Qadin.NET / O.Balzak "Qorio ata"-4

O.Balzak "Qorio ata"-4

 

 

Bu cür insan birləşmələrində insan cəmiyyətinin tərkib hissələri öz ifadəsini tapmalıdır və burada kiçik bir həcmdə tapmışdı da. Adətən məktəblərdə və dərnəklərdə olduğu kimi burada da on səkkiz pansioner arasında zəlil, səfil bir nəfər tapılmışdı ki, bütün istehzalar, kinayələr onun üzərinə yağdırılırdı. Ejen Rastinyakın bu evdə yaşadığı ikinci ilin başlanğıcında, iki il daha aralarında yaşamağa məcbur olduğu bu insanların içərisində onun nəzər-diqqətini ən çox cəlb edən də həmin şəxs idi. Hamının istehza etdiyi bu şəxs keçmiş vermişel fabrikinin sahibi Qorio ata idi. Halbuki, rəssam, ya ədib onu görmüş olsaydı, çəkdiyi lövhənin mərkəzində onun simasını yerləşdirərdi. Bu ən qoca kirayənişinə qarşı bəslənilən kinlə qarışıq nifrəti, mərhəmət hissi ilə qarışıq təqibi, özgənin fəlakətinə bəslənilən bu hörmətsizliyi doğuran səbəb nə ola bilərdi? Bəlkə də səbəb onun özü idi, bəlkə onun təbiətində qəribəlik və gülməli adətlər vardı?

İnsanlar gülünc vərdişləri eyibdən daha çətin bağışlayırlar. Bütün bu məsələlər bir çox ictimai haqsızlıqlarla əlaqədardır. Bəlkə də insan təbiətində belə bir xüsusiyyət vardır ki, o gərək həqiqətən zəlil, aciz, yaxud zəif olduğundan hər şeyə dözənlərin səbrini həmişə imtahandan keçirsin. Məgər biz başqasının yaxud bir şeyin üzərində öz qüvvətimizi göstərməyi sevmirikmi? Küçə uşağı kimi əlsiz-ayaqsız bir məxluq belə şaxta gücləndiyi zaman bütün evlərin qapı zənglərini çalar, yaxud hələ tərtəmiz olan bir heykəlin üzərinə dırmaşaraq onun üstündə öz adını cızmağı sevər.

Qorio atanın indi yaşı yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət işlərindən əl çəkdikdən sonra madam Vokenin evində yerləşmişdi. Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili kirayəyə götürmüşdü və bütün pansion üçün min iki yüz frank pul verirdi. Elə zənn etmək olardı ki, Qorio üçün yüz frank artıq, ya əskik verməyin heç bir əhəmiyyəti yox idi. Madam Voke, guya, bu yaramaz ev əşyasına, sarı kolenkor pərdələrdən, laklı, triplə döşənmiş kreslolardan, yapışqanlı boya ilə rəngləməkdən və şəhər civarındakı meyxanalarda belə bəyənilməyən divar kağızlarından ibarət olan bir təmirə guya sərf etdiyi pulu ödəmək üçün Qoriodan qabaqcadan bir qədər məbləğ alıb bu mənzilin üç otağını təzələmişdi. Bəlkə də hələ o zaman ehtiramla cənab Qorio adlanın Qorio ata bu qədər yüngül bir səxavət göstərərək tələyə düşdüyü üçün madam Vokedə onun haqqında belə bir rəy yaranmışdı ki, guya o, əməli işlərdən qətiyyən başı çıxmayan axmaq bir adamdır. Qorio ticarəti atmış olsa da, heç şeydə özünə korluq verməyən varlı tacir kimi özü ilə bərabər çoxlu paltar və gözəl şeylər gətirmişdi. Madam Voke yarımholland kətanından tikilmiş on səkkiz dəst köynəyi məftuniyyətlə seyr edirdi. Köynəklərin bu keyfiyyətli maldan tikilməsi daha bir şeylə diqqəti cəlb edərdi: sabiq vermişel fabrikantı bu köynəklərin yumşaq yaxalığına nazik zəncirlə birləşdirilmiş bir cüt sancaq taxar, hər sancağın başında isə iri brilyant görünərdi. O, adətən bənövşəyi frak geyər, hər gün pikedən tikilmiş ağ jiletini dəyişər, bu jiletin altında isə breloklarla bəzənilmiş ağır, qızıl zənciri tərpədən yoğun, armuda oxşayan qarnı yırğalanardı. Yenə qızıldan tütün qabının üstünə bir medalyon qondarılmışdı. Medalyonun içində hansısa bir qadının saçları saxlanırdı. Bu da Qorionun aşiqanə macəralarda günahkar olduğunu göstərirdi. Bir dəfə ev sahibəsi ona “qoca arvadbaz” dediyi zaman Qorionun dodaqlarında öz ehtirasından məmnun qalan bir şəhərlinin şən təbəssümü görünmüşdü. Onun “şkafları” (Qorio bu sözü loru dildə söyləyirdi) başdan-başa gümüş qablarla dolu idi. Dul arvad Qorioya lütfkarlıq göstərib bu qabları açıb şkaflara düzdükcə mat-mat baxır, gözləri alışıb-yanırdı. Burada hər şey: çığırtma və tökmək üçün qızıllanmış gümüş qaşıqlar, ədviyyat qabları, qab-qacaq, sous qabları, buludlar, qəlyanaltı servizləri, bir sözlə Qorionun ayrılmaq istəmədiyi az-çox qəşəng, bahalı şeylər vardı. Bu hədiyyələr ona ailə həyatının təntənəli hadisələrini xatırladırdı. Qorio bir boşqab və qapağı bir-biri ilə öpüşən iki qumru quşu şəklində xörək kasasını çıxararkən madam Vokeyə: “Görürsünüzmü, – deyərdi, – bu, toyumuzun ildönümü münasibətilə arvadımın bağışladığı ilk hədiyyədir. Zavallı arvadım! O, qızlığında qənaət edib yığdığı pulları bu qaba vermişdi. Odur ki, hörmətli xanım, mən öz dırnağımla yer qazmağa razı olaram, ancaq bundan heç bir zaman ayrılmaram. Allaha şükür olsun ki, ömrümün son günlərində də səhərlər bu kasadan qəhvə içəcəyəm. Şikayət etmək üçün heç bir əsasım yoxdur: bir parça çörəyim var, həm də uzun müddət üçün mənə kifayət edər”.

