Qadin.NET / A.S.Ekzüperi "Balaca şahzadə"-7

A.S.Ekzüperi "Balaca şahzadə"-7

 

A.S.Ekzüperi "Balaca şahzadə"-7

 

XIV

Beşinci planet çox maraqlı idi. Bu, planetlərin ən balacası idi. Orda vur-tut küçə fənəri və fənərə baxan üçün yer elə ancaq çatırdı. Balaca şahzadə heç cürə başa düşə bilmirdi ki, hardasa bu səmada, evsiz-eşiksiz, eləcə də əhalisiz bir planetdə küçə fənərinin və fənərçinin olması kimə lazım idi. Bununla belə o, öz-özünə düşündü: "Bəlkə bu adam da absurddur. Bununla belə kral, şöhrətpərəst, biznesmen və əyyaş, bu adama baxanda daha çox absurddurlar. Bunun işinin heç olmasa bir mənası var. O, öz küçə fənərini yandıranda sanki daha bir ulduz və ya bir gül yaranır. Küçə fənərini söndürəndə isə sanki gülü və ya ulduzu yatırdır. Bu çox gözəl məşğuliyyətdir. Gözəldirsə, deməli, həqiqətən də, faydalıdır".

Balaca şahzadə planetə yaxınlaşan kimi fənərçini hörmətlə salamladı:

- Salam. Niyə indicə öz küçə fənərini söndürdün?

- Göstəriş belədir,-deyə fənərçi cavab verdi,-salam.

- Bu nə göstərişdir?

- Küçə fənərimi söndürmək göstərişi. Axşamın xeyir.

O, fənəri yenidən yandırdı.

- Bəs indicə onu təzədən niyə yandırdın?

- Bu göstərişdir,-fənərçi cavab verdi.

Balaca şahzadə dedi:

- Heç nə başa düşmürəm.

Fənərçi cavab olaraq:

- Burda başa düşüləsi bir şey də yoxdur. Göstəriş göstərişdir. Sabahın xeyir.

O, öz fənərini yenidən söndürdü. Sonra o, qırmızı dama-dama burun dəsmalı ilə alnının tərini sildi.

- Mənim peşəm dəhşətli dərəcədə ağırdı. Əvvəllər bu peşə səmərəli peşə idi. Gündüzlər fənəri söndürür, axşamlar isə yandırırdım. Günün qalan hissəsini istirahət edir, gecələr isə yatırdım.

- Həmin dövrdən sonra göstəriş dəyişildi?

Fənərçi dedi:

- Göstəriş dəyişilmədi. Bədbəxtlik də elə burasındadır! Planet ildən-ilə daha sürətlə fırlanmağa başladı, göstəriş isə əvvəlki kimi dəyişilməz qaldı!

- Bəs indi nə oldu?-deyə Balaca şahzadə soruşdu.

- İndi planet bir dəqiqədə bir dəfə dövr edir və mənim bir saniyə belə boş vaxtım yoxdur ki, istirahət edim. Dəqiqədə bir dəfə fənəri yandırıb söndürürəm!

- Maraqlıdır! Deməli, sənin planetində bir gün bir dəqiqəyə bərabərdir!

 

A.S.Ekzüperi "Balaca şahzadə"-7

 

 

Fənərçi etiraz edərək dedi:

- Burada maraqlı heç nə görmürəm. Səninlə burada düz bir aydır ki, söhbət edirəm.

- Bir ay?

- Bəli, bəli. Otuz dəqiqə. Otuz gün! Axşamın xeyir.
O yenidən öz fənərini yandırdı. Balaca şahzadə fənərçiyə baxdı və göstərişə belə sadiq, əmrə belə müntəzir olan fənərçini ürəkdən sevdi. O əvvəllər Günəşin qürub etməsinə baxmaq üçün stulunu bir yerdən başqa 
yerə sürüşdürdüyünü xatırladı. O, dostuna kömək etmək məqsədilə fənərçiyə dedi:

- Bura bax... Sənə elə bir yol deyəcəm, istədiyin vaxt dincələ biləcəksən...

Fənərçi dedi:

- Mən həmişə istirahət etmək arzusundayam. Çünki sözə sadiq ola-ola eyni zamanda tənbəllikdə etmək olar.

Balaca şahzadə davam etdi:

- Sənin planetin o qədər balacadır ki, üç addıma onu dolana bilərsən. Sən elə asta-asta yeriməlisən ki, həmişə günəş səmtində qalasan. Dincəlmək istəyəndə fasiləsiz yeri... O zaman gün istədiyin qədər uzanar.

