Qadin.NET / O.Balzak "Qorio ata"-3

O.Balzak "Qorio ata"-3

 

O.Balzak "Qorio ata"-3

 

Burada kirayənişin və kənardangəlmə pansionerlərə nisbətən kəskin təzad təşkil edən iki şəxs var. Onlardan biri Viktorina Tayferdir. Doğrudur, bu gənc qızın da üzündə qansız qızların solğunluğuna bənzəyən xəstə bir sarılıq vardır. Doğrudur, onun üzündəki adi məyusluq, hərəkətlərindəki sıxıntı, zavallı görünüşü, sısqalığı bütün bu lövhədə bir zəmin təşkil edən ümumi iztirab əhvali-ruhiyyəsinə uyğun gəlirdi, lakin bununla belə onun üzü qocalıq təsiri bağışlamazdı, hərəkətlərində, səsində isə bir gümrahlıq hiss olunurdu. Bu gənc yenicə qeyri-münasib bir zəminəyə köçürülmüş saralmış kola oxşayırdı. Onun üzünün sarı rəngində, sarışın saçlarında, həddən artıq incə belində müasir şairlərin orta əsr heykəllərində duya bildikləri bir şuxluq görünürdü. Qaraya çalan boz gözlərində həlimlik və xristian miskinliyi ifadə olunurdu. Sadə, ucuz parçadan tikilmiş paltarı altında qız vücudunun cizgiləri qabarırdı. Başqaları ilə müqayisə edilərsə, ona hər halda qəşəng demək olardı, qisməti isə başqa olsaydı, füsunkar qız təsiri də bağışlaya bilərdi: qadının gözəlliyi bəzəkdə olduğu kimi şeiriyyəti də onun ruhi qidasındadır. Əgər bal ziyafətinin şənliyi al bir şəfəq kimi bu solğun bənizə kölgə salmış olsaydı, əgər zərif bir məişətin fərəhi bu xəfifcə batıq yanaqları doldurmuş və qızartmış olsaydı, məhəbbət bu qəmli gözlərə həyat nuru saçmış olsaydı, Viktorina hər hansı bir gözəl qızla yarışa bilərdi. O, qadına yeni həyat verən bir şeydən – pal-paltardan və eşq məktublarından məhrum edilmişdi. Onun macərası böyük bir kitabın süjetini belə təşkil edə bilərdi.

Viktorinanın atası müxtəlif bəhanələrlə öz qızını tanımaq istəmir, onunla birlikdə yaşamaqdan çəkinir, dolanmaq üçün ona ildə altı yüz frankdan artıq vermək istəmirdi. Bütün əmlakını tamamilə oğluna vermək məqsədi ilə qiymətli kağızlara çevirmişdi. Viktorinanın anası qızı uzaq qohumu olan dul Kutürün yanına gətirmişdi. Ana dərdin şiddətindən öldükdən sonra madam Kutür yetim qızı öz sevimli övladı kimi görməyə başladı. Təəssüf olsun ki, Respublika dövrü kriqs-komissarının dul arvadının pensiya ilə dulluq vəsaitindən başqa heç bir şeyi yox idi. Yoxsul, təcrübəsiz, heç bir təminatı olmayan qızcığaz isə madam Kutürün qayğısı olmasaydı, tamamilə yalqız, kimsəsiz qalardı. Bu mərhəmətli qadın hər bazar günü Viktorinanı kilsəyə ibadətə, iki həftədə bir isə etirafa aparardı ki, qız hər bir təsadüfə rəğmən yenə də namuslu və həyalı bir qız qala bilsin. Madam Kutür, doğrudan da, haqlı idi. Atasını sevən və anasının əfvini ona yetirməyə çalışaraq hər il yanına gedən, lakin hər dəfə ata evində amansız qapalı bir qapıya rast gələn bu rədd edilmiş qızın qarşısında dini hisslər hər halda gələcəyə doğru bir yol açırdı. Ata ilə qızın arasında yeganə vasitə olan qardaşına gəlincə o, dörd il ərzində bir dəfə belə bacısının yanına gəlməmiş, ona heç bir yardım göstərməmişdi. Viktorina atasının gözü açılsın, qardaşının qəlbi isə mütəəssir olsun deyə Allaha yalvarır, heç birini məzəmmət etmədən hər ikisi üçün dua edirdi. Ata ilə oğulun vəhşi rəftarını söyləmək üçün madam Kutürlə madam Voke söyüşlər lüğətində münasib ibarələr belə tapa bilmirdilər. Onlar bu namussuz milyoneri söydükləri halda Viktorinanın iniltisində yenə də məhəbbət səsi duyulan yaralı bir göyərçinin ötməsinə bənzəyən məsumanə sözlər eşidilirdi.