 

Bu şeylərdən başqa madam Voke öz sağsağan gözləri ilə Qorioda dövlət xəzinəsinin istiqrazlarını belə görmüşdü. Ancaq təxmini hesabla bu istiqrazlar Qorioya ildə səkkiz min, on min gəlir verə bilərdi. Bu gündən etibarən həqiqətdə qırx səkkiz yaşı olduğu halda yalnız otuz doqquzunu boynuna alan, qız familiyası de Konflan olan dul madam Voke özü üçün bir plan tərtib etmişdi. Qorionun üst göz qapaqlarının çevrilib şişməsinə və yaşarmasına buna görə də gözlərini tez-tez silməyə məcbur olmasına baxmayaraq madam Voke Qorionun sifətinin xoş və tamamilə abırlı olduğunu etiraf edirdi. Bundan başqa onun ətli, uzunsov baldırlarında və uzun, iri burnunda dul arvadın, görünür, çox əziz tutduğu gizli məziyyətlər də hiss olunurdu. Qorionun bu gizli məziyyətlərini onun ay kimi girdə üzü üstəlik olaraq isbat edirdi. Qorio ata madam Vokenin nəzərində bütün varlığını hissə çevirə biləcək möhkəm əzələli bir heyvana bənzəyirdi. Qanad kimi iki tərəfə daranmış və səhər tezdən evə gələn politexnik məktəbin dəlləyi tərəfindən pudralanmış saçları alçaq alnı üzərində beş çiçək hörüyü kimi sallanaraq üzünü qəşəng bir çərçivə arasına alırdı. Qorio bir az kobud olsa da, özünü o qədər ciddi tutur, tütün qabından tütünü o qədər səxavətlə götürür və ürəyi istədiyi qədər makuba doldura biləcəyinə elə əmin görünürdü ki, madam Voke Qorionun bu mənzilə köçdüyü günün axşamı yatağına uzanarkən duzlu donuz piyində bişən kəklik kimi kəfənindən ayrılmaq və Qorionun arvadı kimi yenidən dirilmək arzuları atəşində qıvrılırdı. Ərə getmək, pansionu atmaq, varlı şəhər əhalisinin bu ən yaxşı nümayəndəsi ilə qol-qola verib gəzmək, öz məhəlləsində şöhrətli bir qadın olmaq, yoxsullara sədəqə toplamaq, bazar günləri Şuaziyə, Suaziyə və Jantilyiyə gəzməyə getmək, pansionerlərdən birinin iyul ayında bağışlaya biləcəyi kontramarkanın intizarındansa kefi istədiyi zaman teatra getmək, lojaya bilet almaq kimi bayağı Paris ailə həyatının Eldoradosu artıq onun üçün bir xülya oldu. O, su-su topladığı qırx min franka malik olduğunu kimsəyə açıb söyləməzdi. Heç şübhəsiz, sərvət etibarilə o, özünü tamamilə əlverişli bir gəlin hesab edirdi.

