Qadin.NET / A.S.Ekzüperi "Balaca şahzadə"-11(son)

A.S.Ekzüperi "Balaca şahzadə"-11(son)

 

A.S.Ekzüperi "Balaca şahzadə"-11(son)

 

XXVI

Quyunun yanında köhnə bir daş divarın dağılmış qalıqları var idi. Ertəsi gün axşam, işdən sonra onun yanına qayıdanda uzaqdan balaca şahzadəmin divarın üstündə ayaqlarını sallayıb oturduğunu gördüm. Mən onun kiminləsə söhbət etdiyini eşitdim:

- Deməli, sən o yeri xatırlamırsan?-o deyirdi. O tam dəqiqliyi ilə bura deyil!

Şübhəsiz ki, kim isə ona cavab verdi, çünki Balaca şahzadə etiraz etdi:

- Yox! Yox! Həmin gün olmağına həmin gündür, lakin həmin yer bura deyil... Mən divara tərəf tələsdim. Hələ də heç kimi görmürdüm və heç nə eşitmirdim. Bununla belə balaca şahzadə yenidən kimə isə cavab verdi:

- Əlbəttə, sən qumda mənim ləpirlərimin haradan başladığını görəcəksən. Sənə yalnız məni orda gözləmək qalır. Bu gecə mən ora gələcəm.

Mən divardan iyirmi metr aralı idim, lakin hələ də heç nə görmürdüm. Bir az sükutdan sonra Balaca şahzadə yenə də soruşdu:

- Zəhərin güclüdürmü? Əminsənmi ki, mən uzun müddət əzab çəkməyəcəyəm?

Mən dayandım. Ürəyim sıxılırdı, lakin hələ də heç nə başa düşmürdüm... O, dedi:

- İndi get, aşağı tullanmaq istəyirəm!

Bu vaxt mən divarın aşağısına tərəf baxdım və yerimdən sıçradım! O orada idi. Başını Balaca şahzadəyə tərəf qaldırmışdı... Zəhəri ilə adamı yarım dəqiqəyə öldürə bilən həmin o sarı ilanlardan birini görürdüm. Tapancanı çıxartmaq üçün cibimi eşələyə-eşələyə ilana tərəf cumdum. Ayaq səslərimi eşidən kimi ilan qumun üstü ilə tələsmədən sürünməyə başladı, zəifləyən fəvvarə kimi xışıltısı azaldı, asta-asta daşların arasına girib yox oldu. Hövləng divara tərəf qaçdım. Özümü Balaca şahzadəyə vaxtında yetirib onu qollarımın arasına aldım. Onun bənizi qar kimi ağarmışdı.

- Bu nə qovğadır! İndi də ilanlarla söhbət edirsən?!

Həmişə boynuna bağladığı qızılı rəngli şərfi açdım. Gicgahlarını islatdım və bir az su da içirtdim. İndi cürət edib ondan heç nə soruşa bilmirdim. O, ciddi nəzərlərlə mənə baxıb qollarını boynuma doladı və məni bərk-bərk qucaqladı. Onun ürəyinin döyüntülərini hiss edirdim. Bu döyüntülər ovçu tərəfindən vurulub yerə salınmış, ölməkdə olan quş ürəyinin çırpıntılarını xatırladırdı. O, mənə dedi:

- Mən şadam ki, sən təyyarənin nasazlığını tapıb düzəltmisən. İndi evinə qayıda bilərsən...

- Hardan bildin?

Mən ona demək istəyirdim ki, bütün gözlədiklərimin əksinə olaraq maşını düzəltməyə nail oldum! Bax, bunu sənə xəbər verməyə gəlmişdim. O, mənim sualıma cavab vermədi, amma əlavə etdi:

- Mən də bu gün evimə qayıdıram...

 

A.S.Ekzüperi "Balaca şahzadə"-11(son)

 

 

Sonra kədərli halda əlavə etdi:

- Mənim evim çox uzaqdadır... Ora gedib çıxmaq çox çətindir...

Mən yaxşı hiss edirdim ki, nə isə qeyri-adi bir şey baş verir. Mən onu balaca uşaq kimi qollarımın arasına alıb qucaqladım, amma mənə elə gəlirdi ki, qollarım arasından qopub düz ağzı aşağı, uçuruma, fəlakətə doğru gedəcək balaca dostumu bu yoldan saxlamağa iqtidarım çatmayacaq. Onun sərt və ciddi baxışları harasa uzaqlara, ənginliklərə dikilmişdi.

- Sənin qoyunun məndədir. Onun üçün yeşik də. Hələ buruntac da...

O, qəmli-qəmli gülümsədi. Mən uzun müddət gözlədim. Hiss edirdim ki, o, yavaş-yavaş isinir, özünə gəlir:

- Əzizim, sən yaman qorxdun ha...

Əlbəttə, o, bərk qorxmuşdu! Lakin, o, xəfifcə güldü:

- Bu axşam mən bundan da betər qorxacağam...