Ejen Rastinyakın üzü tipik bir cənublu üzü idi; özü ağ, saçları qara, gözləri göy, hərəkətlərində, münasibətlərində, qıvraqlığında aristokrat nəslindən olduğu sezilirdi. Bu cür ailələrdə uşağın tərbiyəsi ilk yaşlarından yalnız qədim nəzakət qaydalarına uyğun olar. Ejen öz paltarını qorumalı və adi günlərdə keçən ilki paltarını geyməyə məcbur olsa da, yenə də bəzən gənc bir yaraşan libas geyərək evdən çıxmaq iqtidarında idi. Bununla belə hər gün onun əynində köhnə bir sürtuk, sarsaq bir jilet, birtəhər bağlanmış və əzilmiş ucuz qara qalstuk, eyni şəkildə pantalon və altına təzədən yamaq vurulmuş çəkmə görmək olardı.

 

O.Balzak "Qorio ata"-3

 

 

Təsvir etdiyimiz bu iki şəxsiyyətlə başqa kirayənişinlər arasında bağlayıcı bir halqa təşkil edən qırx yaşlı, boyanmış bakenbardlı cənab Votren idi. Votren kimi adamlar haqqında el arasında belə deyirlər: “Amma nə qoçaq adamdır!” Onun çiyinləri enli, əzələləri möhkəm, əlləri iri idi. Barmaqlarının üzərində od rənginə çalan sıx sarı tüklər görünürdü. Üzündə vaxtından tez əmələ gəlmiş qırışlardan daşürəkli olduğu hiss olunurdu. Bu isə onun xoş və nəzakətli rəftarına zidd görünürdü. Xoş təsirdən məhrum olmayan qadın səsi onun kobud şənliyinə tamamən uyğun gəlirdi. Votren hər kəsə qulluq göstərər və gülməkdən xoşlanardı. Təsadüfən bir qıfıl yaxşı açılmadığı zaman o, “bizə tanış işdir”, – deyə qıfılı sökər, itiləyər, yağlayar və yenidən düzəldərdi. Onun hər şeydən xəbəri vardı, hər şey ona tanış görünürdü. Fransa, dəniz, gəmilər, yad ölkələr, alver işləri, insanlar, hadisələr, qanunlar, mehmanxanalar, həbsxanalar – hər şey ona tanış görünürdü. Birisi öz taleyindən şikayət edən kimi o, dərhal öz köməyini təklif edərdi. Dəfələrlə madam Vokeyə və bir neçə kirayənişinə borc pul belə vermişdi. Lakin o, xeyirxah adama oxşasa da qətiyyətlə dolu qəribə, dərin baxışları ilə hamıda elə bir dəhşət oyadırdı ki, ondan borc pul alanlar borcu qaytarmamaqdansa ölməyi üstün tuturdular. Onun ancaq tüpürcəyini tullamaq adəti belə sarsılmaz bir soyuqqanlığa malik olduğunu göstərirdi. Onun nəzərləri elə bil ciddi bir hakim kimi hər bir məsələnin, hər bir hissin, hər bir vicdanın dərinliyinə qədər enmək iqtidarında idi. O, adətən, gününü belə keçirərdi: səhər yeməyindən sonra evdən çıxar, nahar vaxtı geri dönər, sonra yenə gedərək bütün axşamı görünməz, ancaq gecə yarısı qayıdardı. Madam Vokenin etibarı sayəsində ehtiyat açarı həmişə yanında idi. Bu iltifat ancaq Votrenə göstərilərdi. Onun dul arvadla yaxşı münasibəti vardı: həmişə Vokeyə “cici” deyər, belindən tutub qucaqlardı. Voke bu yaltaqlanmağın mənasını başa düşməzdi. Madam Voke açıq ürəklə elə zənn edirdi ki, onu qucaqlamaq sadə şeydir, halbuki, onun kimi ağır bir kötüyü qucaqlamaq üçün Votrenin əlləri kifayət qədər uzun görünürdü. Onun daha bir xüsusiyyəti vardı: o, səxavət göstərərək ayda on beş frank “qloria” üçün verər və şirniyyatla içərdi. Paris həyatının qasırğasına düşən bu gənclər kimi o qədər də diqqətsiz olmayan adamlara və eləcə də özlərinə aid olmayan hər şeyə qarşı tamamən laqeyd görünən bu qocalara Votrenin göstərdiyi bu ikimənalı təsir çox ehtimal ki, onları kifayətləndirməzdi. Votren ətrafındakı bütün adamların işlərini bilir, yaxud duyurdu; halbuki, heç kəs onun nə ilə məşğul olduğunu və nə fikirləşdiyini dərk edə bilməzdi. Zahiri xeyirxahlığı, daimi iltifatı və şən təbiəti özü ilə başqaları arasında sədd çəkdiyi halda Votren bəzən xasiyyətinin qorxunc cəhətini büruzə verərdi. Yuvenal kimi hazırcavablılıqla coşar, qanunlara məmnuniyyətlə istehza edər, kübar cəmiyyəti qırmaclar, onun daxili ziddiyyətlərini ifşa edərdi. Bu isə onun qəlbində ictimai intizama qarşı kinli bir küskünlüyün çırpındığını və həyatının dərinliklərində böyük bir sirr dəfn edilmiş olduğunu göstərirdi.

