özünə belə bir sual verirdi: nə üçün yeddi-səkkiz min livr gəliri, əla gümüş qabları, məşuqə kimi gözəl və qiymətli cəvahirləri olan bir tacir yenə də onun pansionunda yaşayır və kirayəsini sərvətinə qeyri-uyğun bir şəkildə bu qədər az verir? Qorio birinci ilin çox vaxtını bəzən həftədə bir-iki dəfə başqa yerdə nahar edərdi, sonra yavaş-yavaş pansion xaricində ayda ancaq iki dəfə nahar etməyə başladı. Hörmətli cənab Qorionun pansion xaricindəki əyləncələri madam Voke üçün çox mənfəətli idi, fəqət kirayənişin getdikcə pansionda tez-tez nahar etməyə başladığı zaman onun bu intizamı madam Vokenin narazılığına səbəb olmaya bilməzdi. Qorionun pansionda tez-tez nahar etməsi yalnız onun pulsuzluğu ilə deyil, bəlkə ev sahibəsinin kefini pozmaq məqsədini daşıması ilə izah edilirdi. Xırda insanların ən alçaq sifətlərindən biri öz mənəvi yoxsulluqlarını başqalarına aid etməkdir. Bədbəxtlikdən Qorio ikinci ilin sonlarında madam Vokedən üçüncü mərtəbəyə köçürülməsini və pansion haqqının doqquz yüz franka qədər azaldılmasını xahiş etməklə bütün bu dedi-qodulara haqq qazandırmış oldu. Qorio elə qənaətə başladı ki, hətta qışda sobanı qalamaqdan belə vaz keçdi. Madam Voke pulunun qabaqcadan verilməsini tələb etdi. Cənab Qorio da buna razı oldu, lakin o gündən sonra artıq ona cənab Qorio deyil, “Qorio ata” deməyə başladılar.

Qorionun bu süqutunun səbəbini hər kəs bir cür izah edirdi. Bu çətin iş idi. Yalançı qrafinyanın söylədiyi kimi Qorio ata sirr verməyən, qaradinməz bir adam idi... Dilində söz qalmayan, bəzi boşboğaz, başıboş insanların məntiqinə görə öz işləri barəsində danışmayan adamlar yaramaz işlərlə məşğul olurlar. Beləliklə, “cah-calallı tacir” dəyişilib cibgir, arvadbaz qoca bir təlxək oldu. Qorio ata gah birjaya qaçaraq maliyyə dili ilə desək, qabaqcadan iflasa uğradıqdan sonra birjada saçlarını yolan bir adama çevrilirdi. Bu, o zaman “Vokenin evi”-də olan Votrenin fərziyyəsi idi. Qorio gah hər axşam bəxtini sınayaraq on frank udan xırda bir qumarbaz olurdu, gah da onu gizli polis casusu edirdilər. Lakin Votrenin iddiasına görə Qorio bu dərəcəyə çatmaq üçün kifayət qədər hiyləgər deyildi. Bundan başqa Qorio atanı yüksək faizlə qısa müddətə borc pul verən bir simic və “ara” nömrəyə pul qoyub udan bir lotereya oyunçusu zənn edirdilər. Gah da o, eyib və bacarıqsızlığı törətdiyi sirlər mücəssəməsinə çevrilirdi. Bununla belə onun cinayətləri yaxud hərəkətləri nə qədər alçaq olsa da, ona bəslənilən nifrət onu pansiondan qovmaq dərəcəsinə çatmırdı. Hər halda o, pansion pulunu verirdi. Bundan başqa hər halda Qorio atanın bir mənfəəti də vardı: ona məsxərə edən yaxud sataşan adamlar bu yolla nəşələnər yaxud acıqlarını soyudardılar.

Madam Vokenin rəyi daha çox həqiqətə bənzədiyindən hamı bununla razılaşmışdı. Onun dediyinə görə bu “özünü yaxşı hifz etmiş və alma kimi təzə, hələ qadına çox şeylər verə bilmək iqtidarında olan kişi” sadəcə əcaib meyilləri olan bir əxlaqsız idi. Madam Voke aşağıdakılara görə bu iftiranı əsaslandırmağa çalışırdı.

Ardı var...

3 sentyabr 2015
GO BACK