XXII
- Salam,-Balaca şahzadə dedi.
- Salam,-yolayıran salamı aldı.
- Sən burada nə edirsən?-deyə Balaca şahzadə soruşdu.
- Mən sərnişinləri seçib min-min ayırıram və onları qatarla yola salıram,-yolayıran cavab verdi,-Onları aparan qatarın birini sağa digərini isə sola göndərirəm.
Yaxşı işıqlandırılmış sürət qatarı göy gurultusunu xatırladan gurultulu səslə elə ötüb keçdi ki, yolayıranın budkası əsim-əsim əsdi. Balaca şahzadə təəccüblə:
- Onlar nə yaman tələsirlər. Görəsən nə axtarırlar?
- Bunu maşinistin heç özü də bilmir,-deyə yolayıran cavab verdi.
Əks istiqamətdə hərəkət edən daha bir sür ət qatarı. O da işıq saça-saça gurultu ilə ötüb keçdi.
- Onlar artıq qayıdırlar?-deyə Balaca şahzadə soruşdu.
Yolayıran dedi:
- Yox, bu başqa qatardır. Əks istiqamətə gedir.
- Olduqları yerdən razı qalmadılar?
- Adam heç vaxt olduğu yerdən razı qalmır,-yolayıran cavab verdi.
Üçüncü sürət qatarı işıq saça-saça guruldadı. Balaca şahzadə soruşdu:
- Bu sərnişinlər bayaqkılara çatmaq istəyirlər?
- Onlar heç nə istəmirlər,-deyə yolayıran cavab verdi.
- Onlar qatarda yatırlar, ya da əsnəyirlər. Təkcə uşaqlar burunlarını şüşəyə yapışdırıb bayıra baxırlar.
Balaca şahzadə dedi:
- Təkcə uşaqlar nə etdiklərini bilirlər. Onlar parçadan düzəldilmiş bir gəlinciyə ürəklərini bütövlükdə verirlər. Həmin gəlincik uşaqlar üçün son dərəcə qiymətli bir şeyə çevrilir. Əgər o gəlinciyi uşaqların əlindən tutub alsan, onlar ağlayarlar.
Yolayıran dedi:
- Onların bəxti gətirib.
XXIII
- Salam,-Balaca şahzadə dedi.
- Salam,- tacir onun salamını aldı.
Bu, təkmilləşdirilmiş həb taciri idi. Bu həb susuzluğu dər hal yatırırdı. Birini qəbul etsən, bütün həftə boyu su içmək istəməzsən.
- Sən bunu niyə satırsan? -deyə Balaca şahzadə soruşdu. Tacir dedi:
- Bu, vaxta qənaət etmək üçün mühüm bir şeydir. Onu atanda, mütəxəssislərin hesablamalarına görə, həftədə əlli üç dəqiqəyə qənaət edirsən.
- Bəs bu əlli üç dəqiqədə nə etmək olar?
- Nə istəyirsən, onu da elə...
Balaca şahzadə öz-özünə fikirləşir: "Əgər mənim həftədə əlli üç dəqiqə artıq vaxtım olsaydı, tələsmədən, yavaş-yavaş bulağa tərəf gedərdim..."
XXIV
Səhrada qəzaya düşdüyüm gündən bir həftə keçirdi. Götürdüyüm su ehtiyatının son damcısını içə-içə tacirin hekayətinə qulaq asırdım.
Mən Balaca şahzadəyə dedim:
- Ah! Sənin xatirələrin necə də gözəldir, lakin mən təyyarəmi hələ təmir etməmişəm. İçməyə daha suyum da qalmayıb. Sənin dediyin kimi, mən də yavaş-yavaş bulağa tərəf gedə bilsəydim, özümü xoşbəxt sayardım.
O, mənə dedi:
- Mənim dostum tülkü...
- Ay mənim əzizim, indi tülkü-mülkü vaxtı deyil!
- Niyə?
- Çünki, susuzluqdan öləcəyəm...
O, mənim fikrimi başa düşmədən cavab verdi:
- Adam lap öləndə də dostu olmaq yaxşı şeydir. Məsələn, mən çox şadam ki, tülkü kimi dostum var...
Mən öz-özümə dedim: "O, təhlükənin böyüklüyünü təsəvvür etmir. Ona nə var, aclığın və susuzluğun nə olduğunu o heç vaxt bilməmişdi. Bir az günəş şüası onun üçün kifayətdir..." Lakin o mənə baxdı və fikirlərimi oxuyurmuş kimi cavab verdi:
- Mən də su istəyirəm... Gəl, bir quyu axtaraq...
Mən yorğunluqdan əlimi ahəstə-ahəstə tərpətdim: bu ucsuz-bucaqsız səhrada bəxtəbəxt quyu axtarmaq boş şey idi. Bununla belə biz quyu axtarışına başladıq. Lal-dinməz saatlarla getdik. Gecə düşdü, ulduzlar səmada parlamağa başladı. Susuzluqdan bədənimə qızdırma-titrətmə gəlmişdi, ulduzları mən sanki yuxuda görürdüm. Balaca şahzadənin sözləri xatirəmdən çıxmırdı.