Dəfedilməz bədbəxtlik hissi mənə hakim kəsildi. Doğrudanmı mən onun gülüşlərini bir daha eşitməyəcəm? Bu mənə dözülməz dərəcədə ağır gəlirdi. Axı həmin gülüşlər mənim üçün səhrada bulaq kimi bir şey idi.

- Əzizim, mən yenə də sənin gülüşünü eşitmək istəyirəm.

Lakin o dedi:

- Bu gecə il tamam olacaq. Mənim ulduzum keçən il düşdüyüm yerin düz üstündə bərqərar olacaq.

- Əzizim, bütün bunların hamısı-ilan əhvalatı da, görüş də, ulduz məsələsi də pis və qorxulu yuxudan başqa bir şey deyil, razısanmı?

Lakin o, mənim sualıma cavab vermədi. Mənə dedi:

- Ən əhəmiyyətli şeylər gözlə görmədiklərimizdir.

- Əlbəttə.

- Qızılgül kimi. Uzaqdakı bir gülü sevirsənsə, gecələr ulduzlara baxmaq xoş olur. Bütün ulduzlar gül açır.

- Əlbəttə.

- Ya da ki, su. Xatırlayırsanmı... sənin mənə verdiyin su, elə bil musiqi idi, kəndirdən və çarxdan süzülüb gələn su. O, çox dadlı idi.

- Əlbəttə.

- Gecələr sən ulduzlara baxırsan. Mənim ulduzum çox balacadır, onu sənə göstərə bilmirəm. Belə yaxşıdır. Mənim ulduzum sənə görə çoxsaylı ulduzlardan biri olacaq. Onda sən bütün ulduzlara baxmağı sevəcəksən. Onların hamısı sənin dostun olar. İndi isə sənə bir hədiyyəm var.

O, yenə də güldü.

- Ah! Balaca əzizim, mən bu gülüşü bilsən, nə qədər xoşlayıram!

- Elə bu da mənim sənə hədiyyəm olacaq... Su kimi...

- Nə demək istəyirsən?

- Demək istəyirəm ki, hər adamın öz ulduzu var. Ulduzlar bir-birinə bənzəmir. Onlar ayrı-ayrı funksiyalar yerinə yetirir. Bəzilərinə səyyahlara ulduzlar bələdçilik edir. Digərləri üçün onlar balaca işıqlardan başqa bir şey deyil. Bəziləri üçün isə məsələn, alimlər üçün onlar problemdir. Mənim biznesmenim üçün onlar qızıldır. Lakin bütün adamlar üçünsə ulduzlar laldır, susurlar. Dinib danışmırlar. Sənin isə heç kimin ulduzuna bənzəməyən ulduzların olacaq.

- Bunu necə başa düşməli?

- Gecələr sən səmaya baxacaqsan, çünki orada mənim yaşadığım, mənim güldüyüm ulduz var. Sənə elə gələcək ki, bütün ulduzlar gülür. Sənin də gülə bilən ulduzların olacaq!

O, bir daha güldü.

- Sən təsəlli tapanda (gec-tez hamı təsəlli tapır.) mənimlə tanışlığından məmnun olacaqsan. Sən həmişə mənim dostum olacaqsan. Sən mənimlə birlikdə gülmək istəyəcəksən. Hərdən pəncərəni, bax beləcə şadyanalıq üçün taybatay açacaqsan. Sənin dostların isə sənin səmaya baxıb güldüyünü görüb çox təəccüblənəcəklər. Onda sən onlara deyəcəksən: "Bəli, bəli, mən ulduzlara baxanda həmişə gülürəm!" Onlar güman edəcəklər ki, dəli olubsan. Mən də sənin başına bekara bir oyun açacam.

O, yenə güldü.

- Elə çıxacaq ki, mən sənə ulduzların əvəzinə bir yığın gülən zinqırov vermişəm.

O, bir daha güldü. Sonra yenidən ciddiləşdi:

- Bu gecə... bilirsənmi... yaxşı olar gəlməyəsən...

- Mən səni tək qoymayacağam.

- Sənə elə gələcək ki, əziyyət çəkirəm... hətta elə fikirləşəcəksən ki, mən ölürəm. Bax, belə. Bütün bunları görməsən yaxşıdır. Heç görməyinə dəyməz də.

- Mən səni tənha buraxmayacam.

O bir az qayğılı və dalğın görünürdü.

- Onu da deyim ki... burada ilan məsələsi var... O, səni çala da bilər. İlanlar çox qəddar olur. Onlar elə-belə, kef üçün də adam çalırlar.

- Mən səninlə, sənin yanında olacam.

 

A.S.Ekzüperi "Balaca şahzadə"-11(son)

 

 

Amma nədənsə birdən-birə sakitləşdi:

- Doğrudur, onların zəhəri bir dəfə sancmaq üçün çatır. İkimizi də çala bilməz.

Həmin gecə mən onun necə getdiyini görmədim. O, səssiz-səmirsiz sürüşüb aradan çıxmışdı. Mən ona arxadan çatanda o qəti və iri addımlarla irəliləyirdi. O, yalnız bunu dedi:

- Ah! Sən burdasan.