- Bu mənim üçün o qədər də böyük fayda verməyəcək,-fənərçi qeyd etdi,-Mənim həyatda ən çox xoşladığım şey yatmaqdır.

Balaca şahzadə dedi:

- Onda sənin işin fənadır.

Fənərçi Balaca şahzadənin fikri ilə razılaşdı:

- Bəli, işim pisdir. Bəxtim gətirmir. Salam.

O, küçə fənərini söndürdü. Səyahətini daha uzaq mənzillərə davam etdirən Balaca şahzadə öz-özünə dedi: "Buna hamısı nifrət edəcək, şah da, şöhrətpərəst də, əyyaş da, biznesmen də. Bununla belə o, mənə gülünc görünməyən yeganə adamdır. Bəlkə də ona görə ki, o özü haqqında yox, başqa şeylər barədə düşünür". Balaca şahzadə təəssüf dolu bir ah çəkdi və yenə öz-özünə dedi: "Bax, belə adamla dost ola bilərdim. Lakin onun planeti, həqiqətən, çox balacadır. Orada iki nəfər üçün yer olmaz"... Balaca şahzadə bir şeydən mütəəssir olduğunu etiraf etməyə cürət etmirdi... O da bu planetdə iyirmi dörd saat ərzində neçə min dörd yüz qırx dəfə Günəşin qürub etməsinə tamaşa etməyin mümkünlüyü idi.

XV

Altıncı planet əvvəlkindən on dəfə böyük idi. Bu planetin sakini qoca bir cənab idi. O, qalın-qalın kitablar yazırdı. O, Balaca şahzadəni görüb ucadan dedi:

- Hələ bir baxın! Budur, tədqiqatçı!

Balaca şahzadə nəfəsini dərmək üçün stolun üstündə oturdu. O, uzun-uzadı o qədər səyahət etmişdi ki!

- Sən hardan gəlirsən?-deyə yaşlı Cənab ondan soruşdu.

- Siz burada nə edirsiz? Bu qalın kitab nədir?-deyə Balaca şahzadə suala sualla cavab verdi.-Nə işlə məşğul olursunuz?

- Mən coğrafiyaşünasam,-qoca cənab cavab verdi.

 

A.S.Ekzüperi "Balaca şahzadə"-7

 

 

- "Coğrafiyaşünas" nədir?

- Alimdir. Dənizlərin, çayların, şəhərlərin, dağların və səhraların harada yerləşdiyini bilən alim.

Balaca şahzadə dedi:

- Bu, çox maraqlıdır. Bax, bu əsil peşədir!

Sonra isə o, ətrafına, coğrafiyaşünasın planetinə ötəri bir nəzər saldı. O, hələ indiyə kimi belə əzəmətli planet görməmişdi. Balaca şahzadə əlavə etdi:

- Sizin planetiniz çox gözəldir. Burda okeanlar necə, varmı?

- Mən onu bilə bilmərəm,-deyə, coğrafiyaşünas cavab verdi.

- Ah! (Balaca şahzadə məyus olmuşdu). Bəs dağlar?

- Onu da bilə bilmərəm,-coğrafiyaşünas dedi.

- Bəs şəhərlər, çaylar, səhralar necə?

- Bunları də bilə bilmərəm,-coğrafiyaşünas dedi.

- Bəs siz axı coğrafiyaşünassız!

- Elədir,-coğrafiyaşünas təsdiq etdi,-lakin mən tədqiqatçı deyiləm. Mənim bir nəfər də olsun tədqiqatçım yoxdur. Şəhərlərin, çayların, dağların, dənizlərin, okeanların və səhraların hesabını coğrafiyaşünas aparmamalıdır. Coğrafiyaşünas mühüm peşə sahibidir. Onun avaralanmağa vaxtı yoxdur. O, öz kabinetindən demək olar ki, çıxmır. Oradaca tədqiqatçıları qəbul edir. O, onları sorğu-sual edir və onların dediklərini qeyd edir. Əgər tədqiqatçılardan hər hansı birinin danışdıqları coğrafiyaşünasın marağına səbəb olsa, onda coğrafiyaşünas həmin tədqiqatçının əxlaqı ilə bağlı yoxlama aparır, onun təmiz adam olub-olmamasını öyrənir.

- Bu yoxlama nəyə görədir?

- Ona görədir ki, tədqiqatçı yalan demiş olsa, onda coğrafiya kitabları fəlakət kitabları olacaq. Çox içən tədqiqatçı da həmçinin, bu da bədbəxtlikdir.