Madmazel Tayfer oğrun baxışlarını və gizli həsrətlərini bu qırx yaşlı kişi ilə gənc tələbə arasında bölürdü. Bəlkə də heç düşünmədən onu cəzb edən birinin qüvvəti, digərinin isə gözəlliyi idi. Bununla belə heç birinin qızla maraqlanmadığı görünürdü. Lakin sadəcə bir təsadüf bu gün olmasa da, sabah Viktorinanın vəziyyətini tamamilə dəyişə bilər, bu gün yoxsul olan bir qız sabah varlı gəlin ola bilərdi. Lakin bütün bu şəxsiyyətlərin arasında bir nəfər belə zəhmət çəkib hər birinin müsibətində nə qədər həqiqət və nə qədər uydurma olduğunu yoxlamaq istəmirdi. Hamı bir-birinə qarşı öz şəxsi vəziyyətindən doğan qarşılıqlı bir qeydsizlik və şübhə ilə yanaşırdı. Hər kəs çəkdiyi iztirabları yüngülləşdirməkdə aciz olduğunu düşünür və bu iztirablarını bir-birinə söylədikdən sonra artıq mərhəmət badəsini son damlasına qədər boşaltmış olurdu. Qocalmış ər-arvad kimi onların bir-birinə söyləyəcək sözləri qalmamışdı. Bu surətlə onların münasibətləri yalnız xarici əlaqədən, heç bir şeylə yağlanmamış çarxların hərəkətindən ibarət idi. Hər biri küçədə sədəqə istəyən kor dilənçinin yanından başını belə çevirmədən keçər, həyəcan keçirmədən başqasının başına gələn müsibətlərə qulaq asar, səfalət məsələsinin həllini ancaq ölümdə görərdi. Ən dəhşətli can çəkişməsinə bəslədikləri bu qeydsizliyə səbəb də həmin səfalət idi. Ürəkləri xarabazara dönmüş bu insanların arasında ən xoşbəxt bir insan vardısa, o da ancaq bu xüsusi səfalət evində hökm sürən madam Voke idi. Şaxtada da, quraqlıqda da, yağış yağanda da, hər zaman dilsiz və lal olan, səhra kimi bomboş bir çölə çevrilən bu balaca bağça ancaq madam Vokenin nəzərində gözəl çəmənzara bənzəyirdi. Dükan taxtapuşu kimi ucuz rəng iyi verən bu sarı və kədərli ev ancaq onun nəzərində gözəl və cazibədar görünürdü. O, bu zindan bucaqlarının sahibi idi. O, əbədi katorqaya məhkum edilmiş bu məhbuslara yemək verir, onları ehtiramlı bir itaət altında idarə edirdi. Bu zavallılar Parisin hansı bir bucağında bu qiymətə təzəcə qarın doyuzduracaq yemək, yaxud sığınacaq tapa bilərdilər? Bu yeri zərif yaxud rahat şəklə salmaq mümkün olmasa da, hər halda cansağlığını pozmayan təmiz hala salmaq mümkün idi. Əgər madam Voke dəhşətli haqsızlığa yol vermiş olsaydı, belə bu fələkzadələrin dözməkdən başqa çarələri yox idi.

Ardı var...

1 sentyabr 2015
GO BACK