Əlimdən tutdu. Çox narahat görünürdü yenə:

- Nahaq gəldin. İztirab keçirəcəksən. Sənə elə gələcək ki, mən ölürəm, amma belə olmayacaq.

Mən isə susurdum.

- Görürsənmi... çox uzaqdır. Mən bu bədəni ora apara bilmərəm, çox ağırdır.

Mən isə susurdum.

- Bədəni tərk etmək, köhnə qlafı, köhnə qabığı tərk etmək kimi bir şeydir. Bunun üçün kədərlənməyə dəyməz...

Mən isə susurdum. O bir az ruhdan düşdü. Lakin yenə səy etdi:

- Bilirsənmi, hər şey yaxşı olacaq. Mən də həmçinin, ulduzlara baxacam. Ulduzların hamısı mənim üçün çarxı cırıldayan quyular kimi olacaq. Ulduzların hamısı mənə su süzəcəklər...

Mən isə susurdum.

- Bu elə maraqlı olacaq ki! Sənin beş yüz milyon zınqrovun olacaq, mənimsə beş yüz milyon quyum...

O da həmçinin, susdu, çünki ağlayırdı...

- Gəlib çatdıq. Qoy bu addımı sənsiz, tək atım.

O oturdu, çünki qorxurdu. O, yenidən sözə başladı:

- Bilirsənmi mənim gülüm... Mən ona cavabdehəm! O elə zəifdir ki! Elə sadəlövhdür ki! Özünü qorumaq üçün onun vur-tut dörd tikanı var. Dörd tikandan başqa dünyada heç nəyə gümanı gəlmir.

Mən də oturdum, çünki daha ayaq üstə dura bilmirdim. O dedi:

- Budur... hər şey bitdi...

O, bir az tərəddüd etdi, sonra isə ayağa qalxdı. Bir addım atdı, mən isə tərpənə bilmirdim. Onun topuğunun yanında sarı bir parıltı göründü. O, bir an hərəkətsiz donub qaldı. O qışqırmadı. Ağac yıxılan kimi o, yavaşca yerə çökdü. Qumun üstünə yıxıldığından hətta səs də eşidilmədi.

XXVII

İndi isə o vaxtdan artıq altı il keçib... Mən bu əhvalatı hələ heç vaxt heç kimə nəql etməmişəm. Məni yenidən görən yoldaşlarım sağ-salamat olduğumu gördüklərinə çox şad idilər. Mən qəmli-ələmli idim, lakin dostlara deyirdim: "Bu, yorğunluqdandır..."

İndi isə bir az sakitləşmişəm. Daha doğrusu... tamamilə yox. Amma yaxşı bilirəm ki, o, artıq öz planetinə qayıdıb, çünki hava işıqlananda onun cəsədini qumun üstündə tapa bilmədim. Bu, o qədər də ağır cəsəd deyildi... Axşamlar isə ulduzlara qulaq asmağı xoşlayıram. Onlar elə bil ki, beş yüz milyon zinqırovdur. Amma bir şey məni mütəəssir edir. Balaca şahzadənin qoyunu üçün çəkdiyim buruntaca dəridən qayışı çəkməyi unutmuşam! Onu heç vaxt qoyunun başına keçirə bilməyəcək. Bu halda mən öz-özümdən soruşuram: "Görəsən onun planetində nə təzə xəbər? Çox güman ki, qoyun gülü yeyib..." Bəzən öz-özümə deyirəm: "Əlbəttə ki, yox! Balaca şahzadə bütün gecələri öz gülünü şüşə örtüyün altında saxlayır və öz qoyununa da yaxşı nəzarət edir..." Onda mən özümü xoşbəxt sanıram. Bütün ulduzlar da xısın-xısın gülürlər. Bəzən də öz-özümə deyirəm: "Bir dəfə, iki dəfə fikir dağınıq olsa, hər şey baş verə bilər! Birdən o, axşam şüşə örtüyü unutdu və ya qoyun səssiz-səmirsiz gecə vaxtı ağıldan çıxdı." Onda bütün zınqrovlar ağlayacaq...!

Əsl böyük sirr də elə bundadır. Necə ki mənim üçün, eləcə də Balaca şahzadəni sevən sizlər üçün laqeydlik bağışlanılmaz əməldir. Kainatın hər hansı regionunda haradasa tanımadığımız bir qoyunun bir qızılgülü yeməsinə laqeyd qala bilmərik. Dünya gözəllikdən, bər-bəzəkdən məhrum olar, bəlkə də yox... Səmaya baxın. Öz-özünüzdən soruşun: "Görəsən qoyun qızılgülü yedi, ya yox?" Siz onda görəcəksiniz ki, hər şey dəyişib başqa cür olacaq. Bunun nə qədər əhəmiyyətli olduğunu böyüklər heç zaman başa düşə bilməyəcək!

Son

6 mart 2015
GO BACK