Qadin.NET / O.Balzak "Qorio ata"-2

O.Balzak "Qorio ata"-2

 

O.Balzak "Qorio ata"-2

 

Bu otaq təxminən səhər saat yeddiyə yaxın par-par parıldayır. Madam Vokenin pişiyi sahibəsindən qabaq bu otağa daxil olub, bu bufetdən o bufetə sıçrayıb, öz səhər nəğməsini miyoldaya-miyoldaya ağzına boşqab qoyulmuş süd kasalarını iyləyir. Bir az sonra başına örtdüyü tül cutqunun altından qondarma, yalançı və səliqəsiz taxılmış saçları pırtlamış halda madam Vokenin özü görünür. Dul arvad köhnə tuflilərini şappıldada-şappıldada yeriyir. Əprimiş piyli üzünün düz ortasından burnu tutuquşu dimdiyi kimi uzanır. Madam Vokenin totuq əlləri, kilsə siçanı kimi şişmiş vücudu, həddən artıq iri və sallaq döşləri dərd və kədərlə qaynayan qazanc ehtirasının gizləndiyi və madam Vokenin ürəyi bulanmadan isti, mənfur havasını tənəffüs etdiyi bu salonla getdikcə ahəngdar görünür. İlk payız soyuğu kimi soyuq üzü, qırışlarla əhatə olunmuş gözləri, rəqqasənin süni təbəssümündən qaşqabaqlı sələmçinin məsum görünüşünə qədər bütün ifadələri bildirən gözləri, nəhayət, onun bütün varlığı, şəxsiyyəti pansionun vəzifəsini, pansion isə onun şəxsiyyətini təyin edirdi. Nəzarətçisiz katorqa yoxdur. Bunları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Xəstəxanaların zəhərli havasının nəticəsi tif olduğu kimi bu xanımın solğun şişkinliyi də onun sürdüyü həyatın məhsulundan başqa bir şey deyildi. Köhnə paltardan tikilmiş üst paltarının altından görünən və söküklərindən pambıq sallanan toxunma yun tumanı kiçilmiş şəkildə bu qonaq və yemək otaqlarını, bu bağçanı təcəssüm etdirir, mətbəxin xüsusiyyətlərindən xəbər verir, burada yaşayan pansionerlərin kimlərdən ibarət olduqlarını bilmək üçün imkan yaradırdı. Vokenin gəlişi ilə artıq mənzərə tamamlanırdı. Təxminən əlli yaşında olan madam Voke bütün üzü üzlər görmüş arvadlara bənzəyirdi. Gözləri şüşə kimi mənasız, görünüşü malını daha baha qiymətə satmaq üçün birdən-birə qızışa bilən, lakin yenə də öz taleyini yüngülləşdirmək üçün hər şeyə hazır olan Pişeqrü və Jorju bir daha satmaq mümkün olsaydı, Pişeqrü və Jorju belə satmağa hazır olan aradüzəldən bir qadın görünüşü kimi məsum və günahsız idi. Bununla belə pansionerlər yenə də onun haqqında, ümumiyyətlə, "pis arvad deyildir",- deyirdilər və onun da özləri kimi inildədiyini, şikayətləndiyini gördükcə pulu olmadığını zənn edirdilər.

Cənab Voke nəçi idi? Madam Voke heç vaxt mərhumdan söhbət açmazdı. Ondan: “Mərhumun var-yoxu əlindən necə çıxdı?” – deyə soruşduqda, “Onunku gətirmədi”, – deyə madam Voke cavab verərdi. Cənab Voke dul arvadla pis rəftar etmişdi: ona yalnız ağlamaq üçün göz, yaşayıb dolanmaq üçün ev, bir də heç kəsin dərdinə və fəlakətinə mərhəmət bəsləməmək haqqını qoyub getmişdi; madam Vokenin sözlərindən belə məlum olurdu ki, o, insanın dözə biləcəyi hər dərdə dözmüş, hər fəlakətin üzünü görmüşdü.

