Qadin.NET / Lev Tolstoy "Kreyser sonatası" (Qadın ruhu)

Lev Tolstoy "Kreyser sonatası" (Qadın ruhu)

Böyük rus yazıçısı Lev Tolstoyun "Kreyser sonatası" (Qadın ruhu) povesti 1890-cı ildə işıq üzü görüb və çox keçmədən Çar hakimiyyəti senzurasına məruz qalıb. Kitabda qəhrəmanın qısqanclıq qəzəbi təsvir edilmişdir. Povestin adı Lüdviq Bethovenin skripka və fortopiano üçün yazdığı və Rudolf Kreyserə həsr etdiyi Sonata N9-dan götürülüb.

Povestin məzmunu

Hadisələr bir qatar səyahətinin təsviri ilə başlayır. Əsərin qəhrəmanı Pozdnışev qatarda olan sərnişinlərin sevgi haqqındakı ümumi söhbətinə qarışır. Özünün gənc qayğısız illərindəki əyləncələrindən, qadınların geyimlərinin kişi istəklərini əldə etmək üçün nəzərdə tutulduğundan, onları ehtiras aləti kimi gördüyünü və eyni zamanda bununla da kişilərə hökm etdiklərini dilə gətirir. Povestin daha sonrakı hissələrində Pozdnışev Tolstoyun haqqında heç bəhs etmədiyi bir sərnişinə həyat hekayəsini danışması ilə davam edir. (Mənə maraqlı gələn tərəf bu oldu ki, böyük yazıçı artıq povestin ilk rübündə baş qəhrəmanın dilindən finalı etiraf etdirib. Povesti oxuduqca Pozdnışevin təsviri mənə Tolstoyu xatırladırdı. Bir anlıq onun həyatını göz önündə canlandıraraq əsəri yazdığı illərdə nə qədər qarışıq fikirlərə qapılmış olduğunu, Tanrı, din, əxlaq, qadın-kişi münasibətləri, hətta musiqinin gərəksizliyi kimi aşırı mühafizəkar görüşləri olduğunu da düşündüm. Ancaq tək bu düşüncədə qalmaq olmazdı. Kiçik bir araşdırma etdim, öyrəndim ki, "Kreyser sonatası" əsərinin süjetinin yaranmasına səbəb Tolstoyun 1886-cı ilin fevral ayında naməlum bir qadından aldığı məktub səbəb olmuşdu. Beləliklə, əsərin finalının əvvəlcədən bilməmizə baxmayaraq onu sona qədər oxumaqdan vaz keçə bilməyəcəksiniz, çünki usta yazıçı Tolstoyun qələmi sizə kitabı bir kənara qoymağa imkan verməyəcək.)

Lev Tolstoy "Kreyser sonatası" (Qadın ruhu)

Pozdnışev bal ayından başlayaraq arvadının qətlinə qədərki hadisələri nəql edir. Evliliklərinin ilk günlərindən bir şeylərin yolunda getmədiyindən arvadının narazı üzü, kədərli, soyuq, düşmən baxışlarından təlaşlanmağa başlayır. Pozdnışev əvvəlcə bu soyuq və düşmən münasibətin müvəqqəti olduğunu zənn etsə də, sonralar tez-tez baş verən mübahisə, dava-dalaşların çoxalmasından ailə həyatının bir cəhənnəm olduğunu anlayır. Amma bu haqda nə özünə, nə də başqalarına etiraf edə bilmirdi. Həkimlər 5 uşaqdan sonra Pozdnışevin arvadına doğmağı qadağan edirlər və bu hadisə qəhrəmana bir başqa cür təsir edir. Ona elə gəlir ki, arvadı dəyişilir. Artıq o, uşaqlarla məşğul olmağa çox zaman ayırmır və özünə eşq məcarası axtarır. Daha sonra arvadının yenidən pianoya aludə olması, bir skripkaçıya heyranlığı və onunla birlikdə Bethovenin 9 nömrəli sonatını birlikdə ifa etmələri təsvir edilir. Hətta skripkaçı Truxaçevskinin arvadı ilə birlikdə musiqi ifa etmələrinə Pozdnışev özü qəsdən şərait yaradır. (Davamını yazmıram ki, intizarda qalıb oxuyasınız.) laughing

Senzura

Dövrü üçün qeyri-adi və mübahisəli xarakterli əsər hesab edilən "Kreyser sonatası"-nın ayrı-ayrı nəşriyyatlar tərəfindən nəşr edilməsinə senzura qoyulmuşdu. Yalnız yazıçının həyat yoldaşı Sofiya Andreyevna Tolstoy çar III Aleksandrın rəsmi qəbuluna getməsindən sonra Çar könülsüz şəkildə həmin povestin Lev Tolstoyun seçilmiş əsərlərinin 13-cü cildində çap edilməsinə icazə verdi.  

