Qadin.NET / A.S.Ekzüperi "Balaca şahzadə"-8

A.S.Ekzüperi "Balaca şahzadə"-8

A.S.Ekzüperi "Balaca şahzadə"-8

XVI

Balaca şahzadənin getdiyi yeddinci planet Yer oldu. Yer sizin düşündüyünüz qədər sadə planet deyil! Burada yüz on bir kral (əlbəttə, zəncilərin krallarını unutmamaq şərtilə), yeddi min coğrafiyaşünas, doqquz yüz min biznesmen, yeddi milyon yarım əyyaş, üç yüz on bir milyon şöhrətpərəst, təxminən iki milyarda yaxın yaşlı vardır. Yerin böyüklüyü haqda sizdə doğru təsəvvür yaratmaq üçün deyim ki, elektrik işığı ixtira edilməmişdən qabaq, altı qitənin hamısında dörd yüz altmış iki min beş yüz on bir fənərçidən ibarət böyük bir ordu saxlamaq lazım gəlirdi. Kənardan baxanda fənərçilərin hərəkəti gözəl bir tamaşanı xatırladırdı. Burada hər şey, bütün hərəkətlər opera baletində olduğu kimi dəqiq nizamlanmışdı. Əvvəlcə, Avstraliya və Yeni Zelandiya fənərçilərinin çıxışı başlayırdı. Onlar öz fənərlərini yandırdıqdan sonra hamılıqla yatmağa gedirdi. Sonra Sibir və Çin fənərçiləri öz növbələrində rəqsə daxil olurdular. Sonra isə

onlar da həmçinin pərdə arxasına keçirdilər. Onların ardınca Hindistan və Rusiya fənərçilərinin növbəsi gəlib çatırdı. Sonra Avropa və Afrika fənərçilərinin növbəsi. Bundan sonra Cənubi Amerikalılar. Daha sonra Şimali Amerikalılar. Beləliklə, səhnəyə çıxarkən onların nizamı heç vaxt pozulmurdu, ardıcıllığa böyük dəqiqliklə hörmət olunurdu. Bu əzəmətli idi. Təkcə, iki fənərçinin, Şimal qütbündəki yeganə fənəri yandıran fənərçinin və onun həmkarı, cənub qütbünün yeganə fənərçisinin işi yüngül və xətərsiz idi. Onlar qayğısız bir həyat tərzi keçirirdilər. İldə yalnız iki dəfə işləyirdilər.

XVII

Nəsə ağıllı bir şey demək istəyəndə bəzən qeyri-ixtiyari olaraq dediklərinin gözünə bir az da yalan qatmalı olursan. Mən sizə fənərçilərdən danışanda bir az haqsızlığa yol verdim. Bizim planetimizi tanımayanlarda qorxuram ki, bu haqda yanlış təsəvvür yaransın. Adamlar yer üzərində çox az yer tuturlar. Əgər yer üzərində məskunlaşmış iki milyard əhalinin hamısı nümayişdə olduğu kimi ayaqüstə bir az da sıx və mehriban vəziyyətdə bir yerə toplaşsa, onlar eni və uzunu iyirmi mil olan kütləvi bir meydana rahatca sığarlar. Bəşər övladlarının hamısını Sakit okeanın ən balaca adasında yerləşdirmək olardı. Böyüklər, şübhəsiz ki, sizə inanmayacaqlar. Onlara elə gəlir ki, çox yer tuturlar. Onlar özləri-özlərini baobab ağacları kimi əhəmiyyətli və təşəxxüslü sayırlar. Onda siz onlara dəqiq hesab aparmağı məsləhət görün. Bu onların xoşuna gələcək. Axı böyüklər rəqəmləri çox sevirlər. Siz isə bu hesablamaya-zada vaxt sərf etməyin, mənasız şeydir. Siz mənə onsuz da etibar edirsiz və inanırsız. Yer üzərinə gəlib çıxan kimi Balaca şahzadə heç bir bəni-insan görmədiyindən çox təəccübləndi. Səhvən başqa bir planetə gəlib çıxdığını güman etdiyindən qorxu hissi onu çulğadı. Elə bu

vaxt qumun üstündə ay rəngli halqavari bir şeyin tərpəndiyini gördü. Balaca şahzadə hər ehtimala qarşı ona:

- Axşamınız xeyir,-dedi.

