Ancaq özünə məlum olan səbəblərdən dünya səyahətinə çıxan və özünü Voland kimi qələmə verən şeytan vaxtaşırı müxtəlif şəhərlərdə məskən salır. 1930-cu illərin yaz vaxtı səyahətin axarı onu Moskvaya gətirib çıxarır. Bu elə bir zaman və məkandır ki, artıq insanlar nə Allaha, nə də şeytana inanır, İsa peyğəmbərin mövcudluğunu isə inkar edirlər. Buna baxmayaraq Moskvada bir nəfər yaşayır ki, (Master) o, Roma hakimi Ponti Pilatın edam etdirdiyi İsa peyğəmbər haqqında roman yazıb, lakin müasir ədiblər və tənqidçilər tərəfindən bəyənilməyən və qəbul edilməyən əsər Masteri məcbur edir ki, onu yandırsın. Daha sonra ruhi xəstələr üçün xəstəxanaya düşür. Voland və onu müşayiət edənlər Sadovoy küçəsində yerləşən qəribə və əsrarəngiz mənzildə qalmağa qərar verirlər. Bu mənzil ona görə qəribədir ki, buradan insanlar sirli formada qeyb olurlar. Sirli, lakin sehrli yollarla deyil (çox güman ki, Bulqakov 30-cu illərin repressiyalarına işarə verir). Marqarita isə Masteri sevir və onu itirdikdən sonra yeganə arzusu onu geri qaytarmaqdır. Bu iş üçün ona ümidi Azazello verir (Volandın köməkçisi). Marqarita bu istəyin qarşılığında isə Volanda bir iş görməlidir. O, şeytanın verdiyi qonaqlığın kraliçası olmalı və qonaqları qarşılamalıdır. Şeytanın verdiyi qonaqlığa sadə günah sahibləri yox, həqiqi ideya günahkarları gəlir. Məsələn, daxili işlər nazirliyinin əməkdaşları (əlbəttə, bu qurumun adı olduğu kimi çəkilmir). Əsas məsələ isə valyutadadı. Varyete adlı teatrın kassalarında yığılan bütün pullar sirli üsullarla dollara çevrilir. Araşdırmalar isə Volandın qaldığı mənzilə gəlib çıxır. Nə qədər axtarsalar da, heç bir uğur əldə edə bilmirlər. Romanda paralel süjet xətlərindən biri də Ponti Pilatın Sinedriona qarşı çıxmağa cəsarət tapmayaraq İyeşua Qa-Noçrini (romanda İsa peyğəmbər belə adlandırılıb) edama göndərməsindən bəhs edən Masterin romanıdır. Bunu romanın içində roman da adlandırmaq olar və Evangiliyanı alternativ kimi dəyərləndirmək mümkündür. Romanın sonunda bu iki əsas süjet xətti kəsişir və Master Ponti Pilatı 2000 illik iztirabdan azad edir. Ponti Pilar İyeşua ilə birlikdə Ay işığında əbədi səyahətə çıxır. Master və Marqarita isə Voland tərəfindən rahatlıq bəxş olunur və onlar da əbədiyyətə qovuşurlar (romanda işıqlı tərəf də qeyd olunur, lakin Master və Marqaritaya əbədi rahatlıq işıq tərəfdən deyil, zülmət tərəfdən bəxş olunur).
Hiperkeçid: Müasir insanlara internet məkanda geniş istifadə olunan bu anlayış yad deyil. Hər hansısa internet resursda göy rənglə başqa resursa keçidin olduğunu bildirmək üçün bu proqramdan istifadə olunur. Master və Marqarita əsərinin dərin təhlilini verən və bu prosesi heç vaxt dayandırmayan professor Andrey Kuryaev bu əsərin məhz hiperkeçidlərlə zəngin olduğunu qeyd edir. Belə ki, əsərdə oxucu özü şəxsən belə keçidləri tapmalı, yazının provakasiyasına məruz qalıb onun demək istədiklərini başa düşməlidir. Diqqətlə baxsaq, bu əsərin daxilində bizə kifayət qədər bol məlumat ötürən yüzlərlə belə keçidin olduğunu görə bilərik. Aydın məsələdir ki, hər oxucuda bu keçidlər müxtəlif yerdə yer alacaq. Çünki əsər mürəkkəbdir və elə biz özümüz də mürəkkəb oxucularıq. Beləliklə, kitab və hiperkeçid anlayışlarının necə də bir-biri ilə sıx əlaqədar olduğunu görürük.