- Deməli, sən də susuzsan?-deyə ondan soruşdum.
Lakin o, mənim sualıma cavab vermədi. Sadəcə mənə dedi:
- Suyun ürəyə də xeyri ola bilər...
Onun cavabını başa düşməsəm də, dübarə heç nə soruşmayıb susdum... Mən yaxşı bilirdim ki, onu sorğu-suala tutmaq lazım deyil.
Balaca şahzadə yorulmuşdu. O oturdu. Mən də onun yanında oturdum. Bir az sükutdan sonra o yenə dedi:
- Mənim tənha gülümün sayəsində ulduzlar da gözəl görünür. Heyf ki, buradan gülü görə bilmirik...
Ay işığında apaydın görünə dalğa-dalğa qumlardan gözümü çəkmədən,-Əlbəttə, düz deyirsiniz,-deyə onun dediklərini təsdiqlədim.
- Səhra gözəldir. -deyə o, əlavə etdi.
Bu, doğrudan da, belə idi. Səhra mənim həmişə xoşuma gəlib. Bir qum təpəsinin üstündə oturursan. Heç nə görmürsən. Heç nə eşitmirsən. Bununla belə bu sakitlikdə nə isə parıldayır, nə isə işarır... Balaca şahzadə dedi:
- Səhranı daha gözəl eləyən onun haradasa gizlətdiyi bulağın varlığıdır...
Məni təəccübləndirən o idi ki, qumlardan gələn əsrarəngiz nur işığının məlahətini mən birdən-birə anladım, hiss etdim. O zamanlar, lap balaca olanda köhnə bir evdə yaşayırdım. Söz-söhbət gedirdi ki, həmin evdə guya xəzinə basdırılıb. Deyilənlərə görə gizlədilmiş xəzinəni indiyə kimi tapan olmayıb, bəlkə də heç axtaran da olmayıb. Bəlkə elə o gizlədilmiş dəfinəyə görə evimiz çox füsunkar və heyrətamiz dərəcədə gözəl görünürdü. Axı ev öz sinəsinin dərinliyində mühüm bir sirr gizlədirdi...
Mən Balaca şahzadəyə dedim:
- Elədir, fərqi yoxdur, söhbət nədən gedir, evdən, ulduzlardan, ya da səhradan. Onların gözəlliyi gözümüzlə görə bilmədiklərimizdir.
Balaca şahzadə dedi:
- Mən şadam ki, sən mənim dostum tülkümlə eyni fikri bölüşdürürsən.
Balaca şahzadə yuxuya getdiyindən mən onu qucağıma götürüb yoluma davam etdim. Həyəcanlı idim. Mənə elə gəlirdi ki, ufaq və zərif bir xəzinə aparıram. Elə bir xəzinə ki, ondan daha zərifi yer üzündə olmayıb. Mən, ay işığında bu solğun alına, bu qapanmış gözlərə, küləyin dalğalandırdığı bu çəngə-çəngə saça baxırdım və öz-özümə deyirdim: "Mənim bu gördüyüm yalnız zahirdir, qabıqdır. Ən əhəmiyyətlisi isə görünməzdir..." Onun yarıaçıq dodaqlarında güclə sezilə biləcək təbəssümü görüb mən yenə öz-özümə dedim: "Məni bu yatmış Balaca şahzadədə ən çox cəlb edən onun birgülə qarşı olan sədaqətidir, hətta yatanda belə lampa işığı kimi üzündə bərq vuran sevimli qızılgülünün surəti sezilirdi..." Mən onun göründüyündən daha zərif olduğunu duydum. Lampaları yaxşı mühafizə etmək, qorumaq lazımdır; ani bir külək nəfəsi onları söndürə bilər... Beləcə gəzə-gəzə dan yeri söküləndə nəhayət bir quyu aşkar etdim.
XXV
Balaca şahzadə dedi:
- İnsanlar sürət qatarlarına doluşurlar. Amma nə axtardıqlarını özləri də bilmirlər. Sonra başlayırlar hərəkət etməyə, eyni çevrə ətrafında fırlanmağa...
Sonra o əlavə etdi:
- Hamısı da lazımsız və lüzumsuz...
Bizim gəlib çatdığımız quyu heç də səhra quyularına oxşamırdı. Səhra quyuları adətən qumda qazılmış sadə yarğanlar olur. Bu isə əsil kənd quyusuna oxşayırdı. Lakin maraqlıdır ki, oralarda heç bir kənd-zad yox idi və mənə elə gəlirdi ki, yuxu görürəm. Balaca şahzadəyə
dedim:
- Qəribədir, burada hər şey hazırdır: çarx da, vedrə də, kəndir də...
O güldü, kəndirə toxundu və çarxı hərlətdi. Quyu çarxı uzun müddət istifadə olunmadığından cırıldadı. Onun cırıltısı küləyin çoxdan olmaması ucbatından pas atmış köhnə yelqovanın cırıltısını xatırlatdı.
- Eşidirsənmi? -deyə Balaca şahzadə dilləndi,-biz bu quyunu oyadırıq, o da şadlığından oxuyur...