A.S.Ekzüperi "Balaca şahzadə"-8

- Hər vaxtınız xeyir,-ilan cavab verdi.

- Mən indi hansı planetdəyəm?-deyə Balaca şahzadə soruşdu.

- Yerdə, özü də Afrikada,-deyə ilan cavab verdi.

- Hə, belə de! Bəs yer üzündə adam yaşamır?

- Bura səhradır. Səhralarda adam yaşamır. Amma Yer kürəsi böyükdür,-ilan cavab verdi.

Balaca şahzadə bir daşın üstündə oturub gözlərini səmaya tərəf qaldırdı.

- Mən öz-özümə deyirəm ki, ulduzlar yəqin ona görə işıqlandırılıb ki, qoy hər kəs öz ulduzunu bir gün axtarıb tapa bilsin. Mənim planetimə bax. O, düz bizim başımızın üstündədir... Bizdən nə çox uzaqdadır!

- Sənin planetin gözəldir. Bəs bura, Yerə nə üçün gəlmisən?-ilan soruşdu.

Balaca şahzadə dedi:

- Mənim bir gül ilə bəzi çətinliklərim var.

- Ah!-ilan inildədi və sonra hər ikisi susdu.

- Adamlar bəs haradadır?-deyə Balaca şahzadə, nəhayət, bir də dilləndi. Səhrada tənhalıqdır...

İlan dedi:

- Adamların özləri də əsasən tənhadır.

Balaca şahzadə ilanı uzun-uzadı süzdü!

- Sən qəribə heyvansan,-nəhayət o, ilana dedi, -bir barmaq nazikliyindəsən...

İlan etiraz edərək:

- Mənim gücüm kral barmağının gücündən qat-qat çoxdur,-dedi.

Balaca şahzadənin dodaqlarında təbəssüm göründü:

- Sən o qədər də qüdrətli deyilsən... Sənin heç pəncələrin də yoxdur... Heç səyahət də edə bilmirsən.

İlan etiraz edərək dedi:

- Mən səni gəmilərin apara biləcəyindən də uzaq mənzilə apararam.

O qızıl bilərzik kimi Balaca şahzadənin topuğuna sarıldı.

- Mən kimə toxunsam, onu yarandığı torpağa qaytararam,-deyə o bir daha qeyd etdi. Lakin sən paksan, təmizsən, ulduzdan gəlirsən...

Balaca şahzadə cavab vermədi. İlan sözünə davam edərək:

- Sənə yazığım gəlir. Sən bu qranit kimi möhkəm Yer üzündə çox zəif görünürsən. Əgər sən bir gün öz planetin üçün darıxsan, Yer üzərinə gəlməyinə təəssüflənsən, mən sənə kömək edə bilərəm. Mən səni...

Balaca şahzadə dedi:

- O! Mən səni çox yaxşı başa düşdüm. Amma niyə sən həmişə müəmmalı danışırsan?

- Mən bütün müəmmaları həll edirəm,-ilan dedi.

Sonra hər ikisi susdu.

A.S.Ekzüperi "Balaca şahzadə"-8

XVIII

Balaca şahzadə səhranı başdan-başa keçdi, yolda vur-tut yalnız bircə gülə rast gəldi. Bu üç ləçəkdən başqa heç nəyi olmayan təmtəraqsız adi bir gül idi...

- Salam,-deyə şahzadə onu ədəb-ərkanla salamladı.

- Salam,-deyə gül ona cavab verdi.

- Bəs hardadır adamlar? -deyə Balaca şahzadə nəzakətlə soruşdu.