Şeytan obrazı: Hər şey şeytan obrazı ilə başlayır. Standart anlayış olaraq bu sözün dərk edilməsi heç bir çətinlik törətmir, lakin Bulqakov bu əsərində özünəməxsus və fərqli şeytan obrazı yaradıb. Onun adı Volanddır və ənənəvi şeytandan tam fərqlidir. Əgər ənənəvi şeytan yalanlar atasıdırsa, Voland praktiki olaraq heç vaxt yalan danışmır. O, fırıldaqçılıq və yalana qarşıdır. İkiüzlü insanları isə cəzalandırır. Fərqlidir, elə deyilmi? Hətta onu da deyərdim ki, romanda elə məqamlar olurdu ki, Voland məndə qibtə hissi yaradırdı.
Volandın praktiki olaraq bütün addımlarını diqqətlə analiz etmək və müəyyən nəticələrə gəlmək olar. Belə ki, o, 1930-cu illərdə Moskvaya gəlir və Moskvalıları sirk tamaşası vasitəsi ilə bir yerə cəmləyir. O, sadəcə insanları seyr edir. Onların necə də dəyişdiklərini xüsusilə vurğulayır. Bu məqam çox güman ki, Sovet hökumətinin bərqərar olunmasından sonra insanların düşüncə tərzlərinin necə dəyişdiyi və sistemin necə işlədiyini vurğulamaq üçün xüsusi element kimi istifadə edilib. Bundan əlavə ötən əsrin 30-cu illəri gur səslə Allahın olmadığının deyildiyi dönəmlərdir. Məhz belə qarma-qarışıq vaxta şeytanın gəlişi təsadüf hesab edilə bilməz.
Bundan əlavə Voland Moskvaya gəlişinin rəsmi səbəbini belə izah edir: Sizin ictimai kitabxananızda, orta əsr qara mütəfəkkiri Herbert Avrilakskinin əsərləri var və mən yeganə şəxsəm ki, onlarla işləyə bilərəm."
Daha sonra biz heç vaxt bu adla rastlaşmırıq və heç Voland da kitab oxuyana oxşamır. Biz elə düşünə bilərik ki, artıq unutmaq olar. Lakin iki səbəbdən biz əsərdə qeyd olunan heç bir elementi ikinci plana ata bilmərik. Birincisi, Bulqakov elə bir yazıçı deyil ki, sadəcə informasiya fonu və səs-küyü üçün nə isə fakt adı çəksin. İkincisi isə şeytan obrazının özünəməxsus xüsusiyyətləridir. Çünki biz yuxarıda da qeyd etdik ki, Voland heç vaxt yalan danışmır və ona görə də biz ona ürəyimizi buz kimi saxlayaraq inanan bilərik. Heç nə elə-belə deyil.
Herbert Avrilakski: Ensiklopediyada diqqətlə araşdırsaq, görərik ki, bu şəxs Roma papası İkinci Silvesterdir. Roma papası seçiləndə o adını dəyişir. Eramızdan əvvəl yaşayan bu şəxs dövrünə nisbətən olduqca fövqəl savadlı və zəngin dünya görüşünə malik insan olub. Onun ətrafında olan insanlardan çoxusu belə hesab edirdi ki, insan bu dərəcədə çox bilə bilməz və ona görə də burada heç də yaxşı olmayan magiya var. Beləliklə, şayiələr gəzməyə başlayır ki, adı çəkilən Roma papası gənc olanda Mavritaniyada hansısa yəhudinin evində qul olub. O, sahibinin qızına aşiq olur və onu şantaj eləməyə başlayır ki, mən səni sevirəm və sən mənim olacaqsan, amma bir şərtlə, evdə olan ən dəyərli əşyanı oğurla və ver mənə. Əfsanəyə əsasən bu cadular kitabı olur. Daha sonra Herbert bu kitab vasitəsi ilə şeytanı çağırır, onunla razılığa gəlir ki, şeytan ona kömək etsin, ona biliklər versin və qarşılığında da Herbert ona ruhunu satır. Deyilənə görə bu avropada birinci Faustdur. Biz Volandın rəsmi açıqlamasını başqa dilə, daha rahat dilə tərcümə etsək, bu belə olar: "Məni burada Faustun əlyazması maraqlandırır". Əsərdə isə son Faust Masterdir və Volandı məhz onun əlyazması maraqlandırır. Bir hiperkeçid nümunəsi.