Mən istəmirdim ki, o güc işlədib yorulsun. Ona görə də dedim:
- Sənin üçün bu, çox ağırdır.
- Qoy suyu mən çəkim, sənin gücün çatmaz. Bu ağır işdir.
Dolu vedrəni ehmalca çəkib çıxartdım və onu quyunun qırağına qoydum. Çarxın nəğməsi qulaqlarımda hələ də səslənirdi və hələ də çalxalanan suda günəşin rəqs edən əksini görürdüm. Balaca şahzadə dedi:
- Bu sudan içmək istəyirəm, ver ondan içim...
Mən onun nə axtardığını indi başa düşdüm. Vedrəni onun dodaqları səviyyəsinə qaldırdım. Gözlərini yumub doyunca içdi... Balaca şahzadə üçün elə bil toy-bayram idi. Bu su qida maddəsi kimi anladığımız adi su deyildi. O, ulduzların altında getdiyimiz uzun yollardan, çarxın nəğməsindən, qolların qüdrətindən yaranmış su idi. Ürəyə məlhəm, ürəyə hədiyyə idi bu su. Hədiyyədən söhbət getmişkən, mən balaca oğlan olduğum vaxtlar Yeni il yolkasının çil-çıraqlarından, gecə yarısı eşidilən kilsə musiqisindən, aldığım Yeni il hədiyyələrinin bəxş etdiyi sevinc və təbəssümlərdən xoşhal və xoşbəxt olduğumu indi də unutmuram. Balaca şahzadə dedi:
- Sizin adamlar eyni bir bağçada beş min qızılgül yetişdirirlər... və axtardıqlarını orda tapa bilmirlər..
- Tapa bilmirlər,-deyə mən razılaşdım.
- Axı, onlar axtardıqlarını tək bir qızılgüldə və ya bir qurtum suda tapa bilərdilər.
- Əlbəttə,-deyə mən cavab verdim.
Balaca şahzadə əlavə etdi:
- Gözlər kordur. Ürəklə, qəlblə axtarmaq lazımdır.
Mən su içdim. İndi yaxşı nəfəs alırdım. Dan yeri söküləndə qum bal rənginə çalırdı. Bu mənzərədən ürəyim açılırdı, özümü xoşbəxt sayırdım. Kədərlənməyə heç bir əsas da yox idi.
- Lazımdır ki, sən vədinə əməl edəsən,-deyə yenidən yanımda əyləşmiş Balaca şahzadə astadan mənə müraciətlə dedi.
- Hansı vəd?
- Yadındamı... mənim qoyunum üçün burun-tac... Mən bu gül üçün cavabdehəm axı!
Mən cibimdən şəkil eskizlərimi çıxartdım. Balaca şahzadə onlara baxıb gülə-gülə dedi:
- Sənin çəkdiyin baobablar bir az kələmə oxşayır.
- Oho!
- Mən isə öz baobablarımla necə də fəxr edirdim!
- Sənin tülkünün... onun qulaqları... onlar o qədər uzundur ki, lap buynuza oxşayırlar!...
O, yenə də güldü.
- Sən haqlı deyilsən, əzizim, etiraf edim ki, mən şəkil çəkə bilmirəm. İlanı xaricdən və daxildən çəkməkdən savayı.
- O! Bu da yarayar, pis deyil, uşaqlar başa düşərlər,-deyə məni sakitləşdirmək istədi.
Mən qələmlə bir buruntac çəkdim. Bu şəkli Balaca şahzadəyə verəndə ürəyim sıxıldı:
- Nəsə fikirli görünürsən, bu barədə mənə demək də istəmirsən... Mən istərdim sənin istək-arzundan xəbərdar olum...
Lakin cavab vermədi, sadəcə olaraq dedi:
- Bilirsənmi, mənim Yer kürəsinə düşməyimin... sabah bir ili tamam olur...
Bir az sükutdan sonra o, yenə dilləndi:
- Mən lap bu yaxınlara düşmüşdüm...
O qızardı. Heç özüm də bilmədən yenidən qəribə bir kədər hissi keçirdim, ovqatım pozuldu. Bununla belə ağlıma belə bir sual gəldi:
- Yadındamı, bir həftə əvvəl bütün yaşayış yerlərindən min mil aralı tamamilə tənha gəzişdiyin səhər? Onda bizim tanışlığımız təsadüfi olmadı, eləmi? Sən həmin düşdüyün nöqtəyə qayıdırdınmı?
Balaca şahzadə lap bərk qızardı. Mən tərəddüdlə əlavə etdim:
- Bəlkə ildönümünə görə?...
O, yenə də qızardı. O, sualların heç birinə cavab vermirdi, lakin qızarmaq elə "hə" deməkdir, deyilmi?
Mən ona dedim:
- Ah! Mən qorxuram...
O isə cavabında:
- Sən indi işləməlisən. Maşınının yanına qayıtmalısan. Mən səni buradaca gözləyirəm. Sabah axşam qayıt...
Nədənsə ürəyim sakit deyildi. Tülkünü xatırlayırdım. Əhliləşməyə verdiyin razılığa görə ağlamalı olursan.
Ardı var...