1890-cı ildə Amerika poçtu povestin dərc edildiyi qəzetlərin göndərilməsinə qadağa qoymuşdu.  

Lev Tolstoy "Kreyser sonatası" (Qadın ruhu)

Əsər haqqında fikirlərim 

Povesti oxuyan oxucu əgər müasir psixologiya elmindən məlumatsızdırsa, əsər ona mənfi təsir göstərə də bilər. Belə ki, yazıçı bəzi məsələləri həddindən artıq qabarıq ifadə edib. Məsələn, əsərin qəhrəmanı Pozdnışevin dilindən qadınları yalnız və yalnız şəhvət aləti olaraq görməsini və bunu ətrafına da düşündüyü şəkildə çatdırması, kişilərin isə bu şəhvət qarşısında məğlub olub boyun əyməsi məsələsində sanki ölçünü qaçırıb. Hətta "Kreyser sonatası" povestinin yayınlanmasından sonra Tolstoya gələn çoxsaylı məktuba əsasən yazıçı əsər haqqında son söz yazmağa məcbur olub. Son sözdə belə bir fikir diqqətimi çəkdi: "Yazıçı vurğulamağa çalışıb ki, nazlandırılaraq böyüdülən ərköyün uşaqlarda sonrakı dövrlərdə heyvanlarda olduğu kimi aşırı şəhvət hissi yaranır. Bu tip uşaqlar gənclik dövrünü sıxıntı içərisində keçirirlər. Musiqi, rəqs, şirin və ağır yeməklər, şəkər qutularının üzərindəki rəsmlərdən, oxuduqları roman və hekayələrə qədər hər şey onlardakı şəhvət arzusunu daha da inkişaf etdirir. Bu arzular qalıcı olursa, irəlidə təhlükəli cinsi problemlərə, müxtəlif xəstəliklərə yol açır."

Belə çıxır ki, uşaqları, ümumiyyətlə, yazıçının sadaladığı şeylərdən məhrum etmək lazımdır? Burada bir qədər düşünməyimiz lazım olur. Uşaq təmamən yuxarıda sadalanan həyat vasitələrindən məhrum olmamalıdır. Sadəcə ölçü normasını qaçırmamaq, "az-çox" məsələsinə diqqətli yanaşmaq lazımdır. Eləcə də qadınlar barədə əsərin qəhrəmanının yanaşması ümumi qadınlara aid edilən bir fikir olmamalıdır. Bunun bir fərdi yanaşma olduğunu unutmamaq lazımdır.

Əsərin əvvəlində qəhrəmanın eyş-işrətlə keçirdiyi zamandan sonra özünə təmiz, saf qız axtarmasına yazıçı sanki haqq qazandırıb. Bunu onun şəhvət hissini basdıra bilməməsi ilə əlaqələndirib. Əsərin sonunda isə tam tərsinə, qəhrəman özünü artıq namusuna düşkün, həyatı boyu xoşbəxt bir yuva qurmaq arzusunda olan bir adam və kişi olduğu halda ailəsinə bir dəfə də olsun xəyanət etməyən birisi kimi qələmə verib. Belə bir təzad var əsərdə: Ailə qurmazdan əvvəl girdabda olan kişi təmiz bir qızla evlənir, ailə qurduqdan sonra isə kişi saflaşır, qadın isə uşaqlar doğulandan sonra, həkimlərin ona uşaq dünyaya gətirməsini qadağan etdikdən sonra başqa kişiyə meyli düşür. Yazıçı bununla insanların şəhvət hissinə düşkün olduqlarını və onunla başa çıxa bilmədiklərini vurğulamağa çalışıb.

Ümumilikdə, yazıçı əsərdə ailədə kişi-qadın cinsi münasibətinin və bunun yaratdığı ruh halının hansı nəticələrə gətirib çıxarılmasını oxucuya çatdırmaq istəyib. Doğrudur, bu Tolstoyun cinsi münasibətə olan fərdi baxışı olsa da, məhz bu fərdilik nöqteyi-nəzərindən əsəri oxumaq psixoanaliz tədqiqatları üçün maraqlı fikirlər də verə bilər.

Bəzi mənbələrdə belə bir məlumata rast gəldim ki, "Kreyser sonatası" povestini psixologiya, psixiatriya tələbələrinə əlavə ədəbiyyat kimi tövsiyə ediblər. Doğrusu, mən özüm də əsəri oxumamış və Dostoyevskidən oxuduğum dörd dərin psixoloji təhlilli əsərdən sonra Tolstoyun "Kreyser sonatası"-dan belə bir təsir gözləmirdim.