Sevgi: Şübhəsiz ki, Master Marqaritanı sevir. Buna şübhə etmirəm, amma gəlin, görək Marqarita Masteri sevirmi? Bu nüansı aydınlaşdırmaq üçün əsərdən olan bəzi epizodları yada salmaq kifayət edər: Marqarita Master üçün darıxır və beşinci gün Manej meydanında oturacağa əyləşir. Elə bu dəm bir kişi ona yaxınlaşır və başlayır Marqarita ilə söhbət etməyə. Marqarita onu başından rədd edir. Daha sonra isə Bulqakovsayağı belə bir sitat oxuyuruq: Mən niyə belə etdim? Mən hələ cavan və gözəl qadınam və məndə hər şey alına bilər. Daha sonra Azazello ona yaxınlaşır və onlar söhbət etməyə başlayırlar. Marqarita isə özlüyündə peşman olur ki, niyə görə evdən çıxanda dodağını boyamayıb. Bu sadəcə bir nümunədir və bizə imkan verir ki, deyək ki, Marqarita Masterə qarşı sevgi hiss etmirdi. Çünki Marqaritada əks cinsə qarşı inanılmaz formada macəra həvəsi var idi. Eyni zamanda onun qanuni həyat yoldaşı ilə olan münasibətləri də çox qaranlıq qaldı. Bir qədər də düşünsək, bəzi ehtimallar irəli sürmək olar, amma bu, əsər haqqında fikirləri daha da mürəkkəbləşdirmiş olur. Odur ki, sadəcə bu nümunə timsalında Marqaritanın şəxsiyyəti haqqında düşünməyə dəyər.
Şəxsi təəssüratlar: Bu əsər artıq mənim bir hissəmdir. Onu daxilimdə yaşadacam. Sadəcə yaxşı, əla roman kimi qiymətləndirsəm, ilk növbədə yazıçının özünə, ikinci növbədə isə əsərə qarşı haqsızlıq etmiş olardım. Bulqakov klassikdir. O, rus ədəbiyyatının sütunudur və yaxşı ya da pis kimi primitiv kateqoriyaya heç vaxt sığışmaz.
Əsəri oxuyub başa düşmək barəsində onu deyərdim ki, məncə bu motiv Master və Marqaritaya aid deyil. Hansısa başqa əsərləri oxuyub ya bəyənərik, ya da bəyənmərik, ya başa düşərik, ya da anlamarıq. Bəs bu "Master və Marqarita"-da da belədirmi? Xeyr. Bu əsərdə sadəcə əsərin bizə təqdim etdiyi dünyaya daxil olub ola bilmədiyimiz əhəmiyyət kəsb edir. Odur ki, əsər bir nəfər deyirsə ki, əsəri bəyənmir, bu o deməkdir ki, ya roman oxucunu öz dünyasına buraxmadı, ya da oxucu darvazanın kandarından qorxaraq qaçdı. Prinsipcə səbəb çox ola bilər.
Bulqakov və onun öz əsərinə bəslədiyi münasibət: Bulqakovun bu əsəri müasir insanlar üçün əyləncəli oyun kimidir. Şübhəsiz ki, romanda oyun elementləri var, amma gəlin, düşünək görək bu yazıçının özü üçün belə idimi? Yelena Bulqakovanın (yazıçının həyat yoldaşı) xatirələrində yazdığı bəzi yazılar bizə bu sualın cavabını verə bilər: "1940-cı ilin sonlarında yazıçının son günləri idi və o, praktiki olaraq danışa bilmirdi. Əlyazmanı gətirməyimi istədi və uzun müddət məni və əlyazmanı xaçladı (krestit)." İl yarım öncə isə yazıçının xanımının yazılarında tamamilə başqa qeydlər var: "Onun dəhşətli ağrıları var və o, deyir: Allahdan da, romandan da bezmişəm. İstəmirəm. Sadəcə başım bu dərəcədə dəhşətli ağrımasın." və o, silah istəyirdi ki, özünü öldürsün.