- Nə səbəbə?-deyə Balaca şahzadə soruşdu.

- Çünki əyyaşın gözünə bir şey iki görünür. Onda coğrafiyaşünas da bir dağı iki dağ kimi qeyd etmək məcburiyyətində qalacaq. Bir yerdə cəmi bir dağ olduğu halda onu iki qeyd edəcək.

 

A.S.Ekzüperi "Balaca şahzadə"-7

 

 

Balaca şahzadə dedi:

- Mən bir nəfər tanıyırdım, o pis tədqiqatçı idi.

- Ola bilər. Deməli, əgər tədqiqatçının əxlaqı təmizdirsə, onun kəşfi üzərində yoxlama aparılır.

- Yoxlamanı necə aparırlar? Gedib yerindəcə baxıb yoxlayırlar?

- Yox. Bu çox mürəkkəb işdir. Tələb olunur ki, tədqiqatçı əşyayi-dəlil gətirsin. Məsələn, əgər söhbət böyük bir dağın kəşfindən gedirsə, həmin dağdan böyük daşlar gətirilməsi tədqiqatçıdan tələb olunur.

Coğrafiyaşünas birdən həyəcanlandı.

- Lap sənin özün, sən uzaqdan gəlirsən. Özün də tədqiqatçısan! Elə isə öz planetini mənə təsvir elə!

Bu sözü deyib coğrafiyaşünas qeyd kitabçasını açdı və qələmini çərtdi. Tədqiqatçıların şərhi əvvəlcə qələmlə qeydə alınır. Sonra dəlil-sübut gətirəndən sonra onu mürəkkəblə yazırlar.

- Hə, buyur, planetin haqda danış!-deyə coğrafiyaşünas dedi. Balaca şahzadə dedi:

-O! Mənim planetim çox da maraqlı deyil, tamam balacadır. Mənim üç vulkanım var. Onlardan ikisi fəaliyyətdədir, biri isə sönmüş vulkandır. Lakin hər şey ola bilər.

Coğrafiyaşünas təsdiq etdi:

- Düz deyirsiz, hər şey ola bilər.

- Mənim bir gülüm də var.

- Biz gülləri qeydə almırıq,-coğrafiyaşünas dedi.

- Niyə axı! Gül ən gözəl şeydir!

- Çünki güllər ötəridir, müvəqqətidir.

- "Ötəri" nə deməkdir?

- Coğrafiya kitabları bütün kitablardan qat-qat qiymətlidir. Onlar heç vaxt köhnəlmir. Dağı yerindən oynatmaq, onun yerini dəyişmək çox nadir haldır. Eləcə də okeanın quruması, bu da nadir hal hesab edilir. Biz dəyişməz və əbədi şeylərdən yazırıq.

- Amma sönmüş vulkanlar oyana da bilirlər,-deyə Balaca şahzadə onun sözünü kəsdi.

- Vulkanların sönməsi və ya oyanaraq püskürməsi biz coğrafiyaşünaslar üçün o qədər də əhəmiyyətli deyil. Bizim üçün sayılan şey dağdır, o heç vaxt dəyişilmir.

Bütün həyatı boyu verdiyi suala cavab almayınca əl çəkməyən Balaca şahzadə təkrar soruşdu:

- "Ötəri" nə deməkdir?

- Bu o deməkdir ki, həmin şeyin yaxın zamanlarda məhv olmaq təhlükəsi var.

- Belə çıxır ki, mənim gülümü də yaxın vaxtlarda yox olmaq təhlükəsi gözləyir?

- Əlbəttə.

"Mənim gülüm ötəridir, deyə Balaca şahzadə öz-özünə düşündü, özü də həyatda özün müdafiə etmək üçün vur-tut dörd tikanı var! Mən isə onu öz planetimdə tənha qoyub getmişəm!"

Balaca şahzadə tək qoyub gəldiyi gül üçün ilk dəfə təəssüfləndi. Lakin birdən-birə cəsarətə gələrək müsahibindən soruşdu:

- Mənə haranı ziyarət etməyi məsləhət görürsünüz?

- Yer planetini,-deyə coğrafiyaşünas cavab verdi,-onun yaxşı şöhrəti var...

Balaca şahzadə fikirli halda yola düşdü, lakin onun fikri öz planetində tək-tənha qoyub gəldiyi gülün yanında idi.

Ardı var...

20 yanvar 2015
GO BACK