Əsərdən seçdiyim hissələr

Sifilisin müalicəsi üçün sərf edilən güclərin bir faizi əxlaqsızlığı yox etmək yolunda istifadə olunsaydı, sifilisin kökü çoxdan kəsilmişdi. Amma güclər əxlaqsızlığın, pisliyin qaldırılmasına deyil, tam əksinə onu təşviqə, mümkün olduğu qədər təhlükəsiz hala gətirməyə sərf olunur.

***

İlk dəfə pis yola düşməyimin başqa cür, toxunaqlı havası vardı, ağlımdan heç çıxmır. İş bitdikdən sonra hələ otaqdan çıxmadan daxilimin gözlərimi yaşardacaq dərəcədə hüznə qapılmasını heç unuda bilmirəm. İtirdiyim bakirliyin, qadınlara qarşı əbədi məhv olan hisslərimin ardından ağlamaq istəyirdim. Bəli, artıq qadınlara qarşı sadə, təbii bir halda olmağıma imkan qalmamışdı.  Artıq tam bir şəhvət insanı olmuşdum. Şəhvət insanının heroin, içki və ya tütün aludəliyindən fərqi yoxdur.
Heroin aludəçisi, əyyaş, tütünə düşkün biri normal sayılmadığı kimi zövq üçün bir neçə qadınla görüşən kişi də ömrünün sonuna qədər aşağı səviyyədə qalmağa məhkum olan bir şəhvətpərəstdir.

***

Mən 30 yaşıma gələnə qədər evlənmək xəyalı ilə yaşadım. İdeal, təmiz bir ailə yuvası qurmaq istədim. Bu məqsədlə hədəfimə uyğun bir qız axtarırdım. Eyş-işrət girdabına daha çox batarkən bir yandan da özümə layiq, təmiz, saf bir qız axtarırdım. Çoxunu yetərincə təmiz, məsum hesab etməyərək rədd edirdim. Sonda birini bəyəndim və onunla evlənmək qərarına gəldim. Keçmişdə çox zəngin olan, lakin sonradan hər şeyini itirmiş Penaalı bir ferma sahibinin iki qızından biri idi.

***

Bir anaya, yaxud şəxsən qızına bütün işlərinin ər ovlamaq olduğunu söyləməyi bir yoxlayın. Aman, Ya Rəbb, bu nə təhqirdir! Halbuki, hamısı bunu edər, onsuz da başqa nələri vardır ki! Zavallı, gənc məsum qızların bu halını gördükcə insanın ürəyi parçalanır. Bütün bunlar açıq şəkildə edilsə, bir yalan pərdəsinə bürünməyi bir dərəcəyə qədər xoş görmək olar. Heyhat!

"Ah, nə maraqlıdır... Bizim Lili də rəsm dəlisidir! Siz də sərgiyə gedəcəksinizmi? Çox faydalıdır, düzü... Troykalar, təmsillər, konsertlər... Fövqəladədir bunlar. Bizim Lili musiqiyə dəli olur. Siz xoşlayırsınızmı? Yaxşı, qayıq gəzintisinə nə deyirsiniz?"
Amma ağlında sadəcə "Bizim Liliyi, alsana, al!" vardır. "Xeyr, məni al... Heç olmasa, dadıma bax!" Of, of... İyrənc yalanlar. Bunlar, çox iyrəncdir!

***

Qadınlar bu tərəflərinə görə yəhudilərə bənzəyirlər. Yəhudilər əzilmələrinin intiqamını pul hakimiyyəti ilə alırlar. "Bizə yalnız ticarəti buraxdınız, çox yaxşı, biz də sizi tacir olaraq vurarıq." deyirlər. Qadınlar isə: "Bizi sadəcə şəhvət aləti olaraq görmək istəyirsiniz, elədirsə, şəhvəti istifadə edərək hökm edəcəyik." deməkdədirlər.

***

Niyə qumar qadağan olunur, amma qadınların fahişə kimi geyinmələrinə səs çıxarılmır? Halbuki, onlar min qat daha təhlükəlidir!

***

Pak ruhlu bir insan olsaydım, bunları ağlıma gətirməzdim. Fəqət kişilərinin çoxunun subay olarkən qadınlar haqqında nələr düşündüklərini özümdən bilirəm. Buna görə də Tuxaçevskinin ruhunu açıq bir kitab kimi oxuyurdum.

 Yüklə 


22 noyabr 2014
GO BACK