Gördüyümüz kimi bir-biri ilə ziddiyyət təşkil edən bu iki səhnə bizə Bulqakovun öz əsərinə qarşı olan münasibətini öyrənməyə yardımçı ola bilərdi, amma olmur. Çünki biz bilmirik o hansı səhnədə şüurlu formada etdiyini dərk edirdi. Bundan əlavə biz ehtimal edə bilərik ki, intihar etmək istədiyi anda o, tək deyildi. Xanımından əlavə onun yanında Voland da iştirak edirdi. Məncə, real Voland əsəri bəyənmirdi, lakin əsərə xeyir-dua verdiyi səhnədə isə yazıçı nə etdiyini bilirdi və əbədiyyətə qovuşmaq üçün az qalmışdı.
Romanın süjetini başa düşmək üçün bəzi məqamlara toxunmaq lazımdır: Bulqakov nə etdiyinə çox ciddi yanaşan yazıçı idi. Öz gündəliyində isə yazırdı: Deyirlər ki, mənim teatr aləmində düşmənlərim çoxdu. Axı bu necə ola bilər, heç başa düşə bilmirəm. Teatr dünyası saxta və qeyri-real dünyadır.
Lakin sonra o, onun düşmənlərinin kimlər olduğunu başa düşür və əsərinin obrazlarını sadalayır. Bu bizə göstərir ki, yazıçı romanı ilə necə də yaxından mənəvi əlaqəyə sahibdir. Çox güman ki, yazıçı həyatının son günlərində elə birbaşa Master və Marqaritanın dünyasında yaşayırdı.
Əsərin obrazları özündə həddindən artıq böyük miqdarda informasiya daşıyır. Bütün bu informasiyaları saymaqla qurtarmaz, amma gözə dəyən ilk məlumat yazıçının obrazlarına olan münasibətləridir. Yazıçı zəngin üsullarla öz münasibətini yaratdığı personajlara bildirir. Şeytan və İsa peyğəmbər bu münasibətlərdə ilk yeri tutur. Yazıçının bu iki əks obraza bəslədiyi münasibətin üzərində dayanmayacağam, amma bunun mövcudluğunu bilmək yaxşı olardı. Bundan əlavə yazıçı digər obrazların timsalında da bir çox məsələyə öz münasibətini bildirir əslində. Buna baxmayaraq Bulqakovun özünü romanda axtarmağa dəyməz. Çünki heç bir obraz onun fikrinin tam daşıyıcısı sayılmır.
Final
Əsərin sonunda İyeşua (İsa) Masterə hökm çıxarır: "O, işıqlı yox, dincliyə layiqdir, onu qazanıb." İşıq və dinclik.
Bir daha fərqli formada baxaq: O, işıqsız dincliyə layiqdir. İşıqsız dinclik isə qəbrdir. Dinclikdən əlavə Master nə qazandı? Ev. Bağlı-bağatlı və rəngbərəng şüşəli ev. Orada o, Marqarita ilə birlikdə yaşayacaq və sözün düzü, xoşbəxt olacaqları da bəlli deyil. Diqqətlə baxsaq, başa düşərik ki, ruhunu şeytana satmış insan üçün bu inanılmaz dərəcədə az-minimal qazancdır. Kasıb meşşan xoşbəxtliyi? Bu finalın hər bir xırda detalına diqqətlə baxmaq lazımdır. Master qəbrdədi. Rəngbərəng şüşələr də ancaq günəş olanda gözəllik yarada biləcək. Master artıq heç nə yarada bilməyəcək, Marqarita da həmçinin. Master intellektual baxımdan sonsuzdur, Marqarita da isə çoxalmaq baxımından.