Yavaş-yavaş yeriyən sahibəsinin ayaq səslərini eşidən yoğun qara aşbaz Silviya kirayənişin pansionerlər üçün səhər yeməyi hazırlamağa tələsirdi. Kənardan gələn pansionerlər isə adətən ancaq nahar etməyə gələrdilər. Naharın qiyməti ayda otuz frank idi.

Bu hekayətin başlandığı zamanlarda pansionda yalnız yeddi nəfər kirayənişin yaşayırdı. İkinci mərtəbə iki ən yaxşı otaqdan ibarət idi. Otaqların birində – kiçik otaqda madam Vokenin özü, o birisində isə Respublika dövrünün kruqs-komissarının dul arvadı madam Kutür yaşayırdı. Madam Kutürlə birlikdə Viktorina Tayfer adlı gənc bir qız yaşayırdı ki, madam Kutür ona analıq edirdi. Hər iki qadının yeməyi ildə min səkkiz yüz franka başa gəlirdi. Üçüncü mərtəbədəki iki otaqdan birində Puare adlı bir qoca, o birində isə qara parikli, boyanmış bakenbardlı, özünün dediyinə görə keçmişdə ticarətlə məşğul olan, indi isə cənab Votren adlanan qırx yaşında bir kişi yaşayırdı. Dördüncü mərtəbə dörd otaqdan ibarət idi. Bu dörd otağın ikisində daimi kirayənişinlər yaşayırdı: otaqların birində yaşayan qarımış qız madmazel Mişono, o birində sabiq vermişel, buğda kraxmalı və makaron fabrikantı idi. O, hamıya özünü Qorio ata çağırmağa icazə vermişdi. Yerdə qalan iki otağa gəlincə bunlar burada yaşayan madmazel Mişono və Qorio ata kimi yeməklə mənzilə beş frankdan artıq sərf etmək iqtidarında olmayan yoxsul tələbələrtək gəldi-gedərlər üçün idi. Ancaq madam Voke onları o qədər də əziz tutmazdı. Daha yaxşı kirayənişin tapmadığına görə bunlara razı olurdu. Ancaq onlar həddindən çox çörək yeyirdilər.

Bu zaman otaqlardan birində hüquq elmini öyrənmək üçün Anqulemdən Parisə gələn bir gənc yerləşmişdi. Böyük olduğundan ağır bir çətinliklə ona dolanmaq üçün ildə min iki yüz frank göndərirdilər. Bu gənc Ejen de Rastinyak adlanırdı. Ejen de Rastinyak ehtiyac nəticəsində zəhmətə alışmış gənclərdən idi. Bu cür gənclər ata-analarının onlara nə qədər ümid bəslədiklərini başa düşürdülər. Buna görə onlar bilik qazanmağın mənfəətini qabaqcadan ölçüb-biçir, bu bilikləri ictimai quruluşun gələcək inkişafına qabaqcadan uyğunlaşdırırdılar ki, bunun meyvəsini birinci yığanlar sırasına daxil ola bilsinlər. Rastinyakın qızğın müşahidələri və Paris salonlarına daxil olmaq qabiliyyəti olmasaydı, bu hekayətin də ləzzəti itərdi; çünki hekayətimizin doğru ahənglərinə səbəb, əlbəttə, Rastinyakdır. O, öz dərrakəsi və ağlı sayəsində insanda dəhşət oyadan vəziyyətlərin sirrini açmağa meyil edərdi. Bu vəziyyətin müqəssiri və qurbanı olanlar bu sirləri nə qədər gizlətməyə çalışsalar da, Rastinyakdan bunu gizlətmək mümkün olmurdu.

Dördüncü mərtəbənin damında adətən paltar sərib qurudardılar. Buradakı iki mansardada Kristof adlı xidmətçi ilə qara aşbaz Silviya yatardı.