Gül günlərin bir günü bir karvan keçdiyini görmüşdü:

- Adamlar? Hə, yadımdadır. Mənə elə gəlir ki, onlar ya altı, ya da yeddi nəfər idi. Mən onları neçə il bundan əvvəl görmüşəm. Amma bilmirəm onları neçə tapmaq olar. Külək onları idarə edir, əsdiyi səmtə aparır. Onların kökləri olmadığından çox əziyyət çəkirlər.

- Əlvida,-Balaca şahzadə dedi.

- Əlvida,-gül dedi.

XIX

Balaca şahzadə uca bir dağa qalxdı. İlk dəfə idi ki, o, belə hündür dağ görürdü. Onun indiyə qədər tanıdığı yeganə dağlar dizindən olan üç vulkan idi. O, da bu sönmüş vulkanlardan kətil kimi istifadə edirdi. "Bunun kimi hündür bir dağın zirvəsindən bir nəzər salmaqla,-deyə, o, öz-özünə fikirləşdi,-mən bütün planeti və bütün insanları görə bilərəm"... Lakin o, sıldırım qayaların şiş uclarından başqa heç nə görmədi. O, hər ehtimala qarşı dedi:

- Salam.

- Salam... salam.. salam,-əks-səda eşidildi.

- Siz kimsiniz?-deyə Balaca şahzadə soruşdu.

- Siz kimsiniz... siz kimsiniz... siz kimsiniz,-əks-səda eşidildi.

- Gəlin, dost olaq, mən təkəm,-o dedi.

- Mən təkəm... mən təkəm... mən təkəm,-əks-səda eşidildi.

"Nə qəribə planetdir! -deyə Balaca şahzadə düşündü. Tamamilə quru, ucu şiş qayalar, büsbütün duz qatı ilə örtülü bir planet. İnsanları da dərin ağıllı deyil. Onlar tutuquşu kimi yalnız deyilənləri təkrar edirlər... Planetimdə bir gülüm var idi: söhbətə həmişə, o, birinci başladı..."

XX

İş elə gətirdi ki, Balaca şahzadə qarlı, qumlu, qayalı yerlərdə xeyli gəzib-dolaşandan sonra, nəhayət, gəlib bir yola çıxdı. Bütün yollar isə bir qayda olaraq insanlara doğru aparır. O dedi:

- Salam.

O, qızılgüllər açmış bir bağa gəlib çıxmışdı.

- Salam,-deyə qızılgüllər cavab verdilər.

Balaca şahzadə onlara baxdı. Bu güllərin hamısı necə də onun gülünə oxşayırdı.

- Siz kimsiniz?-deyə Balaca şahzadə heyrətlə onlardan soruşdu.

-Biz qızılgüllərik,-deyə onlar cavab verdilər.

- Aha!-Balaca şahzadə fikrə getdi.

Birdən-birə o, özünü çox bədbəxt hiss elədi. Gülünün ona bütün kainatda yeganə olması haqqında danışdıqlarını xatırladı. Lakin budur, eynilə həmin güldən beş mini! Özü də hələ təkcə bir bağda! "Mənim gülüm bu gülləri görsəydi, özünü bütünlüklə təhqir olunmuş hesab edərdi...-deyə o, öz-özünə fikirləşdi. O, möhkəm öskürərdi və gülünc vəziyyətə düşməmək üçün özünü elə göstərər ki, guya ölür. Mən isə ona qulluq etmək məcburiyyəti qarşısında qalardım. Əks halda o, məni alçaltmaq üçün ölə bilərdi..." O, öz-özünə yenə fikirləşdi: "Mən dünyada nadir, bəlkə də yeganə bir gülə sahib olduğumu güman etdiyimdən özümü zəngin sayırdım. Sən demə, mənim qızılgülüm minlərlə adi güllərdən biri imiş. Mənim varım-yoxum vur-tut bu güldən və dizimə qədər boy verən, bəlkə də həmişəlik sönmüş üç vulkandan ibarətmiş. Vulkanlardan biri də sönmüşdür, bəlkə də həmişəlik. Bu mənim yaxşı şahzadə olmağıma dəlalət eləmir..." O otların üstünə uzanıb ağladı.

Ardı var...

10 fevral 2015
GO BACK