Reductio ad absurdum-polemikada yer alan vacib anlayışlardandır. Absurd həddə çatdırılma mənasını verir. Mövqeyi ilə razılaşmadığın insanla müvəqqəti də olsa, razılaşanda ona göstərməli olursan ki, əgər sən haqlı olsan və vəziyyət belə olsa, filan yolverilməz nəticələr olacaq. Bax, məhz bunu da Bulqakov edir. Ona görə də Bulqakova belə mürəkkəb konstruksiyalı əsər lazım olub. O, açıq-aşkar ictimai formada Sovet hökumətinin ateistik propaqandasını ifşa edə bilmirdi. O, ateizmə birmənalı şəkildə qarşı idi və hansı dostları ateizmlə müəyyən yaxınlaşmalar yaşayırdılarsa, yazıçı onlarla əlaqələrini kəsirdi.
Əsərin məntiqi çox realistikdir. Zülmət ideal təsvir olunub. Oxuduqca o mühitə düşməmək olmur. O mühiti yaşadıqca isə işıq və zülmət arasında olan mübarizəni rahat görmək olar. İşıq və zülmət. Sadəcə Allah və şeytan deyil, sadəcə xeyir və şər deyil, məhz işıq və zülmət mənzərəni daha yaxşı izah edir.
Belə bir yanaşma da mövcuddur ki, müasir dövrdəki inanılmaz zülmlər Allahın mövcudluğunu sübut edir. Çünki əgər bu zülmlər varsa, az da olsa, ona qarşı duranlar varsa, deməli o qarşı duranların ilahi dəstəkləri, ilahi sığınacaqları da var.
Görün, əsər keçmişi, indini və gələcəyi necə də ideal şəkildə özündə birləşdirə bilib. Əsərin özündə nə isə qeyri-insani bir şey var. O, inanılmaz dərəcədə mürəkkəb, inanılmaz dərəcədə bədii-ağır, inanılmaz dərəcədə realistik-absurd formadadır. Şəxsən mən oxuduqca inanan bilmirdim ki, bu insan təfəkkürünün məhsuludur.
Valyuta: valyuta ilə əlaqədar olan məqamları elə-belə, səbəbsiz hesab etmirəm. Burada da yazıçının çatdırmaq istədiyi olduqca böyük miqdarda informasiya var, lakin bu daha çox absurd ifşa xarakterlidir. Ehtimal etmək olar ki, yazıçı hökümətin və onun sakinlərinin bir-birinə ikili standartlarını göstərmək istəyir. Bildiyimiz kimi Sovet hökuməti üçün valyuta ticarəti qəti qadağan elan edilmişdi. Eyni zamanda biz çox yaxşı bilirik ki, qadağan olunan məsələlərə insan yarandığı gündən həvəs göstərir. Odur ki, əsərin dərk edilməsində ən əsas məqamlardan birisini "valyuta"-dır.
Şeytan, şeytan, şeytan... - Bu anlayış bəşər övladını artıq əsrlərdir ki, hədələyir. İnsan öz mahiyyətinin, varlığının qaranlıq cəhətlərini bu adla adlandırır. Öz qeyri-adekvat davranışlarını abstrakt və absurd, xəyali fantaziya məhsulunun üstünə atır. Ona göz-qaş, buynuz qoyur və hətta bəzən ona sitayiş edir. İnsan ikiüzlü olmağı çox sevir, odur ki, bu etdiklərini onun əksi olan Allah adlı abstraktizmə də həsr edir. Bu şou bədii ədəbiyyat üçün artıq neçə illərdir ki, ilham qaynağıdır.
Piklər: Pik yəni zirvə. Romanda müəyyən piklər var ki, onlar ideya qeyzerləridirlər. Onlardan olduqca irihəcmli təəssüratlar almaq olur. Məsələn, Volandın Moskva əhalisini sirkdə bir yerə toplayaraq onları izləməsi və onların özünə onların özünü tanıtdırması kimi. Bundan əlavə valyuta ilə əlaqədar olan yuxunu da unutmaq olmur. Bütün bu epizodlar çox əhəmiyyətlidir.
Digər resenziyalar: Ehtiyac yoxdur. Digər resenziyalarla maraqlandım və çox bərbad, primitiv, nostalgia xarakterli mənasız söz yığınları tapdım. Bu əsər çox ciddi əsərdi və əbədi düşüncə tələb edir.
Son nəticə
Sadəcə oxumaq lazımdır. Oxumaq və düşünmək. Hər şey göründüyü kimi deyil.
N.İbrahim