Madam Voke öz-özünə:

– Başqa xüsusiyyətlərə gəlincə, mən tamamilə qocaya layiqəm, – dedi və qu tükü döşəyi üstündə dərin iz buraxan gözəlliklərini sanki bir daha etiraf edərək o biri böyrü üstə çevrildi.

Yoğun Silviya hər səhər bu izləri döşəyin üzərində görərdi. Madam Voke bu gündən sonra tamam üç ayın ərzində daim cənab Qorionun dəlləyinə müraciət edərdi. O, pansionu ziyarət edən ehtiramlı şəxslərə uyğun olaraq evdə müəyyən bir görkəm yaratmaq bəhanəsi ilə özünə bəraət qazandıraraq bəzək üçün bəzi xərclərə belə yol vermişdi. O, var gücü ilə pansionerlərin tərkibini dəyişməyə çalışır, artıq öz pansionuna ancaq hər cəhətdən layiq adamlar buraxmaq niyyətində olduğunu hər yerdə dönə-dönə söyləyirdi. Yanına bir başqası gələr-gəlməz, o, dərhal bütün Parisdə ən məşhur və hörmətli tacirlərdən biri olan cənab Qorio ilə lovğalanar və qocanın ona hörmət edib pansionuna düşdüyünü fəxrlə söylərdi. Madam Voke “VOKENİN EVİ” sərlövhəsi ilə xüsusi prospektlər nəşr etdirmişdi. Bu prospektlərdə daha sonra qeyd olunurdu ki, “Vokenin evi” atın məhəlləsində ən qədim və ən hörmətli bir ailə pansionudur. Pansionun qarşısında Qobelen manufakturası dərəsinə olduqca xoş (dördüncü mərtəbədən!) mənzərə açılır, burada sevimli bir bağça var, bağçanın axırında isə cökə xiyabanı uzanır. Pansionun sakit yerdə olduğundan və yaxşı havasından da bəhs olunurdu. Bu prospektin sayəsində qrafinya de l’Ambermenil madam Vokenin pansionuna gəlmişdi. Qrafinya otuz altı yaşlı qadın idi. O, dava meydanında ölən generalın dul arvadı kimi pensiya hüququna malik olduğundan pensiya təyin və təsdiq edilməsi haqqında başladığı işin qurtarmağını gözləyirdi. Madam Voke xörəkləri yaxşılaşdırdı, təxminən altı ay müddətində ümumi otaqların qızdırılmasına xüsusi əhəmiyyət verdi və prospektdə vəd etdiyi şeylərə vicdanla əməl elədi. Hətta xərcin üstünə öz pullarından belə qoydu. Bunun nəticəsində madam Vokeyə “əziz dostum” deyə xitab edən qrafinya Mare məhəlləsində yaşayan iki dostunu – baronessa de Vomerlandla polkovnik qraf Pikuazonun dul arvadını belə bu pansiona köçürməyi vəd etmişdi. Qrafinyanın bu dostları “Vokenin evi”-nə nisbətən bahalı bir pansionda yaşayırdılar; bununla belə hərbi dəftərxana onların işlərini qurtardıqdan sonra bu xanımların vəziyyəti çox yaxşılaşacaqdı. O deyirdi: “Ancaq dəxtərxanalar onların işini hey süründürür”. Nahardan sonra hər iki dul qadın madam Vokenin otağına çəkilərək laqqırtı vurar, qarağat şirəsindən içərək yalnız ev sahibəsi üçün saxlanılan çərəzdən yeyərdi. Qrafinya de l’Ambermenil ev sahibəsinin Qorio haqqında mülahizələrini tamamilə bəyənər, bunun çox gözəl fikir olduğunu söyləyərdi: lakin o, elə birinci gündən bu əhvalatı başa düşmüşdü. Qrafinyanın rəyinə görə Qorio birinci növ kişilərdən sayılmalıdır.

Madam Voke ona deyirdi:

– Ah, mənim əzizim! Bu kişi palıd kimi möhkəmdir, özünü çox yaxşı saxlamışdır, qadına hələ çox zövq vermək iqtidarındadır.

Ardı var...

2 sentyabr 2015
GO BACK