 

Yeddi kirayənişin pansionerdən başqa madam Voke ildə ən azı səkkiz hüquqşünasa, yaxud təbib tələbəyə xörək verərdi. Bundan başqa iki-üç nəfər də öz məhəlləsində yaşayan müştəriləri vardı. Bunların hamısı ancaq nahar üçün abunə yazılmışdı. Nahar vaxtı yemək otağına on səkkiz nəfər yığışardı, lakin iyirmi nəfəri də əyləşdirmək mümkündü. Səhərlər isə buraya ancaq yeddi nəfər kirayənişin gələrdi, həm də bunların səhər yeməyi üçün toplanışı adətən bir ailə süfrəsinə oxşayırdı. Hamı ev tuflilərini geyib gələr, sərbəst şəkildə kənardangəlmə pansionerlərin paltarı, yaxud görünüşü haqqında, ya da keçən axşamın hadisələri haqqında mülahizələr yürütməyə başlayardı. Onlar dostanə, bir-birinə qarşı etimad hissi ilə söhbət edərdilər. Madam Voke bu yeddi pansionerin nazını daim çəkir, pansion haqqının miqdarından asılı olaraq bir münəccim dəqiqliyi ilə hər pansionerə öz qayğı və diqqətini paylayırdı. Təsadüfən bir yerə toplaşan bu yeddi insana qarşı eyni ölçü tətbiq edilərdi. Üçüncü mərtəbədə yaşayan iki kirayənişin ayda iki frank verərdi. Belə ucuzluq yalnız Sen-Marso qəsəbəsində, Salpetrierlə Burb arasında mümkün ola bilərdi. Madam Kutürün yeməyi üçün alınan pul müstəsna hal təşkil edirdi. Bu onu göstərirdi ki, burada yaşayan pansionerlər az-çox aydın görünən fəlakətlərin yükünü öz üzərlərində daşıyırdlar. Buna görə də bütün evin qəmli mənzərəsi eyni dərəcəyə alçalmış olan pansionerlərin paltarında belə təkrar olunurdu. Kişilərin sürtuklarının rəngini təyin etmək çətin idi, ayaqqabıları isə elə şəkildə idi ki, bu cür ayaqqabıları varlı məhəllələrdə adətən darvazadan bayıra tullayırlar. Tuman-köynəkləri də tamam əldən düşmüşdü. Bir sözlə, bu paltar deyil, paltarın görünüşü idi. Qadınların əynində isə dəbdən düşmüş, dəfələrlə boyanmış və yenidən rəngi paltarlar köhnə, dəfələrlə yamanmış krujevalar vardı. Əlcəklərinin lakı çoxdan silinib getmişdi, yaxalıqları həmişə sapsarı idi, çiyinlərinə saldıqları baş örtükləri isə cırıq və yırtıq idi. Lakin onların paltarı bu cür olsa da, demək olar, hamısının bədəni möhkəm görünürdü. Vücudları həyat boranlarına davam gətirə bildiklərini göstərirdi, sifətləri soyuq, sərt təsir bağışlayır, sürtülmüş pula bənzəyirdi. Büzülmüş ağızları yırtıcı dişlərlə silahlanmışdı. Kirayənişinlərin görünüşündə tamamlanmış, yaxud hələ də davam edən faciələr hiss olunurdu. Bu faciələr lampanın işığında üzərinə şəkillər çəkilmiş kətanlardakı faciələrə bənzəmirdi. Bu, həyatla dolu, yaxud buz kimi donuq, dilsiz, lakin qəlbi dərindən həyəcanlandıran faciələr, nəhayəti olmayan faciələr idi.

Qoca Mişono zəifləmiş gözlərinin üstünə yaşıl taftadan tikilmiş, mis məftillə bağlanmış kirli bir günlük taxırdı. Mərhəmətli mələklər belə buna baxsaydılar, dəhşətə gələrdilər. Seyrək saçaqlı şalı sanki skletə sarınmışdı: şalın altında gizlənmiş vücudun sümükləri kələ-kötür şəkildə görünürdü. Təsəvvür etmək olardı ki, bu vücud bir zamanlar gözəl və boylu-buxunlu olmuşdur.

Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir: günahmı, fəlakətmi, yoxsa xəsislikmi? Bəlkə bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə köhnə paltar alıb-satmaqla məşğul olmuş, bəlkə də sadəcə, bir kurtizanka olmuşdur? Bəlkə də nəşələri sel kimi özünə cəlb edən gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi. Dediyinə görə o, sidik kisəsinin katarı xəstəliyinə düçar olmuş bir qocaya qulluq edirmiş, uşaqları isə onun pulu olmadığını güman edib, qocanı atıb getmişdilər. Qocadan ona ömrünün axırına qədər min franklıq bir renta qalmışdı, lakin qocanın varisləri Mişonoya hər cür iftiralar ataraq bu vəsiyyətnaməni ləğv etməyə çalışırdılar. Onun üzünün dərisi ehtiras fırtınalarından büzüşsə də, bir zamanlar ağ və incə olan dərinin əlamətləri hiss olunurdu. Buna əsasən onun vücudunda bəzi gözəllik izlərini sezmək mümkün idi.

Cənab Puare bir növ avtomata bənzəyirdi. Budur, o, boz bir kölgə kimi Botanika bağının xiyabanında dolaşır: başında köhnə əzik papaq, zəif əlində fil sümüyündən olan başı saralmış əsa vardır, sürtukunun rəngi solmuş, ətəkləri yellənir, nə elə bil iki ağacın üzərinə geydirilmiş qısa şalvarını, nə də ki sərxoş ayaqları kimi silkələnən nazik ayaqlarındakı mavi corabların üstünü örtə bilirdi; yuxarıdan isə bu acı mənzərəni çirkli ağ bir jilet seyr edir, hinduşka boynu kimi uzun və nazik boynundakı bükülmüş boyunbağısından ayrılan köhnəlmiş ucuz muslin yaxalığı görünür. Ona təsadüf edən adamlarda istər-istəməz belə bir sual doğardı: bəlkə də, bu kölgə İtaliya bulvarında qanad çalan Yafəs nəslinin cəsur oğullarındandır? Bəs hansı bir məşğələ onu bu hala salmışdır? Hansı bir ehtirasdan onun şişkin üzü o dərəcə qaralmışdır ki, karikaturada belə bunlar qeyri-təbii görünə bilərdi? Keçmişdə o nəçi olmuşdur? Kim bilir, o, bəlkə ədliyyə nazirliyində, bütün cəlladların öz xərclərinə imza atdıqları, ata qatillərinə qara pərdə hazırlamaq üçün hesab verdikləri gilyotin altındakı səbətlərə taxta tozu, gilyotin bıçağına kəndir hazırlamaq üçün hesabat təqdim edilən şöbədə xidmət etmişdir? Bəlkə də sallaqxana qapılarında vergiyığan, yaxud xalq səhiyyəsi nəzarətçisinin müavini olmuşdur. Bir sözlə, bu adamın bizim böyük ictimai dəyirmanımızın yük eşşəyi, öz Bertranını belə tanımayan Paris Rotonlarından biri ətrafında fəlakətlər və insan çirkabı fırlanan bir çarx olduğu görünürdü. Sözün qısası, belə adamlar haqqında: “Çarə yoxdur, belələri də lazımdır!” deyirik. Bəzəkli, dəbdəbəli Paris bu mənəvi, yaxud cismani iztirablardan üzü saralmış insanları tanımır. Lakin Paris, həqiqətən, okeana oxşayır. Bu okeana lot atın, lakin onun dərinliyini müəyyənləşdirə bilməzsiniz. Onu nəzərdən keçirmək və təsvir etmək istəmirsinizmi? Necə istəsəniz, nəzərdən keçirin, təsvir edin, səy edin: tədqiqatçı nə qədər çox olur-olsun, yenə də bu okeanda hər zaman əl dəyməmiş bir sahəyə, məchul bir mağaraya, incilərə, çiçəklərə, divlərə, ədəbiyyat üzgüçülərinin nəzərdən qaçırdığı ağla sığışmayan heybətli səhnələrə rast gələcəksiniz. Bu heybətli səhnələrdən biri “Vokenin evi”-dir.

Ardı var...

31 avqust 2015
GO BACK